Məhkəmə qərarları › İş №e-2(012)-1693/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1693/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1693/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İlkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil, İlkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən sahiblik hüququnun tanınması, müqavilə üzrə tamamlama işlərinin aparılmasının cavabdehə həvalə edilməsi və pulun tutulması barədə ilkin, Cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin ləğv olunması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən sahiblik hüququnun tanınması, müqavilə üzrə tamamlama işlərinin aparılmasının cavabdehə həvalə edilməsi və pulun tutulması barədə iddia ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndində inşa edilmiş evə sahiblik hüququnun tanınması, qeyd olunan inşa edilmiş evdə müqavilə üzrə tamamlama işlərinin aparılmasının Cavabdeh həvalə edilməsi və 01 noyabr 2021-ci il tarixdən evin təhvil veriləcəyi günə qədər hər ay üçün 300 manat kirayə pulunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndində inşa edilmiş evə sahiblik hüququnun tanınması, qeyd olunan inşa edilmiş evdə müqavilə üzrə tamamlama işlərinin aparılmasının Cavabdeh həvalə edilməsi, onun mübahisəli evə təmir müddətində sərbəst giriş-çıxışının təmin edilməsi və 01 noyabr 2021-ci il tarixdən evin təhvil veriləcəyi günə qədər hər ay üçün 300 manat kirayə pulunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə ilkin iddia ərizəsinin baxılmamış saxlanılması və ilkin iddia ərizəsinin ona əlavə edilən sənədlərlə birlikdə İddiaçı qaytarılması qərara alındığından hazırda məhkəmə yalnız qarşılıqlı iddia tələbini araşdırır. Cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin ləğv olunması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilə Abşeron rayonu 2 saylı Notariat Ofisində qeydə alınmışdır. Müqavilədə öz materiallarından istifadə etməklə Abşeron rayonu, Masazır kəndində faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsində inşa edilən daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profinastil, döşəməsi laminat, aboy vurulmuş, qapılar qoyulmuş, həyətinə metlax vurulmuş, sayğaclar qoyulmamış ümumi sahəsi 70 kv.m olan 3 (üç) otaqlı 1 mərtəbəli 2,6 metr kürsülü fərdi yaşayış evi tikib yaşayış üçün hazır vəziyyətdə İddiaçı təhvil verməli idi. Cavabdeh tərəf isə həmin evi qəbul edərək müqavilə üzrə müəyyən edilmiş 38000 manat məbləğin 15000 manatını müqavilə bağlandığı gün, yəni xx.xx.2021-ci il tarixdə, digər qalanını isə 2021-ci ilin sentyabr ayının sonlarında 10000 manat, yəni ümumilikdə cəmi 25000 manat ödəmişdir. Onun tərəfindən tikinti işləri başlayan zaman İddiaçı görüləcək işlərlə bağlı müqavilədə nəzərdə tutulmuş göstəricilərdən əlavə yeni layihə əsasında evin tikilərək ona təhvil verilməsi və əlavə tikililərə görə həmin işlərin müqabilində ona ödəniş ödəyəcəyini bildirərək müqavilədən kənar kürsünün hündürlüyünü 2,6 metrdən 2,8 metrə əlavə edilməsi, evin ümumi pilləkəninin “tamet” tikinti materialı ilə evin çöl hissəsindən olduğu halda, həmin pilləkənin mərmər döşəmə ilə evin içindən əlavə edilməsini, evin aşağı hissəsinə əlavə olaraq 2 ədəd plastik pəncərənin qoyulmasını, əlavə olaraq pəncərə yeri açaraq 130 kv.metr divara suvaq vurularaq rəngsaz işlərinin görülməsi, müqavilədə nəzərdə tutulmuş qaydada sanitar qovşağın (hamam-tualet) evin 2-ci mərtəbəsində olduğu halda əlavə razılaşmaya əsasən onların birinci mərtəbədə tikintisinin aparılmasına razılaşmış və aralarında olan əlavə razılaşmaya əsasən o, 7.000 manat da ödəməli idi. Aralarında olan şifahi razılaşmaya əsasən həmin sifarişlər müqavilədən kənar icra edilsə də, cavabdeh əlavə tikililərə və müqavilə üzrə razılaşdığı 38000 manat pulun 13000 manatını və əlavə razılaşma ilə tikilmiş tikililərin dəyəri olaraq 7000 manat pulu ödəməkdən boyun qaçıraraq, guya aralarında olan müqavilə tələbləri üzrə öhdəlik onun tərəfindən icra edilmədiyini və onu aldatdığını göstərərək ilk öncə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarına, sonra isə həmin qurumlarda öz tələbini sübuta yetirə bilmədikdən sonra isə məhkəməyə müraciət etmişdir. Onun tərəfindən X1 və Abşeron rayon 2 saylı Notariat Kontoruna müraciət edilərək müqavilədən kənar əlavə işlər gördüyü üçün ödənilməmiş 7.000 manat və müqavilədə nəzərdə tutulmuş 13000 manat pulun, cəmi 20.000 manat pulun ona ödənilməklə evin təhvil alınması, əks halda podrat müqaviləsinin ləğv edilməsi bildirilmişdir. Lakin cavabdeh İddiaçı müqavilədə nəzərdə tutulandan daha artıq iş gördürmüş və ona artıq pul ödəyəcəyini demişdir. O da cavabdehə inanaraq, tələb etdiyi işləri görmüşdür, gördüyü işlərin həcmi isə 7000 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan göründüyü kimi, əmlak xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. Göründüyü kimi, İddiaçı qeyd olunan əmlakla heç bir hüquqi bağlılığı olmadan, yəni subyektiv hüququ olmadığı halda o, məhkəməyə müraciət edərək həmin evə sahiblik hüququnun tanınmasını və evdə müqavilə üzrə tamamlama işlərinin aparılmasının ona həvalə edilməsini, 01 noyabr 2021-ci il tarixdən evin təhvil verilən günə qədər hər ay üçün 300 manat kirayə pulunun ondan tutulmasını tələb edir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ilə razılaşmadı və onun əsassız olduğundan rədd edilməsini xahiş etdi. O əlavə etdi ki, İddiaçı müqavilədən kənar hər hansı işlərin görülməsini Cavabdeh bildirməmişdir. Mübahisəli tikinti hazırda Cavabdeh tərəfindən satışa qoyulmuşdur və hər gün ora müştərilər gəlir. İddiaçı tərəfindən podrat müqaviləsindən əlavə heç bir sifariş verilməmişdir. Mübahisəli ev hazırki vəziyyətdə ona təhvil verilsə, tərəflər arasında heç bir mübahisə qalmayacaqdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil verdiyi izahata oxşar izahat vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. İştirak etdiyi məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 göstərmişdir ki, mübahisəli tikinti xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh istifadəsinə verdiyi 0,015 ha torpaq sahəsinin daxilində deyil, başqa ərazidə inşa edilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsi hazırda boşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı - Cavabdeh öz materiallarından istifadə etməklə Abşeron rayonu, Masazır kəndində faktiki istifadəsində olan 0,012 ha torpaq sahəsində inşa edilən daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profnastil, döşəməsi laminat, aboy vurulmuş, qapılar qoyulmuş, həyəti metlax vurulmuş, sayğaclar qoyulmamış ümumi sahəsi 70 kv.metr olan 3 otaqlı, 1 mərtəbəli, 2.6 metr kürsülü fərdi yaşayış evi tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi - İddiaçı isə həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 38000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 15000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir, 10000 manatını xx.xx.2021-ci il tarixədək, qalan 13000 manatı isə yaşayış evi təhvil verildikdən sonra hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürür. Podratçı sifariş edilmiş fərdi yaşayış evini xx.xx.2021-ci il tarixədək hazır edərək sifarişçiyə təhvil verməyi öhdəsinə götürür. - xx.xx.2022-ci il tarixli, AR-İİ 598061 saylı etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,015 ha torpaq sahəsi üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və s. səlahiyyətləri xx.xx.2032-ci ilədək Cavabdeh vasitəsilə X4 vermişdir. - xx.xx.2022-ci il tarixli müraciətdən görünür ki, Cavabdeh podrat müqaviləsində göstərilən xidmətlərdən əlavə işlər görməklə tikinti işlərini tamamladığını, əlavə işlərin 7000 manat təşkil etdiyini, müqavilə üzrə qalan 13000 manatla birlikdə cəmi 20000 manat ödəniş etməklə evi təhvil almağı, buna razı olmadığı təqdirdə müqaviləni notariat ofisində ləğv etməyi İddiaçı təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Müraciətdə İddiaçı hazırki vaxtadək ona 25000 manat ödəniş etdiyi etiraf edilir. - xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,015 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin və üzərindəki iki mərtəbəli evin birlikdə bazar dəyəri 51000 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər fərdi yaşayış evinin inşa edilməsi məqsədilə notarial qaydada təsdiq edilmiş podrat müqaviləsi bağlamışlar. Bu müqaviləyə görə podratçı - Cavabdeh öz materiallarından istifadə etməklə Abşeron rayonu, Masazır kəndində faktiki istifadəsində olan 0,012 ha torpaq sahəsində inşa edilən daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profnastil, döşəməsi laminat, aboy vurulmuş, qapılar qoyulmuş, həyəti metlax vurulmuş, sayğaclar qoyulmamış ümumi sahəsi 70 kv.metr olan 3 otaqlı, 1 mərtəbəli, 2.6 metr kürsülü fərdi yaşayış evi tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi - İddiaçı isə həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 38000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 15000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə, 10000 manatını xx.xx.2021-ci il tarixədək ödəmişdir. Qalan 13000 manat yaşayış evi təhvil verildikdən sonra hər ay 500 manat olmaqla ödənilməli idi. Podratçı sifariş edilmiş fərdi yaşayış evini xx.xx.2021-ci il tarixədək hazır edib sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 752-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 753-cü maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 754-cü maddəsinə görə əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Həmin Məcəllənin 759-cu maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760-cı maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. İş materiallarından görünür ki, podrat müqaviləsində nəzərdə tutulmuş tikili podratçı tərəfindən inşa edilmişdir. Podratçı iddia edir ki, tikinti inşa edilərkən müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə xidmətlər görmüşdür və bu xidmətlərin dəyəri 7000 manat təşkil edir. Beləliklə, müqavilədə yaşayış evi təhvil verilərkən ödənilməsi nəzərdə tutulmuş qalan 13000 manatla birlikdə sifarişçi podratçıya cəmi 20000 manat pul ödəməli və işi təhvil almalıdır. Məhkəmə iclasında İddiaçı göstərmişdir ki, o, podratçıya müqavilədəki şərtlərdən əlavə hər hansı bir xidmətin göstərilməsini bildirməmişdir. Cavabdeh isə ona sifarişçi tərəfindən 7000 manatlıq əlavə işlərin görülməsi barədə təklif verilməsinə dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində (əgər varsa) ləngimədən sifarişçiyə məlumat verməli idi, halbuki işdən görünür ki, podratçı bu qaydaya əməl etməmişdir. Mübahisəyə bu baxımdan qiymət verən məhkəmə qarşılıqlı iddianın əsassızlığı nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının podrat müqaviləsinin ləğv edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, qarşılıqlı iddia tələbini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia təmin edilmədiyindən X.Məmmədov tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin ləğv olunması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar