Məhkəmə qərarları › İş №e-2(012)-106/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-106/2025

07.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-106/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi “İddiaçı məxsus, Pirşağı Sumqayıt sərnişin mənzilin 42 km pk 00+20 mdən pk 00+60m-dək (keçmiş 42 km pk 1+60m-dən pk 2+00 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfinə düşən yerdə yerləşən 12,5 sot torpaq sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.1979-cu il tarixdə Azərbaycan Dəmiryolları tərəfindən İddiaçı bağçılıqla məşğul omaq üçün Pirşağı Sumqayıt sərnişin mənzilin 42 km pk 00+20 m-dən pk 00+60m-dək (keçmiş 42 km pk 1+60m-dən pk 2+00 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfinə düşən yerdən 12,5 sot torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsini çəpərləyib və maşınla həmin sahəyə torpaq töküb. Bütün bunları təsdiqləyən şahid ifadələri də mövcuddur. Cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt olunmuşdur. Dəfələrlə ona xəbərdarlıq edərək, iddiaçıya məxsus əmlakın zəbt etdiyi, burada hər hansı bir təmir işlərinin aparılmasının yolverilməz olduğu cavabdehin diqqətinə çatdırılsa da, heç bir faydası olmayıb. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27C nömrəli,xx.xx.1973-cü il tarixli qərarına və Azərbaycan Respublikası Dəmiryollar İdarəsi rəisinin 29 nömrəli, xx.xx.1979-cu il tarixli əmrinə əsasən ona xx.xx.1998-ci ildə Pirşağı-Sumqayıt dəmir yol xəttinin 42-ci km-də, pk 2+60m-dən pk 2+80 İT yolun artan istiqamətində yolun sol tərəfində bağçılıqla məşğul olmaq üçün 6 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ona ayrılandan sonra o, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamış və indiyə kimi də istifadə edir. Onun bu 6 sot torpaq sahəsindən başqa həmin yerdə başqa heç bir torpağı yoxdur. Nə iddiaçının, nə də başqa kimsənin torpağını zəbt etməmişdir. Əgər mütəxəssis dəvət olunub İddiaçı və ona ayrılmış torpaq sahələri ölçülərsə və koordinatları yoxlanılarsa onun dediklərinin tam həqiqət olması, İddiaçı iddia ərizəsində yazdıqlarının isə başdan-ayağa ona qarşı şər və böhtan olması öz təsdiqini tapacaqdır. İddiaçı gediş-gəliş yolu ola-ola bir neçə dəfə ona müraciət edərək ona məxsus həmin bu 6 sot torpaq sahəsindən özünə maşın yolu kim gediş-gəliş yolu almaq istəmişdir. O, ona gediş-gəliş üçün maşın yolu verdikdə onun 6 sot torpağının demək olar ki, yarısı əlindən çıxmış olur. Ona görə də ona dediyi məsələ ilə bağlı razılıq vermədiyinə görə o, hər vasitə ilə ona qanuni əsaslarla ayrılmış həmin 6 sot torpaq sahəsinin bir hissəsini onun əlindən almağa çalışır. Son vaxtlar o, bağçılıq məqsədləri ilə istifadə etdiyi torpaq sahəsində işləyərkən yağışdan, qardan, külək və soyuqdan qorunmaq və eyni zamanda bağçılıq məqsədləri üçün istifadə etdiyi alət və avadanlıqları qoymaq üçün özünə məxsus həmin bu 6 sot torpaq sahəsində balaca bir otaq tikmək qərarına gəlmişdir. Ancaq İddiaçı bunu görəndən sonra tam qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsinə gəlir və ustalara tikinti işlərini aparmağa imkan vermir. Ustalar işlərini görüb çıxıb evlərinə gedəndən sonra İddiaçı özbaşınalıq edərək onun torpaq sahəsinə daxil olur və tikdirmək istədiyi həmin otağın divarlarını vurub uçurdur. Ona öz torpağında iş görməyə imkan vermir. O, dəfələrlə bu qanunsuz və özbaşına hərəkətlərinə son qoymağı ondan tələb etsə də, İddiaçı öz qanunsuz hərəkətlərindən əl çəkmir. Onun öz qanunsuz hərəkətlərini davam etdirdiyini və onun dediklərinə heç bir əhəmiyyət vermədiyini görəndən sonra o iddiaçının etdiyi qanunsuz hərəkətlərə görə Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Hazırda da etdiyi şikayətlər əsasında Abşeron rayon polis idarəsində araşdırma gedir. Həmçinin İddiaçı özünü yalnız bağçılıq məqsədlər üçün ona istifadə etməkdən ötrü ayrılmış 12 sot torpaq sahəsinin mülkiyyətçisi hesab edir. Hansı ki, həmin torpaq sahəsinin mülkiyyətçisi bu gün də dövlət olaraq qalır. Həmin torpaq sahəsi ona yalnız bağçılıq məqsədləri üçün istifadə etməkdən ötrü verilmişdir. Onun həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edə biləcək heç bir sənədi yoxdur. İddiaçı tam qanunsuz və əsassız olaraq özünə istifadə hüququ ilə ona ayrılmış 12 sot torpaq sahəsinin mülkiyyətçisi hesab edir. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. O, məhkəməyə təqdim etdiyi etirazın nəzərə alınmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" QSC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Dövlət Dəmiryolu İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, П-105a saylı qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı Pirşağı Sumqayıt sərnişin mənzilin 42 km-də, pk 00+20 m-dən pk 00+60m-dək (keçmiş 42 km pk 1+60mdən pk 2+00 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfinə düşən yerdə yerləşən 12,5 sot torpaq sahəsi bağçılıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə, tikinti işləri aparmaq icazəsi olmadan ayrılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Dövlət Dəmiryolu İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, П-186 saylı qeydiyyat vərəqəsindən görünür ki, Cavabdeh Pirşağı Sumqayıt dəmir yol xəttinin 42 km, pk 2+60m-dən pk 2+80m-dək yolun artan istiqamətində yolun sol tərəfində yerləşən 6 sot torpaq sahəsi bağçılıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə, tikinti işləri aparmaq icazəsi olmadan ayrılmışdır. Mülki işin materiallarında olan "xxxx" QSC-nin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi həqiqətən də dəmir yolunun Pirşağı- Sumqayıt sərnişin mənzili 42 km pk 00+20 m-dən pk 00+60 m-dək (keçmiş 42 km pk 1+60-dən pk2+00 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmir yolunun qeyd edilən yerində təhkim zolağının eni 29 (iyirmi doqquz) metr müəyyən olunmuşdur. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində ərazinin özəlləşdirilməsinə və digər təyinatdan kənar məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. Mülki işin materiallarında olan "xxxx" QSC-nin Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 42 km pk 2+60 m-dən pk 2+80 m-dək (yeni 42 km pk 1+20 m-dən pk 1+40 m-dək) dəmir yolunun mühafizə zolağının eni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli və xx.xx.2024- cü il tarixli 231 nömrəli qərarlarına uyğun təsdiq edilmiş sxematik plana əsasən 29,0 metr təşkil edir. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə və əsaslı tikinti işlərinin aparılmasına icazə verilmir. İşdə olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 24 aprel 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Vələdərnir oğlunun Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma” tələbinə dair müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsində baxılmış və bildirilmişdir ki, müraciətə əlavə olunmuş sxemə əsasən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, iş üzrə ekspertizanın aparılmasından imtina edilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən (mütəxəssis Bəhrəm Şükürov) görünür ki, İddiaçı ADY tərəfindən ayrılmış Pirşağı-Sumqayıt sərnişin mənzili 42 km pk 1+60 m-dən pk 2+00m- dək (yeni 42 km pk 00+20 m-dən pk 00+60 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfində torpaq sahəsinin ölçüsü həqiqətən də mübahisəsi gedən yerlə üst-üstə düşür. Cavabdeh ADY tərəfindən ayrılmış Pirşağı- Sumqayıt sərnişin mənzili 42 km pk 2+60 m-dən pk 2+80 m-dək (yeni 42 km pk 1+20 mdən pk 1+40 m- dək) yolun kilometr artımı istiqamətinin sol tərəfində ayrılmış torpaq sahəsi isə mübahisələndirilən yerdən 60 (altmış) metr sonra başlayır. İddiaçı və Cavabdeh ADY tərəfindən ayrılmış torpaq sahələri bir-biri ilə kəsişməməsi nəticəsinə gəlinmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7713 saylı rəyindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 10.09.24 tarixli 13-1/2- 8471/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən İddiaçı ADY tərəfindən ayrılmış Pirşağı-Sumqayıt sərnişin mənzili 42 km pk 1+60 m-dən pk 2+00m- dək (yeni 42 km pk 00+20 m-dən pk 00+60 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfində torpaq sahəsinin mübahisəli ərazi üst-üstə düşməsi; Cavabdeh ADY tərəfindən ayrılmış Pirşağı-Sumqayıt sərnişin mənzili 42 km pk 2+60 m-dan pk 2+80 m-dək (yeni 42 km pk 1+20 m-dən pk 1+40 m- dək) yolun kilometr artımı istiqamətinin sol tərəfində ayrılmış torpaq sahəsi isə mübahisələndirilən yerdən 60 (altmış) metr sonra başlaması; İddiaçı və Cavabdeh ADY tərəfindən ayrılmış torpaq sahələrinin bir-biri ilə kəsişmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, hər iki tərəfə "xxxx" QSC tərəfindən bağçılıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmışdır. Hazırda İddiaçı Cavabdeh qanunsuz olaraq zəbt etdiyi “İddiaçı məxsus, Pirşağı Sumqayıt sərnişin mənzilin 42 km pk 00+20 m-dən pk 00+60m-dək (keçmiş 42 km pk 1+60m-dən pk 2+00 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfinə düşən yerdə yerləşən 12,5 sot torpaq sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı adına xx.xx.1998-ci il tarixli, П-186 saylı qeydiyyat vərəqəsi verilmişdir. Həmin sənəd hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin daha obyektiv araşdırılması üçün məhkəmənin müvafiq qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssis və ekspert rəyləri ilə də iddia tələbinin əsaslı olduğu sübuta yetirilmişdir. İşdən görünür ki, cavabdehin iddiaçıya ayrılmış torpaq sahəsində daş hasar çəkdirərək, darvaza qoyması onun həmin torpaq sahəsindən istifadəsini və bəhər götürməsini məhdudlaşdırmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları olmadığından onun daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Belə ki, ekspert rəyi ilə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsi ilə, cavabdehə ayrılmış torpaq sahəsi arasında 60 metr məsafə vardır. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh İddiaçı ayrılmış Pirşağı Sumqayıt sərnişin mənzilin 42 km pk 00+20 m-dən pk 00+60m-dək (keçmiş 42 km pk 1+60m-dən pk 2+00 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfinə düşən yerdə yerləşən 12,5 sot torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Dəmiryolu İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, П-105a saylı qeydiyyat vərəqəsinə əsasən İddiaçı ayrılmış Pirşağı Sumqayıt sərnişin mənzilin 42 km pk 00+20 m-dən pk 00+60m-dək (keçmiş 42 km pk 1+60m-dən pk 2+00 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfinə düşən yerdə yerləşən 12,5 sot torpaq sahəsindən çıxarılsın. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Ekspertiza tədqiqatı üçün tələb olunan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar