Məhkəmə qərarları › İş №e-2(011)-91/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-91/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-91/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 Karimin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X1rşı “pul tələbi” barədə ilkin iddia, X8 Karimin İddiaçı qarşı “avtomobilin satışı ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 Karimidən dəymiş maddi zərər qismində 10.000 manat məbləğində pul vəsaitinin, həmin məbləğə illik 5 %-lə hesablanmış 500 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 125,1 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin, vəkilə hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul vəsaitinin, ümumilikdə 11825,1 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ilkin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X8 Karimidən dəymiş maddi zərər qismində 28918,5 manat məbləğində pul vəsaitinin, həmin məbləğə illik 5 %-lə hesablanmış 1445,925 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 257,94 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin, vəkilə hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul vəsaitinin, ümumilikdə 35822,365 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə X8 Karimin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək İddiaçı buraxılış ili 2022-ci il olan 10RE-115 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı “GLS 450” modelli nəqliyyat vasitəsinə vinil çəkilməsinə görə 8900 manat, "xxxx" ASC-də kasko sığorta edilməsinə görə 5600 manatın ödənişin 3500 manat hissəsinin, avtomobilin ayaqaltılarının dəyişdirilməsinə görə ödənilmiş 890 manat pulun, avtomobilin alqı-satqısına görə ödənilmiş 2500 manat pulun və hüquqi yardıma görə ödənilmiş 520 manat pulun, cəmi 16310 manat maddi zərərin və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin alınaraq X8 Karimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı xx.xx.2023-cü il tarixdə “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı 2022-ci il buraxılışlı minik avtomobilini müvafiq qaydada alqı-satqı etməklə qanuni əsaslarla X8 Karimdən almışdır. X8 Karim həmin avtomobili İddiaçı satarkən avtomobillə bağlı yol nəqliyyat hadisəsi baş vermədiyini bildirmiş və iddiaçı ona inanaraq “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı avtomobili qəzasız avtomobil kimi təklif olunan qiymətə almışdır. Belə ki, Turbo.az saytında avtomobilin 120000 ABŞ dollarına satıldlğı barədə elanı görüb oraya qoyulmuş telefon nömrəsi ilə əlaqə saxlamış, zəngə Əvəz adlı şəxs cavab verərək bildirmişdir ki, satışa qoyulan avtomobil onun müdiri olmuş şəxsə məxsusdur, müdiri hazırda xaricdədir, ona pul lazım olduğuna görə maşını satır, avtomobil təzədir, cəmi 6000 km yürüş edib, (bu məlumat internetdəki elanda da var idi), maşın hazırda Ağ şəhərdə qarajda saxlanılır. Qeyd olunmalıdır ki, həmin markalı avtomobillərin yürüşü “0” km olanları mağazalarda ilk satışı (satış servislərində) 130000 ABŞ dollarına qoyulmuşdur. Belə avtomobillərin satışdan dərhal sonra 2-ci satışa çıxarılırsa qiyməti 10000 ABŞ dolları aşağı düşür. Almaq istədiyi avtomobil də satışa 120000 ABŞ dollarına qoyulmuşdur və onun 6000 km yürüş etməsini 5000 ABŞ dollarda qiymətləndirib avtomobilə görə 115000 ABŞ dolları təklif etmək qərarına gəlmişdir. Bu barədə Əvəz adlı şəxsə bildirəndə o dedi ki, avtomobilin sahibi ilə danışıb sizə məlumat verərəm. Əvəzə demişdir ki, avtomobili mən dediyim qiymətə ala bilsəm, onun özünə də əlavə 1000 manat verəcəyəm. Avtomobil alandan sonra həmin məbləği 3 dəfəyə Əvəz göndərən kart hesabına köçürmüşdür. 1-2 gün sonra Əvəz İddiaçı zəng vurub dedi ki, maşının sahibi ilə danışmış və o təklif olunan qiymətlə razılaşmışdır. Vədələşib “Ağ şəhər”də Əvəzlə görüşmüş və birlikdə avtomobilə baxmağa getmişlər. İddiaçı yanında Babək (Babak) adlı şəxs də var idi. Orada Əvəz adlı şəxs onları avtomobilin sahibinin qardaşı və yaxud digər bir qohumu ilə tanış etdi. Həmin şəxs avtomobilin açarını gətirdi. Onlar avtomobilə baxdılar. Avtomobil 5-6 ay idi ki, Mersedes mərkəzindən alınmışdır. Avtomobilin hər bir hissəsinə tam şəkildə plastmas plyonka çəkilmişdir, bu səbəbdən avtomobilin hər hansı bir əzik və ya sonradan rənglənməsini görmək mümkün deyildir, həm də maşın sürülmürdü və qarajda saxlanılırdı. Onunla gedən Babək adlı şəxs iran vətəndaşı idi və o maşının sahibinin qardaşı ilə tanış çıxdığı və bu tanışlıq bir az da səmimiyyət yaratdığından hər hansı şübhəyə yer qoymurdu və o avtomobilin salonuna əyləşmədən onu almaq qərarına gəlmişdir. Avtomobilin alqı-satqısında vasitəçilik edən Əvəz və avtomobilin sahibinin qardaşı maşının qəzaya uğraması və ya üzərində hər-hansı bir təmir işlərinin aparılması barədə ona heç bir məlumat vermədilər. Avtomobilin təzə və az yürüşlü olması onda onun qəzaya uğramış avtomobil olmasına heç bir şübhə yaratmadı, həm də maşına plyonka çəkilmişdi. Əvəz ona bildirdi ki, maşını digər istəyənlər də var, onun əlində isə nağd pulu yox idi, Əvəzə demişdir ki, o evini satmalıdır ki, maşını alsın. Evi satmasını Əvəz və Kərim bilir və dostu borc almasını təsdiq edə bilər. xx.xx.2023-cü il tarixdə avtomobili onun sahibi X8 Karim ilə Əvəz iddiaçının yaşadığı Yasamal rayonu ərazisində yerləşən ünvünına gətirdilər, avtomobili sahibi idarə edirdi. İddiaçı ön oturacaqda əyləşərək maşının sahibindən avtomobil barədə məlumat verməsini xahiş etmişdir. Cavabdeh avtomobildə olan qüsurları gizlədərək bildirmişdir ki, avtomobilə plyonka çəkdirib, Mersedes şirkətinin istehsal etdiyi ayaqaltılar alıb avtomobilin salonuna qoyub, avtomobil üçün çanta almışdır. Xaricdə iş qurması ilə bağlı olaraq ona pul lazım olduğundan məcbur qalaraq avtomobili satır. Cavabdeh maşının qəza nəticəsində zədələnməsini və mühərrikində zavod qüsuru olduğu üçün onu təmir edildiyi barədə susaraq iddiaçıya məlumat verməmişdir. Tez-tez halallıqdan söhbət salıb, iş zərurətindən avtomobili satmaq məcburiyyətində qaldığını qeyd etmişdir. İddiaçı özü yalanı sevməyən insan olduğundan qarşısındakı insanın da söylədiklərinə səmimi yanaşaraq düşünmüşdür ki, əgər avtomobildə hər hansı qüsur olsaydı, X2 bu barədə mütləq deyərdi. Ona görə də onun dediklərini səmimi qəbul etmişdir. Sonradan avtomobillə bağlı icbari sığorta müqaviləsi bağlayan zaman məlum olmuşdur ki, X8 Karimin satdığı avtomobil əvvəllər törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində qəzalı vəziyyətə düşmüş və “X7 Azərbaycan” MMC-də təmir olunmuşdur. Belə ki, 2023-cü ilin oktyabr ayının sonlarında “Atəşgah” sığortadan zəng vurub avtomobilin “Kasko” sığortasının vaxtı bitdiyini ona demişlər. Bundan əvvəl iddiaçı avtomobili alarkən X8 Karim avtomobili 5600 manata sığorta etdirdiyini ona demişdir, o da 5600 manata razılıq vermiş və sənədlərin hazırlanmasını xahiş etmişdir. Bir neçə gündən sonra sığorta əməkdaşı ona zəng vurub sığorta məbləğinin 6290 manat etməsini dedi. İddiaçı ona avtomobilin ilk dəfə 5600 manata sığorta edildiyini və bu müddət ərzində heç bir qəza baş vermədiyini bildirib bu səbəbdən də avtomobilin sığorta məbləğinin 5600 manatdan da aşağı olmalı olduğunu demiş və hansı əsaslarla sığorta qiymətinin əvvəlkindən daha çox hesablandığını soruşmuşdur. Sığorta əməkdaşı ona bildirdi ki, avtomobil qəzaya uğrayıb və buna görə 12000 manat sığorta ödənişi edilib. İddiaçı onun dediklərinə inanmadığını deyəndə o bildirdi ki, sığorta ödənişi ilə bağlı sənədlər qarşısındadır. İddiaçı bu məlumatı eşidib çox sarsılmışdır, əgər o bilsəydi ki, aldığı avtomobil qəzalıdır, onu heç vaxt almazdı. İddiaçı X8 Karimə zəng vuraraq avtomobilin qüsurlu olduğu barədə ona məlumat vermişdir, cavabdeh demişdir ki, heç fikir etməyin, necə desəniz elə də olacaq, sonra isə əlavə etmişdir ki, avtomobili qaraja salanda yer yaş olduğundan maşın sürüşmüş və divara dəyib əzilmişdir, sonra əlavə etmişdir ki, Mersedes servisdə hər şeyi dəyişib təzə qoydurub, lakin o mühərrikin də təmirə məruz qaldığını deməmişdir, avtomobilin mühərrikinin də təmir edilməsindən xx.xx.2023-cü il tarixdə Mersedes mərkəzində olarkən bilmişdir, bu xəbərdən lap pis olmuş, X8 Karimə zəng vuraraq mühərrikin təmir olunduğunu və bunu niyə ondan gizlətdiyini soruşmuşdur, o da susub danışmamışdır. Cavabdeh ilkin olaraq ziyanı qarşılayacağına söz versə də, bir neçə gün sonra iddiaçıya aşağıdakı məzmunda mesaj yazmışdır ki, “almısan qurtardı, maşını 10 günə qaytara bilərdin, üstündən 5 ay keçib, mən pulu borclarıma vermişəm, maşını alanda yoxlayardın”. Bundan sonra cavabdeh iddiaçının nömrəsini bloklayaraq onunla bütün telefon əlaqələrini kəsmişdir. Avtomobili alma mərhələsində iddiaçı tələsik olaraq Bakıxanov qəsəbəsindəki mənzilini dəyərindən aşağı qiymətə satmışdır. Bu barədə həm X8 Karim, həmçinin nümayəndəsi Əvəz məlumatlı olmuşlar. Bundan əlavə, təzə, yəni “0” yürüşlü avtomobil mağazadan satılandan sonra onu bayırda satmaq istəsək, qiyməti 10000 ABŞ dolları aşağı düşmüş olur. Bu formalaşmış avtomobil bazarının qaydasıdır. Eyni zamanda sonradan rənglənmiş maşınla rənglənməyə məruz qalmayan maşınların satış qiymətlərində də böyük fərqlər vardır. Rənglənmiş avtomobilin dəyəri daha aşağı olur. Beləliklə, cavabdeh avtomobilin qəzaya məruz qalması barədə məlumatları iddiaçıdan gizlətməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də hesab edir ki, X8 Karimdən alınmış “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı 2022-ci il buraxılışlı minik avtomobilinin yol nəqliyyat hadisəsi nəticəsində neçə % miqdarında əmtəəlik görünüşünün itirilməsi və aşağı düşmüş dəyərinin ödənilməsi X8 Karim tərəfindən həyata keçirilməlidir. Dəymiş zərəri 22678,0 manat qiymətləndirir. Göründüyü kimi İddiaçı ilə X8 Karimin arasında dövlət notariat kontorunda alqı-satğı müqaviləsi bağlanmış və bunun əsasında da AR DİN-nin BDYPİ Qİİ tərəfindən müvəkkilinə “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə keçməsinə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçı bağlanmış müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi, yəni avtomobilə görə pul ödənişini tam şəkuldə həyata keçirmişdir. X8 Karim isə aralarında olan razılaşmaya əsasən yol nəqliyyat qəzasına uğramayan avtomobil verməyi öhdəsinə götürsə də, öhdəliyini tam şəkildə həyata keçirməmişdir. Hesab edir ki, X8 Karimi İddiaçı səriştəsizliyindən və avtomobilin buraxılış ilinin təzə olmasından sui-istifadə edərək “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı avtomobili satarkən üzərinə götürdüyü qəzasız avtomobil təhvil vermə öhdəliyindən əsassız olaraq yayınmışdır və bununla da İddiaçı maddi ziyan vurmuşdur. Bu hüquq pozuntuları nəticəsində İddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində İddiaçı iztirab və sarsıntı keçirmişdir və hesab edir ki, ona mənəvi zərər vurulmuşdur. Sonda Vəkil1 ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X8 Karimin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, X8 Karim tərəfindən xx.xx.2023-cü ildə buraxılış ili 2022-ci il olan **-RE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı “GLS 450” modelli nəqliyyat vasitəsinə 8900 manat ödəniş edilməklə avtomobilin içərisi və çölünə vinil çəkdirmişdir. Vinilin çəkilməkdə məqsədi avtomobilin yuyulması və sürülməsi zamanı maşının boyasının qorunması və kənar yad cisimlərdən qorunması olmuşdur. Bundan əlavə, qeyd olunan maşının ayaqaltısının dəyişdirilməsi üçün 890 manat ödəniş edilmişdir. Avtomobil "xxxx" ASC-də 5600 manata sığorta edilmiş, maşın 1 illik sığorta edilsə də, maşın xx.xx.2023-cü ildə satılarkən sığortanın qalan 3500 manat hissəsi İddiaçı tərəfindən X8 Karimə ödənilməmişdir. Habelə avtomobilin alqı-satqısı zamanı dövlət rüsumu və digər ödənişlər alıcı tərəfindən tərəfindən ödənilməli olmasına baxmayaraq İddiaçı əlavə pulu olmadığını bildirmiş, bununla əlaqədar dövlət rüsumu adı altında X8 Karimdən 2500 manat pul almışdır. Məhkəmə çəkişməsi zamanı iddiaçının nümayəndəsi və vəkili avtomobil alınarkən vinil vurulmuş vəziyyətdə olmasını və avtomobildə yeni ayaqaltılar alınmasını etiraf etmiş, lakin vinilin guya avtomobildə olan qüsurları gizlətmək məqsədilə edildiyini əsaslandırmağa çalışmışdır. Habelə İddiaçı iddiası üzrə məhkəmədə nümayəndə və vəkil qismində iştirak ilə bağlı xidməti müqavilə bağlanılmış, bununla əlaqədar 520 manat xidmət haqqı ödənilmişdir ki, həmin vəsait qarşı tərəfdən alınaraq X8 Karimə ödənilməlidir. Həmçinin iddia tələbi ilə bağlı bildirmək istəyir ki, iddiaçının istinad etdiyi kimi hər hansı qəza hadisəsi baş verməmiş, sadəcə ilk iddia üzrə cavabdeh MERSEDES markalı avtomobili yaşadığı binanın yeraltı qarajında parkinqdən çıxarkən, parkinqdə fəaliyyət göstərən avtomobilyuma sexinin istifadə etdiyi suyu girişə dağıtması nəticəsində təxminən 5-10 km sürətlə hərəkət edən avtomobil sürüşərək qabaq hissəsi binanın sütununa toxunub dayanmışdır. Bu faktın təsdiqi barədə video və fotogörüntülər məhkəməyə təqdim edilmişdir ki, avtomobilin zədə alan hissəsi cavabdehin tələbi ilə kasko sığortalanmış şirkət tərəfindən Almaniyadan zavoddan gətirilməklə tam olaraq yenisi ilə əvəz edilmiş, bu vəsait isə sığorta şirkəti tərəfindən qarşılanmışdır. Nəzərə alın ki, maşın məhz 8900 manat ödənilməklə bahalı vinil çəkilmişdir ki, bu zaman maşına yuyulma və hərəkət zamanı xırda daş çıxıntılarını düşməsi nəticəsində maşının görünüşünə xələl gəlməsin. İddiaçı isə əsassız olaraq vinil çəkilməsini maşının zədəsiin görünməməsi xətrinə çəkildiyini bildirir ki, bu gülünc və absurd iddiadır. Maşın o zaman dəyərini itirər ki, hansısa əsas sütünları deformasiyaya uğrasın və gələcəkdə bu hal maşının normal hərəkətinə maneçilik yaratsın. Hazırki vəziyyətdə isə belə bir hal mövcud deyil. Və qarşı tərəf bu avtomaşının cavabdehdə olduğu müddətdə hansısa avtomobil qəzasına düşüb yararsız olması barədə DYP və digər orqanlardan sübut təqdim etməmişdir. Habelə, iddiaçı maşını Turbo az saytı vasitəsilə Əvəz adlı şəxsdən bəyənmiş, bütün danışıqları onunla etmiş, sonda isə həmin şəxsə qiymət endiriminə görə bank vasitəsilə 1000 manat ödəniş etmişdir. Sadəcə müqavilə bağlanarkən cavabdeh ilə birlikdə DYP idarəsinə gedib alqı satqı müqaviləsi bağlamışlar. Hamıya bəlli olan haldır ki, maşın alarkən hər bir halda maşını mütəxəssisə göstərilməlidi. İddiaçı maşının kasko sığortası və qarantiyası olduğuna görə əlavə 200-300 manat xərc çəkib maşını hansısa mütəxəssisə təqdim etməyib, bu onun öz problemidir. Eləcə də, maşının kitabçasında və servis məntəqəsində maşınla bağlı bütün məlumatlar mövcuddur ki, iddiaçı maşını alarkən bu vasitələrlə yoxlama apara bilərdi. Yoxlayıbyoxlamayıb bu da öz problemidir. Həmçinin maşını 5200 km yürüşlə dəyərindən qat-qat ucuz qiymətə alıb, əlavə 10000 km sürdükdən və azı 6 ay keçdikdən sonra maşında hər hansı zavod qüsuru aşkar edibsə, bu barədə istehsalçı şirkət qarşısında iddia qaldıra bilər. Hesab edir ki, ididaçının hazırki iddia tələbi hüquqdan sui-istifadə halına uyğun gəlir. Əvvəlcə 10000, sonra 30000, daha sonra 5000 tələb edir ki, məhkəmə araşdırmasının sonunadək maşının bütün dəyərinin tələb olunma ehtimalı vardır. Qeyd olunan halların nəzərə alınmasını bir daha məhkəmədən xahiş edir. Sonda Vəkil2 ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirdi ki, "xxxx" ASC-də işləyir, iddiaçı sığorta şirkətinə müraciət edəndə maşının qüsurlu olduğunu bilmişdir, soruşub ki, niyə belədir, zərər nə ilə bağlıdır, ona ekranda göstəriblər, o da bu barədə məlumatları istəyib, amma ona o məlumatları verməyiblər, amma maşını sığortalayıblar, sığorta şirkətindən iddiaçıya bildirmişlər ki, zərər dəydiyinə görə sığorta şirkəti zərərlə əlaqədar olaraq maşına görə 12000 manat ödəniş etmişdir, 12000 manat sığorta ödənişi olmuşdur, Sahibxan müəllim onların sığorta şirkətlərinə 2023-cü ilin soyuq aylarında müraciət edib, hansı ay olmasını dəqiq bilmir, maşının hansı vəziyyətdə qəbul edilməsi ilə bağlı onlar heç bir araşdırma aparmayıblar, yalnız Sahibxan müəllimə məlumat veriblər ki, maşın zədəli olub, Sahibxan müəllimə məlumat verilməyib ki, o qəzalı vəziyyətdə olan maşını alıb, çünki bu, onların səlahiyyətində deyil. Məhkəmə iclasında şahid qismində ifadə verən Babak Safayar bildirdi ki, iran vətəndaşıdır, İddiaçı dostudur, həmin maşına baxmağa gedəndə o da getmişdir, maşın qarajda idi, Əvəz adında şəxslə görüşüblər, həmin şəxs deyib ki, maşının açarları ondadır, X2 tapşırıb bu işi, yəni maşının satılması məsələsini, maşına baxıblar, Əvəz bildirib ki, maşında bəzi detallar dəyişilib, nəsə dəyişilibsə də, servisdə dəyişilib, maşının qəzalı olması barədə onlara heç nə deyilməyib, avtomobilin hər bir hissəsinə plastmas plyonka çəkilmişdir, maşın 6000 km yürüş etmişdir deyə, yoxlatmağa zərurət bilməmişdilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il buraxılışlı “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “X7 Azərbaycan” MMC tərəfindən məhkəməyə ünvanlanan 017/24 saylı xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən (hesab, icra edilmiş xidmətlərə dair akt) görünür ki, xx.xx.2023-cü ildə daxil olmuş “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla avtomobilə dəymiş zərərin məbləği cəmi 12046,43 manat təşkil edir. İş materiallarında olan “X7 Azərbaycan” MMC tərəfindən məhkəməyə ünvanlanan 045/24 saylı xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş icra edilmiş xidmətlərə dair aktdan görünür ki, “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti və təmir xərcləri 448,20 manat təşkil edir. İş materiallarından görünür ki, X8 Karim (satıcı) və İddiaçı (alıcı) arasında 23 iyun 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmışdır, müqavilənin 1-ci bəndinə əsasən, satıcı özünəməxsus olan 2022-ci il buraxılışlı 77RR770 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı “GLS 450” modelli nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə satır, həmin müqavilənin 2-ci bəndinə əsasən, nəqliyyat vasitəsi 192,780 manata satılıb və bu məbləği satıcı alıcıdan alıb. İş materiallarında olan ********** saylı xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən 125,10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xxxxxxx saylı xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, Vəkil1 tərəfindən 53,0 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********** saylı xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, Vəkil2 tərəfindən 140,00 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 9/2413-8/1035 nömrəli Rəydən görünür ki, “MERSEDES BENZ” markalı “GLS 450” modelli 2022-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 190000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 6% - 11400,0 (190000,0 x 6%) aşağı olması istisna edilmir. Baxışa təqdim olunmuş “MERSEDES BENZ” markalı “GLS 450” modelli 10RE115 qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələri təmir olunmuşdur. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin “10RE-115 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı “GLS 450” modelli nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər səbəbindən dəyərinin itirilməsinin həcminin və məbləğinin müəyyən edilməsi haqqında” 25 iyun 2024-cü il tarixli 06-002/24 nömrəli hesabatından görünür ki, 10RE-115 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı “GLS 450” modelli nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər səbəbindən əmtəə dəyər itkisi faizlə ifadədə xx.xx.2023-cü il tarixinə 11,60%, manatla ifadədə 22678,0 manat təşkil etmişdir. İş materiallarından görünür ki, İddiaçı X8 Karim xx.xx.2023-cü il tarixdə bildiriş göndərməklə tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada xx.xx.2023-cü il tarixə kimi həll edilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X8 Karim və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X8 Karim özünə məxsus 2022-ci il buraxılışlı **-RR- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı “GLS 450” modelli nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə 115000 ABŞ dollara (192780 manata) İddiaçı satmış, nəqliyyat vasitəsinin qəza nəticəsində zərər görməsi və “X7 Azərbaycan” MMC-də təmir edilməsi 5 aydan sonra avtomobilin sığorta olunması zamanı alıcıya məlum olmuşdur, nəqliyyat vasitəsi satılarkən onun qəza nəticəsində zərər görməsi və ehtiyyat hissələrinin dəyişdirilməsi barədə alıcıya məlumat verilməmişdir, idiaçı avtomobilin texniki vəziyyətini yoxlamadan və onu texniki baxışdan keçirmədən razılaşdırılmasını maşının şəffaf plyonka ilə örtülməsi və avtomobilin satmasının biznes zərurətindən yaranması barədə cavabehin sözləri ilə əsaslandırır, hazırda İddiaçı maşının zədəli olduğu təqdirdə ona qüsursuz görünüşlü nəqliyyat vasitəsinin satılması nəticəsində dəyən maddi və mənəvi ziyanın, ümumilikdə 35822,36 manat məbləğində pul vəsaitinin X8 Karimidən tutularaq ona ödənilməsini, X8 Karim isə İddiaçı 10RE-115 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı “GLS 450” modelli nəqliyyat vasitəsinin avadanlıqlarına və digər xərclərinə sərf olunan cəmi 16310 manat məbləğin alınaraq ona ödənilməsini tələb edir. Bununla belə, qarşılıqlı iddiaçının müqavilə üzrə öhdəliklərini, həmçinin alıcıya dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin iddia tələbinin “vurulmuş maddi zərərdən 28918,5 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfindən avtomobil satılarkən onun qüsurlu (zədəli) olması və təmir-bərpa xidmətlərinin dəyəri kimi 12046,43 manat pul vəsaitinin xərclənməsi və bu faktın ilkin iddiaçıdan gizlədilməsi, nəticədə avtomobilin keyfiyyətliliyi, xüsusilə də real bazar dəyərinin qiymətləndirilməsi barədə düzgün nəticəyə gəlməyə təsir etmiş, bununla da avtomobilin alınması üçün artıq ödənişlərə səbəb olmuşdur. Bu əsasda məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən xx.xx.2024-cü il tarixli 9/2413-8/1035 nömrəli ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği hesablanarkən ekspertin gəldiyi nəticə əsas götürülməli, avtmobilə dəymiş maddi ziyan 11400,0 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə, ilkin iddia tələbinin “illik 5 %-lə hesablanmış 1445,925 manat pul vəsaiti” hissəsinə münasibətdə qeyd edir ki, kreditor həmin məbləği o halda tələb edir ki, borclu ödəməli olduğu pul məbləğinin ödənilməsini gecikdirmiş olsun, ilkin cavabdehin ilkin iddiaçıya zərər vurması və pul öhdəliyinin olması isə baxılan mülki işin halları ilə müəyyən edildiyindən, ilkin iddiaçının bu məbləği tələb etməsi əsaslı deyil və iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə, ilkin iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, ilkin cavabdehin hüquqazidd əməli, ilkin iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə ilkin cavabdehin təqsirli hərəkətləri nəticəsində ilkin iddiaçıya maddi ziyan vurulmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini, avtomobilin qiymətini, tərəflərin sövdələşməsini, hadisənin sığorta məbləğinə təsirini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 2000 manat həddində müəyyən edilməsini əsaslı hesab edir. Məhkəmə, ilkin iddia tələbinin “vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat pul məbləğini ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə ilkin iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə qarşılıqlı iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, qarşılıqlı iddiaçı nəqliyyat vasitəsinin avadanlıqlarına və digər xərclərinə sərf olunan cəmi 16310 manat məbləğin ödənilməsinə dair sübutetmə vəzifəsi daşıyır. Lakin o, həmin məbləğin ödənilməsini təsdiq edən sübutları iş materiallarını əlavə etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında bağlanmışdır, yəni satıcı maşını qeyd olunan avadanlıqlarla və ona sərf olunan digər xərclərlə satmağı, alıcı isə həmin əsaslarla qəbul etməyi öhdələrinə götürmüşlər ki, bu da qarşılıqlı iddia tələbinin təmin edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 581.3-cü maddəsinə əsasən, əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. ... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı presedentə görə,...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 11400 manat, mənəvi zərərin əvəzi qismində 2000 manat və hüquqi xidmətə görə ödənilmiş 200 manat pul vəsaiti cavabdeh X8 Karimdən alınaraq ilkin İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməi, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ilkin cavabdehə aid edilməli, X8 Karimndan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130,80 manat alınaraq ilkin iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş tədqiqatının dəyərini təşkil edən 100 manat tutularaq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə ödənilməli, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. X8 Karimdan vurulmuş maddi ziyanın əvəzi kimi 11400 manat, mənəvi ziyanın əvəzi qismində 2000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 13600 (on üç min manat altı yüz) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (yüz otuz) manat 80 (səksən) qəpik tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul X8 Karimdan alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. X8 Karimin “İddiaçı buraxılış ili 2022-ci il olan 10RE-115 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı “GLS 450” modelli nəqliyyat vasitəsinə vinil çəkilməsinə görə 8900 manat, "xxxx" ASC-də kasko sığorta edilməsinə görə 5600 manatın ödənişin 3500 manat hissəsinin, avtomobilin ayaqaltılarının dəyişdirilməsinə görə ödənilmiş 890 manat pulun, avtomobilin alqı-satqısına görə ödənilmiş 2500 manat pulun və hüquqi yardıma görə ödənilmiş 520 manat pulun, cəmi 16310 manat maddi zərərin və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin alınaraq X8 Karimə ödənilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar