Məhkəmə qərarları › İş №e-2(012)-1838/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1838/2024

07.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1838/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbinin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Xızı Regional Təhsil İdarəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə 07 may 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1xli, 263 saylı əmrinin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Masazır kənd 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1xli, 263 saylı əmrinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Masazır kənd 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi, Masazır kənd 4 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin İddiaçı üzr istəməsi və mənəvi ziyan olaraq iddiaçıya 10000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Masazır kənd 4 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Direktorun qanunsuz təsiri nəticəsində 01 dekabr 2023-cü il tarixdə işdən çıxma barədə ərizə yazmışdır. Direktor ona bildirmişdir ki, işdən çıxma barədə ərizə yazmasa, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxaracaqdır. O, 01 dekabr 2023-cü il tarixdən sonra dəfələrlə 1 aylıq xəbərdarlıq müddətində məktəbə ərizə ünvanlayaraq ərizənin ləğv edilməsini və işə qayıtmaq istəməsini ifadə etsə də nəticəsi olmamışdır. Məktəb bildirmişdir ki, 01 dekabr 2024-cü il tarixdə 263 nömrəli əmrlə o, artıq işdən azad edilmişdir. Lakin qanunvericiliyə əsasən onun ərizə yazdığı gündən 1 aylıq xəbərdarlıq müddəti gözlənilməli idi. Çünki o, ərizəsində işdən azad edilmə tarixini qeyd etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı işdən çıxma barədə ərizə verərkən hansı tarixdən işdən azad edilməsini qeyd etməmişdir. Ərizənin tarixi kimi qeyd edilən tarixi isə cavabdeh tərəf işdən çıxma barədə əmrin verilməsinin xahiş edilməsi tarixi kimi pərdələmək istəyir. Lakin həmin ərizənin oxunulması tarixin ərizənin yazılma tarixinin olmasını müəyyən etməyə kifayətdir. Hazırkı mübahisənin əmrin ləğv edilməsi hissəsinə münasibətdə tətbiq edilməli tək maddi hüquq norması AR Əmək Məcəlləsinin 69-cu maddəsidir. Təkcə həmin maddənin tələblərini diqqətli şəkildə gözdən keçirmək iddianın həmin hissəsinə düzgün qiymət vermək üçün kifayətdir. Məhkəmə təqdim edilən Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-3624/2023 saylı qərarında Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsaslanmış və iddiaçının tələbi ilə eyni məzmunlu tələbin təmin edilməsi barədə qətnaməni dəyişdirilmədən saxlamışdır. Həmin qərardan görünür ki, İddiaçı cavabdeh Ağdam Rayon X2 hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 26 iyul 2022-ci il tarixli, 1116-K nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Publik hüquqi şəxsin aptek şöbəsində əczaçı işləmişdir. İddiaçı yaşayış yerini dəyişməmiş, buna baxmayaraq xəstəxananın rəhbərliyi onun guya yaşayış yerini dəyişmək arzusundan öz xahişi ilə işindən azad olması barədə əmr vermişdir. Belə ki, iddiaçı 17 may 2022-ci il tarixdə xəstəxananın direktorunun qanunsuz hərəkətlərindən Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etmiş, ondan qeyd edilən şikayətlə bağlı inkaredici izahat yazmasını, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyi bildirilmişdir. Göründüyü kimi tamamilə eyni mahiyyətli mübahisəyə Ağdam Rayon Məhkəməsində baxılmış, Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(013)-209/2023 sayı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılmış, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(104)- 1159/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon X2 hüquqi şəxsinin 26 iyul 2022-ci il tarixli, 1116-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçı xəstəxananın Aptek Bölməsinin əczaçısı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə olan əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3624/2023 saylı qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(104)- 1159/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki mübahisə ilə tamamilə eyni məzmunlu mübahisəyə məhkəmə təcrübəsinin formalaşdırmaq səlahiyyəti olan Ali Məhkəmə tərəfindən baxılmış və iddiaçının təmin edilməsinin qanuni hesab edilməsi qərara alınmışdır. Ali Məhkəməsinin sözügedən qərarı onunla əsaslandırılmışdır ki, belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin dispozisiya şərtlərindən müəyyən olunur ki, işçi əmək münasibətlərinə xitam verilməsini xahiş etdikdə, işəgötürən buna dair əmri yalnız bir aylıq xəbərdarlıq müddətini gözləməklə qəbul edə bilər. Bu müddətdə işçi ərizəsini geri götürmək və əmək münasibətlərini davam etdirməsini tələb etmək hüququna malikdir (onun vəzifəsinə yeni işçinin götürülməsi barədə rəsmi xəbərdarlıq edildiyi hal istisna olmaqla). Lakin qanunda nəzərdə tutulan xüsusi hallarda (Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsi) əmək münasibətlərinə işçinin konkret göstərdiyi tarixdən xitam verilməsi mümkündür. Hər bir halda, Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü qeyd etməli, əks halda xəbərdarlıq müddəti gözlənilməlidir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 26 iyul 2022-ci il tarixdə ərizə yazsa da həmin ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi konkret tarixi qeyd etməmişdir. Ərizənin tarixi isə Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin məqsədinə görə işçinin əmək münasibətlərini dayandırmaq istədiyi gün kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilat qanunla müəyyən olunan xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edə bilməzdi. Belə ki, bununla işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində təsbit olunmuş ərizəsini geri götürmək hüququ pozulmuşdur. Göründüyü kimi Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi hallardan başqa işçi ərizəsində tarix göstərmədiyi halda xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş əmr qanunsuz əmrdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, hazırda məktəbin direktoru dəyişmişdir və indi direktor işləyən şəxs məhkəmə qərarına hörmətlə yanaşaraq iddiaçının işdən çıxarılmasının qanunsuz olduğu halda və qanuna əsasən işə bərpa edilməli olduğu halda iddiaçının işə bərpa edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçının müraciəti əsasında nümayəndəsi olduğu idarədə də araşdırma aparılmış, iddiaçı ərizəsində məktəbdə müəllim kimi qalıb işləməsi fikrini ifadə etmədiyinə görə onun müəllim kimi işləməsi mümkün olmamışdır. Ərizə də isə tarix yazdığına görə məktəbin direktoru tərəfindən onun həmin gün işdən azad edilməsi barədə əmr verilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəsindən görünür ki, o, Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Faiq Xosrovluya ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar onun təlimtərbiyə işləri üzrə müavinlikdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 263 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə müavini İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən öz ərizəsinə əsasən əmək müqaviləsi xitam verilməsi və sonuncu haqqhesabın ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrin surətlərindən görünür ki, İddiaçı cavabdeh məktəbə 2023-cü ilin dekabr ayı ərzində dəfələrlə ərizələr ünvanlaraq ərizənin ləğv edilməsini və tutduğu vəzifəyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı 01 dekabr 2023-cü il tarixdə işdən azad edilməsi barədə ərizə yazmış, ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini qeyd etməmiş, Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 263 nömrəli əmri ilə ərizəni yazdığı tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsaslanmaqla işdən çıxarılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 01 dekabr 2023-cü il tarixdə ərizə yazsa da həmin ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi konkret tarixi qeyd etməmişdir. Ərizənin tarixi isə Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin məqsədinə görə işçinin əmək münasibətlərini dayandırmaq istədiyi gün kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmənin qənaətinə görə cavabdeh təşkilat qanunla müəyyən olunan xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edə bilməzdi. Belə ki, bununla işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində təsbit olunmuş ərizəsini geri götürmək hüququ pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Masazır kənd 4 nömrəli tam orta məktəbin 01 dekabr 2023-cü il tarixli, 263 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Masazır kənd 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarım pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə həmçinin iddia tələbinin Masazır kənd 4 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin İddiaçı üzr istəməsi və mənəvi ziyan olaraq iddiaçıya 10000 manat məbləğində pulun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu hissələrin təmin olunmasının əsasları ilə bağlı sübutlar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masazır kənd 4 nömrəli tam orta məktəbin 01 dekabr 2023-cü il tarixli, 263 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Masazır kənd 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilsin. İddia tələbi Masazır kənd 4 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin İddiaçı üzr istəməsi və mənəvi ziyan olaraq iddiaçıya 10000 manat məbləğində pulun ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar