Məhkəmə qərarları › İş №e-2(011)-9014/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9014/2025

12.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9014/2025 12.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmayan övladı X8 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A, 3A saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli A-30/2020 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60,52 kv.m olan 1 otaqlı, 3A nömrəli mənzili 37000 (otuz yeddi min) manat tam şəkildə ödəməklə almışdır. Mənzilin qiymətini tam şəkildə ödəməyi ilə bağlı ona maliyyə arayışı da verilmişdir. X1 05 oktyabr 2009-cu il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları: xx.xx.2014-cü il tarixdə X10 və xx.xx.2014-cü il tarixdə X8 anadan olmuşdur. X1 Cavabdeh ilə birgə nikahda olduğu dövrdə xasiyyətləri tutmamış və bu səbəbdən də birgə yaşamaqları mümkün olmadığından X1 Cavabdeh qarşı “nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların onun yanında saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-628/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeharasında 05 oktyabr 2009-cü il tarixdə bağlanmış və 2497 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2014-cü il tarixdə X6 X3, xx.xx.2014-cü il tarixdə X4 Cavabdeh yanında saxlanılması müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyi ona məxsus mənzili müvəqqəti yaşamaq üçün X1 ilə Cavabdeh vermişdi. Lakin aralarındakı nikah pozulduqdan sonra, Cavabdeh ona məxsus mənzilin boşaldaraq təhvil verilməsini tələb etsə də o, buna məhəl qoymayaraq, mənzili tərk etməkdən imtina etmişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili-nümayəndəsi iddia tələbinə etiraz edərək, mübahisəli mənzilə dair müqavilənin iddiaçının adına bağlanmasına baxmayaraq, əslində, mənzilin birgə nikah dövründə iddiaçının oğlu tərəfindən alındığı və ər-arvadın birgə mülkiyyəti hesab edildiyi üçün iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququnun olmamasını bildirmişdir. İş materiallarında olan: xx.xx.2012-ci il tarixli birgə-təsərrüfat fəaliyyəti haqqında müqavilədən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A ünvanında 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının tikilməsi ilə bağlı tərəflər arasında birgə fəaliyyətin öhdəlik bölgüsü müəyyən edilmiş, mənzillərin satışının rəsmiləşdiriməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. İcraçı "xxxx" MMC ilə payçı X9 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A, 1-ci blok, 1-ci mərtəbədə 59 kv.metr sahəsi olan 1 otaqlı mənzil üçün payçı mənzilin dəyərini ödəməyi, icraçı isə mənzili təhvil verməyi öz üzərinə götürmüşdür. X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli ilkin müqavilədən görünür ki, X9 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A, 1-ci blok, 1-ci mərtəbədə 59 kv.metr sahəsi olan 1 otaqlı mənzilini 37000 manat müqabilində İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A, 1-ci blok, 1-ci mərtəbə 3A saylı mənzilin alqı-satqısı olmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A, 1-ci blok, 1-ci mərtəbə 3A saylı mənzilin tam dəyərini ödəmişdir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus əmlakların idarə olunması 2012-2015-ci illərdə etibarnamə ilə "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC ilə X9 xx.xx.2013-cü ildə alqı-satqı müqaviləsi bağlamışdır və həmin müqavilədə olan pay haqqını xx.xx.2017-ci ildə İddiaçı satmışdır. Hal-hazırda İddiaçı xx.xx.2020-ci il tarixli pay müqaviləsi qüvvədədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-628/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və X5 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 2497 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 ananın yanında saxlanmaları qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında bağlanmış nikah pozulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materilları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair alqı-satqı (pay) müqaviləsi "xxxx" MMC ilə İddiaçı ilə bağlanmışdır və "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubunda da qeyd edilmişdir İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli pay müqaviləsi hazırda da qüvvədədir. Odur ki, mənzil iddiaçının mülkiyyətində olmasa da, müqavilə əsasında onun qanuni istifadəsində olduğundan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir, xx.xx.2009-cu il tarixdə iddiaçının oğlu ilə nikaha daxil olmuş və 2017-ci ildə iddiaçı tərəfindən mənzil əldə edildikdən sonra həmin mənzilə köçmüşdür. Bu baxımdan mübahisəyə yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, digər qohumlar, yəni, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər. İş materialları ilə təsdiq olunur ki, cavabdeh qeyd edilən iki qrupun heç birinə aid olmayaraq iddiaçının ailə üzvü olmamış, iddiaçının oğlu ilə nikaha daxil olduqdan və mənzil əldə edildikdən sonra mənzilə köçərək yaşamağa başladığından onun iddiaçıya məxsus mənzildən istifadə hüququ yaranmamışdır. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcud olmamışdır. Eləcə də, cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan övladının Mənzil və Ailə Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən mənzildən istifadə hüququ yaranmamış, eyni zamanda qüvvədə olan məhkəmə qətnaməsi ilə uşağın ananın himayəsinə verilməsi qərara alınmışdır ki, 14 yaşına çatmayan uşağın yaşayış yeri anasının yaşayış yeri sayılır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin yetkinlik yaşına çatmayan övladı ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılması tələbinə dair iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Cavabdeh yetkinlik yaşına çatmayan övladı X8 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A, blok 1, 3A saylı mənzildən çıxarılsın. 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Bəxtiyar qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar