Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1858/2023 06.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «X2 Azərbaycan» QSC Cavabdeh qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh «X2 Azərbaycan» QSC-nin xeyrinə 40.95 manat maddi zərərin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2015-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmiş, bu səbəbdən də, borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2887/2020 saylı qətnaməsi çıxarılmışdır. Nəticədə, iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən, məhkəmə qərarı üzrə borcun tələb edilməsini həmin MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində, cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ödənilən 350 manat və xx.xx.2021-ci il tarixdə ödənilən 11.02 manat vəsait MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən MMC-yə 54.15 manat xidmət haqqı ödənilmişdir. “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən, yerinə yetirmiş olduğu xidmətlərə görə MMC-yə cavabdeh tərəfindən banka ödənilmiş hər məbləğin 15% həcmində, yəni, ümumilikdə, 54.15 manat xidmət haqqı ödəmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -Borcverən “X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, bank borcalana 60 ay müddətinə 1200 manat məbləğində kredit kart limitini ayırmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(012)-2887/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehdən 92.13 manat əsas, 9.06 manat faiz, 223.83 manat cərimə, 4 manat poçt xərci olmaqla, cəmi 331.02 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. -"xxxx" MMC ilə “X2 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, hazırki müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən, istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən, bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul borclarının yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s) yığılmasından cəmi 15 faiz nisbətində hüquqi xidmət (vəkillik) haqqı ödəyəcəkdir. -"xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarından və təhviltəslim aktlarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2(012)-2887/2020 saylı qətnaməsi icra edilərək bankın xeyrinə borcun tutulmasına dair tələb icra edilərək xidmət haqqı QSC tərəfindən icra edilərək təhvil alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi, borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı “X2 Azərbaycan” QSC ilə kredit müqaviləsi bağlayaraq həmin müqavilə üzrə borcun qaytarılması öhdəliyini öz üzərinə götürmüş cavabdeh öhdəliklərini icra etmədiyindən barəsində borcun tutulmasına dair Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(012)-2887/2020 saylı qətnaməsi qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 14.4. maddəsinə əsasən, işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Mülki iş materiallarına əlavə olunmuş hüquqi xidmət haqqında müqavilədən görünür ki, iddiaçı “X2 Azərbaycan” QSC kredit müqaviləsi üzrə borcun həmin müqavilə tərəfindən qaytarılmasının təmin edilməsi müqabilində hüquqi yardımın göstərilməsi ilə bağlı "xxxx" MMC ilə xx.xx.2016-cı il tarixdə müqavilə bağlamış və həmin müqaviləyə əsasən, MMCnin məhkəmə qətnaməsi əsasında borcun ödənilməsi tələbi icra edilərək həmin öhdəlik qarşılığında MMC-yə xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Nəticədə, hazırki iş üzrə cavabdehin bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası hüquqi yardım göstərən "xxxx" MMC-nin vasitəsilə təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 121.1 maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı “X2 Azərbaycan” QSC məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədilə müstəqil şəkildə hüquqi yardım göstərən şirkətlə müqavilə bağlamış və həmin müqavilədən irəli gələn şərtlər əsasında məhkəmə qətnaməsi ilə öhdəlik icra edildiyi təqdirdə xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. “Hüquqi yardım göstərilməsi barədə” müqaviləyə uyğun olaraq xidmət haqqı iddiaçı tərəfindən şirkətə ödənilmiş və hazırda, iddiaçı həmin pul vəsaitinin cavabdehdən müştərək qaydada tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin: 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə “İcra haqqında” Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 44.1.2.-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının icrasını təmin edən məcburi icra orqanları İcra şöbələridir və məhkəmə aktlarının məcburi icrası da məhz icra məmurları tərəfindən həyata keçirilir. “İcra məmurları haqqında Azərbaycan Respublikası Qanunu”nun 11-ci maddəsinə əsasən, məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir. “İcra haqqında” Qanunun: 4.1. maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. 4.2. maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. 4.3. maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. Qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə qərarlarının icrasının başqa qurumlar, vəzifəli şəxslər, fiziki və ya hüquqi şəxslər tərəfindən icra edilməsinin mümkünlüyü istisna edilməsə də, məhkəmə qərarlarının həmin subyektlər tərəfindən icra edilməsi təcrübəsinə, eyni zamanda, onların bu sahə üzrə səlahiyyətini təsdiq edən Qaydalara rast gəlinmir. Bu səbəbdən də, məhkəmə, məhkəmə orqanları tərəfindən qəbul edilən aktların məhz məcburi icra orqanları, başqa sözlə, dövlət tərəfindən tanınmış, səlahiyyəti qanunvericiliklə rəsmiləşdirilmiş - aidiyyəti İcra və Probasiya şöbələri tərəfindən icra edilməsinin mümkünlüyünün nəzərdə tutulması qənaətinə gəlir. Bundan savayı, məhkəmə təcrübəsində tələbkarların məhkəmə aktlarının icrası ilə bağlı hüquqi yardımın göstərilməsinə dair aidiyyəti qurumlara müraciət etməsi nəticəsində göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitləri həmin icra sənədləri üzrə borcluların maddi cəhətdən əlavə yüklənməsinə də səbəb olur ki, bu da qanunla yolverilməzdir. Beləliklə də, ərizədə göstərilən hallara dair iddiaçı tərəfindən mötəbər sübutlar təqdim olunmadığından ərizə əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş materiallarından görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ərizə rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1858/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1858/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver