Məhkəmə qərarları › İş №e-2(012)-1333/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1333/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1333/2023 24.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Caniyeva (İskəndərli) Pəri Vüqar qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Caniyeva (İskəndərli) Pəri Vüqar qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, vərəsə-cavabdehlərdən müştərək qaydada xx.xx.2017-ci il tarixli ********* saylı abunə müqaviləsi üzrə 35.07 manat abunə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 65.07 manat pulun İddiaçı MMC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən, ********* nömrəsindən kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə, onun 35.07 manat abunə və xidmət borcu yaranmışdır. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməli idi. Eyni zamanda, abunə müqaviləsinin 12.1-ci bəndinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Borclunun öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq, X1 adına olan nömrədə borc hazırki tarixədək ödənilməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı abunə müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC abunə nömrəsini X2 istifadəyə vermişdir. -xx.xx.2022-ci il tarixli cari hesab arayışından görünür ki, abunəçi X1 ********* saylı telefon nömrəsinə görə ödənilməmiş faktura məbləği 35.07 manat təşkil edir. -“Sumqayıt Asan Xidmət” Mərkəzi Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 2V-722 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X1 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 hər biri miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 11 saylı evin ümumi sahəsi 34.26 kv.m olan 3 saylı mənzilindən ibarətdir. -İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, müqavilə üzrə borc 20 gün müddətində ödənilmədiyi təqdirdə qanunun tələblərinə əsasən, icra qeydinin verilməsi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh1, X3, Cavabdeh3 və Caniyev X4 rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 11 saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Mülki iş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mərhum atalarının abunə müqaviləsi üzrə yaranmış borcunun ödənilməsinə görə mərhumun vərəsələri kimi öhdəlikləri yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, cavabdehlər həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, cavabdeh-vərəsələr Cavabdeh1, Caniyeva (İskəndərli) Pəri Vüqar qızından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2017-ci il tarixli ********* saylı abunə müqaviləsi üzrə 35.07 manat abunə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 65.07 manat pul vəsaiti İddiaçı MMC-nin хeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh-vərəsələr Cavabdeh1, Caniyeva (İskəndərli) Pəri Vüqar qızından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2017-ci il tarixli ********* saylı abunə müqaviləsi üzrə 35.07 (otuz beş manat yeddi qəpik) manat abunə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 65.07 (altmış beş manat yeddi qəpik) manat pul vəsaiti İddiaçı MMC-nin хeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar