Məhkəmə qərarları › İş №e-2(012)-152/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-152/2023

20.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-152/2023 20.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ipoteka predmeti olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" BOKT MMC Cavabdeh1 və Cavabdeh2 qarşı ipoteka predmeti olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsindəki 0,025 ha torpaq sahəsi və üzərində yerləşən 171,6 kv.metr ümumi, 105,9 kv.metr yaşayış, 65,7 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı 107A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılmaları, mənzildən istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evinin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2018/00474 sayli kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi məqsədlər üçün 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsindəki 0,025 ha torpaq sahəsi və üzərində yerləşən 171,6 kv.metr ümumi, 105,9 kv.metr yaşayış, 65,7 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı 107A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, bu barədə xx.xx.2018-cu il tarixli 2018/00474-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər mütamadi olaraq pozulduğundan ona qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair icra qeydi ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinə müraciət olunmuşdur. Abşeron rayon İcra və Probasiya Şöbəsi tələb təmin edilərək Cavabdeh2 yaranmış borcun tutulması və tutmanın Cavabdeh1 məxsus həmin fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması satışdan əldə olunan pul hesabına yaranmış borcun ödənilməsi icra etmişdir. İcra qeydinə əsasən, ipoteka predmetinin açıq hərracda satılması üçün “X1 Mərkəzi” MMC-yə sifariş göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanun 43.7-ci maddəsinə əsasən "xxxx" BOKT MMC-yə təklif edilmişdir. “X1 Mərkəzi” MMC-i ilə "xxxx" BOKT MMC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və hərracın nəticələri haqqında yekun protokola əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən bankın adına müvafiq reyestrdən çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın "xxxx" BOKT MMCnin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda da mübahisəli fərdi yaşayış evində qeydiyyatda olmadan yaşayırlar. Bu isə mülkiyyətçi kimi "xxxx" BOKT MMC-nin hüquqlarını pozur, fərdi yaşayış evindən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edib, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsindəki 0,025 ha torpaq sahəsi və üzərində yerləşən 171,6 kv.metr ümumi, 105,9 kv.metr yaşayış, 65,7 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı 107A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılmaları, mənzildən istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evinin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən "xxxx" BOKT MMC tələbi ilə ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 31041,98 manatın tutulması, Cavabdeh1 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsindəki 0,025 ha torpaq sahəsini və üzərində yerləşən 171,8 kv.metr ümumi, 105,9 kv.metr yaşayış, 65,7 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli 6 otaqlı 107A saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və əmlakın 30 gün müddətinə boşaldılması barədə qeyd verilmişdir. İşdən görünür ki, notarius tərəfindən cavabdehlərdən bankın xeyrinə 31041,98 manatın tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, habelə bu əmlakın boşaldılması barədə icra qeydi verilmiş və icraya yönəldilmişdir. İpoteka predmeti hərrac vasitəsilə iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda isə "xxxx" BOKT MMC cavabdehlərə qarşı ipoteka predmeti olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsindəki 0,025 ha torpaq sahəsi və üzərində yerləşən 171,6 kv.metr ümumi, 105,9 kv.metr yaşayış, 65,7 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı 107A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılmaları, mənzildən istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evinin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qənaətinə görə hazırda qüvvədə olan normalara əsasən mübahisəli əmlaka tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin oradan çıxmamaları iddiaçıya hazırki tələblə məhkəməyə müraciət etməyə hüquq vermir, çünki bu məsələ “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən ayrıca məhkəmə qərarı tələb olunmadan, məhz həmin icra qeydinə əsasən həll olunur. Başqa sözlə, hazırki işə məhkəmədə baxılmalı deyildir, bu isə icraata xitam verilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçı "xxxx" BOKT MMC hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 16:40-da ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verildiyindən iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ipoteka predmeti olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" MMC-nin hazırki mülki iş (e-2(012)-152/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (880228737 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar