Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1140/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Qala 3 saylı Zeytunçuluq Sovxozu ərazisindəki torpaq sahəsini zəbt edən Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətindən ona xx.xx.2008-ci il tarixdə 52 saylı sərəncama əsasən Abşeron rayonu 3 saylı X8 ərazisindən 99 il müddətinə 26 sot torpaq sahəsi icarəyə verilmişdir. Həmin ərazidə tikinti işlərinə başlayarkən ərazinin Suliddin adlı şəxs tərəfindən zəbt edilməsi müəyyən edilmiş, o, torpağın ona məxsus olduğunu bildirmiş, lakin heç bir sənəd təqdim etməmişdir. Rayonun Hüquq Mühafizə orqanlarına şikayət etdikdə isə şikayətə baxılmamış, Suliddin adlı şəxsin xeyrinə sözdə qərar bildirərək, torpağın ona məxsus olduğunu bildirmişlər. Xəzər Rayon İcra Hakimiyyətinə bununla bağlı müraciət etsə də, oradan sənəd verdilər ki, həmin ərazi inzibati cəhətdən Abşeron rayonunun ərazisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 №-li Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na əsasən ona torpaq sahəsi ayrılmışdır və bu sahə dövlət torpaq fonduna məxsusdur. O, Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin torpaq sahəsini almaq istədiyini bildirmiş, onlar isə torpaq sahəsinin Abşeron rayonunun balansında olduğunu və oraya müraciət etməli olduğunu bildirmişlər. O, aidiyyəti üzrə Abşeron rayon İcra Hakimiyyətinə müraciət edərək həmin torpaq sahəsini 99 il müddətinə icarəyə götürmüşdür. Həmin ərazidə sahibkarlıqla məşğul olmaq üçün tikinti işləri aparmalı idi. Bu torpaq sahəsini təyinatı üzrə istifadə edəcəkdi. Lakin tanımadığı bir qrup şəxs torpaq sahəsinin onlara aid olduğunu və orada ev tikəcəklərini bildirmişlər. Onlar mübahisəli torpaqla bağlı sənəd təqdim etmədilər, çünki həmin torpaq sahəsinə aid sənədlər ona məxsusdur. Ona məxsus olan torpaq sahəsini isə cavabdeh zəbt etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 vəkili və nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək, onun rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 52 saylı sərəncamından görünür ki, Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan 3 saylı X5 ərazisində sahibkarlıq tikinti məqsədilə 0,26 ha sahənin 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsinin və digər torpaq ayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının İddiaçı göndərdiyi xx.xx.2012-ci il tarixli, 1951 saylı məktubundan görünür ki, 3 saylı X5 ərazisində icarə müqaviləsi ilə istifadəsində olan 0,26 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş sahibkarlıq obyektinin eskiz layihəsi və baş planına baxılmış və razılaşdırılmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 1951 saylı sərəncamının surətindən görünür ki, 3 saylı X5 ərazisində icarə müqaviləsi ilə İddiaçı istifadəsində olan 0,26 ha torpaq sahəsində razılaşdırılmış sahibkarlıq obyektinin eskiz əsasında tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan DTXK-nin Abşeron rayon Şöbəsinin xx.xx.2008-ci il tarixli, 7 saylı rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 52 saylı sərəncamı ilə İddiaçı sahibkarlıq məqsədilə icarəyə verilmiş 0,26 ha torpaq sahəsi qanunamüvafiqdir və Şöbə icra hüququna dair sənəd verilməsinə etiraz etmir. İşdə olan Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, H65 saylı məktubundan görünür ki, arxivdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 52 saylı sərəncamı aşkar edilməmişdir. 52 saylı qərar 18 yanvar 2008-ci il tarixdə İddiaçı adına deyil, X1 adına order verilməsi barədədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 52 saylı sərəncamına əsasən Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan 3 saylı X5 ərazisində İddiaçı adına ayrılmış 0.26 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə 4 saylı Abşeron Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, H263 saylı məktubundan görünür ki, arxivdə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 52 saylı qərarı aşkar edilməmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 52 saylı qərarı 18 yanvar tarixində qəbul edilmişdir. 18 yanvar və 04 fevral tarixli sərəncamlarda X2 adı aşkar edilməmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 mülkiyyətinə Qala Bələdiyyəsinin 465 saylı qərarı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, yeni massiv ərazisində fərdi ev tikmək məqsədilə 1200 kv.metr torpaq sahəsi verilir. Torpaq sahəsinin 1 kv.metri üçün ödəniş 88 qəpik təşkil edir. İşdə olan Qala Bələdiyyəsinin 465 saylı, xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 595 saylı məktubuna əsasən X7 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdə olan AR-İ 161964 saylı, xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 Bələdiyyəsinin 465 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən 1200 kv.metrlik torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin sənədlərinin alınması, sənədləşdirildikdən sonra bu əmlak üzərində sərəncam vermək barədə 50 il müddətinə Cavabdeh səlahiyyət vermişdir. İddia ərizəsindən görünür ki, Nəcəfov X3 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 52 saylı sərəncamına istinad edərək Abşeron rayonu 3 saylı X8 ərazisindən ona 99 il müddətinə 0,26 ha torpaq sahəsinin icarəyə verildiyini və bu sahənin Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir. Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi sənəd - yəni Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 52 saylı sərəncamının mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, Abşeron Rayon Dövlət Arxivinin məktublarından görünür ki, arxivdə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 52 saylı qərarı aşkar edilməmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 52 saylı qərarı 18 yanvar tarixində qəbul edilmişdir və digər şəxs barədədir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi, qanunverici torpaq sahəsi üzərində hüquqların (o cümlədən icarə hüququnun) yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Mülki Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin qərarın 6-cı bəndində göstərilir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadəsi haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Daha öncə qeyd olunduğu kimi, İddiaçı mübahisəli 0,26 ha torpaq sahəsi üzərində icarə hüquqlarını qeydiyyata aldırmamışdır. O, mübahisəli sahəni müvafiq icra hakimiyyəti orqanının xx.xx.2008-ci il tarixli, 52 saylı sərəncamına əsasən əldə etdiyini göstərsə də, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyətinin 52 saylı qərarı 18 yanvar tarixində qəbul edilmişdir və digər şəxs barədədir, yəni iddiaçının istinad etdiyi hüquq müəyyənedici sənəd (ilkin torpaq ayırma sənədi) mövcud deyildir. Belə olan halda isə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının təmin edilməsindən söhbət gedə bilməz. Başqa sözlə, məhkəmə iddianın bu və ya digər şəkildə təmin edilməsi üçün heç bir əsas tapmır. Belə ki, İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənədi olmadığından onun hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə İddiaçı zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də məhkəmə iddianın əsasını formal mülahizələr kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1140/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1140/2022
19.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver