Məhkəmə qərarları › İş №e-2(011)-8053/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8053/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8053/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "X3 Müasir Təhsil Kompleksi" MMC-nin Cavabdeh “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı "X4 Müasir Təhsil Kompleksi" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən müqavilələrə əsasən istifadə edilmiş xidmətlərə görə təhsil haqqı - 20460 manat və məhkəmə xərcləri ilə bağlı dövlət rüsumu 151.38 manat təşkil etməklə, ümumilikdə iddiaçıya 20611,38 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 2023-4420 nömrəli müqavilə üzrə istifadə edilmiş xidmətlərə grə 6570 manat, məhkəmə xərcləri ilə bağlı dövlət rüsumu 85.70 manat təşkil etməklə, ümumilikdə iddiaçıya 6655,70 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X3 Müasir Təhsil Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MTK) və Cavabdeh arasında onun övladı X1 2023/2024-cü və 2024/2025-ci tədris illərində MTK-da təhsil alması üçün xx.xx.2023-cü il tarixində ümumtəhsil xidmətlərinin göstərilməsi barədə 2023-4420, xx.xx.2024-cü il tarixində isə ümumtəhsil xidmətlərinin göstərilməsi barədə 2024-4106 nömrəli müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. xx.xx.2023-cü il tarixli 2023-4420 nömrəli və xx.xx.2024-cü il tarixli 2024-4106 nömrəli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə müqavilələrə (bundan sonra – müqavilələr) əsasən MTK təhsil alan şagirdə, yəni Cavabdeh oğlu B.İ.Xankişiyevə təhsil prosesini yüksək səviyyədə təşkil etməklə müqavilələrdə sadalanan müvafiq təhsil pilləsi və təlim modeli üzrə keyfiyyətli təhsil verməyi, onu gigiyenik tələblərə uyğun qida ilə təmin etməyi, məktəbdə təşkil olunmuş müxtəlif idman növü və müəyyən maraq dairəsi üzrə klub və dərnəklərdə onun öz seçimi ilə məşğul olmasına şərait yaratmağı və məktəbdə olduğu müddətdə onun təhlükəsizliyini təmin etməyi, Cavabdeh isə göstərilən xidmətlərə görə təhsil haqqını müqavilədə göstərilən qaydada və vaxtında ödəməyi, həmçinin müqavilələrdə göstərilən digər vəzifələrini yerinə yetirməyi öhdəsinə götürdü. Müqavilələrin 2.2 bəndinə əsasən təhsil haqqının məbləği və ödəniş qaydası müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də əks olunur. xx.xx.2023-cü il tarixli müqavilənin Əlavə 1-nə əsasən B.İ.Xankişiyevin təhsil aldığı Yuxarı Təhsil pilləsinin Rus bölməsində təhsil haqqının məbləği 13390 (on üç min üç yüz doxsan) manat, xx.xx.2024-cü il tarixli müqavilənin Əlavə 1-nə əsasən isə B.İ.Xankişiyevin təhsil aldığı Yuxarı Təhsil pilləsinin Rus bölməsində təhsil haqqının məbləği 13890 (on üç min səkkiz yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 6570 AZN; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 13890 AZN olmaqla, hər iki müqavilə üzrə ümumi yekun təhsil haqqı borcu 20460 (iyirmi min dörd yüz altmış) manat təşkil etmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq qeyd olunan yekun təhsil haqqı borcunu ödəməmişdir, lakin onun övladı müqavilələrdə qeyd olunan təhsil xidmətlərindən sona qədər istifadə etmişdir. Sözügedən müqavilələrin müddəti bitmiş və B.İ.Xankişiyev yeni 2025/2026-cı tədris ilində MTK-da təhsilini davam etdirməmişdir. Təhsil xidmətlərinin tam olaraq sonadək göstərilməsinə və artıq müqavilələrin müddəti bitməsinə baxmayaraq ödəniş valideyn tərəfindən yenə də aparılmamışdır. Müqavilələrin 5.4 bəndinə əsasən müqaviləyə hər hansı səbəbdən xitam verilməsi müqaviləyə xitam verilən günədək tərəfləri bu müqavilədən irəli gələn öhdəliklərin sonadək icra etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4 maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Belə ki, müqavilələrin müddətinin bitməsi Cavabdeh mövcud olan yekun təhsil haqqı borcunun ödənilməsindən azad etmir. Müqavilələrin 8.1 bəndinə əsasən bu müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranan bütün mübahisələr və fikir ayrılıqları qarşılıqlı razılıqla həll olunur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə şifahi xəbərdarlıq, proqram təminatı üzrə sms və elektron poçt vasitəsilə xəbərdarlıq edilmiş, məktub göndərilmişdir. Sentyabr ayında Cavabdeh MTK-ya dəvət olunmuş və onunla söhbət zamanı borcun ödənilməsi tələb olunmuş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh isə cavab olaraq ödənişi icra edəcəyini bildirsə də, yenə də tərəfindən ödəniş həyata keçirilməmişdir. 17 Sentyabr 2025-ci il tarixində Cavabdeh WhatsApp mobil nömrəsinə, rəsmi elektron poçt adresinə və ev ünvanına 16 Sentyabr 2025-ci il tarixli 484 nömrəli sonuncu xəbərdarlıq məktubu göndərilmiş və borcun ödənilməyəcəyi təqdirdə MTK tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. Lakin bundan sonra da təhsil haqqı borcunun ödənilməsi ilə bağlı hər hansı hərəkətlər həyata keçirilməmişdir. Müqavilələrin 8.2 bəndinə əsasən bu müqavilədən irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılıq əldə olunması mümkün olmadıqda həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müvafiq məhkəmə orqanı tərəfindən həll edilir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında öz üzərinə düşən öhdəliyin yerinə yetirilməsindən yayınmadığını və maddi vəziyyətinin nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etməmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: H.Əliyev adına Müasir Təhsil Kompleksi” MMC ilə həmin təhsil müəssisəsində təhsil alan X1 valideyni Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə 2023-4420 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “Məktəb” 2023-2024-cü tədris ili üçün “Şagird”in milli və beynəlxalq təlim model üzrə müvafiq təhsil pilləsində yəhsil almasının təmin etməyi və bununla bağlı müqavilədə bütün vəzifələri yerinə yetirməyi, “Valideyn” isə “Məktəb”in təqdim etdiyi təhsilin ödənişini vaxtında ödəməyi və müqavilədə göstərilən digər vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilə edilmiş 01 nömrəli əlavədən görünür ki, şagirdin məktəbə qəbul olunduğu tarixdə təhsil haqqı 13390 manat təşkil edir. xx.xx.2025-ci il tarixli **********99 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəmyə müraciət edərkə, 151,38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yenə həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişir ki, Cavabdeh ilə iddiaçı “X3 Müasir Təhsil Kompleksi” MMC arasında övladı X1 həmin təhsil müəssisəsidə 2023-2024-cü tədris ili üçün təhsil alması barədə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 01 nömrəli əlavəsindən görünür ki, 7-ci sinif rus bölməsinə təhsil almaq üçün təhsil haqqı 13.390 manat təşkil edir. Qeyd edilən müqavilə üzrə təhsil haqqının bir qismi ödənilsə də, hazırda cavabdeh tərəfindən 6570 manat məbləğində ödənilməmiş öhdəliyi qalmışdır. Odur ki, iddiaçı müqavilə üzrə ödənilməmiş 6570 manat məbləğində pulun tutulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş pulun cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda sadalanan xüsusatlara əsasən tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh övladının təhsil almaq hüququna malik olduğu kimi, eyni zamanda təhsil haqqının dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında övladının təhsil almağına dair hüququndan istifadə etmiş, lakin təhsil haqqının dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6570 manat məbləğində pul tutularaq iddiaçı "X4 Müasir Təhsil Kompleksi" MMC-nə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,70 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 6570 (altı min beş yüz yetmiş) manat pul vəsaiti və 85,70 (səksən beş manat, yetmiş qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6655,70 (altı min altı yüz əlli beş manat, yetmiş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "X3 Müasir Təhsil Kompleksi" MMC –nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar