Məhkəmə qərarları › İş №e-2(012)-1229/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1229/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1229/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, onların vəkili-nümayəndəsi Vəkil1, İddiaçı2 nümayəndəsi X5, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq , m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onların istifadəsində və sahibliyində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evi onlar tərəfindən 2013-cü ildə tikilmişdir. Hazırda həmin fərdi yaşayış evi iki otaqdan və bir zaldan ibarətdir, orada onunla yanaşı ailə üzvləri, yəni həyat yoldaşı İddiaçı1, övladları X14, X11, gəlini X12, o cümlədən keçmiş gəlini, yəni oğlu X2 həyat yoldaşı Cavabdeh və onların birgə nikahlarından olan övladları X13 ilə birgə yaşayırlar. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş olmasa da ev hələ cavabdeh ora gəlin köçməmişdən qabaq onların vəsaiti əsasında tərəflərindən tikilmişdir və uzun müddətdir ki, onların sahibliyində və istifadəsindədir. Həmin evin kommunal xidmətləri ilə bağlı müqavilələr onların adınadır və kommunal ödənişlər tərəflərindən ödənilir. Belə ki, oğlu X14 29 iyul 2016-cı il tarixdə Cavabdeh ilə birgə nikaha daxil olaraq ailə həyatı qurmuş, cavabdeh elə həmin tarixdən sözügedən evdə onlarla birlikdə yaşamağa başlamışdır. Onların birgə nikahından 18 may 2020-ci il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Onun oğlu X14 və Cavabdeh xasiyyətləri uyğun gəlmədiyinə görə X14 “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)- 4719/2023 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, X14 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1575 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2020-ci il təvəllüdlü X1 üçün X7 Cavabdeh xeyrinə hər ay 220 manat aliment tutulması, qətnamənin aliment ilə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Lakin aralarında mövcud olan ailə münasibətlərinin pozulmasına baxmayaraq, Cavabdeh yenə də Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evində onlarla birlikdə yaşamağa davam edir. Cavabdeh əsassız olaraq müxtəlif dövlət orqanlarına müraciət edərək qovulduğunu və həmin evdən çıxarıldığını bildirsə də fakt budur ki, o, aralarındakı nikahın pozulmasına baxmayaraq onun oğlu, yəni cavabdehin keçmiş həyat yoldaşı və onlarla birlikdə yaşamağa davam edir. Hesab edir ki, keçmiş gəlini Cavabdeh onlarla birlikdə yaşaması ev sahibi kimi onların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır, yəni əsassız olaraq hər gün evdə mübahisə yaradır, polis ilə onlara hədə-qorxu gələrək tutduracağını bildirir, istədiyi kimi davranaraq evlərində rahat yaşamalarına imkan vermir. Onlar mübahisənin məhkəmədənkənar həllinə nail olmaq məqsədilə cavabdeh ilə danışıqlar aparmış, lakin bunun heç bir nəticəsi olmamışdır. Hesab edir ki, Cavabdeh onların istifadəsində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı1 məhkəmə iclasında İddiaçı2 izahatına uyğun izahat verərək bildirdi ki, onlar əvvəl Sumqayıtda, 9-cu mikrorayonda yerləşən evdə yaşamış, daha sonra həmin evi sataraq sözügedən evi tikdirmişlər. Cavabdeh tez-tez onlarla mübahisə edir, belə ki, həyat yoldaşı - İddiaçı2 boğmağa çalışmış və oğlu - X9 bıçaqla hücum etmişdir. Cavabdeh hələ evli olduğu illərdə də onun oğlu ilə, həmçinin onlarla yola getməmiş, mübahisə əsnasında evdə olan əşyaları sındırmışdır. Hətta cavabdeh sözügedən evdə qazı açmış, qapını açıq qoyub evdən getmişdir. Hazırda oğlunun Cavabdeh ilə barışmaq niyyəti yoxdur. Həmçinin cavabdeh imtahana hazırlaşır və evdə işıqları yandıraraq xəstə yoldaşı İddiaçı2 narahat edir, bu hal da onun səhhətinə mənfi təsir göstərir. Odur ki, o, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib iddiaçıların izahatına uyğun izahat verərək bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evini vaxtilə İddiaçı2 almışdır və sözügedən ev özbaşına tikilidir. Hazırda həmin evə quraşdırılmış qaz, su və işıq sayğacları İddiaçı2 adınadır. Evdə tez-tez mübahisələr olduğundan yaşamaq mümkünsüz hala gəlmişdir, belə ki, Cavabdeh iddiaçılar və ailənin digər üzvləri ilə mühahisə edərək onları hədələmiş, keçmiş həyat yoldaşı X8, həmçinin keçmiş qayınatası – İddiaçı2 ünvanına ağır sözlər söyləmişdir. Əgər bu halın qarşısı alınmazsa, gələcəkdə cinayət törədilməsinə səbəb ola bilər. Hesab edirlər ki, cavabdehin əsas məqsədi gələcəkdə evdən pay almaqdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə, evə, ümumiyyətlə, hüququn olmaması kimi qəbul edilməməlidir. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X11 nümayəndəsi olduğu İddiaçı2 izahatına uyğun izahat verərək bildirdi ki, onlar 30 il ərzində Sumqayıtda, 9-cu mikrorayonda yerləşən evdə yaşamış, daha sonra indi yaşadıqları evə köçmüşdürlər. Sözügedən ev sənədsiz evdir, Cavabdeh təxminən 6-7 ildir ki, həmin evdə onlarla birlikdə yaşayır. Cavabdeh iddiaçılarla mübahisə etmiş, onu təhqir etmiş və bununla da birgə yaşayışa imkan verməmişdir. Onun fikrincə Cavabdeh yaşadıqları evdən pay ayrılmasını istəyir. Onun atası – iddiaçı X11 xəstədir və əməliyyat olunmuşdur. Cavabdehin iddiaçı X11 ilə tez-tez mübahisə etməsi ona bir oğul kimi təsir edir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, yaşadığı evdən çıxmaq istəmir. Keçmiş həyat yoldaşı X8 onunla barışmaq istəməsinə baxmayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 barışıq olmasını istəmir və buna görə iddiaçılar oğulları X9 təzyiq göstərirlər. Keçmiş həyat yoldaşı ona birgə nikahdan olan övladının saxlanılması üçün aliment ödəyir, həmçinin kommunal xərcləri ödəyir. Həmin evdə ona pis münasibət göstərmiş, onu bir neçə dəfə döymüş, hətta yoldaşı onu vurub yaralamışdır. Qeyd edir ki, o, həmin evin eyvanını təmir etdirmiş, həmçinin mebel düzəltdirmişdir. X3 əvvəl rayonda yaşamış, daha sonra qaynı ailəsi ilə birlikdə onların yaşadığı evə köçmüşdür. Onlar artıq 4 ildir ki, bir evdə yaşayırlar. X4 arasında münasibətlər düzəlmişdir və onlar barışmışlar. X14 özü də uşağının evdən çıxarılmasını istəmir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh həmin evə gəlin köçmüş, həmin evdə iddiaçıların oğlu X14 ilə olan birgə nikahdan övladı dünyaya gəlmişdir. Cavabdeh mübahisəli mənzili tərk etməmişdir, çünki onun mənzildən çıxarıldıqdan sonra getməyə yeri yoxdur. Həmçinin cavabdehə məxsus cehiz əmlak da həmin evdədir. Cavabdeh məcburi köçkün ailəsindəndir. Cavabdehin qeydiyyatının müxtəlif ünvanlarda olması yalnız onun məcburi köçkün kimi və bir vətəndaş kimi siyahıya alınmasından ötrü müvafiq orqanlar tərəfindən görülmüş tədbir ola bilər. Cavabdeh nə mülkiyyətində, nə də istifadə və sahibliyində olan başqa mənzil-yaşayış yeri yoxdur. Belə ki, mübahisəli mənzil özbaşına tikilidir. Həmin tikili nəinki Daşınmaz Əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçməmiş, həmçinin həmin evin tikildiyi torpaq sahəsinə dair torpaq ayırma sənədi belə yoxdur. Həmin ev zəbt edilmiş torpaq sahəsi üzərində tikilmiş özbaşına tikilidir. İddiaçıların həmin evə gəlin köçmüş Cavabdeh mənzildə yaşayış hüququndan məhrum etmək üçün subyektiv hüquqları yoxdur, hətta iş materiallarında olan və Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışdan da görünür ki, iddiaçılar ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçıların mübahisəli mənzilə nəinki mülkiyyət, heç pasport qeydiyyatları belə yoxdur. Cavabdeh isə Qubadlı rayonu Zilanlı Ə/D, Kürd Mahruzlu kəndində qeydiyyatdadır və əhalinin xüsusi həssas təbəqəsinə məxsus məcburi köçkün statuslu vətəndaşıdır. Cavabdeh əri ilə boşanması iddiaçıların bu nikahdan dünyaya gələn uşağın nənəsi və babası olmasını sonlandırmır. Məhkəmə həmin uşağın mənzil hüququnu təmin etmədən hazırda mövcud olan mənzildə yaşayış hüququndan məhrum edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Odur ki, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 ifadəsində bildirdi ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 onun qonşularıdır. Cavabdeh ilə keçmiş həyat yoldaşı X14 arasında tez-tez mübahisə yaranmış, hətta onların bir-birlərini təhqir etməsinin şahidi olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş Səfərova Hicran Kərim qızı ifadəsində bildirdi ki, İddiaçı1 onun bacısıdır. O, Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. Onun cavabdehin əvvəldən evdəkilərlə mübahisə etdiyindən xəbəri olmuşdur. Belə ki, o, xəbər tutmuşdur ki, mübahisələrdən birində bacısı oğlu X8 üzü yaralanmış, köynəyi yırtılmışdır. Keçən dəfə onun yeznəsi - İddiaçı2 xəstəxanada olan zaman o, cavabdehin kobud rəftarının şahidi olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X14 ifadəsində bildirdi ki, o, ailə qurduqdan sonra, yəni 2016-cı ildən yaşadıqları evdən söz-söhbət əskik olmamışdır və buna qohumları da şahiddir. O, Cavabdeh telefonda başqa şəxs ilə mesajlaşdığını tutmuşdur. Cavabdeh daim onlara qarşı saymamazlıq etmişdir və universitetdə oxuyandan bəri o, heç kimə hörmət etmir. O, uşağının saxlanılması üçün cavabdehə aliment ödəyir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesab-fakturalardan, "xxxx" ASC tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan, həmçinin “E-manat” ödəniş terminalından əldə olunmuş qəbzdən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə çəkilmiş su, işıq və qaz xətləri İddiaçı2 adınadır və həmin ev İddiaçı2 faktiki istifadəsində və sahibliyindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş olmasa da ev hələ Cavabdeh ora gəlin köçməmişdən qabaq İddiaçı2 tərəfindən öz vəsaiti əsasında tikilmişdir və uzun müddətdir ki, onun sahibliyində və istifadəsindədir. Həmin evin kommunal xidmətləri ilə bağlı müqavilələr İddiaçı2 adınadır və kommunal ödənişlər o və ailə üzvləri tərəfindən ödənilir. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 oğlu X14 29 iyul 2016-cı il tarixdə Cavabdeh ilə birgə nikaha daxil olaraq ailə həyatı qurmuş, cavabdeh elə həmin tarixdən sözügedən evdə onlarla birlikdə yaşamağa başlamışdır. Onların birgə nikahından 18 may 2020-ci il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. İddiaçılar oğlu X14 və Cavabdeh xasiyyətləri uyğun gəlmədiyinə görə X14 “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)-4719/2023 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, X14 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1575 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2020ci il təvəllüdlü X1 üçün X7 Cavabdeh xeyrinə hər ay 220 manat aliment tutulması, qətnamənin aliment ilə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Lakin aralarında mövcud olan ailə münasibətlərinin pozulmasına baxmayaraq, Cavabdeh yenə də Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evində onlarla birlikdə yaşamağa davam etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdurlar. Həmçinin məhkəmədə müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 istifadəsində və sahibliyində olan evə hüquqları heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onların öz vəsaitləri hesabına tikilmiş yaşayış sahəsindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Sözügedən evin İddiaçı2 vəsaiti hesabına cavabdehin oraya köçməsindən xeyli əvvəl tam və yaşayışa yararlı şəkildə inşa edilməsi məhkəmədə mübahisə predmeti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki,tərəflər arasında münasibətlər mübahisə predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh 2016-cı ildə gəlin köçdüyü tarixdən yarandığından qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Beləliklə,məhkəmə tədqiq edilmiş subutların məcmusuna və sadalanan maddi hüquq normalarına əsaslanaraq,həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki,hal-hazırda cavabdeh iddiaçıların ailə üzvü və digər qohumu olmadığından və onlarla birgə təsərrüfat aparmadığından, onun mübahisə predmeti olan fərdi yaşayış sahəsindən istifadə hüququ mövcud olmadığından iddia əsaslıdır. Məhkəmə,eyni zamanda Cavabdeh məhkəmə iclasında mübahisə predmeti olan fərdi yaşayış evinin eyvanının təmir etdirməsi, həmçinin mebel düzəltdirməsi ilə bağlı verdiyi izahatı ilə bağlı qeyd edir ki,bu xüsusatla əlaqədar məhkəmədə hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən,həmin izahata tənqidi yanaşılmalı,hətta həmin xüsusat sübut olunsaydı belə,bu hal sözügedən tikiliyə əsaslı vəsait sərfi kimi qiymətləndirilə bilinmədiyindən,etirazın əsası kimi də qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 istifadəsində və sahibliyində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar