Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1830/2024 30.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin vəkilinümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, maneələrin aradan qaldırılması tələbinə dair ilkin, Cavabdeh1 MMC-nin İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə İddiaçıarasında bağlanmış xx.xx.2011-ci il tarixli, 14 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61.67 kv.m olan, 1 otaqlı, 12 saylımənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61.67 kv.m olan, 1 otaqlı, 12 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ev tikintisi sahəsində fəaliyyət göstərən Cavabdeh1 MMC ünvan 1 ünvanında 14 mərtəbəli yaşayış binası inşa edir. Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış və cəmiyyətin direktoru X2 imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 14 saylı müqaviləyə əsasən cavabdeh qeyd edilən yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61.67 kv.m olan 1 otaqlı, 12 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 61.67 kv.m olan həmin mənzilin bir kv.m-nin dəyəri 370 manat müəyyən edilməklə ümumisatış qiyməti 22818 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 23200 manat təşkil edən, ümumi sahəsi 66.24 kv.m təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 20000 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən ödəniləcəkdir. Müqavilənin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir. Cavabdeh1 MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-ci il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61.67 kv.m olan 1 otaqlı, 12 saylı mənzili almaq üçün iddiaçı tərəfindən 20000 manat "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh1 MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli Öhdəlikdən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61.67 kv.m olan 1 otaqlı, 12 saylı mənzilə görə İddiaçı qalıq borcu 2818 manatdır. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 14 saylı müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən müəyyən olunur ki, Cavabdeh1 MMC digər təşkilatın, "xxxx" MMC-nin xx.xx.2010-ci il tarixli müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyin icrasını öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2010-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 66.24 kv.m təşkiledən, 2 otaqdan ibarət 63 saylımənzili iddiaçıya 23200 manata satmış, lakin sonradan üzərinə götürdüyü öhdəlikləri icra edə bilməmişdir. Bundan sonra qarşılıqlı razılaşma əsasında Cavabdeh1 MMC, "xxxx" MMC-nin iddiaçı qarşısında olan öhdəliyinin icrasını könüllü olaraq öz üzərinə götürmüş, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə xitam verilmiş və əvəzində Cavabdeh1 MMC ilə hazırki müqavilə bağlanmışdır. Lakin hazırda Cavabdeh1 MMC xx.xx.2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən və mənzilə görə qalan pulun ödənilməsinə şərait yaratmayaraq onu qəbul etməkdən imtina edir, müqavilədə göstərilən mənzili iddiaçının istifadəsinə vermir. Baxmayaraq ki, həmin mənzilin 20000 manat dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və müqavilə hazırda qüvvəsindədir. Ödənilməmiş məbləğ 2818 manat təşkil edir, mənzilin təhvil verilməsi qarşılığında qalıq məbləği iddiaçı ödəmək istəsə də cavabdeh tərəf mənzili təhvil verməkdən və qalıq məbləği qəbul etməkdən imtina edir.Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh2 MMC isə İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarılması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2011-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin alqı satqı müqaviləsinin 1.1.-ci maddəsinə əsasən satıcı mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüş qarşılığında isə alıcı onun dəyərini (Xəmsə MMC-dən qalan) 24 ay müddətində satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. Lakin iddiaçı alqı satqı müqaviləsinin 2.2.3-cü maddəsinə əsasən "xxxx" MMC-yə ödənilmiş 20000 manat məbləğdən başqa qarşılıqlı razılaşma əsasında əvəzləşdirilmə nəticəsində yerdə qalan fərqi (2818 manat) vaxtında cavabdehə ödəməmişdir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi bağlanmış müqavilə daşınmaz əmlakının alqı satqısı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarında belə bir sənəd mövcud deyil. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə əhəmiyətsiz olduğu üçün bağlandığı andan etibarsızdır. Yəni bu müqavilənin etibarsızlığı üçün onun mübahisələndirilməsinə heç bir hüquqi cəhd göstərilməsinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1ci maddəsinin mətninə görə “Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir”. Hazırkı iş materiallarına əlavə edilmiş müqavilədən və “öhdəlik”dən görünür ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə notairat qaydada bağlanmalı olduğu halda iddiaçı fiziki şəxslə cavabdeh hüquqi şəxs bu müqaviləni adi yazılı qaydada bağlamışıdır. Əgər cavabdeh təşkilatın təşkilati-hüquqi forması MTK (mənzil tikinti kooperativi) formasında olsa idi, bu zaman MTK ilə iddiaçı arasında adi müqavilə və üzvlüyə qəbulla bağlı protokol hüquqi cəhətdən məqbul hesab edilə bilərdi. Çünki Müki Məcəllə məhz MTK-lar üçün üzvlüyə qəbul ilə bağlı prosedur müəyyən etməklə, pay haqqının ödənilməsi və üzvlüyə qəbulla bağlı MTK-nın payçılarının protokolunun mənzil üzərində mülkiyyət hüququnun (pay haqqı ödənildiyi anda sahiblik və istifadə hüququnun, reyestrdə qeydiyyata alındığı anda isə sərəncam hüququnun) yaranmasının hüquqi əsası kimi müəyyən edir. Lakin MMC formasında hüquqi şəxslər öz balanslarında olan əmlakı adi müqavilə ilə deyil, notairat qaydada alqı-satqı bağlamaq yolu ilə özgəninkiləşdirə bilərlər. Bunun üçün onlar öncə həmin mənzil üzərində mülkiyyət hüquqlarını Məhdud Məsuliyyətli Cəmiyyət olaraq daşınmaz əmlakın dövlət reyestində qeydiyyata aldırmalı daha sonra isə onun üzərində sərəncam verərək satmalıdırlar. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh əmlakın üzərində öz mülkiyyət hüququnu qeydiyyat aldırmamış, yəni əmlak üzərində faktiki və hüquqi olaraq mülkiyət hüququ yaranmamış ona sərəncam vermişdir və sərəncam hüququ notairat qaydada reallaşdırılmamışdır. Bu halda müqavilə bağlandığı andan, mübahisələndirilib mübahisələndirilməsindən asılı olmayaraq əhəmiyətsiz olduğu üçün etibarsızdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddi üzrə cavabdehin vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbinə etiraz edərək, onun rədd olunmasını xahiş etdi. O, qarşılıqlı iddia tələbini müdafiə edərək, Nümayəndə2 əlavə etdi ki, tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakının alqı-satqısı müqaviləsi olduğu üçün notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarında belə bir sənəd mövcud deyildir. Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrilərinin vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4,313cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə təqsirli bilinmişlər. Bu baxımdan iddiaçı ilə “Hasil MMC” arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanarkən iddiaçı tərəfindən pul vəsaitinin ödənilib-ödənilməməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)- 132/2021 nömrəli hökmü ilə müəyyən edilmişdir. İddiaçı tərəf iddia ərizəsində pulun "xxxx" MMC ödənildiyini və daha sonra "xxxx" MMC öhdəliyi icra edə bilmədiyindən qarşılıqlı razılıq əsasında onun öhdəliyinin Cavabdeh1 MMC tərəfindən yerinə yetiriləcəyi barədə öhdəlik götürülməsini qeyd etmişdir. Müqavilənin 2.2.3-cü bəndinə görə mənzillərin əvəzlənməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan şəxs tərəfdən ödəniləcək. Müqavilənin əlavəsi olan xx.xx.2011-ci il tarixli “öhdəlik”ə əsasən qalan 8862 manat pulun 18 ay müddətində ödənilməsi nəzərdə tutulur. Lakin müqavilənin və öhdəliyin tələblərinə əsasən borcun 18 ay ərzində ödənilməsi öhdəliyi Alıcının (iddiaçının) üzərinə qoyulmasına və bu müddətin xx.xx.2013-cü il tarixdə bitməsinə baxmayaraq, iddiaçı bu öhdəliyi pozmuş və həmin tarixədək ödəniş etməmişdir. İddiaçı iddia ərizəsində güya ödəniş aparmaq üçün cavabdeh təşkilat tərəfindən şəraitin yaradılmadığını bildirsə də, əslində bunlar müdafiə xarakterli bəhanələr olmaqla, heç bir sübutla təsdiqini tapmır. Belə ki, əgər həqiqətən də iddiaçıya bu cür maneçilik törədilmiş olsa idi, o indi iddia qaldırdığı kimi 2013-cü ildə də iddia qaldıra bilərdi. Həmçinin müqavilədə nəzərdə tutulmuş bina istismara qəbul edilməyib. İddiaçı hazırki tələb üzrə iddia müddətini də ötürüb. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 14 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,67 kv.metr olan 1 otaqlı, 12 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 61,67 kv.metr olan həmin mənzilin bir kv.metrinin dəyəri 370 manat müəyyən edilməklə ümumi satış qiyməti 22818 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 23200 manat, ümumi sahəsi 66,24 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 20000 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. - xx.xx.2011-ci il tarixli Cavabdeh1 MMC-nin kassa mədaxil orderindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,67 kv.metr olan 12 saylı mənzilin alınması üçün 20000 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. - xx.xx.2011-ci il tarixli öhdəlikdən görünür ki, Cavabdeh1 MMC İddiaçı ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,67 kv.metr olan 1 otaqlı, 12 saylı mənzili 22818 manata satmış, bunun 20000 manatı ödənilmiş, 2818 manatı isə 24 ay müddətinə aylıq ödəniş 117 manat olmaqla ödəniləcəkdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarxili məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 (VÖEN **********) Cavabdeh1 (VÖEN **********) ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və "xxxx" MMC-nin hüquqi varisidir. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61.67 m2 ölçüdə olan, 1 otaqlı 12 saylı mənzili İddiaçı Şixəli qızından başqa digər şəxslərə satılmamışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilmiş yaşayış binasının (blok A, B, C) tikinti layihəsi 2019-cu ildə ekspertizaya təqdim edilmiş, ekspertizanın keçirilməsi üçün bağlanmış müqavilə şərtlərinə əməl edilmədiyi üçün aşkarlanmış iradlar sifarişçiyə təqdim edilməmiş və layihənin ekspertizasının aparılması işləri Agentlik tərəfindən dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli, 14 saylı müqavilə bağlanmış, Cavabdeh1 MMC ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,67 kv.metr olan 1 otaqlı, 12 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1ci bəndinə əsasən ümumi sahəsi 61,67 kv.metr olan həmin mənzilin bir kv.metrinin dəyəri 370 manat müəyyən edilməklə ümumi satış qiyməti 22818 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 23200 manat, ümumi sahəsi 66,24 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 20000 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. Bu müqavilənin mahiyyətindən isə görünür ki, alqı-satqı barədə əqd adlandırılsa da, notarial qaydada təsdiq edilmədiyindən, əslində tərəflər arasında daşınmaz əmlakla bağlı ilkin müqavilə barədə münasibətlər yaranmışdır. İş materiallarından görünür ki, mübahisəli mənzilin 22818 manat dəyərinin 20000 manat hissəsi "xxxx" MMC-yə ödənilmiş və qalan 2818 manatı isə 24 ay müddətinə (xx.xx.2013-cü ilədək) aylıq ödəniş 117 manat olmaqla alıcı tərəfindən satıcı Cavabdeh1 MMC-yə ödəniləcəkdir. İş materiallarında alıcı tərəfindən qalan 2818 manatın Cavabdeh1 MMC-yə ödənilməsini təsdiq edən mötəbər sübut yoxdur. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Həmin Məcəllənin 770-1.1-ci maddəsinə görə tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər: 1. bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilmişdirsə; 2. daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılmışdırsa. Həmin Məcəllənin 770-1.2-ci maddəsinə görə bu Məcəllənin 770-1.1-ci maddəsində müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir. İşdən görünür ki, alqı-satqı predmetini təşkil edən mənzil (daşınmaz əmlak) dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də xx.xx.2011-ci il tarixli, 14 saylı müqavilə notarial qaydada təsdiq edilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi mütləq qaydada notarial qaydada təsdiq edilməlidir. Tərəflər xx.xx.2011-ci il tarixli, 14 saylı müqavilə ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Alıcı kimi İddiaçı mübahisəli mənzilə görə qalıq qalmış 2818 manat vəsaiti 24 ay ərzində ödəməyi öhdəsinə götürsə də, bu məbləğdən ödəniş etməmiş, bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, əqdin predmetini təşkil edən mənzil (bina) hələ istismara qəbul edilməmiş, bununla da dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, iddiaçının xx.xx.2011-ci il tarixli, 14 saylı müqaviləyə istinad edərək Cavabdeh1 MMC-dən mənzil tələb etməsi əsassızdır və təmin edilə bilməz. Dəyəri tam ödənilməmiş və hələ istismara qəbul edilməmiş mənzilin bu qaydada, yəni alqı-satqı müqaviləsinə istinad edilərək tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Bundan başqa, işdən görünür ki, cavabdehin nümayəndəsi mübahisə üzrə iddia müddətinin ötürülməsini qeyd etmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mənzillə bağlı münasibətlər xx.xx.2011-ci il tarixdə yaranmışdır. Bu müqavilədə müddət (binanın inşa edilməsi və mənzilin təhvil verilməsi) göstərilməmişdir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum müqavilə üzrə mənzilin təhvil verilməsinə dair iddianın tələbetmə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmuş, lakin bağlanmış müqavilədə müddət müəyyən edilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı həmin müqavilədə müəyyən edilmiş mənzili Cavabdeh1 MMC-dən almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında mənzilin tam dəyərini MMC-yə ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. O, müqavilə əsasında MMC-dən müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun bütün dəyərini ödəməli olmasına dair vəzifəsini, habelə Cavabdeh1 MMC müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini təqdim etmək öhdəliyini ağlabatan müddətdə (yəni 3 il ərzində) tam yerinə yetirməmişdir. Ağlabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin icra müddətinin ağlabatanlığının 3 il (xx.xx.2014-cü il) olması nəzərə alınarsa, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2017-ci il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni qeyd edilən müqavilə üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, tələbinin hüquqi əsaslarını sübut edə bilməmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Bundan başqa, işdən görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddəti də ötürmüşdür. Belə ki, işdən görünür ki, məlum alqı-satqı müqaviləsi xx.xx.2011-ci il tarxdə bağlanmış, iddiaçının isə bu müqavilədən bağlandığı gündən məlumatı olmuşdur. Hazırki iddia isə xx.xx.2024-cü il tarixdə qaldırıldığına görə "xxxx" MMC əqdin etibarsızlığı barədə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürmüşdür və istənilən halda qarşılıqlı iddia rədd olunmalıdır. Hazırda qüvvədə olan mülki qanunvericiliyə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu müddətin tətbiqi edilməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, hər iki iddia tələbini əsassız sayır və onların təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 MMC-yə) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, maneələrin aradan qaldırılması barədə ilkin iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh2 MMC-nin İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1830/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1830/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver