Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1922/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildə istifadə hüququna xitam verilməsi, qeydiyyat hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildə istifadə hüququna xitam verilməsi, qeydiyyat hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evi üzrə qeydiyyat hüququnun ləğv edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2019-cu il tarixli, 2019/00523 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% faiz hesablanmaq şərti ilə 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə təqdim etmiş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan ona qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3812/2019 nömrəli, 29 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilmə, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3812/2019 nömrəli, 29 dekabr 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə təklif edilmişdir. “X1 Mərkəzi” MMC ilə "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və hərracın nəticələri haqqında yekun protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İpoteka predmeti olan əmlakın "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hal-hazırda da ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, o, yalnışlıq nəticəsində ünvan 1 ünvanında qeydiyyatdadır. Onun sözügedən mübahisəli evdə qeydiyyatı formal xarakater daşıyır. Bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, o hərracın nəticələrinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bununla bağlı sənədləri təqdim edəcəkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(012)-1922/2021 saylı qərardadı ilə iddia tələbinin “Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 həmin fərdi yaşayış evi üzrə qeydiyyat hüququnun ləğv edilməsi” hissəsi üzrə iş ümumi məhkəmədə baxılmalı olmadığından həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 08.12.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81 kv.m olan 35 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" BOKT MMC-dir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü, 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh əvvəlki mülkiyyətçidir,alqı-satqı müqaviləsi əsasında hazirda mənzilin mülkiyyətçisi iddiaçıdır, mənzildən istifadə ilə bağlı tərəflər arasında hər hansı razılaşma mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81 kv.m olan 35 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməlidir. İddia tələbi “Cavabdeh1 ünvan 1 ünvanı üzrə qeydiyyat hüququnun ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, istifadə hüququna xitam verilməsi evdən qeydiyyatdan çıxarılma üçün əsas olduğundan bu iddia tələbi sayılmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81 kv.m olan 35 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh1 Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81 kv.m olan 35 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumuna görə pul Cavabdeh1 alınaraq "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1922/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1922/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver