Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-959/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə hüquqi yardım göstərilməsi haqqında 56 saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə cavabdeh iddiaçıya “nikahın pozulması” barədə mübahisə üzrə ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iştirak etməklə hüquqi yardım göstərməyi tapşrımış və bu tapşırığın yerinə yetirilməsi üçün iddiaçıya 300 manat haqq ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmçinin, tərərlər arasında xx.xx.2021-ci il tarixdə hüquqi yardım göstərilməsi haqqında 57 saylı müqavilə bağlanmışdır. Mu müqaviləyə görə cavabdeh iddiaçıya “atalığın mübahisələndirilməsi” barədə mübahisə üzrə ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iştirak etməklə hüquqi yardım göstərməyi tapşrımış və bu tapşırığın da yerinə yetirilməsi üçün iddiaçıya 400 manat haqq ödəməyi öhdəsinə götürmüşdür.
3. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 150 manat hüquqi xidmət haqqı iddiaçıya bank yolu ilə ödənilmişdir.
4. Həmçinin, işdən görünür ki, iddiaçı X1 cavabdehə qarşı “nikhın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi” barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1739/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Eləcə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-238/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş AR MPM-nin 259.0.12-ci maddəsi ilə, tərəflər məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasına getmədiklərindən, baxılmamış saxlanılmşdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı 550 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabehdən tulularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə X2 xx.xx.2012-ci ildə rəsmi nikahda olmuşdur. Nikahları Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Onların birgə nikahından xx.xx.2013-cii il tarixində X4 və xx.xx.2014-cü il tarixində X5 adlı övladı anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşmiş, nikahın pozulması və cavabdehin xx.xx.2014-cü il təvəllüdlü X3 atası olub-olmadığını (atalığın mübahisələndirilməsi bağlı) xx.xx.2021-ci il tarixində iddiaçı ilə hüquqi yardımın göstərilməsi haqqında 56 və 57 saylı müqavilə bağlanmışdır. Nəticədə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-238/2022 nömrəli, 28.09. 2022-ci il tarixli qərardadı ilə hüquqlarını müdafiə etdiyi şəxs məhkəmə tərəfindən müəyyən edilmiş ekspertizada iştirak etməli olduğu halda iştirak etmədiyindən məhkəmə işə baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Nikahın pozulması tələbinə dair iş üzrə isə nikah pozulmuşdur. xx.xx.2021-ci il tarixində hüquqi yardımın göstərilməsi haqqında 56 və 57 saylı müqavilələrə əsasən iddiaçının Bakı şəhəri Sabunçu rayon məhkəməsində cavabdehin hüquqlarının müdafiəsinə görə haqq qarşılığı razılıqla 300 (56 saylı müqavilə - nikahın pozulması və aliment tələbi üzrə) və 400 (57 saylı müqavilə - atalığın mübahisələndirilməsi) manat müəyyən olunmuşdur, 56 saylı müqavilə üzrə 150 manat ödəniş etmiş, digər müqavilə üzrə isə ümumiyyətlə ödəniş etməmişdir. Cavabdehin ümumilikdə iddiaçıya 550 manat müqavilə üzrə borcu vardır. xx.xx.2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilələrin tələblərinə uyğun olaraq tərəfindən bütün məhkəmə proseslərində iştirakı tam formada təmin olunmuşdur. Atalığın mübahisələndirilməsi tələbinə dair iş üzrə yekun nəticə olaraq hüquqlarını müdafiə etdiyi şəxs məhkəmə tərəfindən müəyyən edilmiş ekspertizada iştirak etməli olduğu halda iştirak etmədiyindən məhkəmə işə baxılmamış saxlanılması barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-238/2022 nömrəli, 28.09. 2022-ci il tarixli qərardad qəbul etmişdir. 3 dəfə ekspertiza təyin edilmiş, təyin edilmiş ekspertizaların heç birində cavabdeh iştirak etməmişdir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət məcburiyyətində qalmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
13. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
21. İşin hallarından da göründüyü kimi, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır.
22. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 550 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 550 manat məbləğində və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı