Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-89/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1, onların və digər iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Gülməddin oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiyanın verilməsi və ya əmlakın açıq hərracdan satılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiyanın verilməsi və ya əmlakın açıq hərracdan satılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7-ci binanın 21 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaitinin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7 saylı binanın 21 saylı mənzili 1/6 hissə olmaqla tərəflərin hər birinin, yəni Cavabdeh Özbəy oğlu, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 mülkiyyətindədir. Tərəflərin hər birinin 1/6 hissədə mülkiyyət hüququ qeydiyyatdan keçsə də, qanunvericiliyə uyğun olaraq onlar öz mülkiyyət hüquqlarını (sahiblik, istifadə və sərəncam vermək) sərbəst şəkildə gerçəkləşdirə bilmirlər. Belə ki, mülkiyyətlərində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7-ci binanın 21 saylı mənzilin paylara mütənasib şəkildə bölünməsi qeyri-mümkün olduğundan (bu haqda mütəxəssis arayşı əlavə olunur), onlar öz 1/6 hissə payını satmaq qərarına gəlmişlər. Qardaş və bacıları paylı mülkiyyətçi olduğundan, satın almaqda üstünlük hüququna malik olmalarını nəzərə alaraq onlara məxsus olan 1/6 hissə payını almağı Cavabdeh yazılı şəkildə təklif etmişlər və təklifdə qeyd edilmişdir ki, əgər 1 həftə ərzində müsbət cavab olmazsa, o halda sözügüdən mənzilin hərracda satılması, eləcə də satışdan əldə olunmuş vəsaitin paylara mütanasib şəkildə bölünməsi barədə məhkəməyə müraciət ediləcəkdir. İddiaçı1 və İddiaçı3 öz imzaları ilə təsdiq etmişlər ki, payını almağa maddi imkanları olmadığından imtina edirlər, lakin sözügedən mənzilin hərrac yolu ilə satılmasına etiraz etmirlər. Lakin Cavabdeh Özbəy oğlu payının alınması ilə bağlı təklifə heç bir cavab verməmişdir ki, bunu imtina kimi qəbul edirlər. Nə qədər ki, digər mülkiyyətçi olan Cavabdeh payın alınması ilə bağlı təklifə müsbət cavab verməmişdir, mənzilin isə bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun deyil, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olnumuş vəsait mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməlidir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Gülməddin oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7-ci binanın 21 saylı mənzilinin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin 1/6 hissədə mülkiyyətçilər Cavabdeh Özbəy oğlu, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 arasında paylara mütənasib surətdə bölüşdürülməsi, X3 çatası payın depozitə qoyulmaqla miras üçün açıq saxlanması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Gülməddin oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7-ci binanın 21 saylı mənzilindən iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 paylarının naturada ayrılması, bu mümkün olmadıqda cavabdehdən kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçiləri arasında paylara mütənasib bölüşdürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı1, onların və digər iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Gülməddin oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Onlar bildirmişdilər ki, iddiaçıların hər birinə 21.000 manat məbləğində, cəmi 84.000 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ödənildiyi halda, onlar mülkiyyət hüquqlarına xitam verilməsinə razıdırlar. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçılara onların paylarına mütənasib olaraq ümumilikdə 40.000-50.000 manat məbləğində kompensasiya vermək iqtidarındadır. O, hazırda mübahisəli mənzildə yaşayır və mənzili öz hesabına təmir etdirib. İddiaçıların ona təklif etdiyi məbləğlə razılaşmır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil hər birinə 1/6 hissə məxsus olmaqla X4, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh ümumi paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-nin 136 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilində yaşayır. X1 və anası X4 ölmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin paylara mütənasib şəkildə naturada bölünməsi qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4394 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında 85,44 kv.metr olan 4 otaqlı mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 005/Mİ/24 saylı xx.xx.2024-cü il tarixli qiymətləndirmə işinə dair hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin hazırkı bazar dəyəri 126.700 manat, likvid dəyəri isə 123.000 manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil bərabər hissədə paylarla (hər birinə 1/6 hissədə) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, mərhum X2 və Cavabdeh ümumi paylı mülkiyyətindədir. Hazırda isə iddiaçılar paylarının naturada ayrılmasını, bu mümkün olmadıqda payın dəyərinə mütənasib kompensasiyanın ödənilməsini, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılaraq, dəyərinin tərəflərin paylarına mütənasib bölüşdürülməsini xahiş edirlər. İddiaçılar hər birinə 21.000 manat məbləğində, cəmi 84.000 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ödənilməsini tələb edirlər, cavabdeh isə həmin məbləği ödəyə bilmədiyini qeyd edir və ümumilikdə 50.000 manat məbləğində kompensasiya verə biləcəyini qeyd edir. Həmçinin nəzərə alınmalıdır ki, mərhum X2 mübahisəli mənzildə olan 1/6 hissədə payı onun vərəsələri tərəfindən bölüşdürülməmişdir. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, "əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221 -ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə baxışı zamanı təyin olunmuş qiymətləndirmə nəticəsində mübahisəsi gedən mənzilin bazar dəyərinin 126.700 manat, likvid dəyərinin isə 123.000 manat təşkil etdiyi müəyyən olunduqdan sonra da tərəflərin həmin məbləğə münasibətdə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə razılığa gəlməkləri iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə cavabdehin iddiaçılara sonuncular tərəfindən tələb olunan ümumilikdə 84.000 manat məbləğində kompensasiyanın ödənilməsinin mümkünsüzlüyü ilə bağlı mövqeyini nəzərə alaraq hesab edir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin paylarının naturada ayrılması qeyri-mümkün olduğundan, həmçinin iddiaçıların payına uyğun kompensasiyanın ödənilməsi barədə tərəflər arasında razılaşma əldə olunmadığından, mübahisəli mənzil açıq hərracda satılmalı və onun satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə onların arasında bölüşdürülməlidir. Məhkəmə həmçinin çəkilmiş məhkəmə xərclərinə münasibət bildirərək, hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə, mənzilin qiymətləndirilməsi üzrə aparılmış hesabatın dəyəri olan 350 (üç yüz əlli) manat məbləği cavabdehdən tutularaq, "xxxx" MMC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ünvanında yerləşən 7 saylı binanın 21 saylı mənzili açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan pul vəsaiti hər birinə 1/6 hissədə verilməklə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh aralarında bölünsün. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyinin tərtibatına dair məhkəmə xərclərinin dəyəri olan 350 (üç yüz əlli) manat məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. (VÖEN: **********, "xxxx" ASC Abşeron filialı VÖEN: **********, M/h:AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.E.T. BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ********************) Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-89/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-89/2024
12.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver