Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1138/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh Şamurad qızının iştirakı ilə, İddiaçı Cavabdeh Şamurad qızına qarşı “mənzildən çıxarılma və maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şamurad qızına qarşı “mənzildən çıxarılma və maddi ziyan” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, döngə 1, ev 46 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması, ona dəymiş maddi ziyana görə 29400 manatın və ödəmə mənbəyindən verginin ödənilməsinə görə 4116 manat olmaqla, cəmi 33516 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, döngə 1, ev 46 ünvanında yerləşən fərdi yaşayış evi Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evini iddaçı 2013-cü ildə satmaq qərarına gəlmişdir. 2014-cü ilin yanvar ayında dostu X10 ona bildirmişdir ki, evi Rəsmiyə adında bir xanım almaq istəyir. Həmin alıcını dostu Teymurov Kamil ilə əlaqələndirən evlərin alqı-satqısı ilə məşğul olan ofisin əməkdaşı olmuşdur. Cavabdeh ilə evin qiymətini 40000 (qırx min) manata razılaşmışlar. Lakin cavabdehin vəsaiti çatmadığından o, ilkin olaraq beh kimi 12000 manat məbləğində pul ödəmişdir. Digər 28000 manat hissəsini isə 2015-ci ilin yanvar ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında cavabdeh tərəfindən məbləğ tam ödənildikdən sonra alqı-satqı müqaviləsi bağlanacağı barədə razılığa gəlinmişdir. Cavabdeh həmin vaxt 12000 manat məbləğində beh ödədikdən sonra təkidlə bildirdi ki, “məni buraxın evdə yaşayım, qalmağa yerim yoxdur. Narahat olmayın, pulun qalan 28000 manat qalıq hissəsini dediyim vaxtda ödəyəcəm”. İddaçı cavbdehə inanaraq onu 2014-cü ilin iyun ayının 15-də evdə yaşamağına razı olmuşdur. Lakin cavabdeh söz verdiyi vaxtda pulu ödəməmişdir. İddaçı hər dəfə ondan qalıq məbləğin ödənilməsini tələb edəndə o, vaxtı uzada-uzada müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırıb. Sonda isə açıq-açkar iddiaçıya bildirmişdir ki, “pulu ödəmirəm, gedin nə bilirsiz onu da edin”. Bundan sonra iddaçı və dostu Kamil təkidlə cavabdehdən evindən çıxmağı dəfələrlə tələb etmişdir. Cavabdeh ona hədə-qorxu gələrək müxtəlif instansiyalara şikayətlər etməyə başlamışdır. Öz evindən çıxmağı tələb edəndə dəfələrlə səs-küy salıb bildirmişdir ki, onları şərləyəcək. Lakin buna baxmayaraq, iddiaçı geri çəkilməmiş və sonuncudan mülkiyyətində olan evdən çıxmağı tələb etmişdir. Cavabdeh isə ondan ilkin məbləğ olaraq beh kimi ödədiyi 12000 manatı ona qaytarmağı tələb etmişdir. İddiaçı ona bildirmişdir ki, behin şərtlərini onun özü pozmuşdur. Ona görə də ona heçnə qaytarmalı deyil. Sonradan cavabdeh onunla razılaşmış və iddiaçıdan xahiş etmişdir ki, 12000 manat pulun əvəzinə heç olmasa əvvəl yaşadığı müddət nəzərə alınsın və bundan sonra 2 ildə həmin evdə kirayədə yaşasın. İddaçı onunla razılaşmış və üstündən 2 il müdət keçdikdən sonra 2017ci ilin ortalarından cavabdehdən evindən çıxmağı tələb etmişdir. Lakin o yenə də təkid edərək evdən çıxmayacağını bildirmişdi. Bundan sonra iddiaçı ona rəsmi qaydada müraciət edərək bu günədək evindən çıxmağı və kirayə haqqı olaraq, aylıq 350 (üç yüz əlli) manat olmaqla, 7 (yeddi) il müddətinə (350 x 12 x 7 = 29400) 29400 (iyirmi doqquz min dörd yüz) manat və ödəmə mənbəyindən 14 faiz hesabı ilə 4116 (29.400 + 14% =33516) manat olmaqla ümümilikdə, iddiaçıya dəymiş 33516 (otuz üç min beş yüz on altı) manat məbləğində maddi ziyan tələb etmişdir. Lakin cavabdeh bu məktuba da məhəl qoymamışdır. Bu səbəbdən iddaçı hazırda pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlərdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh Şamurad qızı iddia tələbini qəbul etmədiyini, 2013-cü il tarixində mübahisəli evi Teymurov Kamil adlı şəxsdən 40500 dollar verməklə aldığını, evi aldıqdan 3 ay sonra başqasının mülkiyyətində olduğunu və hazırki iş üzrə iddiaçını tanımadığını və onunla arasında heçbir razılığın olmadığının bildirmişdir. Dəfələrlə Kamil adlı şəxsə evi onun mülkiyyətinə keçirilməsini tələb etsə də, buna nail ola bilməmişdir. Evi aldıqdan sonra əlavə olaraq həyətdə yeni tikili inşa etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 Fəxrdəddin oğlu iddia tələbini müdafiə etdiyini, evin satışı üçün cavabdehdən 2013-cü ildən yalnız 12000 manat pulun aldığını, daha sonra isə cavabdehə pulun qalan hissəsinin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir razılıq əldə olunmamışdır. İddiaçının bu müddət ərzində iddia qaldırmamasının səbəbi həm səhətində olan problemlər, həmdə cavabdehin xanım olmasını nəzərə alması ilə əlaqədardır. Cavabdehə 2021-ci il tarixində evdən çıxması ilə bağlı xəbərdarlıq məktubu göndərilsə də, buna məhəl qoyulmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh Şamurad qızının vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiyini, iddia müddətinin ötürülməsini nəzərə alaraq iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O bildirmişdir ki, Cavabdeh 2013-cü ilin yanvar ayında ev almaq üçün qonşusu X8 müraciət etmişdir. Kamil qonşuluqda 3 otaqlı fərdi yaşayış evini göstərərək, həmin evi ona 40.500 ABŞ dollarına satacagını bildirmişdir. Rəsmiyə həmin ödənişlə razılaşaraq evə baxmaq üçün bacısı Hacıxanım və bacısının yoldaşı Sadıx ilə birlikdə getmişdir. Rəsmiyə evə baxarkən ev 3 otaqdan ibarət qara, suvaqlı tikili olmuşdur. Evin yalnız giriş qapısı mövcud olmuş, həyəti döşəməsiz, darvaza və sanitar qovşağı isə ümumiyyətlə mövcud olmamışdır. Bütün bunlara baxmayarq Rəsmiyə ödənişlə razılaşaraq evi almaq qərarına gəlmişdir. Kamil adlı şəxs evin ödənişindən verdikləri halda natamam qalan digər işlərin də tamamlanacağını söyləmişdir. Cavabdeh şahidlərin iştirakı ilə-(Mehman-qardaşı oğlu, Zeynəb xanım-qudası, Hacıxanım-bacısı, Rəşid-bacısı oğlu, Sara-bacısı) Kamilə 2000 ABŞ dolları məbləğində beh vermişdir. Kamil behi aldıqdan sonra onlara bildirmişdir ki, 15 gün sonra evin Cavabdeh adına olmasına dair çıxarışı verəcəyini vəd etmişdir. Kamil və Rəsmiyə dəfələrlə evin sənədləşməsi üçün notariusa getsələr də, Kamil hər dəfəsində notarius yerində deyil, notarius işləmir kimi bəhalərlə onu aldatmışdır. Evə dair 2000 ABŞ dolları beh ödənildikdən sonra yenidən Rəsmiyə tərəfindən Kamilə 18000 ABŞ dolları hissə-hissə olmaqla ödənilmişdir. Çünki, Kamil evin tamamlanmalı işlərinin oldugunu söyləmişdir. Beləliklə, Cavabdeh tərəfindən Teymurov Kamilə evin ödənişindən 20000 ABŞ dolları ödənilmişdir. Cavabdeh sonuncu dəfə 18000 ABŞ dolları ödəniş etdikdən 1 həftə sonra hissə-hissə deyil, bütöv şəkildə ödənişin geridə qalan hissəsini, Şamaxinka ərazisində 20500 ABŞ dollarını Kamilə ödəmiş və borcunu bağlamışdır. Kamil həmin ərazidə notariusa gedəcəklərini söyləmiş, lakin yenə də notariusun yerində olmamasını bildirmiş və ödəməni də cavabdehdən orada götürmüşdür. Ödəmə zamanı Rəsmiyyə xanım tək olmamış, hadisənin şahidləri də Rəsmiyənin Kamilə ödəniş etdiyini görmüşlər. Beləliklə Rəsmiyə X4 rayonu, Xırdalan şəhəri, Həsənbəy Zərdabi küçəsi, döngə-1, ev 46 ünvanında yerləşən evin müqabilində X8 həm hissə-hissə, həm də ümumi şəkildə tam olaraq 40500 ABŞ dolları ödəniş etmişdir. Beləliklə, X11 Həşimovaya 2013-cü ilin mart ayında evin sənədlərinin tam hazır olacagına dair vəd vermişdir. Lakin, Kamil verdiyi vədə əməl etməmişdir. Rəsmiyə xanım qalmağa yeri olmadıgına görə Kamilin razılığı ilə aldığı evin açarlarını Kamildən təhvil almış və 2013-cü ilin mart ayında özü, oğlu Səyyaf və hamilə gəlini ilə birlikdə ora köçmüşdür. Evə köçən zaman həyət döşənməsə də, yaşayış üçün hazır idi. Onu da qeyd edək ki, Rəsmiyə xanım ailə üzvləri ilə birlikdə 2013- cü ilin mart ayında evə köçəndə Kamil onu həmin evə qeydiyyata aldırdığını demişdir. Lakin, illər sonra hazırki mülki iş üzrə cavabdeh Həşimova Rəsmiyyəyə məlum olmuşdur ki, Kamil onu ünvan 4 ünvanına qeydiyyata saldırmışdır. Daha sonra Rəsmiyə evin sənədlərini Kamildən tələb etsə də, sonuncu ona həmin ünvanda yerləşən mənzili Kamilin qohumu Qasımov İddiaçı oğunun adına olduğunu, yaxın günlərdə Rəsmiyənin adına sənədləşdirəcəyinə söz vermişdir. Deyilən vaxtdan çox müddət keçməsinə baxmayaraq Kamil həmin evi onun adına sənədləşdirməmişdir. Binəqədi RPİ-nin 8 may 2021-ci il tarixli qərarından görünür ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən ev Cavabdeh adına sənədləşməlidir. Lakin, yuxarıda qeyd edilən ünvandakı mənzil Rəsmiyənin olduğu halda, evin alqı-satqısında iştirak etməyən cavabdeh həmin mənzilin özünə aid olduğunu iddia edərək, cavabdehin həmin evdən çıxarılmasını tələb edir. Ünvanla bağlı iddia ərizəsində yalnış ünvandan çıxarılma tələbi qoyulmuşdur. Binəqədi RPİ-nin 8 may 2021-ci il tarixli qərarında isə ünvan doğru qeyd edilmişdir. Cavabdeh ünvan 7 ünvanında yerləşən ev üçün X10 ilə razılaşaraq həmin əmlakı 38000 ABŞ dollarına almış, əlavə olaraq 2500 ABŞ dolları məbləğində ödənişi isə evin kombi sistemi üçün ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, cavabdehə 10 il keçəndən sonra rəsmi məktub göndərilib ki, ev boşaldılsın. Cavabdehlə Azərbaycan manatı ilə razılaşması olub. Ona göndərilən pulu Mayıs müəllimə göndərmişdir. Cavabdeh evin mülkiyyət sənədinin iddiaçının adına olduğunu bilirdi və sənədlərlə tanış olublar. Etibarnaməni iddiaçı ona sənədlərin hazırlanması üçün verib. Cavabdeh ona 12 min manat pul vermişdir. Cavabdeh Şamurad qızının vəkili-nümayəndəsi Vəkil2 tərəfindən məhkəməyə AR MPM-nin 154-cü maddəsinə əsasən etiraz ərizəsi ünvanlansa da, məhkəmə qanunvericiliyin tələbini (müddətin keçməsi) nəzərə alaraq etiraz ərizəsini icraata götürməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 021602 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilən şəhadətnamədən görünür ki, vətəndaş xx xxxxxxx 1969-cu il təvəllüdlü Qasımov İddiaçı oğlunun soyadı, adı və ata adı İddiaçı kimi dəyişdirilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, döngə 1 ünvanındakı 0,012 ha torpaq sahəsi və onun üzərində yerləşən 46 saylı ev xüsusi mülkiyyət hüququ üzrə Qasımov İddiaçı oğlunın adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Həşimova Rəsmiyyəyə ünvanlanan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin mətubu aldıqdan sonra 15 gün müddətinə mübahisəli evə dair kirayə pulunun ödənilməsi və evin yararlı halda təhvil verilməsini xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixli qərarından görünür ki, mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış X10 öz izahatında göstərmişdir ki, o, X2 2013-cü ildə ona ev satan zaman tanımış və həmin vaxtlar qohumu Mais Qasımova məxsus evi ona satmışdır. Eyni zamanda bildirmişdir ki, həmin evi o özü tikdirib və təmir etdirmişdir. Qeyd etmişdir ki, o, X1 aldığı evin pulunu hissə-hissə qohumu Maisə göndərmişdir. Rəsmiyyə Həşimova həmin evə köçdükdən sonra ondan evə qeydiyyata düşməsini bildirəndə, o bu barədə Maisə məlumat vermiş və Mais ona bildirmişdir ki, həmin evin sənədini Rəsmiyyə Həşimovanın adına sənədləşməsi üçün pul vermək lazımdır. Bundan sonra o, Rəsmiyyə Həşimovanı öz qohumunun evinə müvəqqəti olaraq qeydiyyata alınması və həmin evin sənədlərinin onun adına sənədləşməsi üçün pul istəsə də, Rəsmiyyə ona pul vermədiyi üçün qohumu Mais də həmin evin sənədlərini onun adına sənədləşdirməmişdir. Eyni zamanda X10 öz izahatında bildirmişdir ki, X3 ona həmin evin pulunu hissə-hissə tam şəkildə ödəmiş və o da həmin Rəsmiyyədən aldığı pulu Maisə vermişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Həşimova X7 rayonu, Xırdalan şəhəri, 6-cı küçə, döngə 2, 40 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, hazırki mübahisə predmeti olan ev mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, 6-cı küçə, döngə 2, 40 ünvanında qeydiyyatda olsa da, mübahisəli evdə yaşayırlar. Hazırda İddiaçı Cavabdeh Şamurad qızına qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şamurad qızının Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, döngə 1, ev 46 ünvanında çıxarılması və kirayə pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi İddiaçıdur. İddiaçı cavabdehdən beh olaraq 12000 manat pulun alındığı etiraf etmiş, lakin cavabdehin ev üçün ödənilməli olan qalan məbləği ödəmədiyini bildirir. Cavabdeh isə ev üçün nəzərdə tutulan bütün pul məbləğini Teymurov Kamilə ödədiyini bildirir. Məhkəmə bu qənaətə gəlir ki, qeyd edilən ev mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan və cavabdehlə qeyd edilən daşınmaz əmlakla bağlı hər hansı müqavilə bağlanmadığından bu hal mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qüvvədə olan qanunvericilik isə bunu qadağan edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları, habelə özlərinin izahatları ilə tamamilə təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. İşdən görünür ki, cavabdeh iddiaçıya məxsus evdə yaşayır və bu, iddiaçının qanunla qorunan mənzilə dair hüquqlarını kobud şəkildə pozur. İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi qismən təmin edilməlidir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində yaşaması buna maneə törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada qismən sübut edə bilmişdir və buna görə də, iddia cavabdehin mübahisəli mənzildən çıxarılması hissəsində təmin olunmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı Cavabdeh ona dəymiş maddi ziyana görə 29400 manat və ödəmə mənbəyindən verginin ödənilməsinə görə 4116 manat olmaqla, cəmi 33516 manat məbləğində pul vəsaitinin tutulmasını da tələb edir. Məhkəmə hesab edir ki, ikddia bu hissədə əsassızdır, belə ki, tərəflər arasında kirayə müqaviləsinin bağlanması işin araşdırılan hallarından müəyyən olunmur, həmçinin iddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir, odur ki, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Həşimova X7 rayonu, Xırdalan şəhəri, X13 küçəsi, 1-ci döngə, 46 saylı evdən çıxarılmalı, iddia qalan hissədə iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Həşimova X7 rayonu, Xırdalan şəhəri, X13 küçəsi, 1-ci döngə, 46 saylı evdən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1138/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1138/2025
08.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver