Məhkəmə qərarları › İş №e-2(012)-193/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-193/2025

19.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-193/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmənin iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X6 ünvan 1 ünvanında 0,0310 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz tikilinin cavabdehlər X8 və Cavabdeh1 hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,0310 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bunu həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı ərazi idarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********1, reyestr nömrəsi **********08 olan çıxarış təsdiq edir. Adı çəkilən torpaq sahəsini o, 2023-cü ildə hazırki iddia ərizəsi üzrə Cavabdeh2 əri - Cavabdeh1 atası, mərhum X4 adından etibarnamə ilə çıxış edən X14 20000 manata almışdır. Torpağı alarkən mərhum X4 özü ilə də danışmışdır. O vaxt bildirmişdir ki, X16 etibarnamə verib ki, ona məxsus torpaq sahələrini satsın. Torpağın alqı-satqısı rəsmiləşdirildikdən az müddət sonra X9 vəfat etmiş və torpaq sahəsini hasara almaq istəyərkən cavabdeh Əlişanova Malibəyə təklif etmişdir ki, torpaq sahəsində olan tikilini ya özləri söksünlər, ya da özü sökür. O vaxt istəmiş və bildirmişdir ki, tikilini özləri sökəcəklər. Bir müddətdən sonra ona bildirildi ki, guya Əliyev Anar onlara pul verməyib. Ona görə də onu polisə veriblər. O, Əliyev Anara müraciət edəndə, o bildirdi ki, yalan deyirlər, pulu onlara verib, sadəcə Abdullayev Kərimbalanın vəfatından istifadə edib əlavə pul qoparmaq istəyirlər. Polisdə onlara pulu verdiyini tamamilə sübut etmişdir. Əliyev Anarla birlikdə onların evinə də getmişdir. Əliyev Anar onun yanında pulu onlara verdiyini bir daha təsdiq etmişdir. Cavabdehlər əvvəlcə onlara Anar Əliyev tərəfindən 14000 manat verilməsini təsdiq edirdilər, amma bir müddət sonra bunu da danmağa başladılar. İndi həmin torpaq sahəsində mövcud olan yem anbarı kimi istifadə olunan tikiliyə X4 qızı Cavabdeh1 bir-iki dəst yorğan-döşək qoyaraq orada yaşadığını bildirir. Əslində isə orada yaşamır, qeydiyyatı Saray qəsəbəsində başqa ünvanadır. Ona satılan torpaq sahəsinin digər hissəsində X5 məxsus 145 kv.metr sahəsi olan böyük bir yaşayış evi və torpaq sahəsi boş olaraq qalır. Orada heç kəs yaşamır. Cavabdehin yaşamağa yeri yoxdursa, orada yaşaya bilər. Dəfələrlə mülkiyyətində olan torpaq sahəsini boşaltmağı və tikilini sökməyi tələb etsə də, cavabdehlər ona məhəl qoymurlar. Müxtəlif bəhanələrlə bundan boyun qaçırılar. Abşeron rayon polis şöbəsindən məsələ ilə bağlı müracətə isə cavab olaraq bildiriblər ki, mülki məsələ olduğundan məhkəməyə müraciət edilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş araşdırılarkən xx.xx.2024-cü il tarixdə Cavabdeh2 öldüyündən onun hüquqi varisləri cavabdeh kimi işə cəlb edilmişlər. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh1, Cavabdeh5 və X2 ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0.0310 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində yerləşən tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı yenidən MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və X2 ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0.0310 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində yerləşən tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və X7 iştirak etdikləri məhkəmə iclasında iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi 0,0310 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-32/2-15532/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsində aparılmışdır. Cavabdehlərin faktiki istifadəsində olan mübahisəli əsas və köməkçi tikililər **********08 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Mövcud vəziyyət sxemdə göstərilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9565 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsində aparılmışdır. Cavabdehlərin faktiki istifadəsində olan mübahisəli əsas və köməkçi tikililər **********08 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsindən həmin əmlaka heç bir hüququ olmayan cavabdehlərin çıxarılmasını və oradakı qanunsuz tikilinin sökülməsini xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Həmin sənəd hazırda qüvvədədir. bu torpaq sahəsi əvvəllər cavabdehlərin qohumu Kərimbala Abdullayevə məxsus olsa da, sonradan onun nümayəndəsi A.Əliyev vasitəsilə iddiaçıya satılmışdır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamış, cavabdehlərin faktiki istifadəsində olan mübahisəli əsas və köməkçi tikililər **********08 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, yəni həmin tikililər iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətindəki torpaq sahəsinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehlərin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər mübahisəli torpaq sahəsinin satılmasından xəbərləri olmadıqlarını, bu sahənin satılmasına mərhum Kərimbala Abdullayevin niyyətinin olmamasına, onu etibarnamə vermiş Anar Əliyev adlı şəxs tərəfindən aldadılmasına istinad edirlər. Məhkəmə qeyd edir ki, bu dəlillər hazırki iddianın rədd edilməsinə yetərli deyil, çünki qeyd edilən alqı-satqı müqaviləsi, onun əsasında iddiaçının adına verilmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1, Cavabdeh4, Qədirova (Abdullayeva) Günay Kərimbala qızı və X1 rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi 20 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0,0310 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində yerləşən tikililər sökülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh4, Qədirova (Abdullayeva) Günay Kərimbala qızı və Abdullayeva (Cabbarova) X10 rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı mülkiyyətindəki 0,0310 ha torpaq sahəsindən çıxarılsınlar. Həmin torpaq sahəsində yerləşən əsas və köməkçi tikililər cavabdehlərin hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar