Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-87/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. AR İN yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin verdiyi məlumata əsasən dövlət reyestrində xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış “X4ces Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) və 06.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) adlı iki fərqli kommersiya qurumu aşkar edilmişdir. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı kimi qeydiyyata alınmış qurum xx.xx.2017-ci il tarixdə adını dəyişərək “X4ces Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı kimi adlandırılmışdır.
2. xx.xx.2016-cı il tarixdə iddiaçı ilə “X4ces Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında S0906 saylı əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı şirkətin bütün obyektlərində sahə nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Bu müqavilə müddətli olaraq xx.xx.2016-cı il tarixədək bağlanmışdır.
3. Daha sonra, xx.xx.2016-cı il tarixli, S0906 saylı əmək müqaviləsinin uzadılması, barədə 4 dəfə əlavə saziş bağlanmış, xx.xx.2016-cı il tarixdə bağlanmış 1 saylı sazişə görə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minməklə) əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdə bağlanmış 1 saylı sazişə görə (xx.xx.2018-ci il tarixdən qüvvəyə minməklə) əmək müqavilsinin müddəti xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdə bağlanmış 2 saylı sazişə görə (xx.xx.2019-cu il tarixdən qüvvəyə minməklə) əmək müqavilsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Həmçinin, xx.xx.2019-cu il tarixdə bağlanmış 3 saylı sazişə görə (xx.xx.2019-cu il tarixdən qüvvəyə minməklə) əmək müqavilsinin 4.1-ci bəndinə dəyişiklik edilmiş, yeni redaksiyada verilmiş həmin bəndə əsasən işçinin əmək haqqının növbəti təqvim ayının 4-cü iş günündən gec olmayaraq onun bank hesabına köçürülməklə verilməsi, əmək haqqının hesablanması üçün isifadə edilən saatlıq əmək haqqının (vergi və məcburi tutulmalar daxil olmaqla) işçinin birinci növbədə işlədiyi vaxt saatlıq əmək haqqının 5,49 manat, ikinci növbədə işlədiyi vaxtda 7 manat olması müəyyən edilmişdir.
4. Həmçinin, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 1339 saylı müddətli əmək müqaviləsi bağlanmış və həmin müqavilənin ilkin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Sonradan bu müqavilənin müddətinin uzadılması ilə bağlı 3 dəfə əlavə saziş bağlanmış, xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı sazişə (xx.xx.2021ci il tarixdən qüvvəyə minməklə) görə müddət xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixli 2 saylı sazişə (xx.xx.2022-ci il tarixdən qüvvəyə minməklə) görə müddət xx.xx.2022ci il tarixədək, xx.xx.2022-ci il tarixdə bağlanmış 3 saylı sazişə (xx.xx.2022-ci il tarixdən qüvvəyə minməklə) görə müddət xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmçinin, xx.xx.2019-cu il tarixdə 1339 saylı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə 1 saylı əlavə saziş bağlanmış və həmin sazişə görə əmək müqavilsinin 4.1-ci bəndinə dəyişiklik edilmiş, yeni redaksiyada verilmiş həmin bəndə əsasən işçinin əmək haqqının ayda bir dəfə, növbəti təqvim ayının 6-cı iş günündən gec olmayaraq onun bank hesabına köçürülməklə verilməsi, əmək haqqının (vergi və məcburi tutulmalar daxil olmaqla) hesablanması üçün isifadə edilən saatlıq əmək haqqının (vergi və məcburi tutulmalar daxil olmaqla) birinci növbədə işlədiyi vaxtda məbləğinin 5,6 manat, ikinci növbədə işlədiyi vaxtda 7,14 manat olması müəyyən edilmişdir.
5. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2022-ci il tarixli, 034/O/22 nömrəli əmri ilə, AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı tərəfindən əmək haqqının düzgün hesablanaraq verilməsi barədə cavabdehə bir neçə müraciət göndərilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
6. İddiaçı onun işdən çıxarılmağına dair əmrin ləğv edilməsi və ona düşən ödənclərin, son haqq-hesab pulunun ona ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona düşən 5571,08 manat əlavə ödənclərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı idda ərizəsində qeyd etmişlər ki, o, “X4ces Limited” MMC ilə xx.xx.2016cı ildə əmək müqaviləsi bağlamışdır. xx.xx.2019-cu ildə şirkətin adının dəyişərək “X4ces B. V” MMC olduğundan həmin tarixdən müqavilə yenilənməsi ilə orada işləməyə davam etmişdir. O, 2016-cı ildən xx.xx.2022-ci ilədək eyni rəhbərlik, eyni idarədə eyni vəzifəni yerinə yetirmişdir. İşdən çıxarkən ona düşən ödənclərin düzgün hesablanaraq ödənilməsini tələb etdikdə ona şifahi şəkildə məlumat verilmişdir ki, “X4ces Limited” MMC ləğv edilib və cavabdeh onun hüquqi varisi olmadığından “X4ces Limited” MMC-də işlədiyi dövrə görə ona hər hansı bir ödəniş edilə bilməz. O, xx.xx.2019-cu ildə müəssisənin ləğv edilməsinə görə yox, adının dəyişdirilməsi ilə yenidən əmək müqaviləsi bağlandığını “X4ces Limited” MMC-nin ləğv edilib-edilməməsi yenidən təşkil edilərək adının dəyişdirilibdəyişdirilmədiyi və cavabdehin “X4 Limited” MMC-nin hüquqi varisi olub olmadığı, ona ödənməli olan son haqq hesab pulunun məbləğinin nə qədər olması, onunn istirahət və bayram günlərində, ümumxalq hüzn günü, seçki günü işlədiyi günlərin ümumi sayının nə qədər olması, həmin günlərə görə ona iki qat əmək haqqının ödənilib ödənilmədiyi, iş vaxtından əlavə işləməyinə görə ona əlavə ödənişlərin edilib edilmədiyi, hazırda na ümumilikdə nə qədər ödəniş etməli olduğu barədə cavabdehə rəsmi qaydada sorğu vermişdir. Cavabdeh nə əmək kitabçasını, nə əmək müqaviləsinə xitam vermə barədə sənədi ona verilmədiyindən, məcbur qalaraq Əmək Müfəttişliyinə şikayət etmişdir. Dəfələrlə yazılı və şifahi müraciət edərək şikayətinin nəticəsi barədə məlumat tələb etsə də, heç bir müsbət nəticə verməmiş və Əmək Müfəttişliyindən şifahi olaraq işdən azad edildiyi və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hazırda məhkəməyə müraciət etməyi üçün əmək kitabçası və əmək müqaviləsinin ləğvinə dair bildiriş və ona düşən ödənclər barədə məlumat ona təqdim edilmədiyindən həmin sənədlərin surətini (və ya əslini) məhkəməyə təqdim edə bilmir. Cavabdehlə aralarında bağlanmış müqavilənin 2.1ci bəndinə əsasən müddətli, 2.3-cü bəndinə əsasən xx.xx.2020-ci ilədək bağlanmış, 2.4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən onun əmək haqqının hesablanması üçün istifadə edilən saatlıq əmək haqqının birinci növbədə işlədiyi vaxtda məbləği 5.49, ikinci növbədə işlədiyi vaxtda məbləği 7 manat Azərbaycan manatı təşkil etməli, əmək haqqı ayda bir dəfə, növbəti təqvim ayının 6-cı iş günündən gec olmayaraq bank hesabına köçürməli idi. 4.2-ci bəndin tələbinə əsasən əmək haqqı, o cümlədən onun tələbi ilə tutulmalara aid olunan haqqhesab sənədləri yazılı surətdə işəgötürən tərəfindən ona təqdim edilməli, 4.3-cü bəndin tələbinə əsasən iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədiyi hallarda ona əmək qanunvericiliyində nəzərdə tutulmuş ödənişlər aparılmalı, 4.12-ci bəndinə əsasən iş növbəli olmalı, 1-ci növbə saat 08:00-dan başlanıb saat 20:00-da bitməli, 2-ci növbə saat 20:00-dan başlanıb saat 08:00-da bitməli, 4.13-cü bəndinə əsasən isə ona iş vaxtından artıq işləri yerinə yetirdiyinə görə əmək qanunvericiliyində nəzərdə tutulan qaydada haqq ödənilməli idi.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının vəkili və nümayəndəsi, iddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
12. Maddə 83, 2-ci bənd. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
13. Maddə 154, 1-ci bənd. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
14. Maddə 155, 1-ci bənd. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
15. Maddə 157. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir (1-ci,3-cü,4-cü, 5-ci və 6-cı bəndlər).
16. Maddə 158, 1-ci bənd. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.
17. Maddə 164. 1-ci hissə. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
18. Maddə 166. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir (1-ci və 2-ci bəndlər).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
24. İddiaçının iddiası gecə saatlarında işlədiyi vaxtlarda və bayram günlərində ona ödənilməli olan əmək haqqının düzgün hesablanmaması, habelə, işdən çıxarkən son haqq-hesabın düzgün ödənilməməsi ilə bağlıdır.
25. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi işçiyə verilən əmək haqqını şərti olaraq iki yerə bölmək olar: əsas əmək haqqı və əlavə əmək haqqı. Qanunun mənasına görə əsas əmək haqqı qanunla müəyyən edilmiş minimum məbləğdən az olmayan işçinin taarif maaşını ehtiva edir. Əsas əmək haqqının tərkibinə işçinin əmək funksiyasına daxil olan işini yerinə yetirməsinə görə verilən pul məbləği (yaxud natura formasında verilən ödənc) daxildir və həmin pul məbləğinin (yaxud natura formasında verilən ödəncin) həcmi işin xarakteri, ağırlığı və digər xüsusiyyətlər nəzərə alınmaqla dəyişə biləndir (ƏM-nin 157-ci maddəsinin 3 və 4-cü hissələri).
26. Əlavə əmək haqqının tərkibinə isə əmək haqqına əlavə və mükafat daxildir. Qanunun verdiyi anlayışa görə əlavə əmək haqqı (əlavə və mükafat) əmək şəraitindən asılı olaraq yerinə yetirilən işlərin əvəzinin ödənilməsi, habelə işçinin əməyinin kəmiyyət və keyfiyyətinin artırılması məqsədilə verilən həvəsləndirici ödənişlərdən ibarətdir.
27. İş materiallandan görünür ki, iddiaçıya əmək haqqı həm əsas (taarif maaşı üzrə), həm də əlavə (əmək haqqına əlavə və mükafat) əmək haqqı üzrə ödənilmişdir.
28. İddiaçı gecə saatlarında, habelə qaununla iş günü sayılmayan günlərdə (istirahət, bayram və s.) işlədiyi günlərə görə əmək haqqının cavabdeh tərəfindən düzgün hesablanmayaraq ödənildiyini iddia edir.
29. Məhəkəmə iddiaçının həmin dəlili ilə bağlı bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 1339 saylı əmək müqaviləinə xx.xx.2021-ci il tarixdə bağlanmış 1 saylı əlavə sazişə görə əmək haqqının ödənilməsində dəyişiklik edilmiş, müqavilənin 4.1-ci bəndi yeni redaksiyada verilərək ödənilmə müddətinə dəyişiklik edilməklə bərabər (ayda bir dəfə, növbəti təqvim ayının 6-cı iş günündən gec olmayaraq iddiaçının bank hesabına köçürülməklə) əmək haqqının (vergi və məcburi tutulmalar daxil olmaqla) hesablanması üçün isifadə edilən saatlıq əmək haqqının (vergi və məcburi tutulmalar daxil olmaqla) birinci növbədə işlədiyi vaxtda məbləğinin 5,6 manat, ikinci növbədə işlədiyi vaxtda isə 7,14 manat olması müəyyən edilmişdir.
30. İşlərin gecə vaxtı yerinə yetirlməsinə görə əmək haqqının ödənilməsinin hüquqi əsası ƏM-nin 166-cı maddəsində göstərilmişdir. Həmin müddəaya əsasən gecə vaxtı yerinə yetirlən işlərə görə əmək haqqının məbləği əmək müqaviləsi ilə müəyyən edilir, lakin ödənilməli olan həmin məbləğ Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu kateqoriya işlərə görə müəyyən etdiyi əmək haqqı məbləğindən az olmamalıdır. “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin XX.XX.2001-ci il tarixli, 74 nömrəli Qərarının 1-ci bəndində isə gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir.
31. İddiaçı gecə saatlarında yerinə yetirilən işlərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözgedən Qərarına istinad edərək onun saatlıq əmək haqqına 20% əlavə ödənilməklə verilməli olduğunu iddia etsə də, məhkəmə bir daha qeyd edir ki, işlərin gecə vaxtı yerinə yetrilməsinə görə ödənilməli olan əmək haqqının saatlıq məbləği dəqiq müəyyən edilmiş və həmin məbləğin 7,14 manat olması barədə tərəflər arasında xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə saziş də bağlanmışdır. Eyni zamanda, həmin Sazişlə iddiaçının birinci növbədə işlədiyi vaxtda saatlıq əmək haqqının 5,6 manat olması da müəyyən edilmişdir.
32. Şərh edilənlərdən də göründüyü kimi, gecə saatlarında yerinə yetirilən işlərə görə ödənilməli olan əmək haqqının məbləği tərəflər arasında bağlanmış əlavə Sazişlə dəqiq müəyyən edilmiş (gündüz vaxtı 5,6 manat, gecə vaxtı 7,14 manat) və həmin işlərə görə ödənilən əmək haqqının məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin XX.XX.2001-ci il tarixli, 74 nömrəli Qərarında göstərilən minimum həddən az olmamışdır. Belə ki, iddiaçıya gündüz növbəsində yerinə yetirilən işlərə görə verilməli olan əmək haqqının 5,6 manat olduğu nəzərə alınmaqla, həmin məbləğin üzərinə 20% əlavə edildikdə 6,72 manat (5,6 manat + 20% = 6,72 manat) olduğu halda, iddiaçıya gecə vaxtı yerinə yetirilən işlərə görə verilən əmək haqqının məbləği cavabdeh tərəfindən 7,14 manat müəyyən edilmişdir.
33. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli rəylərində də gecə növbəsində yerinə yetirilən işlərə görə iddiaçıya cavabdeh tərəfindən ödənilən əmək haqqının düzgün hesablanaraq verildiyi qeyd edilmişdir.
34. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, gecə saatlarında yerinə yetirilən işlərə görə iddiaçıya ödənilməli olan əmək haqqının məbləği tərəflər arasında bağlanmış əlavə Sazişə uyğun olduğundan, habelə həmin məbləğ Azərbaycan Respublikası Nazirlər Kabinetinin XX.XX.2001-ci il tarixli, 74 nömrəli Qərarı ilə müəyyən edilmiş minimum məbləğdən az olmadığından iddia gecə saatlarına görə ödənilməli olan əmək haqqının tələb edilməsi hissəsində təmin edilməməlidir.
35. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən iddiaçıya ödənilməli olan son-haqq hesab ona ödənilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ekspert rəyindən (22-ci sırada) görünür ki, iddiaçıya 152,88 manat “hesablanmış əmək haqqı”, 188,56 manat “mükafat”, 888,08 manat “maliyyə köməkliyi” və 1095,36 manat “artıq işlədiyi vaxta görə ödəniş” qismində cəmi 2324,88 manat əmək haqqı hesablansa da, vergilər çıxıldıqdan sonra ona yalnız 908,19 manat ödəniş edilmişdir. Cavabdeh qalan pul vəsatinin (1416,69 manat) ödənilməsini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişlər. Odur ki, iddia tələbi həmin hissədə, yəni 1416,69 manat (2324,88 manat - 908,19 manat = 1416,69 manat) pulun tutulması hissəsində təmin edilməlidir.
36. Məhkəmə hesab edir ki, ekspertiza xərci və dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
37. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia qismən təmin edilsin. 1416,69 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. 34,17 manat dövlət rüsumu və 250 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı