Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1756/2025 20.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən müqaviləyə əsasən istifadə edilmiş xidmətlərə görə təhsil haqqı-10340 manat və məhkəmə xərcləri ilə bağlı dövlət rüsumu 121,02 manat təşkil etməklə, ümumilikdə İddiaçıya 10461,02 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MTK) və Cavabdeh arasında onun övladı X2 2023/2024-cü tədris ilində MTK-da təhsil alması üçün xx.xx.2023-cü il tarixində ümumtəhsil xidmətlərinin göstərilməsi barədə 2023-9586 nömrəli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. xx.xx.2023-cü il tarixli 2023-9586 nömrəli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə Müqaviləyə (bundan sonra – müqavilə) əsasən MTK təhsil alan şagirdə, yəni Cavabdeh qızı G.X.Şabanovaya təhsil prosesini yüksək səviyyədə təşkil etməklə müqavilədə sadalanan müvafiq təhsil pilləsi və təlim modeli üzrə keyfiyyətli təhsil verməyi, onu gigiyenik tələblərə uyğun qida ilə təmin etməyi, məktəbdə təşkil olunmuş müxtəlif idman növü və müəyyən maraq dairəsi üzrə klub və dərnəklərdə onun öz seçimi ilə məşğul olmasına şərait yaratmağı və məktəbdə olduğu müddətdə onun təhlükəsizliyini təmin etməyi, Cavabdeh isə göstərilən xidmətlərə görə təhsil haqqını müqavilədə göstərilən qaydada və vaxtında ödəməyi, həmçinin müqavilədə göstərilən digər vəzifələrini yerinə yetirməyi öhdəsinə götürdü. Müqavilənin 2.2. bəndinə əsasən təhsil haqqının məbləği və ödəniş qaydası müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də əks olunur. Əlavə 1-ə əsasən G.X.Şabanovanın təhsil aldığı Beynəlxalq İbtidai bölmədə təhsil haqqının məbləği 16500 manat məbləğində müəyyən edilmişdir. Belə ki, 6160 manat məbləğində müqavilə üzrə təhsil haqqı borcunun bir hissəsi ödənilmişdir. Lakin yerdə qalan 10340 manat məbləğində təhsil haqqı borcu ödənilməmişdir. Beləliklə, müqavilə üzrə yekun təhsil haqqı borcu 10340 manat təşkil etmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq qeyd olunan yekun təhsil haqqı borcunu ödəməmişdir, lakin onun övladı müqavilədə qeyd olunan təhsil xidmətlərindən sona qədər istifadə etmişdir. 28 iyun 2024cü il tarixində müqavilənin müddəti bitmişdir və yeni 2024/2025-ci tədris ilində G.X.Şabanova MTK-da təhsilini davam etdirməmişdir. Təhsil xidmətlərinin tam olaraq sonadək göstərilməsinə və artıq müqavilənin müddəti bitməsinə baxmayaraq ödəniş valideyn tərəfindən yenə də aparılmamışdır. Müqavilənin 5.4. bəndinə əsasən müqaviləyə hər hansı səbəbdən xitam verilməsi müqaviləyə xitam verilən günədək tərəfləri bu müqavilədən irəli gələn öhdəliklərin sonadək icra etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4. maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Belə ki, müqavilənin müddətinin bitməsi Cavabdeh mövcud olan yekun təhsil haqqı borcunun ödənilməsindən azad etmir. Müqavilənin 8.1. bəndinə əsasən bu müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranan bütün mübahisələr və fikir ayrılıqları qarşılıqlı razılıqla həll olunur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə şifahi xəbərdarlıq, proqram təminatı üzrə sms və elektron poçt vasitəsilə xəbərdarlıq edilmiş, məktub göndərilmişdir. 25 İyul 2024-cü il tarixində MTK-nın maliyyə şöbəsi tərəfindən WhatsApp mobil tətbiqi üzərindən Cavabdeh qalıq təhsil haqqı borcunun ödəniş statusu ilə bağlı sual ünvanlanmış, Cavabdeh isə cavab olaraq ödənişi icra edib məlumat verəcəyini bildirsə də, yenə də tərəfindən ödəniş həyata keçirilməmişdir. 26 İyul 2024-cü il tarixində Cavabdeh 26 İyul 2024-cü il tarixli 392 nömrəli sonuncu xəbərdarlıq məktubu göndərilmiş və borcun ödənilməyəcəyi təqdirdə MTK tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. Lakin bundan sonra da təhsil haqqı borcunun ödənilməsi ilə bağlı hər hansı hərəkətlər həyata keçirilməmişdir. Cavabdeh şifahi danışıqlar üzərinə hazırda borcu ödəyə bilmək imkanının olmadığını, ona hissə-hissə ödəniş edə bilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq MTK tərəfindən 20 Noyabr 2024-cü il tarixində borcun hissəhissə ödənişi ilə bağlı öhdəlik ərizəsi hazırlanıb MTK-nın rəsmi elektron poçtu və WhatsApp mobil tətbiqi vasitəsilə Cavabdeh göndərilmiş, Cavabdeh isə 25 Noyabr 2024cü il tarixində həmin ərizəni imzalayıb elektron poçtla geri göndərmişdir. 26 Noyabr 2024cü il tarixində WhatsApp mobil tətbiqi vasitəsilə Cavabdeh mesaj yazılaraq həmin ərizənin orijinal versiyasının göndərilməsi tələb edilmişdir, Cavabdeh isə öz növbəsində orijinal versiyanı göndərəcəyini bildirsə də, göndərməmişdir. Sözügedən ərizəyə əsasən, Cavabdeh 1-ci ödənişin son möhlət tarixi 30 Dekabr 2024-cü il, 2-ci ödənişin son möhlət tarixi 14 Fevral 2025-ci il, 3-cü ödənişin son möhlət tarixi 31 Mart 2025-ci il olmaqla qalıq təhsil haqqı borcunu heç bir gecikmə olmadan 3 hissəli şəkildə ödəməyi öz öhdəsinə götürmüş, eyni zamanda ödənişlərdə hər hansı bir gecikmə olacağı təqdirdə yaranacaq məsuliyyəti daşıyacağına və MTK tərəfindən məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. 1-ci ödənişin son möhlət tarixini ötürməsinə baxmayaraq Cavabdeh yenə də təhsil haqqı borcunun ödənişinin həyata keçirilməsi üçün heç bir addım atmamışdır. Müqavilənin 8.2. bəndinə əsasən bu müqavilədən irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılıq əldə olunması mümkün olmadıqda həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müvafiq məhkəmə orqanı tərəfindən həll edilir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -"xxxx" MMC ilə təhsil alacaq X2 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, bu müqaviləyə əsasən, məktəb 2023-2024-cü tədris ili üçün şagirdin milli və beynəlxalq təlim modeli üzrə müvafiq təhsil pilləsində təhsil almasını təmin etməyi və bununla bağlı müqavilədə göstərilən bütün vəzifələri yerinə yetirməyi, valideyn isə məktəbin təqdim etdiyi təhsilin ödənişini vaxtında ödəməyi və müqavilədə göstərilən digər vəzifələrini yerinə yetirməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC tərəfindən valideyn Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilə üzrə borcunu xx.xx.2024-cü il tarixədək müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli saylı arayışdan görünür ki, 2023/2024 təhsil ili üzrə xx.xx.2023-cü il tarixə 2000 manat, xx.xx.2023-cü il tarixə 5800 manat, xx.xx.2023-cü il tarixə 2390 manat, xx.xx.2024-cü il tarixə 150 manat olmaqla, cəmi 10340 manat məbləğində borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3. maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən: 14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. "xxxx" MMC ilə təhsil alacaq X2 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə müqavilənin; 4.1.1-ci maddəsinə əsasən, valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. 2.2-ci bəndinə əsasən təhsil haqqının məbləği və ödəniş qaydası müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də əks olunur. Əlavə 1-ə əsasən G.X.Şabanovanın təhsil aldığı Beynəlxalq İbtidai bölmədə təhsil haqqının məbləği 16500 manat məbləğində müəyyən edilmişdir. 5.4. bəndinə əsasən müqaviləyə hər hansı səbəbdən xitam verilməsi müqaviləyə xitam verilən günədək tərəfləri bu müqavilədən irəli gələn öhdəliklərin sonadək icra etmək vəzifəsindən azad etmir. 8.1. bəndinə əsasən bu müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranan bütün mübahisələr və fikir ayrılıqları qarşılıqlı razılıqla həll olunur. Göründüyü kimi, pulsuz icbari ümumi orta təhsil almaq hüququ olduğu halda, özəl təhsil müəssisəsində təhsil almaq seçimini edən “təhsilalacaq” X2 valideyni Cavabdeh ilə "xxxx" MMC xx.xx.2023-cü il tarixli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə müqaviləni bağlamış, həmin müqaviləyə əsasən, məktəb 2023-2024-cü tədris ili üçün şagirdin milli və beynəlxalq təlim modeli üzrə müvafiq təhsil pilləsində təhsil almasını təmin etməyi və bununla bağlı müqavilədə göstərilən bütün vəzifələri yerinə yetirməyi, valideyn isə məktəbin təqdim etdiyi təhsilin ödənişini vaxtında ödəməyi və müqavilədə göstərilən digər vəzifələrini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Hazırki müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən, iddiaçı ümumilikdə 10340 manat məbləğində pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.4. maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan görünür ki, borc barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 10340 manat borcu yaranmışdır. Cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş, iddiaya etirazına dair hər hansı sənəd və sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, qanun tərəfin istinad etdiyi hallara dair sübutetmə vəzifəsini onun üzərinə qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 121,02 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən istifadə edilmiş xidmətlərə görə təhsil haqqı-10340 manat və məhkəmə xərcləri ilə bağlı dövlət rüsumu 121,02 manat olmaqla, ümumilikdə 10461,02 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2023-cü il tarixli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən istifadə edilmiş xidmətlərə görə təhsil haqqı-10340 (on min üç yüz qırx) manat və məhkəmə xərcləri ilə bağlı dövlət rüsumu 121,02 (yüz iyirmi bir manat iki qəpik) manat olmaqla, ümumilikdə 10461,02 (on min dörd yüz altmış bir manat iki qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1756/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1756/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver