Məhkəmə qərarları › İş №e-2(012)-1345/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1345/2025

07.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1345/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bahadır oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Bahadır oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bahadır oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixində Abşeron Rayon Saray Bələdiyyəsindən hərrac yolu ilə aldığı 0,06 hektar torpaq sahəsinin cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı il tarixində Abşeron Rayon Saray Bələdiyyəsindən 0.06 hektar torpaq sahəsini hərrac yolu ilə əldə etmişdir. Bir neçə müddət bundan əvvəl aldığı torpaq sahəsinə baxış keçirən zaman onun torpaq sahəsində başqa şəxs tərəfindən tikinti aparıldığını görmüşdür. Həmin tikintinin kimə məxsus olduğunu öyrənmək istədikdə isə ona bildirildi ki, torpaq sahəsi makler kimi tanınan Cavabdeh Bahadır oğlu tərəfindən başqa şəxsə satılmışdır. Bununla bağlı Abşeron Rayon Saray Polis Şöbəsinə müraciət etmiş və araşdırma zamanı məlum oldu ki, ona məxsus 0,06 hektar torpaq sahəsi həqiqətən cavabdeh tərəfindən qanunsuz olaraq satılmışdır. Hazırda, xx.xx.2006-cı il tarixində Abşeron Rayon Saray Bələdiyyəsindən hərrac yolu ilə aldığı 0.06 hektar torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq ələ keçirildiyindən, həmin torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılmasına zərurət vardır. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ona məxsus torpaqda hazırda Ramiz adlı şəxs tikinti apararaq zəbt etmişdir. Hazırki cavabdeh isə Ramizə satmışdır. Cavabdehi mübahisəli torpaq sahəsində görməyib. O, iddia tələbini həmin torpaq sahəsinin kim tərəfindən zəbt edildiyinin müəyyən edilməsi üçün qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh Bahadır oğlu iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk növbədə, mübahisələndirilən daşınmaz əmlakla bağlı onun cavabdeh qismində cəlb olunmağı mümkünsüz hesab olunmalıdır. Belə ki, onun həmin torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. O, bələdiyyədə işləyən zaman adına bir neçə torpaq sahəsi olmuşdur ki, onları satmışdır. İddiaçıya məxsus torpaq sahəsini o satmayıb. Məhkəmə gedişatında mübahisəli torpaq sahəsinə gedərək, Ramiz adlı şəxslə görüşmüş və o da həmin torpaq sahəsini ondan almadığını bildirmişdir. O iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - Abşeron rayon X1 Qərarından xx.xx.2006-cı il tarixli, 26 saylı Çıxarışdan görünür ki, vətəndaş İddiaçı Bələdiyyə torpaqlarının Baş Planına əsasən fərdi ev tikmək üçün 0,06 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı 800 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,06 torpaq sahəsi X1 Qərarından xx.xx.2006-cı il tarixli, 26 saylı çıxarışına əsasən İddiaçı ayrılmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə öz növbəsində iddia tələbinin onunla heç bir əlaqəsi olmadığını bildirərək, rədd edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının öz etirafı nəzərə alınmaqla Cavabdeh Bahadır oğlunun mübahisəli torpaq sahəsinin zəbt edilməsi ilə heç bir bağlılığı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə araşdırma zamanı, iddia tələbi ilə bağlı belə nəticəyə gəlir ki, İddiaçı əmlak tələbinə dair iddia ərizəsini tələb irəli sürülməli olmayan şəxsə qarşı irəli sürdüyündən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Bahadır oğluna qarşı xx.xx.2006-cı il tarixində Abşeron Rayon Saray Bələdiyyəsindən hərrac yolu ilə aldığı 0,06 hektar torpaq sahəsinin cavabdehdən alınaraq ona geri qaytarılması barədə tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar