Məhkəmə qərarları › İş №e-2(012)-1818/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1818/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1818/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 16 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.metr olan, 2 otaqlı, 43 saylı mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.metr olan, 2 otaqlı, 43 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ev tikintisi sahəsində fəaliyyət göstərən Cavabdeh MMC ünvan 1 ünvanında 14 mərtəbəli yaşayış binası inşa edir. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış və Cəmiyyətin direktoru X2 imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 16 saylı müqaviləyə əsasən cavabdeh qeyd edilən yaşayış binasının 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.m olan 2 otaqlı, 43 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 102.00 kv.m olan həmin mənzilin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti 40800 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 38720 manat, ümumi sahəsi 121 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 38720 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyəti olan tərəfdən alınacaqdır. Cavabdeh MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-ci il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.m olan 2 otaqlı, 43 saylı mənzili almaq üçün iddiaçı tərəfindən 38720 manat "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli öhdəlikdən müəyyən olunur ki ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.metr olan 2 otaqlı, 43 saylı mənzilə görə İddiaçı qalıq borcu 2080 manatdır. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 16 saylı müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən müəyyən olunur ki, Cavabdeh MMC digər təşkilatın, "xxxx" MMCnin xx.xx.2010-cu il tarixli müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyin icrasını öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kv.metr təşkil edən, 2 otaqdan ibarət 63 saylı mənzili iddiaçıya 38720 manata satmış, lakin sonradan üzərinə götürdüyü öhdəlikləri icra edə bilməmişdir. Bundan sonra, qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC, "xxxx" MMC-nin iddiaçı qarşısında olan öhdəliyinin icrasını könüllü olaraq öz üzərinə götürmüş, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə xitam verilmiş və əvəzində Cavabdeh MMC ilə hazırki müqavilə bağlanmışdır. Lakin hazırda Cavabdeh MMC xx.xx.2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən və mənzilə görə qalan pulun ödənilməsinə şərait yaratmayaraq onu qəbul etməkdən imtina edir, müqavilədə göstərilən mənzili iddiaçının istifadəsinə vermir. Baxmayaraq ki, həmin mənzilin 38720 manat dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir və müqavilə hazırda qüvvəsindədir. Ödənilməmiş məbləğ 2080 manat təşkil edir ki, mənzilin təhvil verilməsi qarşılığında qalıq məbləği iddiaçı ödəmək istəsə də, cavabdeh tərəf mənzili təhvil verməkdən və qalıq məbləği qəbul etməkdən imtina edir. Cavabdeh MMCnin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 və cavabdehin vəkilinümayəndəsi Nümayəndə2 iştirak etdikləri məhkəmə iclasında iddiaya etiraz etdilər və onun rədd olunmasını xahiş etdilər. Nümayəndə2 əlavə etdi ki, tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakının alqı-satqısı müqaviləsi olduğu üçün notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarında belə bir sənəd mövcud deyildir. Cavabdeh MMCnin vəzifəli şəxsləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrilərinin vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4,313-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə təqsirli bilinmişlər. Bu baxımdan iddiaçı ilə “Hasil MMC” arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanarkən iddiaçı tərəfindən pul vəsaitinin ödənilib-ödənilməməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə müəyyən edilmişdir. İddiaçı tərəf iddia ərizəsində pulun "xxxx" MMC ödənildiyini və daha sonra "xxxx" MMC öhdəliyi icra edə bilmədiyindən qarşılıqlı razılıq əsasında onun öhdəliyinin Cavabdeh MMC tərəfindən yerinə yetiriləcəyi barədə öhdəlik götürülməsini qeyd etmişdir. Lakin bu faktı təsdiq edən hər hansı sübut mövcud deyil. Bundan başqa, iddiaçı ərizəsinə əlavə etdiyi xx.xx.2011-ci il tarixli öhdəlik sənədində qalıq borcun 6 ay müddətində icra ediləcəyini qeyd etməsinə baxmayaraq, həmin borcun da iddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sübutu iş materiallarına əlavə etməmişdir. Həmçinin müqavilədə nəzərdə tutulmuş bina istismara qəbul edilməyib. İddiaçı hazırki tələb üzrə iddia müddətini də ötürüb. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kv.metr təşkil edən, 2 otaqdan ibarət 63 saylı mənzili 38720 manat ödəmək şərtilə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. - xx.xx.2010-cu il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı ilkin ödəniş kimi 38720 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 16 saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.metr olan 2 otaqlı, 43 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 102 kv.metr olan həmin mənzilin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti 40800 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 38720 manat, ümumi sahəsi 121 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 38720 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. - xx.xx.2011-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.metr olan 2 otaqlı, 43 saylı mənzilin alınması üçün 38720 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. - xx.xx.2011-ci il tarixli öhdəlikdən görünür ki, Cavabdeh MMC İddiaçı ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.metr olan 2 otaqlı, 43 saylı mənzili 40800 manata satmış, bunun 38720 manatı ödənilmiş, 2080 manatı isə 6 ay müddətinə aylıq ödəniş 347 manat olmaqla ödəniləcəkdir. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən İddiaçı adına rəsmiləşdirilmiş 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 102 kv.metr ölçüdə olan, 2 otaqlı 43 saylı mənzil və Rəsul-zadə Gülnarə Danil qızının adına rəsmiləşdirilmiş 2-ci blok, 14-ci mərtəbə, ümumi sahəsi 55,68 kv.metr ölçüdə olan, 1 otaqlı 75 saylı, bundan başqa 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 68,55 kv.metr ölçüdə olan, 1 otaqlı 77 saylı mənzillərin ikili satış əsasında başqa şəxslərə satılması ilə bağlı heç bir müraciət daxil olmamışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilmiş yaşayış binasının (blok A, B, C) tikinti layihəsi 2019-cu ildə ekspertizaya təqdim edilmiş, ekspertizanın keçirilməsi üçün bağlanmış müqavilə şərtlərinə əməl edilmədiyi üçün aşkarlanmış iradlar sifarişçiyə təqdim edilməmiş və layihənin ekspertizasının aparılması işləri Agentlik tərəfindən dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kv.metr təşkil edən, 2 otaqdan ibarət 63 saylı mənzili 38720 manat ödəmək şərtilə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı ilkin ödəniş kimi 38720 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. Bu müqavilənin mahiyyətindən görünür ki, onun tərəfləri arasında podrat münasibətləri yaranmışdır. Lakin sonradan müəyyən problemlər yaranmış və həmin müqavilə üzrə öhdəliklər Cavabdeh MMC-yə ötürülmüşdür. Bundan sonra isə Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli, 16 saylı müqavilə bağlanmış, Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.metr olan 2 otaqlı, 43 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 102 kv.metr olan həmin mənzilin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti 40800 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 38720 manat, ümumi sahəsi 121 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 38720 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. Bu müqavilənin mahiyyətindən isə görünür ki, alqı-satqı barədə əqd adlandırılsa da, notarial qaydada təsdiq edilmədiyindən, əslində tərəflər arasında daşınmaz əmlakla bağlı ilkin müqavilə barədə münasibətlər yaranmışdır. İş materiallarından görünür ki, mübahisəli mənzilin 40800 manat dəyərinin 38720 manat hissəsi "xxxx" MMC-yə ödənilmiş və qalan 2080 manatı isə 6 ay müddətinə (xx.xx.2012-ci ilədək) aylıq ödəniş 347 manat olmaqla alıcı tərəfindən satıcı Cavabdeh MMC-yə ödəniləcəkdir. Lakin iş materiallarında həmin məbləğin Cavabdeh MMC-yə ödənilməsini təsdiq edən mötəbər sübut yoxdur. Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Həmin Məcəllənin 770-1.1-ci maddəsinə görə tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər: 1. bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilmişdirsə; 2. daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılmışdırsa. Həmin Məcəllənin 770-1.2-ci maddəsinə görə bu Məcəllənin 770-1.1-ci maddəsində müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir. İşdən görünür ki, alqı-satqı predmetini təşkil edən mənzil (daşınmaz əmlak) dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də xx.xx.2011-ci il tarixli, 16 saylı müqavilə notarial qaydada təsdiq edilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi mütləq qaydada notarial qaydada təsdiq edilməlidir. Tərəflər xx.xx.2011-ci il tarixli, 16 saylı müqavilə ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Alıcı kimi İddiaçı mübahisəli mənzilə görə qalıq qalmış 2080 manat vəsaiti 6 ay ərzində ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, əqdin predmetini təşkil edən mənzil (bina) hələ istismara qəbul edilməmiş, bununla da dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, iddiaçının xx.xx.2011-ci il tarixli, 16 saylı müqaviləyə istinad edərək Cavabdeh MMC-dən mənzil tələb etməsi əsassızdır və təmin edilə bilməz. Dəyəri tam ödənilməmiş və hələ istismara qəbul edilməmiş mənzilin bu qaydada, yəni alqı-satqı müqaviləsinə istinad edilərək tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Bundan başqa, işdən görünür ki, cavabdehin nümayəndəsi mübahisə üzrə iddia müddətinin ötürülməsini qeyd etmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mənzillə bağlı münasibətlər xx.xx.2011-ci il tarixdə yaranmışdır. Bu müqavilədə müddət (binanın inşa edilməsi və mənzilin təhvil verilməsi) göstərilməmişdir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum müqavilə üzrə mənzilin təhvil verilməsinə dair iddianın tələbetmə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmuş, lakin bağlanmış müqavilədə müddət müəyyən edilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı həmin müqavilədə müəyyən edilmiş mənzili Cavabdeh MMC-dən almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında mənzilin tam dəyərini MMC-yə ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. O, müqavilə əsasında MMC-dən müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun bütün dəyərini ödəməli olmasına dair vəzifəsini, habelə Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini təqdim etmək öhdəliyini ağlabatan müddətdə (yəni 3 il ərzində) tam yerinə yetirməmişdir. Ağlabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin icra müddətinin ağlabatanlığının 3 il (xx.xx.2014-cü il) olması nəzərə alınarsa, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2017-ci il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni qeyd edilən müqavilə üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə ("xxxx" MMC-yə) qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar