Məhkəmə qərarları › İş №e-2(011)-8555/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8555/2024

21.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8555/2024 21.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasına qarşı işə bərpa və əmək haqqı tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki mübahisə İddiaçı ilə Yeni Azərbaycan Partiyası arasında əmək münasibətləri ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında əmək hüquq münasibətlərindən yarandığından iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1463/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddiaçının cаvabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı оnunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 iyul 2022-ci il tarixli 10 saylı əmrin və “əmək müqaviləsinə xitam verilməsi barədə” (Əmək və Məşğulluq” alt sistemində qeyd edilmiş 04 iyul 2022-ci il tarixli 10 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hissəsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(106)-481/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin 23 noyabr 2023-cü il tarixli, 2(102)-3211/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(106)-481/2023 saylı qətnaməsi ləğv edilərək yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən T.Heydərov) xx.xx.2024-cü il tarixli 2(106)-281l2024 saylı qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(032)-1463l2022 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X1 cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı“əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli 2(106)- 281l2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı öz hüquqi statusuna görə hüquqi şəxsin filialına bərabər tutulduğundan, mülki məcəllənin tələblətinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə əsasən hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bildiyindən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı iddiaya cavab verən şəxs qismində hazırkı iş üzrə tərəf ola bilməz. Göründüyü kimi, iddiaçı hazırki iddia ərizəsinə əlavə etdiyi mediasiya arayışı daha əvvəlki məhkəmə mübahisəsi ilə bağlı Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatını cavabdeh qismində cəlb etdiyi xx.xx.2022-ci il tarixli arayışdır. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən tarixdən uzun müddət keçdiyi nəzərə alınmaqla tərəflərin mübahisəyə dair mövqeyinin dəyişməsi və tərəflər arasında mediasiya prosessi zamanı barışığın əldə edilməsi imkanı itirilməmişdir. Odur ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış hazırki mülki iş üzrə nəzərə alına bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Yeni Azərbaycan Partiyasını cəlb etməklə mediasiya sessiyasında iştirak etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Qeyd edilən müddəalardan da göründüyü kimi, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün iddiaçıya Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etməsi tövsiyə olunur. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasına qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar