Məhkəmə qərarları › İş №e-2(012)-1124/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1124/2025

07.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1124/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hüseynova Könül Sabir qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsindən ayrı göstərilmiş xidmət haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsindən ayrı göstərilmiş xidmət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə xx.xx.2023-xx.xx.2024-cü il tarixinədək 1 illik müddətli bağlanmış əmək müqaviləsi dövründə onu əlavə işlərə cəlb etdiyinə riococktails və fullenergy sosial şəbəkələrində öz məhsullarını onun iştirakı ilə reklam etdirdiyinə görə 10000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın ödənilməsi, bu reklamların silinməsi və mediasiyaya ödənilmiş 60 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 1 illik əmək müqaviləsi bağlanmışdır. Cavabdehlə bağlanmış əmək müqaviləsinin işçinin əmək vəzifə və funksiyaları bölməsində Cəmiyyətin enerji məhsullarının sosial şəbəkələrdə reklamı nəzərdə tutulmasa da, onun iştirakı ilə həmin məhsulların reklamı hazırlanmış və bu reklamlar riococktails və fullenergy sosial şəbəkələrində yerləşdirilmişdir. Müqavilənin müddəti bitdikdən sonra, Cəmiyyətə həmin reklamların silinməsi barədə ilk öncə şifahi formada müraciət olunmuş və bu reklamların silinməsi xahiş edilmişdir. Cəmiyyət əvvəlcə bu məsələyə baxacaqlarını və kömək göstərəcəklərini bildirsə də, sonradan məsələni həll etməmişlər. Cavabdehə poçt vasitəsi ilə 02 noyabr 2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin Cəmiyyət tərəfindən bu məktuba cavab verilməmişdir. Cavabdeh tərəfindən riococktails və fullenergy sosial şəbəkələrində onun iştirakı ilə öz məhsullarını yerləşdirməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Cəmiyyət ilə bağlanmış bağlanmış müddətli əmək müqaviləsində belə bir şərt olmamışdır, digər tərəfdən isə əmək münasibətlərinə müqavilənin müttəinin bitməsi ilə əlaqədar artıq xitam verilmişdir. Bütün bunlara baxmayaraq isə cavabdeh həmin reklamların sosial şəbəkələrdən silinməsi barədə müraciəti müsbət həll etməmişdir. Bundan başqa həmin içkilərin nə Cəmiyyətdə işlədiyi dövrdə, nə də ki, bundan sonrakı dövrdəki gəlirlərindən i heç nə ödənilməmiş, bunun əksinə olaraq, işəgötürən tərəfindən ona həm mənəvi, həm də maddi ziyan vurulmuşdur. Dost-tanışları, qohumları və ailə üzvləri həmin relkamları kütləvi informasiya vasitələri hesab edilən sosial şəbəkələrdə gördükdən sonra ona olan qınaqlar, iradlar nəticəsində iztirablar, sarsıntılar keçirmişdir. Şəxsi həyatında problemlərlə rastlaşmağa başlamış, bütün bunlar nəticəsində isə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanları təsdiq edib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X2 göstərdi ki, Cavabdeh MMC-də reklam nümayəndəsi vəzifəsində işləyir. Onlara Cəmiyyətdə əmək müqaviləsi üzrə öhdəliklərini başa salıb daha sonra əmək müqaviləsi bağlayırlar. Həmin videoları tik-tok və digər platformalarda paylaşırlar. O, hər ay 510 manat maaş alır. Bəzi aylarda reklam çəkilmir. X3 çəkirdi. Onların istəmədikləri görüntülər çəkilməyib. Videolar ilk olaraq göstərilir, daha sonra razı olanlar həmin videoda çəkilir. Paltarları videoda özləri seçmişlər. O, 2021-ci ildə işə qəbul olmuşdur. Məhkəmə iclasında digər şahid X1 göstərdi ki, o da Cavabdeh MMC-də işləyir. İddiaçı videolarla bağlı heç vaxt etiraz etməmişdir. Ona Cəmiyyət tərəfindən xüsusi büdcə ayrılmış, maaş verilmişdir. Bu videolar silinə bilməz. İşdən çıxmamışdan əvvəl iddiaçının heç bir etirazı olmayıb. İşdən çıxdıqdan sonra isə o, atasının reklamları görməsini istəmədiyi üçün onların silinməsini tələb edir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də kommersiya departamenti, marketinq şöbəsi, treydmarketinq bölməsi, reklam nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsizdir və aylıq əmək haqqı 180 manat təşkil edir. İşçi ilə eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək qanunvericiliyə görə işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək; əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq; elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-cı maddəsinin b) bəndinə əsasən əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Mülki Məcəlləni 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsinə görə reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 8.1-ci maddəsinə görə reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən gizli reklama yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. İşdən görünür ki, cavabdeh Cəmiyyətdə reklam nümayəndəsi kimi işə qəbul edilən İddiaçı sonradan öz istəyi ilə məhsulların tanıdılması məqsədilə bəzi “reklam” çarxlarına çəkilmiş və bu videolar riococktails və fullenergy sosial şəbəkələrində yerləşdirilmişdir. İş materiallarında iddiaçının bu “reklam” çarxlarında çəkilməsinin onun vəzifə və funksiyalarına aid olması barədə heç bir mötəbər sübut (təlimat, razılaşma, əlavə müqavilə və s.) yoxdur. Cavabdeh tərəf bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir, buna görə də məhkəmə hesab edir ki, qeyd edilən reklam çarxları riococktails və fullenergy sosial şəbəkələrindən silinməlidir. Bununla belə, işdən görünür ki, İddiaçı bu çarxlarda öz təşəbbüsü ilə çəkilmişdir və işdən çıxdıqdan sonra bu çəkilişlərə görə maddi və ya mənəvi zərərə düşməsini bildirsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İşin yuxarıda müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə iddianın həmin hissələrdə əsassız olması qənaətinə gəlir. Şərh edilənlərə əsasən, məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC ilə xx.xx.2023-xx.xx.2024-cü il tarixinədək 1 illik müddətli bağlanmış əmək müqaviləsi dövründə riococktails və fullenergy sosial şəbəkələrində öz məhsullarını iddiaçının iştirakı ilə edilmiş reklam çarxları riococktails və fullenergy sosial şəbəkələrindən silinməli, qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 60 manat rüsumun 30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. riococktails və fullenergy sosial şəbəkələrində Cavabdeh MMC ilə xx.xx.2023 xx.xx.2024-cü il tarixinədək 1 illik müddətli bağlanmış əmək müqaviləsi dövründə İddiaçı iştirakı ilə çəkilmiş reklam çarxları həmin şəbəkələrdən silinsin. Mediasiya prosesi üçün ödənilmiş 60 manat pulun 30 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı qaytarılsın. Qalan rüsum onun özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar