Məhkəmə qərarları › İş №e-2(012)-1589/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1589/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1589/2025 15.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı pul tələbinə dair, cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının İddiaçı qarşı pul tələbinə dair iddia ərizələri üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 16727 manat məbləğində borc məbləği, 350 manat məbləğində vəkil xidmətləri xərci, 142 manat məbləğində məhkəmə rüsumunun və xx.xx.2024-cü il tarixdən qətnamə çıxarılacaq tarixə qədər ümumi borc məbləğinə 30 % illik faiz məbləğinin hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 300000 manat məbləğində illik 30 % dərəcə ilə kredit limiti açdırmışdır. Həmin kredit üzrə iddiaçının dostu olan X2 həmin kredit üzrə avtomobilini ipotekaya qoymuşdur. X2 və iddiaçı həmçinin, həmin kredit xətti üzrə zamin olmuşlar. X6 həmin kreditin 50000 manat hissəsini kreditləşdirmiş, lakin ödənişləri vaxtında yerinə yetirmədiyi üçün X1 və iddiaçıya borcun ödənilməsi üçün Bankdan icra sənədləri göndərilmişdir. X4 borcundan 16727 manat məbləğində vəsait zamin olduğundan dolayı iddiaçının hesabından borcun ödənilməsi üçün silinmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X6 İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə bağlanmış 1271***-*******01L saylı kredit müqaviləsinə əsasən götürülmüş 50000 manat məbləğində kreditin nikah dövründə birgə ailə ehtiyacları üçün sərf edildiyi nəzərə alınaraq, həmin kredit üzrə nikahın pozulduğu xx.xx.2023-cü il tarixindən sonra onun tərəfindən ödənilmiş 33273 manat məbləğində borcun 1/2 hissəsinin – yəni 16.636 məbləğində vəsaitin İddiaçı tutularaq ona ödənilməsinə, həmçinin hüquqi yardım göstərilməsinə dair vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat və iş üzrə dövlət rüsumu qismində ödənilmiş 141 manat məbləğinin də İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2021-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində nikahları rəsmi olaraq pozulmuşdur. Nikah dövründə - xx.xx.2022-ci il tarixdə iddiaçının adına "xxxx" ASC-də 1271***-*******01L saylı kredit müqaviləsi üzrə illik 30% dərəcə ilə 300000 manat məbləğində kredit xətti açılmış, onun 50000 manat hissəsi kreditləşdirilmişdir. Kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixli, 1FİZAM195686001 saylı zaminlik müqaviləsi ilə zamin qismində çıxış etmişdir. Göstərilən kredit vəsaiti birgə nikah münasibətləri dövründə ailə təsərrüfatının idarə olunmasına yönəldilmişdir. Belə ki, nikah dövründə ünvan 1 ünvanda yerləşən “VVHİTE CAT” adlı kofe mağazası icarəyə götürülmüş, həmin məkanın təmirinə 98200 manat, avadanlıqların alınmasına isə 109700 manat xərclənmişdir. Bütün bu xərclər kredit vəsaiti hesabına həyata keçirilmiş və bu, ailə gəlirlərini artırmaq məqsədi daşımışdır. Nikahın xx.xx.2023-cü il tarixində pozulmasından sonra həmin kredit üzrə 33273 manat borc məbləği cavabdeh tərəfindən ödənilmişdir. Göstərilən kredit vəsaiti birbaşa olaraq nikah münasibətləri dövründə - xx.xx.2022-ci il tarixdə götürülmüş, ailə təsərrüfatının idarə olunması məqsədilə istifadə edilmişdir. Belə ki, kredit hesabına birgə yaşayış və gəlir əldə etmə məqsədilə kofe biznesi qurulmuş, icarə, təmir və avadanlıq xərcləri bu vəsaitdən qarşılanmışdır. Ailə Məcəlləsinə əsasən, nikah dövründə əldə edilmiş və birgə ehtiyaclar üçün istifadə olunmuş kreditlər üzrə öhdəliklər ər və arvadın birgə öhdəliyi sayılır. Bundan əlavə İddiaçı kredit müqaviləsi üzrə zamin qismində çıxış etməsi, onun kreditin götürülməsi və ailə təsərrüfatı məqsədilə xərclənməsi barədə məlumatlı olduğunu və bu öhdəlikdə iştirakını açıq şəkildə göstərir. Bu baxımdan kredit üzrə öhdəlik həm hüquqi məzmununa, həm də faktiki istifadəsinə görə birgə öhdəlik kimi qiymətləndirilməli və cavabdeh tərəfindən müvafiq payla qarşılanmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-5104/2025 saylı qərardadı ilə cavabdeh İddiaçı vəsatəti təmin edilmiş, e-2(008)-5104/2025 saylı iş e- 2(012)-1589/2025 saylı işlə birgə baxılması məqsədilə Abşeron Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə hakim Məlahət Abbasovanın icraatına e-2(012)- 5014/2025 saylı iş nömrəsi ilə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5014/2025 saylı qərardadı ilə iddiaçı Quluzadə (Baxşiyeva) Səidə Azər qızının cavabdeh İddiaçı qarşı pul tələbinə dair e-2(012)-5014/2025 saylı mülki iş İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı pul tələbinə dair e-2(012)-1589/2025 saylı mülki işlə birləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini, cavabdehin iddiasını isə qəbul etməyərək təmin olunmamasını xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh tərəfindən kredit xətti açılmış, iddiaçı ona zamin dayanmışdır. Kreditin götürülməsində məqsəd biznesin qurulmağı olmuş, cavabdeh tərəfindən götürülmüş borc vəsaiti ailənin heç bir ümumi mənafeyi və gələcəyi üçün sərf edilməmişdir. Cavabdehin götürdüyü kredit yalnız şəxsi biznesi üçün sərf edilmişdir. Biznes gəlir gətirdiyi dövrdə də aralarında olan ailə münasibətləri tamamilə sonlanmışdır. Həmin biznesin 50 %-dən çox hissəsinə iddiaçı tərəfindən vəsait qoyulsa da, ayrılan dövrdə tərəflər şifahi razılığa gəlmişlər ki, biznes - “VVhite cat” adlı kofeşop (kafe) cavabdehdə qalsın və kredit də onun tərəfindən həyata keçirilsin. Tərəflər arasındakı nikaha xitam verildikdən 1 ay sonra – xx.xx.2023-cü il tarixdən etibarən kafe fəaliyyətə başlamışdır. Boşanma zamanı tərəflər arasında biznesə dair razılaşma olmamışdır. Kafeyə avadanlıqlar Asəfin hesabına alınmışdır. Bir müddət sonra cavabdeh ödəniş edə bilmədiyi üçün kafe çöküş yaşamış, onun yerinə iddiaçı ödənişləri etmişdir. Ödənişlərin məbləği 16000 manatdan çoxdur. İddiaçı zamin kimi ödənişi etdiyi üçün icraata xitam verilmişdir. Cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı və digər girov qoyan şəxslərin əmlakına tutma yönəldilmişdir. Asəf dostunun avtomobilinə tutma yönəldilməməsi üçün borcu ödəmiş, daha sonra iddia qaldırılmışdır. Biznesin rəsmi və ya qeyri-rəsmi olması ilə bağlı heç bir məlumatı yoxdur. Cavabdeh yaratdığı biznesi batırdığı üçün hazırda həmin kredit borcunun bölünməsini istəyir. Lakin həmin biznes cavabdeh tərəfindən mənimsənilmiş, iddiaçının buradan heç bir gəliri olmamışdır. Biznes mənimsənildiyi halda kreditlə götürülmüş borcun bölünməsini istəməsi qəribədir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil2 irəli sürdükləri iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını, iddiaçının iddiasını isə qəbul etməyərək rədd olunmasını xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, kredit tərəflərin ortaq biznesinə yatırılmaq məqsədilə birgə nikah dövründə götürülərək ailə üçün xərcləndiyindən birgə borc sayılır. Kredit cavabdehin şəxsi məqsədləri üçün istifadə edilməmiş, biznesə xərclənmiş, MMC yaradılmış, cavabdeh MMC-nin təsisçisi və direktoru olmuşdur. Ödənişlər isə tərəflər arasındakı nikah pozulduqdan sonra edilmişdir. Cavabdehin adına icarə müqaviləsi var. Ödənişlərin çox hissəsi – təqribən 33000 manat hissəsi cavabdeh tərəfindən, təxminən 16000 manat hissəsi isə iddiaçı tərəfindən edilmişdir. Həmin biznesdən – kofeşopdan qazanılan gəlir bir yerdə istifadə olunmuş, həmin qazancdan ödəniş etmişlər. Tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak hesab edilməsini istəyir. Onların ödədiyi məbləğin yarısı iddiaçıya, iddiaçının ödədiyi məbləğin yarısı isə cavabdehə məxsus olmalıdır. Bu baxımdan cavabdehə qarşı zamin kimi irəli sürülmüş iddianı qəbul etmir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızı irəli sürdüyü iddianı müdafiə edərək, iddiaçının iddiasını isə qəbul etməyərək izahatında bildirmişdir ki, zamin duran zaman iddiaçı onun yoldaşı olmuş, daha sonra aralarındakı nikah pozulmuşdur. Kreditlə bağlı 300000 manatdan çox pul ödənişi etmişlər, hazırda qaldırılan iddiadakı məbləğ həmin borcun kiçik bir hissəsidir. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının iddiası qismən təmin, cavabdehin iddiası isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İcarəyə verən X3 və icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 100.80 m2 olan qeyri-yaşayış sahəsini icarəçiyə 10 il müddətinə icarəyə verməyə, icarəçi isə xx.xx.2023-cü il tarixdən etibarən aylıq 2200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. -Kreditor "xxxx" ASC və zamin İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1FİZAM195686001 saylı zaminlik müqaviləsindən görünür ki, zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun Cavabdeh öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. -Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən, zamin borclunun kreditor qarşısında olan öhdəliyini tam və ya qismən icra etdikdə, kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmə müvafiq olaraq tam və ya qismən zaminə keçir. -"xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli hesab üzrə çıxarış və qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 16727 manat hesaba (banka) mədaxil edilmişdir. -"xxxx" MMC-dən çıxarışdan görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-dən götürülmüş kredit üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş, kreditin statusu “tam ödənilmiş”dir. -xx.xx.2023-cü il tarixli, AZ-İ 463080 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasındakı nikah tərəflərin xx.xx.2023-cü il tarixli birgə ərizəsi əsasında pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 153 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına “Quluzadə” soyadı verilmişdir. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-83885/2025 saylı sorğuya cavab məktubundan və ona qoşma edilmiş “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatdan çıxarışdan görünür ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Səidə Quluzadə tərəfindən fərdi sahibkar olaraq (VÖEN:**********) 25 şəxslə bağlı əmək müqaviləsinin daxil edildiyi, hazırda qüvvədə olduğu məlum olmuşdur. Həmçinin “VVhite Cat” adlı icraçı qurum xx.xx.2023-cü il tarixdən etibarən qüvvədədir. İş materialları ilə müəyyən olunur ki, tərəflərin nikahı xx.xx.2023-cü ildə tərəflərin birgə ərizəsi əsasında əsasən pozulmuşdur. İş materialları və tərəflərin izahatı ilə təsdiq olunur ki, tərəflər birgə nikah dövründə iddiaçı zamin, cavabdeh isə əsas borclu qismində çıxış etməklə "xxxx" ASC-dən 50000 manat məbləğində kredit götürmüş, nikah pozulduqdan sonra həmin kreditin 16727 manat hissəsi iddiaçı, 33273 manat hissəsi isə cavabdeh tərəfindən ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək zamin qismində tərəfindən ödənilmiş 16727 manat pul məbləğini, cavabdeh isə birgə nikah dövründə götürülmüş kredit üzrə tərəfindən ödənilmiş 33273 manat pul məbləğini məhkəmə qaydasında tələb etmişdir. Mülki Məcəllənin: 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Ailə Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli Qərarının 3.14-cü bəndinə görə ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Məhkəmə araşdırması zamanı, eləcə də, tərəflərin etiraz və izahatlarından müəyyən edilmişdir ki, tərəflər birgə nikah dövründə olduqları müddətdə, yəni xx.xx.2022-ci il tarixdə cavabdehin adına 50000 manat miqdarda kredit götürmüşlər ki, həmin kreditin tərəflərin birgə sahibkarlıq fəaliyyətinə, ailənin ehtiyacları üçün sərf olunmuşdur. Həmin kredit müqaviləsi tərəflərin birgə nikahları dövrünə təsadüf etmişdir və bu fakt hər iki tərəfin izahatı ilə öz təsdiqini tapdığından işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında nikah xx.xx.2023-cü il tarixdə pozulduqdan sonra cavabdeh tərəfindən edilmiş 33273 manat ödəniş tərəflərin birgə nikah dövründə götürdükləri kredit müqaviləsi üzrə yaranmış borca görə ödənildiyindən cavabdehin iddiası təmin edilməli, həmin məbləğin ½ hissəsi, yəni 16636 manat hissəsi (cavabdehin tələbinə uyğun olaraq) İddiaçı tutularaq cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı cavabdeh və "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə zamin qismində çıxış etdiyini irəli sürərək tərəfindən ödənilmiş 16727 manat məbləğini tələb etmişdir. Buna baxmayaraq, zamin-borclu arasında qanunvericiliklə müəyyən edilmiş qaydalar münasibətlərdən ayrı qayda irəli gəlmədikdə (kredit vəsaitinin birgə nikah dövründə əldə edilməsi və ailənin ehtiyacları üçün (biznes məqsədli) alınmış pul vəsaiti olması) tətbiq edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 16727 manat məbləğə münasibətdə həmin məbləğ tərəflərin birgə nikah dövründə götürdükləri ümumi borc kimi qəbul edilərək iddiaçının iddiası qismən təmin edilməli, ödənilmiş 16727 məbləğin ½ hissəsi, yəni 8363.5 manat hissəsi cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızından tutularaq İddiaçı ödənilməlidir. Həmçinin birgə nikah dövründə götürülmüş öhdəliyə görə tərəflər bərabər həcmdə məsuliyyət daşıdıqları və öhdəlik nəticəsində yaranan aktivə görə bərabər hüquq qazandıqları üçün iddiaçının xx.xx.2024-cü il tarixdən qətnamə çıxarılacaq tarixə qədər ümumi borc məbləğinə 30 % illik faiz məbləğinin ödənilməsi tələbi təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır....Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür.” “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli Qərarının: 4.2-ci bəndinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərin siyahısı Ailə Məcəlləsinin 32.2-ci maddəsində göstərilmişdir: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. 4.3-cü bəndinə görə nəzərə alınmalıdır ki, bu siyahı məhdudlaşdırıcı deyil, sadalayıcı mahiyyətdədir və konkret işin hallarından asılı olaraq qanunda nəzərdə tutulan şərtlərə cavab verən digər aktivlər də ər-arvadın ümumi birgə əmlakı sayıla bilər. 4.7-ci bəndinə əsasən Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ərarvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. 6.4-cü bəndinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi onlardan birinin (və ya hər ikisinin), eləcə də ödəməni ər-arvadın ümumi əmlakında onlardan birinin payına yönəltmək istəyən kreditorun (kreditorların) tələbi ilə həyata keçirilə bilər (Ailə Məcəlləsi, 36.1-ci maddə). 6.36-cı bəndinə görə Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X9rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 141 manat dövlət rüsumunun yarısı, yəni 70.5 manat hissəsi və 350 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 70.5 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cavabdehin iddia tələbi təmin edildiyindən cavabdeh tərəfindən ödənilmiş 141 manat dövlət rüsumu və 300 manat vəkil xərci iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızından 8363.5 manat borc, 70.5 manat dövlət rüsumu və 350 manat vəkil xərci tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının İddiaçı qarşı pul tələbinə dair iddiası isə təmin edilməli, İddiaçı 16636 manat borc, 141 manat dövlət rüsumu və 300 manat vəkil xərci tutularaq cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızından 8363.5 manat borc, 70.5 manat dövlət rüsumu və 350 manat vəkil xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 70.5 manat dövlət rüsumu onun özünə aid edilsin. İddiaçının iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilsin. İddiaçı 16636 manat borc, 141 manat dövlət rüsumu və 300 manat vəkil xərci tutularaq cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar