Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1107/2025 24.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC sadə icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500.42 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin, habelə 0,40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********45 nömrəli tam kart kredit müqaviləsinə əsasən, Bank tərəfindən ona istifadə etmək üçün plastik kart verilmişdir. Xətai Filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (**********74********) sistemdə baş vermiş xətadan suiistifadə edərək ümumilikdə 484 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabında 5 AZN olmasına baxmayaraq 485 AZN məxaric edərək hesabından 480 AZN artıq istifadə etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində müştəri hesabından əlavə olaraq 5 AZN məxaric edilmişdir, ümumilikdə 484 AZN vəsaitdən artıq istifadə etmişdir. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün xx.xx.2024-cü il tarixində borcdan 1 AZN ödəniş edilmişdir. Hesab hal-hazırda 484 AZN mənfidə qalmışdır. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 16.42 AZN borcu mövcüddur. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 500.42 AZN borcu olmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 500.42 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024cü il tarixində 6-2-22/2-41541/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında BPM**********45 saylı müqaviləyə əsasən, bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 480 manat pul hüquqi əsas olmadan hesabdan çıxarılmışdır. Əsassız varlanma nəticəsində 500,42 manat borc qalmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqaviləyə əsasən, Bank tərəfindən Cavabdeh Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə istifadə edilə bilən plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Təqdim edilmiş plastik kart hesabı üzrə 500,42 manat mənfi (overdraft) yaranmışdır. Cavabdeh hesaba səhv köçürülmüş və ya ona aid olmayan vəsaitdən istifadə etməklə qeyd olunan həcmdə Banka maddi zərər vurulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əsassız varlanmaya səbəb olmuş borcu 3 (üç) gün ərzində ödəməsi, əks təqdirdə bank tərəfindən yaranmış borcun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında BPM**********45 saylı müqaviləyə əsasən, bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. xx.xx.2024-cü il tarixdə 480 manat pul hüquqi əsas olmadan hesabdan çıxarmaqla, heç bir hüquqi əsas (müqavilə və ya qanuni əsas) olmadan onun vəsaiti hesabına əsassız varlanmışdır. Həmin tarixdə hüquqi əsas olmadan hesabdan çıxarılmış vəsait bərpa olunmamış, 500,42 manat borc yaranmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması tələb edilsə də, Cavabdeh həmin vəsaitin qaytarılmasını təmin etməmişdir. Ona görə də iddiaçı həmin vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsin əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 1091.1-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, əsassız varlanma halının baş verməsi ilə varlanmış şəxsin əldə etdiklərini məhrum olana qaytarmaq vəzifəsi, məhrum olanın isə əsassız varlanma obyektini qaytarmaq hüququ yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 500,42 manat pulun qaytarılması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 500,42 manat məbləğində pul və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1107/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1107/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver