Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8412/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 18 saylı notariat kontoruna qarşı mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi,vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı miras qoyan Qulubəyov Zülfüqar Ramiz oğlundan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi, Bakı şəhəri 18 saylı Notariat Kontorunun xx.xx.2023-cüil tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolu ünvanında yerləşən, sahəsi 0.03 kv/m olan torpaq sahəsi və ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi üzərində mənim, yəni, İddiaçı Zülfüqar qızının 1/10, Cavabdeh3 Zülfüqar qızının 1/10, Cavabdeh1 Zülfüqar qızının 1/10, Cavabdeh4 Zülfüqar oğlunun 1/10 və Cavabdeh2 3/5 hissədə miras payının tanınması barədə qətnamə qəbul edəsiniz xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir.
5. Məhkəmə qeyd edir ki, iddia ərizəsində miras qoyan Qulubəyov Zülfüqar Ramiz oğlundan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi, Bakı şəhəri 18 saylı Notariat Kontorunun xx.xx.2023cüil tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, sahəsi 0.03 kv/m olan torpaq sahəsi və ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi üzərində mənim, yəni, İddiaçı Zülfüqar qızının 1/10, Cavabdeh3 Zülfüqar qızının 1/10, Cavabdeh1 Zülfüqar qızının 1/10, Cavabdeh4 Zülfüqar oğlunun 1/10 və Cavabdeh2 3/5 hissədə miras payının tanınması xahiş etmişdir. Lakin iddiaçı iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübut edən hər hansı sənədi əlavə etməmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə birbaşa əlaqəli olan sübutlar ərizəyə əlavə edilməmişdir. Belə ki, iddiaçı miras qoyanla qohumluq münasibəti, eyni zamanda əmlaka gözlənti hüququnu təsdiq edən hər hansı sənədləri ərizəyə əlavə etməmişdir.
7. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, iddiaçı öz iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Hal-hazırki ərizəçi iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş tələblərinə riayət etmədiyindən ərizə geri qaytarılmalıdır.
8. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilir.
9. İddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.
10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 18 saylı notariat kontoruna qarşı mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi,vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın.
4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova