Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-884/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı son-haqq hesabın və maddi zərərəin ödənilməsi, əmək kitabçasının verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə işlədiyi dövr ərzində xx.xx.2022-ci il tarixədək 4 il müddət ərzində istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın, habelə ödənilməyən əmək haqqı və komissiya üçün son haqq-hesabın iddiaçıya ödənilməsi, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin müvafiq icra hakimiyyəti orqanını elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixədək yerləşdirilməməsi nəticəsində başqa işə düzələ bilmədiyi üçün aylıq əmək haqqının 500 (beş yüz) manat və komissiya əvəzi qismində 400 (dörd yüz) manat olmaqla hər ay üçün cəmi 900 (doqquz yüz) manat, on bir ay üçün isə 9900 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh MMC-də saxlanılan əmək kitabçasının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 2019-cu ildə Cavabdeh MMC-yə ekspeditor vəzifəsinə işə qəbul olunub və 21 noyabr 2022-ci il tarixədək cavabdeh MMCdə faktiki işləyib vəzifə öhdəlikləri lazımi şəkildə yerinə yetirib. 2022-ci ilin noyabr ayında MMC-nin rəhbər heyəti iddiaçı tərəfindən mənimsəmə hallarına yol verməkdə iddiaçını ittiham etmiş və iddiaçı 21 noyabr 2022-ci il tarixdən işə buraxılmayıb. İddiaçı bildirir ki, həmin ittihamlar əsassızdır və həqiqətə uyğun deyil, hər hansı çatışmamazlıqlara yol verməyib. Cavabdeh MMC isə bu məsələ ilə bağlı heç bir açıqlama vermir və iddiaçıya qarşı irəli sürdüyü böhtan xarakterli ittihamı konkret sübutlarla təsdiq etmir. Ona görə də cavabdeh MMC-dən dəfələrlə xahiş edərək onu ya işə buraxıb əmək haqqısını ödənməsini, ya da onunla son haqq-hesab aparılaraq əmək müqaviləsinə öz xahişi ilə xitam verilməklə əmək kitabçasını ona verilməsini xahiş etmişdir. Etdiyi xahişlərə baxmayaraq o, bu günə qədər nə işə buraxılıb, nə onunla əmək müqaviləsinə xitam verilib, nə də ki işə buraxılmadığı dövr üçün əmək haqqı ödənilib. Bu səbəblərdən də başqa iş yerinə düzəlməkdə ciddi çətinliklər çəkir, maddi vəziyyəti də ağırlaşıb. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfin iddiaya dair münasibəti: Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: xx.xx.2020-ci il tarixində İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan əmək müqaviləsinə əsasən İddiaçı sürücü ekspeditor vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsinə əsasən işçinin aylıq əmək haqqı məbləği 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş müqavilədə işçinin imzası yoxdur. Bağlanmış əmək müqaviləsi barədə bildiriş xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışdır. İşçinin aylıq əmək haqqı məbləği 500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MMC-nin 10 yanvar 2024-cü il tarixli, MN 023 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı Cavabdeh MMC-də ekspeditor vəzifəsində çalışmışdır. 2022-ci ilin 17 noyabr tarixindən etibarən maddi-məsul şəxs olaraq özbaşına işə gəlməmiş, dəfələrlə rəsmi və şifahi xəbərdarlıqla müraciətlərinə məhəl qoymayaraq, işini təhvil verməmiş, külli miqdarda yeyintiyə yol vermişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış Tam maddi məsuliyyət barədə müqaviləyə əsasən, sürücü ekspeditor vəzifəsini icra edən İşçi şirkət tərəfindən ona etibar edilərık verilən maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmamasına görə tam maddi məsuliyyət daşıyır. İddiaçı 16 noyabr 2022-ci il tarixdə Cavabdeh MMC-yə müraciət edərək, öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli MM903 nömrəli “İşçinin əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinə əsasən “Baş ofis” bölməsində “Ekspeditor” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.”a”-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışdır. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi (xx.xx.2024-cü il tarixinədək qüvvədə olan redaksiyada)
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası (28 iyun 2024-cü il tarixinədək qüvvədə olan redaksiyada)
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddə 110. İşçilərin məzuniyyət hüququ
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Maddə 114. Əsas məzuniyyət və onun müddətləri
1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.
2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;
Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda.
Azərbaycan Respublikasının Mülki Məcəllləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-də ekspeditor vəzifəsində işə başlamışdır, xx.xx.2022-ci il tarixdə işdən azad edilməyi ilə bağlı Cavabdeh MMC-yə ərizə ilə müraciət etmişdir və xx.xx.2022-ci il tarixdən ekspeditor vəzifəsindən azad edilməsinə baxmayaraq, onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışdır. Məhkəmə iddianın İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə işlədiyi dövr ərzində xx.xx.2022-ci il tarixədək 4 il müddət ərzində istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın və ödənilməyən əmək haqqının iddiaçıya ödənilməsi barədə hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də ekspeditor vəzifəsində işlədiyi müddət ərzində qanunvericiliklə məyyən edilmiş məzuniyyət hüququndan istifadə etməmiş və hər hansı kompensasiya almamışdır. Eyni zamanda, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməli olduğu halda mülki işin məhkəmə araşdırması zamanı cavabdeh işəgötürən tərəfindən iddiaçıya son haqq-hesabın ödənildiyi müəyyən edilməmişdir. Belə olan halda iddia həmin hissədə təmin edilərək, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməlidir. Məhkəmə iddanın komissiya üçün son haqq-hesabın ödənilməsi hissisinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında əmək müqaviləsi bağlanan zaman İddiaçı komissiya haqqının ödənilməsi ilə bağlı razılaşma olmamış və ya belə bir şərt müqaviləyə əlavə edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə cavabdehin əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək haqqından əlavə olaraq komissiyanın ödənilməli olması barəsində hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, cavabdehin bağlanmış əmək müqaviləsinə xitam verilən zaman iddiaçıya komissiya üçün son haqq-hesab ödəmək öhdəliyi olmadığından, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddianın Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixədək yerləşdirilməməsi nəticəsində iddiaçının başqa işə düzələ bilmədiyi üçün aylıq əmək haqqının 500 (beş yüz) manat və komissiya əvəzi qismində 400 (dörd yüz) manat olmaqla hər ay üçün cəmi 900 (doqquz yüz) manat, on bir ay üçün isə 9900 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verdiyi zaman bu barədə bildirişi müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində yerləşdirməli olduğu halda, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə baxmayaraq bu barədə bildiriş müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sistemində yerləşdirilməməsi səbəbindən adında aktiv əmək müqaviləsi olduğu üçün başqa işə düzələ bilməsi mümkün olmamışdır. Belə ki, əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi bununla bağlı bildiriş elektron informasiya sistemində yerləşdirilməsindən sonra qüvvəyə minir və əvvəlki əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş altsistemdə yerləşdirilmədiyi halda yeni əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin sistemdə qeydiyyata alınması mümkün deyil. Bu qayda əmək qanunvericiliyində təsbit edilmişdir və sübuta ehtiyacı yoxdur. İşəgötürən Cavabdeh MMC-nin bu hüquqazidd əməli nəticəsində iddiaçıya maddi ziyan vurması açıq-aşkardır. Odur ki, iddiaçıya dəymiş maddi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə dəymiş maddi ziyanın məbləği ilə bağlı qeyd edir ki, qeyd edilən məbləğ xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrdə minimum aylıq əmək haqqı (300 manat) nəzərə alınmaqla 457.89 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövrdə minimum aylıq əmək haqqı (345 manat) nəzərə alınmaqla 3324.5 manat olmaqla, ümumilikdə 3782.39 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın Cavabdeh MMC-də saxlanılan əmək kitabçasının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsaslı olduöundan təmin edilməlidir. Belə ki, əmək müqaviləsinə xitam verildiyi halda, işçinin əmək kitabçası işəgötürən tərəfindən sonuncu iş günü işçiyə verilməlidir. Lakin hazırki iş üzrə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyinə baxmayaraq, qanunvericliklə nəzərdə tutulmuş bu vəzifə icra edilməmişdir. Odur ki, İddiaçı əmək kitabçası Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, MM903 saylı əmrə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı dəymiş maddi ziyana görə 3782.39 (üç min yeddi yüz səksən iki manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı əmək kitabçası Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Əminə Abbasova