Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1515/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı İZ aktının verilməsi, səhhətə vurulmuş maddi və mənəvi ziyana görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı İZ aktının verilməsi, səhhətə vurulmuş maddi və mənəvi ziyana görə pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 9:30-da işə gələn zaman istehsalatda bədbəxt hadisə faktının müəyyən edilməsi, İZ aktının verilməsi və cavabdehdən maddi və mənəvi ziyana görə 55.000 manat pulun birdəfəlik, bundan sonra aylar üzrə aldığı əmək haqqının alınıb verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən müəssisədə quşabaxan vəzifəsinə qəbul olunmuşdur. Müqavilədə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi bir aylıq sınaq müddətinə olmasına baxmayaraq müqavilə davam etmişdir. 24 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində işlədiyi “Azərquşçuluq" MMC-yə məxsus olan Fərhad adlı şəxsin idarə etdiyi avtobusla yaşadığı Abşeron rayonu, Muşviq qəsəbəsindən Bakı-Şamaxı- Yevlax yolunun 45-ci km-nin yaxınlığında yerləşən işlədiyi “Azərquşçuluq" MMC-yə gedərkən avtobusda ondan başqa 10-11 nəfər işçi olmuşdur. Bakı-Şamaxı yolunun 45-ci km-nə çatdıqda sürücü avtobusu yolun sağında saxlamışdır. Həmin vaxtı hava qarlı və küləkli, yer sürüşkən olmuşdur. Sürücü avtobusun nasaz olduğunu, bəzən yolu dönüb quşçuluğun ərazisinə girə bilməyəcəyini demiş və onlara avtobusdan düşüb yolun əks istiqamətə piyada keçmələrini bildirmişdir. Onlardan əvvəl bəzi işçilər artıq yolu keçmişdilər. O, Günay Həsənova və Nuranə Qurbanova yolu keçərkən soldan rayon istiqamətində hərəkətdə olan minik avtomobili onları vurmuşdur. Xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, “Azəruqşçuluq" MMC-nin direktor müavini və “Aqropol" MMC-də icraçı direktor vəzifəsində işləmiş X3 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onlar müvafiq olaraq “Azərquşçuluq" MMC-də direktor müavini və “Aqropol" MMC-də icraçı direktor vəzifəsində işləyirlər. 24 fevral 2021-ci il tarixdə sürücü Fərhad idarə etdiyi şərnişin daşıma nəqliyyatının nasaz olduğunu bildirmiş, o, avtobusun nasaz olduğu yerə getmişdir. Hava şəraiti çox pis olduğundan, yəni qar yağdığından və çovğun olduğundan avtomobilin şüşələri belə donmuşdur. O, işçilərdən 5 nəfərini öz avtomobilinə götürüb şirkətə daxil olmuşdur. İşçilərdən çoxu piyada yolu keçib işə gəlmişlər. O, geri qayıdanda hadisə yerinə 20 metr qalmış “Mercedes Benz 190" markalı avtomobil işçilərdən üçünün yolun ortasında vurduğunu görmüşdür. “Mercedes Benz 190" markalı avtomobilin sürəti yüksək olmamışdır. O, tez avtomobildən düşüb işçilərə baxmış, hamını köməyə çağırmışdır. Ağır vəziyyətdə olan İddiaçı avtomobilinə qoyub dərhal təcili tibbi yardıma çatdırmışlar. Hadisə olan vaxtı saat 09:15 radələrində tez 103 xidmətinə zəng vurub yaralıların vəziyyəti ağır olduğuna görə təcili yardıma gətirmişlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-422/2021 saylı qərarı ilə hadisəni törətmiş “Mercedes Benz 190" markalı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata CM-nin 263-cü maddəsnin “Qeyd" hissəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyətindən azad edilmişdir. İşəgötürən cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən həmin müəssisədə quşabaxan kimi işə qəbul olunmuş və müqavilənin müddəti bir aylıq xx.xx.2021-ci il tarixə kimi olan müddəti bağlanmış, lakin bədbəxt hadisə baş verənə kimi aralarında faktiki olaraq əmək münasibətləri davam etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə işəgötürən ilə əmək münasibətlərinin davam etməsi, bədbəxt hadisənin isə işdən evə qayıdarkən yolda baş verdiyi öz təsdiqini tapmışdır. Məhkəmə Tibbi və Pataloji Anatomiya Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli 15 Ə saylı rəyində, onun hadisə nəticəsində; qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, üz sümüklərində hər iki almacıq, hər iki əng, burun və alt çənə sümüyünün sağ tac çıxıntısının qapalı yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qan sızma ilə müşayiət olunan hər iki gözətrafı yumşaq toxumaların qançır şişkinliyi, hər iki dodağın əzilmiş-cırılmış yaraları, alın nayihəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər almağı əksini tapmışdır. Həmin cinayət işinin ibtidai istintaqı zamanı ifadə verən “Azərquşçuluq" MMCnin rəis müavini və “Aqropol" MMC-nin direktoru vəzifəsində işləyən X8 göstərmişdir ki, xx.xx.2021-ci ildə sürücü Fərhad idarə etdiyi sərnişin daşıma nəqliyyatı nasaz olduğundan o, avtobusun nasaz oldugu yerə getmiş, hava şəraiti pis oldugundan, yəni qar yağdığından və çovğun olduğundan o, işçilərdən 5 nəfərini öz avtomobili ilə götürüb şirkətə daxil olmuş, işçilərdən çoxu piyada yolu keçib işə gəlmişlər. O, geri qaydanda hadisə yerinə 20 metr qalmış ”Mersedes Benz 190” markalı avtomobilin işçilərdən 3-nü yolun ortasında vurduğunu görmüşdür. Ağır vəziyyətədə olan onu, yəni İddiaçıi avtomobilinə qoyub dərhal təcili-tibbi yardıma çatdırmışdır. Digər iki nəfər işçini şirkət maşını təcili tibbi yardıma aparmışdır. Bu ifadə ilə onun işəgötürən ilə əmək münasibətlərinin davam etdiyini, 9:30 radələrində şirkətin avtobusu ilə işə gəldiyini və işə gələn zaman bədbəxt hadisənin baş verdiyi bir daha öz təsdiqini tapır. Lakin, cavabdeh məsuliyyətdən yaxa qurtarmaq üçün qanunla üzərinə qoyulmuş vəzifə borcunu yerinə yetirməmiş, bədbəxt hadisə faktını aktlaşdırmamış, ona İZ aktı verməmiş, əksinə boş ağ listlərə imza etdiməklə guya işdən azad olunmağını süni rəsmiləşdirmişdir. Bununla da, onun hüquqlarını və azadlıqlarını kobud şəkildə pozmuşdur. Uzun müddət və hal-hazıra kimi müalicə olunduğundan iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə və cavabdeh “Azərquşçuluq" MMC-yə rəsmi ərizə ilə müraciət etməsinə baxmayaraq 3 (üç) aydır ki, heç bir cavab verilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı iddia tələbini azaldılması barədə ərizə ilə məhkəyə müraciət edərək, İZ aktının verilməsi və cavabdehdən maddi və mənəvi ziyana görə 55000 manat pulun birdəfəlik, bundan sonra aylar üzrə aldığı əmək haqqının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddia tələbinin həcmi azaldılmış, İZ aktının verilməsi və dəymiş ziyanın ödənilməsi tələb edilir. Məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, hadisə iddiaçının cavabdeh şirkətin avtomobilindən düşərkən baş vermiş, bədbəxt hadisə nəticəsində iddiaçı fiziki xəsarətlər və mənəvi ziyan almışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onlara həmin vaxt avtobusdan düşərək yolu qarşı tərəfə keçməli olduqlarını söyləmişlər. Təqsirləndirilən şəxs ona xəsarət aldığı dövrdə maddi yardım göstərmiş, əməliyyat xərcləri ödənilmişdir. Onları şirkətin digər avtobusu düşdükləri avtobusun yanında götürməli idi. Lakin onlara qarşı tərəfə keçmələrini bildirmişlər. 6 ay ərzində bülleten pulu verilmişdir. Başqa heç bir ödəniş edilməmişdir. İddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddiası anlaşılmazdır. İstintaq getdiyi zaman məhkəmə nəzarəti qaydasında şikayət verə bilərdi. Bu gün artıq məhkəmənin qanuni qüvvəsini almış aktı var. Bütün hərtərəfli araşdırma olunmuşdur. İddiaçı təqsirləndirilən şəxsdən maddi qarşılığını alaraq şikayətini geri çəkmişdir. İndi isə şirkətdən nəsə ala biləcəyini düşünür. Şirkət tərəfindən iddiaçı işləmədiyi dövrdə də əmək haqqı verilmişdir. Maddi yardım da təklif edilmişdir. Ona görə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İşə götürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, İddiaçı həmin Cəmiyyətə quşabaxan vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bir ay müddətinə bağlanmışdır. Müqavilənin 4.15-ci bəndinə əsasən, işçi işə gəlib-getməsi üçün nəqliyyatla təmin edilir. -Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasında “üz sümüklərinin hər iki tərəf almacıq, burun, əng sümüklərinin, sağ tərəf alt çənənin tac çıxıntısının yerini dəyişmiş sınıqları, üst dodağın cırılmış yarası” diaqnozu ilə müalicədə olmuşdur. -Prime Hospital tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli baş beynin aktından görünür ki, İddiaçı müayinəsi zamanı “Beyin parenximasında ocaqlı və həcmli proses aşkar olunmur. Üz sümüklərində çox sayda yerdəyişmiş və qəlpəli sınıqlar. Paranazal sinusları dolduran postravmatik möhtəviyyat” aşkar edilmişdir. -Medi-Style Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı müayinəsi zamanı “bu əlamətlər sol tərəfdə daha ifadəli olmaqla hər iki üz sinirinin aksonal degenerasiyalı neyropatiyası ilə uyumludur” diaqnozu qoyulmuşdur. -Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasında “üz sümüklərinin sınıqlarının sərrahi əməliyyatdan sonrakı vəziyyəti. Açığ dişləm, alt çənənin məhdud hərəkəti” diaqnozu ilə müalicə olunmuşdur. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-422/2021 saylı qərardan görünür ki, X1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işi üzrə icraata CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən, X1 əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən bu Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmiş, X4 tərəfindən İddiaçı və X2 dəymiş ziyanın tam ödənildiyi, həmin zərərçəkmiş şəxslər tərəfindən Gülyar Rəcəbova qarşı şikayət olmadığı nəzərə alınaraq, barəsində həmin fakt üzrə sonuncunun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə olan hissəsinə xitam verilmiş, X5 şikayəti olduğundan, ona münasibətdə X4 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında 01 (bir) ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də quşabaxan kimi işə götürülmüşdür. İddiaçı 24 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində “Azərquşçuluq" MMC-yə məxsus olan, Fərhad adlı şəxsin idarə etdiyi avtobusla yaşadığı Abşeron rayonu, Muşviq qəsəbəsindən Bakı-Şamaxı-Yevlax yolunun 45-ci km-nin yaxınlığında yerləşən “Azərquşçuluq" MMC-yə gedərkən, Bakı-Şamaxı yolunun 45-ci km-nə çatdıqda avtobusun sürücüsü avtobusun nasaz olduğunu, bəzən yolu dönüb quşçuluğun ərazisinə girə bilməyəcəyini deyərək, avtobusda olan işçilərə avtobusdan düşərək yolun əks istiqamətə piyada keçmələrini bildirmişdir. Bu zaman İddiaçı və digər iki şəxs, yəni Günay Həsənova və Nuranə Qurbanova ilə birlikdə yolu keçərkən soldan rayon istiqamətində hərəkətdə olan minik avtomobili onları vurmuşdur. Hadisə zamanı İddiaçı və digər həmin iki şəxs xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar. İddiaçı almış olduğu xəsarətlərdən cərrahi əməliyyat olunmuş və uzun müddət müalicə almışdır. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi başlanılmış, hadisəni törədən şəxs X1 əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən bu Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmiş, X4 tərəfindən İddiaçı və X2 dəymiş ziyanın tam ödənildiyi, həmin zərərçəkmiş şəxslər tərəfindən Gülyar Rəcəbova qarşı şikayət olmadığı nəzərə alınaraq, barəsində həmin fakt üzrə sonuncunun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə olan hissəsinə xitam verilmiş, X5 şikayəti olduğundan, ona münasibətdə X4 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)- 422/2021 saylı qərarına əsasən, X1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işi üzrə icraata CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Hazırda iddiaçı, İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində səhhətinə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işdə olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə saat 09:30 radələrində Şirkətə məxsus avtomobillə işçilər işə gələrkən, Bakı-Şamaxı yolunun 45-ci km-nə çatdıqda sürücü avtomobilin nasaz olması, hava qarlı, yer sürüşkən olduğundan yolu dönüb quşçuluğun ərazisinə girə bilməyəcəyini deyərək, avtobusda olan işçilərə avtobusdan düşərək yolun əks istiqamətə piyada keçmələrini bildirmişdir. Bu zaman avtobusda olan bütün işçilər avtobusdan düşmüş və yolu piyada keçməyə başlamışlar. İddiaçı və onun yanında olan digər iki şəxs yolu piyada keçərkən yola diqqət etmədiklərindən, hərəkətdə olan X1 idarə etdiyi “Mercedes Benz 190" markalı avtomobillə onları vurmuşdur. Həmin hadisə ilə bağlı müvafiq araşdırmalar aparılmış, hadisəni törətmiş şəxs X4 barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il 27 nömrəli Qərarı ilə təsdiq olunmuş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında qərarının: 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə təhqiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı iş prosesində baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş zərəri və işsiz qaldığı dövr üçün əldən çıxmış qazancı tələb etsə də, iddiaçıya maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətləri (əməlləri) və bu hərəkətin (əməlin) nəticəsi arasında səbəbli əlaqə öz təsdiqini tapmamış, bununla bağlı sübutlar mövcud deyildir. Göründüyü kimi, hadisə iddiaçı Şirkətə məxsus avtomobildən düşdükdən sonra baş vermiş, hadisəni törədən şəxs avtobus deyil başqa şəxs olmuş və ona görə də həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüş və iddiaçının xəsarət alması ilə əlaqədar hadisəni törətmiş şəxs tərəfindən iddiaçıya dəymiş maddi ziyan tam olaraq ödənildiyindən, hadisəni törtəmiş şəxs məsuliyyətdən azad edilmişdir. Bu fakt Abşeron Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-422/2021 saylı qərarında öz təsdiqini tapmışdır. Burdan tam aydın olur ki, mülki hüquq pozuntusunu törədən şəxs MMC-nin işçilərinə xidmət göstərən avtobus sürücüsü deyil, “Mercedes Benz 190" markalı avtomobillin sürücüsü X4 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının sağlamlığına zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi də əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı İZ aktının verilməsi, səhhətə vurulmuş maddi və mənəvi ziyana görə pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1515/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1515/2024
19.02.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver