Məhkəmə qərarları › İş №e-2(012)-1582/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1582/2025

24.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1582/2025 24.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və "xxxx" MMC-yə qarşı qanunsuz elektrik xətlərinin və dirəklərinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Azərenerji’’ ASC-yə və "xxxx" MMC-yə qarşı qanunsuz elektrik xətlərinin və dirəklərinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə tam payla ona məxsus olan, Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,10 ha torpaq sahəsində (çıxarış Seriya RX 0961040, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016) onun razılığı və qanunla müəyyən edilmiş qaydada kompensasiya ödənilmədən cavabdeh “Azərenerji’’ ASC-nin sifarişi əsasında digər cavabdeh "xxxx" MMC tərəfindən 220 k.V-luq yüksək gərginlikli elektrik xətləri üçün basdırılmış bütün metal dayaqların, çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin cavabdehlər tərəfindən onların hesabına sökülərək torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlər tərəfindən yararlı hala salınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ ilə tam payla ona məxsus olan, Abşeron rayonunun Rirəkeşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,10 ha torpaq sahəsində (Çıxarış Seriya RX N: 0961040, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016) Cavabdeh2 ASC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən 220 k.V-luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqlar basdırılmış, elektrik xətləri çəkilmişdir. Bundan əvvəl də Cavabdeh2 ASC tərəfindən torpaq sahəsində elektrik dirəkləri basdırılmış, elektrik xətləri çəkilmişdir. Mülkiyyətçi kimi torpaq sahəsində görülən işlər barədə ona əvvəlcədən bildirilməmiş, razılığı alınmamış, dövlət ehtiyacları üçün alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının qərarı olmamış və müvafiq kompensasiya ödənişləri edilməmişdir. 12 iyun 2023-cü il tarixdə nümayəndəsi və vəkili vasitəsilə Cavabdeh2 ASC-yə müraciət edərək torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərə son qoymağını, torpaqda aparılan tikinti-quraşdırma işlərini dayandırmağını, torpağın dövlət ehtiyacları üçün alınmasının sənədləşdirilməsi işlərinin aparılmasını, satınalınmaya görə ona bazar qiymətinə uyğun kompensasiyanın və satınalınma qiymətinə 20 faiz miqdarında əlavə haqqın ödənilməsinə yönələn tədbirlər görməyini xahiş etmişdir. Ancaq aidiyyatı vəzifəli şəxslərlə bir-neçə dəfə telefonla danışaraq müraciətinə cavab verilməsini xahiş etsələr də, nəticəsi olmamış, ona cavab verilməsi təmin edilməmişdir. Eyni məzmunlu xahişlə nəzarət edən orqan kimi Nazirlər Kabinetinə, torpaq sahəsi ərazisində yerləşən orqan kimi Abşeron rayon İcra Hakimiyyətinə və tikinti-quraşdırma işləri ilə məşğul olan cavabdeh "xxxx" MMC-yə də müraciət etmişdir. Onlardan yalnız Abşeron rayon İcra Hakimiyyəti müraciətlərinə cavab vermişdir. İH-nin 13 iyul 2023-cü il tarixli 5-29/1-1628/2023 saylı cavab məktubunda (cavab məktubu 17 iyul 2023-cü il tarixdə poçta verilmiş, 18 iyul 2023-cü il tarixdə 2 saylı Vəkil Bürosuna təqdim edilmişdir) Cavabdeh2 ASC-nin sifarişi əsasında ona məxsus olan torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqların basdırılması faktının müəyyən olunduğu bildirilir. Həmçinin, cavab məktubunda həmin tikinti-quraşdırma işlərinın həyata keçirilməsi üçün Cavabdeh2 ASC tərəfindən icazə alınmadığı göstərilmişdir. Məktubla məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdeh2 ASC-nin sifarişi əsasında digər cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsində yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi üçün dirəklərin basdırılması, elektrik xətlərinin çəkilməsi nəticəsində torpaq sahəsindən istifadə edilməsində ciddi məhdudiyyətlər yaranmış, kənd təsərrüfatı işlərinin görüləcəyi zaman onun və həmin torpaqda işləyən digər şəxslərin, müxtəlif kənd təsərrüfatı heyvanlarının həyatı, kənd təsərrüfatı texnikası üçün reall təhlükə yaranmışdır. Metal dirəklərin altındakı torpaq sahəsi isə ümumiyyətlə istifadədən çıxarılmışdır. Nəticədə həmin ərazidə kənd təsərrüfatı təyinatlı torpaqların təşəkkül tapmış bazar qiymətləri ilə hesablanmaqla ona 200000 manatdan artıq məbləğdə maddi zərər vurulmuşdur. Sonradan Cavabdeh2 ASC tərəfindən "xxxx" MMC-yə yazılmış və iddia ərizəsinə əlavə edilmiş 01 aprel 2024-cü il tarixli məktubdan göründüyü kimi, ona məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən 220 KV-luq “Qobu ES-Pirəkeşkül KES” hava xəttinin bir hissəsi çəkilmiş və həmin xəttin metal dayaqları basdırılmışdır. Cavabdeh2 ASC-nin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 157.9-cu, torpaqların dövlət ehtiyacları üçün alınması barədə 246-cı, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında’’ Qanunun torpağın alınmasına əsas verən dövlət ehtiacları barədə 3-cü və digər maddələrinin, digər digər qanunvericilik aktlarının da tələblərini kobudcasına pozmuşdur. Göstərilənlərə görə iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə uyğun tələbini dəqiqləşdirərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,04 ha torpaq sahəsində (Çıxarış seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) onun razılığı və qanunla müəyyən edilmiş qaydada kompensasiya ödənilmədən Cavabdeh2 ASC-nin sifarişi əsasında cavabdeh "xxxx" MMC tərəfindən 220 k.V-luq yüksək gərginlikli elektrik xətləri üçün basdırılmış bütün metal dayaqların, çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin cavabdehlər tərəfindən onların hesabına sökülərək torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlər tərəfindən yararlı hala salınması, iddia ərizəsinin verilməsi üçün ödəmiş olduğu 100 manat, hüquqi yardım göstərilməsi üçün 2 saylı Vəkil Bürosuna xx.xx.2025-ci il tarixli müqavilə əsasında ödədiyi 320 manat, mütəxəssis rəyinin verilməsi üçün ödədiyi 95 manat, Azərbaycan Respublikası "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə əsasında ödədiyi 1100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi, habelə ekspertiza xərci olan 100 manat pulun cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, həmçinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi-vəkili Nümayəndə3 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Digər cavabdeh "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, mülki iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 6,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 892 saylı reyestr kitabının 62 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********68 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, yüksək gərginlikli elektrik xətləri **********68 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərindən keçir və həmin torpaq sahəsinin 2.2870 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 6,0400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 604000 manat təşkil edir. İşdə olan Cavabdeh2 ASC-nin Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, xx-xx-1019 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2366 nömrəli Sərəncamına uyğun olaraq Bakı şəhəri, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsində və Xızı rayonunda ümumi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisinin planlaşdırıldığı, həmin bu Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 720s və 721s nömrəli Sərəncamlarına uyğun olaraq Cavabdeh2 ASC tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən KES-nın ötürücü şəbəkəyə qoşulması üçün 330 kV qabaritində 220 kV-luq “Qobu YS-Pirəkeşkül KES”, “Pirəkeşkül KES-Xızı KES” və “Xızı KES-Yaşma YS” hava elektrik verilişi xətlərinin layihə-smeta sənədləri “Azərbaycan Elmi- Tədqiqat və Layihə-X2” MMC-tərəfindən hazırlandığı bildirilmiş və layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan Cavabdeh2 ASC-nin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 01-09-945 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2366 nömrəli Sərəncamına uyğun olaraq Bakı şəhəri, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsində və Xızı rayonunda ümumi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisinin planlaşdırıldığı, həmin bu Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 720s və 721s nömrəli Sərəncamlarına uyğun olaraq Cavabdeh2 ASC tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən KES-nın ötürücü şəbəkəyə qoşulması üçün 330 kV qabaritində hər birinin uzunluğu 30 km olan 220 kV-luq “Qobu YS-Pirəkeşkül KES”, “Pirəkeşkül KES-Xızı KES” və uzunluğu 20 km olan “Xızı KES-Yaşma YS” hava elektrik verilişi xətlərinin trassalarının müəyyən edildiyi və keçdiyi ərazilərin Yerquruluşu Planlarının hazırlandığı bildirilmiş və “Qobu ES-Pirəkeşkül KES” və “Pirəkeşkül KES-Xızı KES” HEVX-nin trassasının keçdiyi ərazilərin Yerquruluşu Planlarının təsdiq edilməsi xahiş olunmuşdur. İşdə olan Cavabdeh2 ASC-nin Abşeron Rayon Qobu Bələdiyyəsinin sədrinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 02-09-536 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2366 nömrəli Sərəncamına uyğun olaraq Bakı şəhəri, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsində və Xızı rayonunda ümumi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisinin planlaşdırıldığı, həmin bu Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 720s və 721s nömrəli Sərəncamlarına uyğun olaraq Cavabdeh2 ASC tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən KES-nın ötürücü şəbəkəyə qoşulması üçün 330 kV qabaritində hər birinin uzunluğu 30 km olan 220 kV-luq “Qobu YS-Pirəkeşkül KES”, “Pirəkeşkül KES-Xızı KES” və uzunluğu 20 km olan “Xızı KES-Yaşma YS” hava elektrik verilişi xətlərinin trassalarının müəyyən edildiyi və keçdiyi ərazilərin Yerquruluşu Planlarının hazırlandığı bildirilmiş və “Qobu YS-Pirəkeşkül KES”, HEVX-nin trassasının keçdiyi ərazinin X1 xahiş olunmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-9601/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, **********68 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətində olmuş 6,10 ha torpaq sahəsi notariat qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0,06 ha hissəsi özgəninkiləşdirildiyi, **********12 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş 6,04 ha torpaq sahəsinin daxilində yüksək gərginlikli 220 kV-luq elektrik xətlərinin dirəklərinin mövcud olması, **********12 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş 6,04 ha torpaq sahəsinin (xx.xx.2025-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) 2.3 ha hissəsi yüksək gərginlikli elektrik xətinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4671 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21- 3-32/2-9601/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********68 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətində olmuş 6,10 ha torpaq sahəsi notariat qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0,06 ha hissəsi özgəninkiləşdirildiyi, **********12 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş 6,04 ha torpaq sahəsinin daxilində yüksək gərginlikli 220 kV-luq elektrik xətlərinin dirəklərinin mövcud olması, **********12 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş 6,04 ha torpaq sahəsinin (xx.xx.2025-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) 2.3 ha hissəsi yüksək gərginlikli elektrik xətinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 6,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Sözügedən torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla **********12 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən cavabdehlər tərəfindən yüksək gərginlikli elektrik xətlərinin keçirildiyini və bu halın onun mülkiyyət hüququnu məhdudlaşdırdığını iddia edərək həmin elektrik xətlərinin cavabdehlər tərəfindən onların öz hesablarına sökülməsini və torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, V hissə. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Maddə 29, Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Maddə 3.5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası (1 saylı Protokol): Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Maddə 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Maddə 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Qanunun qeyd olunan normalarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2366 nömrəli Sərəncamına uyğun olaraq bu Sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 720s və 721s nömrəli Sərəncamlarına uyğun olaraq cavabeh Cavabdeh2 ASC tərəfindən ona məxsus torpaq sahəsi üzərində 220 k.V-luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqları basdırılarkən və yüksək gərginlikli elektrik xətləri çəkilərkən pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirməmiş, nə də pozuntu ilə əlaqədar aidiyyəti orqanlara müraciət etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, məhkəmə qanunuverciliyin tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçı həmin pozuntuya dözməli olduğundan, sərhədi pozmuş qonşuya qarşı pul kompensasiyası ödəməsi ilə əlaqədar tələb irəli sürməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş elektrik xətti dirəkləri dövlət mənafeləri üçün strateji əhəmiyyətli hesab olunduğundan, həmin dirəklərin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş dirəklər söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin kompensasiya verilməsi yolu ilə qarşılıqlı razılıq əsasında mühafizə zonasına düşən torpaq sahəsini mülkiyyətçidən almaq hüququ vardır və o, bu hüquqdan istifadə edə bilər. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatına görə xərc iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul isə iddiaçıdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və "xxxx" MMC-yə qarşı qanunsuz elektrik xətlərinin və dirəklərinin sökülməsi və torpaq sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatına görə 100 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatına görə xərc iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar