Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8404/2025 02.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 22 saylı evin 50 saylı mənzilindən istifadə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 22 saylı evin 50 saylı mənzili onun xüsusi mülkiyyətindədir, xx.xx.2015-ci ildə cavabdeh yaşadığı mənzili sataraq ünvan 1 ünvanında yerləşən yeni tikilidə mənzil almışlar. Yeni tikilidə olan mənzilin çıxarışı olmadığı üçün cavabdehin müvəqqəti olaraq onun mənzilinə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Sonradan cavabdeh öz yaşadığı mənzilə çıxarış alsa da, iddiaçının mənzilindən qeydiyyatdan çıxmamışdır. Halhazırda Cavabdeh Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 22 saylı evin 50 saylı mənzilində yaşamamasına baxmayaraq orada qeydiyyatdadır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının vəkili-nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: AR Bakı şəhəri icra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vərəqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 22 saylı evin, 50 saylı mənzili 1995-ci ildən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəs, ev 24, mənzil 52-də, xx.xx.2015-ci il tarixdən hazıradək Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 22, mənzil 50-də qeydiyyatdadır. Bakı şəhəri Xətai rayon MKTB-nin 82 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 22, 50 saylı mənzildə İddiaçı, X6, X3, X1, X9, X7, İddiaçı Əli oğlu yaşayırlar. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Lütfi-Zadə ünvanında yerləşən "xxxx" MMC-yə məxsus çoxmənzilli yaşayış binasından xx.xx.2012-ci il tarixdə 3-cü giriş, 12-ci mərtəbə, 271 saylı mənzili almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun həyat yoldaşı, Cavabdeh isə qızıdır. Qızı Səbinə 2015-ci ildə həyat yoldaşının mülkiyyətində olan mənzilə qeydiyyata düşsə də, orada yaşamamışdır. Ümumiyyətlə qızı uzun müddətdir onlarla birgə deyil, ayrıca öz mənzilində yaşayır. Belə ki, qızı əvvəl ailə qurduğu üçün ayrı evdə yaşamış, daha sonra nikahı pozulsa da, onlar qızına ayrıca mənzil almış və Səbinə uşaqları ilə birlikdə həmin mənzildə yaşamış, sonradan isə mənzilini dəyişmişdir. Səbinə əvvəllər R.Məmmədov küçəs, ev 24, mənzil 52-də qeydiyatda olmuşdur, daha sonra isə "xxxx" MMC-yə məxsus yeni tikilidə mənzil alaraq orada yaşamışdır. Mübahisəli mənzildə isə uzun müddətdir ailəsi ilə birlikdə onun oğlu yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununu:
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzil 1995-ci ildən iddiaçının mülkiyyətindədir və cavabdeh isə iddiaçının qızıdır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəyə köhnə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Şahid ifadəsi və iş materialları ilə təsdiq edilmişdir ki, cavabdeh uzun müddətdir mübahisəli mənzildə yaşamamış, daimi yaşamaq üçün başqa yerə köçmüşdür. Beləliklə, müəyyən edilmişdir ki, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan köhnə Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə əsasən cavabdehin mülkiyyətçinin qızı kimi mənzildən istifadə hüququ yaransa da, sonradan daimi yaşamaq üçün başqa yerə köçdüyündən, həmin Məcəllənin 60 və 87-ci maddələrinə əsasən istifadə hüquqlarını itirmişdir. Odur ki, cavabdehin Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 22 saylı evin, 50 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin mənzildən istifadə hüququ itirildiyi üçün iddiaçı mülkiyyətçi kimi mənzilindən istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur və həmin hissədə də iddia əsaslıdır. Odur ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 22 saylı evin 50 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 22 saylı evin 50 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli