Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-844/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı nümayəndəsi (qardaşı) X3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra - cavabdeh) Cavabdeh iştirakı ilə, İddiaçının cavabdehə qarşı “mənzilə köçürülmə” barədə ilkin, cavabdehin iddiaçıya qarşı “mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış sahəsi 45,49 kv.m. olan 20A saylı evin 39 saylı mənzili (bundan sonra – Mənzil) əvvəlcə order əsasında Kotova Aqrofenaya və onun 3 nəfər ailə üzvünə (qızı - Kotova V.İ., kürəkəni – Quliyev V.Z. və nəvəsi – Quliyev R.V) verilmişdir. Cavabdeh isə iddiaçının bacısıdır.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(011)-47/2008 nömrəli qətnaməsinə əsasən Mənzilin 14,45 və 14,04 kv.m olan iki otağı iddiaçının və anası X5 istifadəsinə, 17.04 kv.m olan 1 otaq isə X4 istifadəsinə verilmişdir.
3. Həmçinin, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 170 nömrəli sərəncamdan çıxarışına əsasən Mənzilin yaşayış sahəsi 28,49 kv.m olan 2 otağına dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanması, iddiaçının iki nəfər ailə tərkibindən ibarət olmaqla, 2 otaqlı mənzilin kirayəçisi hesab edilməsi, Mənzilin sahəsi 17,04 kv.m olan digər 1 otağına dair isə kirayə müqaviləsinin X7 ilə bağlanması və həmin otağın da kirayəçisinin X7 hesab edilməsi qərara alınmışdır.
4. xx.xx.2011-ci il tarixdə isə tərəflər arasında bağlanmış bağışlanma müqaviləsinə əsasən iddiaçı Mənzilin ona məxsus olan 28,49 kv.m sahədən ibarət 2 otağına dair payını cavabdehə bağışlamış və həmin müqavilə notariat kontorunun xüsusi nptariusu tərəfindən təsdiq edilmişdir. Cavabdehin Mənzilin 28,49 kv.m sahədən ibarət 2 otağına dair tam mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə (qeydiyyat nömrəsi: **********) ona ******* nömrəli Çıxarış verilmişdir.
5. Bundan bşqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1999/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Natalya Çebotoryova və İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə xx.xx.2012-ci il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir.
İlkin iddia ərizəsinin və ona etirazın dəlilləri: a) İlkin iddia ərizəsinin dəlilləri
6. İddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası olaraq Mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil anasının adına sərəncam əsasında verilmişdir. Anası rəhmətə getdiyi üçün o, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək Mənzilə dair icarə müqaviləsinin bağlanılmasını xahiş etmiş, müəyyən müddətdən sonra Mənzil mülkiyyətinə keçmişdir. Lakin cavabdeh səhhətində yaranan psixoloji problemlərdən istifadə edərək Mənzili xəstəxanada olan zaman bağışlama müqaviləsinə uyğun olaraq öz mülkiyyətinə keçirmişdir. Bağışlama müqaviləsinin olmasını və mənzilin cavabdehin mülkiyyətinə keçməsini son 3-4 ayda bilmişdir. Həmin tarixdən də cavabdeh onu yaşadığı Mənzilə buraxmır. Mənzilə gəldikdə ondan hüquq mühafizə orqanlarına şikayət edərək, təzyiqlər etməkdədir. Hazırda onun başqa yaşayış yeri olmadığı üçün kirayədə qalmaq məcburiyyətində qalmışdır. O, bağışlama müqaviləsi ilə mülkiyyətində olan mənzili cavabdehə bağışlasa belə istifadə və yaşamaq hüququndan imtina etməmişdir. Mənzil məhrum anasının order əsasında adına olmuş, övladların həmin mənzilə istifadə hüquqları vardır. Lakin cavabdeh nə onu, nə də, digər övladları öz istifadə hüquqlarından istifadə etməyə maneə törətməklə yanaşı onu mənizlə buraxmır.
b) Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh ilkin iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Qarşılıqlı iddia ərizəsinin və ona etirazın dəlilləri: c) Qarşılıqlı iddia ərizəsinin dəlilləri
9. Cavabdeh iddiaçının Mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh son olaraq məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən iddiaçının Mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil ilk öncə iddiaçının mülkiyyətində olmuş və xx.xx.2011-ci ildə bağlanmış Bağışlama müqaviləsi əsasında iddiaçı tərəfindən ona bağışlanmışdır. İddiaçı 2011-ci ilədək bir neçə ay Mənzildə yaşasa da, 2011-ci ildən halhazırkı vaxtadək bir gün belə Mənzildə yaşamamışdır. 2011-ci ildə özü könüllü olaraq Mənzili tərk edərək getmiş və həmin vaxtdan həyat yoldaşına məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi ev 7, mənzil 6-da yaşayır. İddiaçı könüllü olaraq Mənzili tərk edərək getdiyindən, özünə məxsus daimi yaşayış yeri olan fərdi yaşayış evi olduğundan, qeyd olunan mənzilə dair istifadə hüquqları mövcud deyildir. Bundan başqa, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1999/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının tanınması qərara alınmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, lakin iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilə qeydiyyata alınmamış, qətnamənin icrasını tələb etməmişdir. O, Nizami rayon Məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi, iddiaçının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzilinə qeydiyyata alınması və Mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməyinə baxmayaraq, üçüncü şəxs Mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmişdir. İddiaçının qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etsə də, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi icraata qəbul edilrək, şifahi məhkəmə baxışına təyin edilmişdir. İddiaçının Mənzildən qeydiyyatdan çıxarılmasına maneçilik törətmək və işin məhkəmə baxışında baxılmasını yubandırmaq məqsədilə, Mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında verilən izahatlar:
12. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, mərhum anaları vəfat etdikdən dərhal sonra cavabdeh heç kimin razılığını almadan Mənzili mülkiyyətinə keçirmişdir. İddiaçı azərbaycan dilini bilmir, ona imzalanması üçün verilən sənədləri də bilmədən imzalayıb. Mənzilə dair bağışalanma müqaviləsi bağlanan zaman iddiaçı dispanserdə yoxlamada olub. Qonşular da təsdiq edə bilər ki, iddiaçı həmin Mənzildə yaşayıb. İddiaçı hazırda işi ilə əlaqədar olaraq Qarabağ zonasında işləyir, ancaq iş üçün ora getməzdən əvvəl mübahisəli Mənzildə yaşayıb. Hətta o da iddiaçı ilə birlikdə Mənzildə yaşayıb. ünvan 1 ünvanında yerləşən mənzili onun mülkiyyətindədir, iddiaçının həmin mənzilə qeydiyyata düşməsinə o razılıq verməyib.
13. Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı uzun müddət Mənzildə yaşamayıb. İddiaçı özü Mənzili ona bağışlayıb, bu keçən müddət ərzində də bağışlama müqaviləsini mübahisələndirməyib. İddiaçı özü 2012-ci ildə iddia qaldırıb ki, onun ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququ tanınsın.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
17. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
18. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
19. Maddə 262.1. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir.
25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
26. Məhkəmə qeyd edir ki, iddianın əsasını iddiaçının Mənzilə dair istifadə hüququ ilə bağlı mübahisə təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca bir hüquq kimi (istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1).
27. Hazırkı mübahisə iddiaçının mülkiyyət hüquqularına aid olan istifadə hüququ ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Mənzili özgəninkiləşdirdiyi, cavabdehin isə Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan iddiaçının həmin Mənzilə dair bütün hüquqları, o cümlədən istifadə hüquqları itirilmişdir. Belə ki, əvvəla, iddiaçının istifadə hüququ, əvvəldə də qeyd edildiyi kimi, mülkiyyət hüququna bağlı olmuş, Mənzilin bağışlanamsı ilə onun mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, mülkiyyət hüquqları ilə bərabər, eyni zamanda mülkiyyət hüquqlarına bağlı olan digər hüququları da itirilmişdir. Digər tərəfdən, o, Mənzili özgəninkiləşdirməklə (bağışlamaqla), mülkiyyət hüquqlarından birdəfəlik imtina etmiş, Mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir.
28. İddiaçının Mənzilə olan bütün hüquqlarından, o cümlədən istifadə hüququndan imtina etməsi və Mənzilə olan bütün əlaqələrini kəsməsi məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir. Belə ki, Mənzili bağışlayandan sonra iddiaçı orada yaşamamış, Məznilə dair indiki iddiadan başqa heç vaxt mübahisə qaldırmamışdır. Cavabdeh də qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ailəsi ilə birlikdə arvadına məxsus Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, ev 7, mənzil 6-da yaşamışdır.
29. Bundan başqa, məhkəmə hesab edir ki, ilkin iddia həm də ona görə təçmin edilə bilməz ki, iddiaçının Mənzilə köçürülməyə ehtiyacı yoxdur.
30. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.
31. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında qeyd etmişdir Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
32. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyindən də göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və ona xitam verilməsi servitutun yaranması və ona xitam verilməsi ilə eyni hüquqi mahiyyətə malikdir.
33. İddiaçının Mənzilə köçürələrək istifadə hüququndan istifadəyə ehtiyacının olmaması ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2012-ci ildə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1999/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün də müvafiq İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin mənzil hazırda tərəflərin qardaşı David Çebotaryevin (iddiaçının məhkəmə iştirak edən nümayəndəsi) mülkiyyətindədir, onların arasında isə hər hansı bir mübahisə yoxdur. David Çebotaryev isə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzilin onun və ailə üzvlərinin istifadəsində olduğunu, iddiaçının orada yaşamasının mümkün olmadığını, bu səbəbdə iddiaçının Mənzilə köçürülməsi barədə iddia ilə məhkəməyə müraciət etməli olmasını bildirmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzildən istifadə hüququ tanınmışdır, bu halda iddiaçının həmin mənzildən istifadə hüququ mövcuddur. Onun istifadə hüququna isə yalnız qanunla müəyyən edilmiş qaydada kompensasiya verilməklə xitamı mümkündür.
34. Şərh edilənlərə, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin Mənzilə istifadə hüququna olan ehtiyacı aradan qalxdığından, eləcə də özgəninkiləşdirməklə onun Mənzilə olan bütün hüquqlarından imtina etməsi ilkin iddianın təmin edilməsini mükünsüz edir. Bu halda, ilkin iddianın təmin edilməklə iddiaçının Mənzilə köçürülməsi cavabdehin mülkiyyət hüququnu sərbəst həyata keçirmək imkanını məhdudlaşdırır və onu həddən artıq hüquqi yük altında qoymuş olur. Qanunvericilik mülkiyyət hüququnun ən üstün qorunmasını təsbit etdiyi halda, onun mahiyyətcə formal xarakter daşıyan digər hüquqlarla (istifadə və sahiblik) məhdudlaşdırılması mülkiyyət hüququnun daşıdığı məqsədə mütənasib olmamaqla, yalnız mülkiyyətçinin həddən artıq əlverişsiz vəziyyətə düşməsinə səbəb olur. Halbu ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).
35. Azərbaycan Respublikası Konstitusiyasında heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə də, qəbul edilən qərarlar yalnız Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
36. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Cavabdehin qarşılıqlı iddia tələbi iddiaçının Mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi ilə bağlıdır. İddiaçının Mənzildən istifadə hüququ olub-olmadığına ilkin iddia tələbinə hüquqi qiymət verilərkən münasibət bildirilmişdir. Buna görə də, məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı yuxarıda qeyd edilənləri təkrar qeyd etməyə zərurət görmür.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış sahəsi 45,49 kv2 olan 20A saylı evin 39 saylı mənzilinə dair İddiaçı istifadə hüququ olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı