Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-91/2023 07.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.450 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 iyun 2019-cu il tarixdə (müqavilədə 03 iyun 2019 qeyd olunsa da) "xxxx" MMC-nin direktoru Nümayəndə ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 174 saylı binanın yerində tikilmiş binadakı 15 saylı mənzilin ümumi təmiri (işçilik və mal-material daxil) üçün ümumi dəyəri 9.200 manat olan 5 saylı müqaviləni imzalamışlar. Müqaviləyə əsasən 6.450 manat həmin gün iddiaçı tərəfindən ödənilmiş, qalan 2.750 manat isə 05 avqust 2019-cu il tarixdə, yəni mənzil təhvil verilərkən ödənilməli idi. Mənzil "xxxx" MMC-yə divar və tavana astarlıq vurulmuş, elektrik, santexnika, istilik xətləri çəkilmiş, hətta qonaq otağında alçipanın altı üçün elektrik naqili atılmış, otaqların döşəmələrinə dikt vurulmuş, hamam-tualet, mətbəxə tam, dəhlizin isə bir hissəsinə stajkası vurulmuş halda təhvil verilmişdir. İşə nəzarətçi kimi təqdim olunan Tural tam təmir üçün mənzilə baxış keçirmiş, sonradan mənzilin digər sahibi X8 tərəfindən də təkrar mənzilə dəvət olunmuş, birlikdə mənzilə baxış keçirilmiş, görülmüş işlərin yenidən icra edilməsi iddiaçıya təklif olunsa da, kifayət qədər pul vəsaiti ödədikləri üçün təklif iddiaçı tərəfindən rədd edilmişdir. Göstərilən xidmətlərə santexnik və elektrik xətləri istisna olmaqla 3 il zəmanət veriləcəyi və mənzilin tam təmir edilib iddiaçıya təhvil veriləcəyi vəd olunmuşdur. Şirkətin sahibi Nümayəndə təmir üçün müqavilə bağlasa da, əməllərindən məlum olur ki, o, təmirlə yox, dələduzluqla məşğuldur. Belə ki, əvvəlcədən şərtləşdikləri kimi ilkin ödəniş ümumi məbləğin tam yarısı olduğu halda, ofisdə yarı qiymətdən çox pul ödəmələrini tələb etmiş, əks halda ödənişin üzərinə əlavə faiz gələcəyini bildirmiş, iddiaçı 6450 manat ödəməyə məcbur olmuşdur. Cavabdeh Nümayəndə təmir işlərini başa çatdırmaq əvəzinə dəfələrlə iddiaçıdan qalıq ödənişi tələb etmiş, müqavilənin şərtlərini ona xatırlatdıqda iddiaçıdan borc adı ilə 1000 manat pul almaq istəmiş, iddiaçı təcrübəsizliyindən istifadə edib hər dəfə əlavə ödənişlər tələb etmiş və buna da nail olmadıqda kombi, istilik radiatorları, qapılar və sair gətirəcək ayrı-ayrı şəxslərə pul ödəməsini təklif etmiş, iddiaçı ona qəbzsiz pul ödəməyəcəyini bildirdikdə cavabdeh mənzilin təmirini yarımçıq qoymuşdur. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.450 manat pul məbləği, mənzilin yenidən təmiri ilə əlaqədar söküntü işləri üçün 3.000 manat, mənəvi ziyan üçün 1.500 manat, iddia ərizəsi üçün ödədiyi 40 manat pul məbləğinin alınıb iddiaçıya verilməsi, eləcə də məhkəməyə çəkiləcək bütün xərclərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 03 iyun 2019-cu il tarixli təmir alğı-satqısına dair müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 174 saylı binanın yerində tikilmiş binadakı 15 saylı mənzildə təmir-tikinti işlərinin aparılmasını, ümumi təmir xidmətinin 2 ay müddətində həyata keçirilməsini, iddiaçı isə dəyərini 9.200 manatı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən avans olaraq 6.450 manat cavabdehə ödənilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi bu günədək tam şəkildə və düzgün formada yerinə yetirməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli rəydən görünür ki, X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614,616,618,620, m15 (Yeni qaydalarla: AZ1122, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 13 fevral 2023-cü il tarixə tikinti-təmir işlərinin həcmi 5.660 manat təşkil etmişdir. Təmir işləri keyfiyyətsiz aparılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbinə əsasən, podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi- hazırkı halda mənzildə təmir-tikinti işləri aparmağı, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında podrat münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən cavabdeh iddiaçıya aid mənzildə təmir-tikinti işlərini aparmağı, iddiaçı isə xidmətin dəyərini ödəməli olmuşdur. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan görülmüş xidmətin dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin iddiaçıya tam şəkildə göstərilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətin dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidməti göstərməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən cavabdehin qeyd edilən ünvan üzrə apardığı təmir-tikinti işlərinin həcmini müəyyən etmək üçün 08 fevral 2023-cü il tarixdə İddiaçı və mütəxəssis Samir Seyidovun iştirakı ilə ünvan 2 ünvanına yerli baxış keçirilmiş, baxış zamanı təmir işlərinin keyfiyyətsiz şəkildə aparıldığı aşkarlanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 614, M5, m1 ünvanında ilkin təmir işlərini "xxxx" MMC icra etmişdir. "xxxx" MMC tərəfindən mənzilə seyf qapı, 4 ədəd tünd qəhvəyi plastik pəncərə və eyvan qapısı quraşdırılmışdır. Mənzilin divarlarına və tavanlarına ağ suvaq, şpaklyovka qatı vurulmuş, pəncərə altlıqları yerləşdirilmiş, bütün elektrik, su, santexnika və istilik xətləri, tv və internet kabeli çəkilmiş, bütün otaqların döşəməsinə dikt vurulmuş, mətbəx, sanitar qovşaq, eyvan tam olaraq, dəhlizə isə yarımçıq beton düzləmə vurulmuş, kafel-metlax vurulması üçün hazır vəziyyətə gətirilmiş və iddiaçıya təhvil verilmişdir. Bütün otaqların parket örtüyünün alınması, vurulması, otaq qapılarının alınması, kombi aparatı və radiatorların, sanitar qovşağın tavanının və avadanlıqlarının alınması və onların quraşdırılması iddiaçının özü tərəfindən icra edilmişdir. Mənzilin divarlarının səthinin nahamar və kələ-kötür olmasından məlum olmuşdur ki, divarlara emulsiya qatı üzlük vurulmadan və cilalanmadan vurulmuşdur, divarlara plastik dekor lepkalar vurulmuşdur. Sanitar qovşağın divarının əks tərəfinin nəmli olmasından məlum olmuşdur ki, kafel-metlax işləri izolyasiya edilmədən, keyfiyyətsiz və səliqəsiz şəkildə görülmüşdür. Mənzilin divarlarında çoxlu sayda zədələr, çatlar və partlamalar müşahidə olunmuşdur. Beləliklə, təmir işləri keyfiyyətsiz şəkildə aparılmışdır. Bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Odur ki, o, ödədiyi 6450 manat vəsaiti geri tələb etməkdə haqlıdır. Beləliklə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddiaçı tərəfindən müqaviləyə əsasən təmir işlərinə görə ödənilmiş 6450 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 1500 manat mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mənzilində təmir-tikinti işləri aparılmışdır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində mənzildə yaranmış mövcud vəziyyətlə bağlı sarsıntılar keçirmişdir. Evində aparılmış keyfiyyətsiz təmir işləri ilə bağlı keçirdiyi mənəvi iztirablarla yanaşı, cavabdehin hərəkətləri nəticəsində dəfələrlə aidiyyəti qurumlara müraciət etməsi də onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 1.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin “mənzilin yenidən təmiri ilə əlaqədar söküntü işləri üçün 3000 manat pulun tutulması” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, iddiaçı bu tələbin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin 40 manat hüquqi xidmət haqqının tutularaq ona ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, ərizə həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə araşdırması zamanı izahatında bildirmişdir ki, iddia ərizəsinin yazılması üçün ASAN Xidmət mərkəzlərindən birində vəkilə 40 manat ödəniş etmişdir. O, bununla bağlı məhkəməyə 10 iyun 2022-ci il tarixli qəbz təqdim etmişdir. Odur ki, 40 manat hüquqi xidmət haqqı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən təmir-tikinti işləri üçün ödənilmiş 6450 manat pul məbləği, mənəvi ziyan üçün 1000 manat pul vəsaiti və hüquqi xidmətə görə ödənilmiş 40 manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 manat müəyyən edilmişdir. Odur ki, cavabdehdən 400 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 125 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən, ödənilmiş rüsumun 85 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, qalan 40 manat rüsum iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən təmir-tikinti işləri üçün ödənilmiş 6450 (altı min dörd yüz əlli) manat pul məbləği, mənəvi ziyan üçün 1000 (bir min) manat pul vəsaiti, hüquqi xidmətə görə ödənilmiş 40 (qırx) manat və dövlət rüsumuna görə ödənilmiş 85 (səksən beş) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 400 (dörd yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qalan 40 (qırx) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-91/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-91/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver