Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1938/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndələri Nümayəndə1,Nümayəndə2, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzildən çıxarılması, ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X7 ilə "xxxx" MMC arasında 31 iyul 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən 12 mərtəbəli yaşayış binasının İİİ blok, 2-ci mərtəbəsində, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzil 23640 manata X1. Daha sonra tərəflərin razılığı əsasında həmin mənzil iddiaçının həyat yoldaşı X3 adından iddiaçının adına dəyişdirilmiş və bununla bağlı "xxxx" MMC ilə aralarında xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. "xxxx" MMC-nin hüquqi varisi kimi Cavabdeh1 MTK ilə xx.xx.2016-cı il tarixdə yeni müqavilə bağlanmış, bu zaman həmin müqaviləyə əsasən hər kvadrat metr mənzil sahəsinə uyğun olaraq 100 manat olmaqla əlavə pay haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra kooperativin yeni təyin olunmuş sədri Emil Səməndərovla xx.xx.2016-cı il tarixli müqavilə əsasında yeni şərtlərlə xx.xx.2019-cu il tarixli, 326 saylı müqavilə bağlanmışdır. Hər dəfə yeni müqavilə bağlanan zaman xx.xx.2008-ci il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələrin əsilləri kooperativ tərəfindən iddiaçıdan geri alınmışdır. Müvafiq pay haqqı həmin vaxtdan başlayaraq hissə-hissə olmaqla tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, müqavilə bağlandığı zaman 8000 manat ilkin ödəniş, xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində isə ümumilikdə 22295 manat məbləğində ödənişlər edilmiş və xx.xx.2022-ci il tarixdə payın tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Qeyd olunan yaşayış binasında tikinti işləri 2007-ci ildən başlayaraq uzun müddət davam etmiş, tikinti işləri dəfələrlə dayandırılmış, şirkətin direktoru X5 2014-cü ildə həbs edilmiş və ondan sonra iki dəfə yeni sədr (Nəsirov Rafiq və Səməndərov Emil) təyin edilmişdir. Kooperativin rəhbərliyi tərəfindən 3-cü blokun girişində iddiaçının da adı daxil olmaqla mənzil sahiblərinin siyahısı divardan asılmış və hər kəsin öz mənzilində təmir işləri görə biləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən mənzilə dəmirdən giriş qapısı qoyulmuş və mənzilində təmir işlərinə başlamaq istədikdə iddiaçıya maneəçilik göstərilmişdir. Cavabdeh2 ilə danışıqlar apararaq mənzilin iddiaçıya məxsus olduğunu bildirmiş, təmir işlərinin dayandırararq mənzili iddiaçıya təhvil verilməsi bildirilsə də, sonuncu bundan imtina edərək həmin mənzilin ona satıldığını bildirmişdir. Lakin bununla bağlı Cavabdeh1 MTK-i, nə də ki, Cavabdeh2 mənzilə dair hər hansı bir sənəd təqdim etməmişdir. Eyni zamanda məsələ ilə bağlı şirkətə məlumat verərək qanunsuzluğu son qoyulması və mənzilin iddiaçıya verilməsi tələb olunsa da, onlar iddiaçının bu tələbinə heç bir əhəmiyyət verməmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.3-sü, Cavabdeh1 MTK ilə İddiaçı arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin MM-nin 164.1, 164.2, 165.1, 385.1, 442, 445.1, 448.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mənzil tikintisi haqqında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, Cavabdeh2 və onunla yaşayan şəxslərin əmlakları ilə birlikdə ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzildən çıxarılması, ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 MTK-nə qarşı Abşeron rayon Məhkəməsində iddia qaldırdıqdan sonra cavabdeh tərəfindən mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli müqavilə təqdim olunmuşdur. Cavabdeh1 MTK-i ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzil 36484 manata sonuncuya satılmışdır. Həmin müqavilə ilə tanış olduqdan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 MTK həmin mübahisəli mənzili Cavabdeh2 təkrar satmış və onlar arasında 2021-ci il tarixli müqavilə bağlamışdır. Göründüyü kimi Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə aralarında bağlanmış 2021-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə etibarsızdır. Eyni zamanda bir mənzilə görə müqavilə bağlandığı və müqavilə qüvvədə olduğu halda Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə müqavilə bağlaması tamamilə qanunsuz olmaqla həmin müqavilənin etibarsız olmasını sübut etmiş olur. İş materiallarından görünür ki, icraçı müqavilə üzrə öhdəliyini icra etməyərək mənzili payçıya verməmiş, iddiaçı ilə bağladığı müqavilədən sonra yenidən Cavabdeh2 ilə eyni mənzilə dair müqavilə bağlayaraq iddiaçıya məxsus mənzili ikinci dəfə Cavabdeh2 satmışdır. İddiaçı Cavabdeh1 MTK ilə bağladığı kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən hər iki tərəf arasında mülki hüquq və vəzifələr yaranmış, həmin müqavilə qüvvədə olduğu zaman cavabdeh digər şəxslə eyni mənzilə müqavilə bağlamışdır. Bir müqavilə üzrə hüquq və vəzifələrin yarandığı zaman başqa bir şəxslə eyni mənzilə dair hüquq və vəzifələrin yaranması qanunvericiliyə ziddir və bu müqavilə mülki hüquq münasibətləri yaratmır, mübahisə edilən əqd olduğundan etibarsız hesab edilməlidir. Beləliklə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mübahisə predmeti olan mənzildə cavabdehin yaşadığı məlum olmuş, Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildə heç bir hüquqi əsası olmadan yaşaması müəyyən olunmuşdur. Ona görə də hesab edir ki, 152.1-152-3, 157.2, 157.4, 157.8, 178.8, 389.1, 337.1, 337.4-cü maddəsinə, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarına əsasən həmin müqavilə etibarsız hesab edilməli və cavabdeh mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə2 iddiaçının digər vəkili və nümayəndəsi Nümayəndə1 izahatına uyğun izahat vermişlər. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, AR MPM-nin 4.1-ci, 9-cu, 14-cü, 77-ci və 88-ci maddələrinin tələblərinə əsasən, hər bir tərəf öz iddiasını və etirazını əsaslandırmalıdır. Hazırda iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi halları əsaslandırmalı və sübuta yetirməlidir. Lakin hazırda iddiaçının qeyd etdikləri sadəcə söz yığımından ibarətdir. İş materiallarından da göründüyü kimi Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ilə MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü mərtəbə, ümumi sahəsi 78,8 m2 olan 3-cü blokunda izolə olunmuş 2 otaqdan ibarət 10 nömrəli mənzili pay kimi alıcıya verməyi öhdəsinə götürmüş vəCavabdeh1 MTK-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 3 ünvanda inşa olunan 5 bloklu 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində, ümumi sahəsi 78,8 m2 olan 2 otaqlı 10 saylı mənzilin dəyəri Cavabdeh2 tərəfindən ödənilmişdir. Onun Cavabdeh1 MTK-ya heç bir borcu yoxdur. Bundan əlavə Cavabdeh1 MTK tərəfindən verilmiş kassa mədaxil orderlərindən göründüyü kimi, mənzilin təmirə icazə dəyəri, mənzilin sayğaclarının dəyəri və mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. Onu da bildirir ki, mənzil artıq Cavabdeh2 satıldıqdan 1 il sonra, yəni 2022-ci il tarixində iddiaçı tərəf mənzilə görə Cavabdeh1 MTK-ya 2000 manat ödəniş etmişdir. O, qeyd edir ki, müqavilə və maliyyə arayışı, kassa-mədaxil qəbzləri olduğu halda etibarlı sayılır. İddiaçı tərəf onlardan 1 il sonra, 2022-ci ildə maliyyə arayışı almışdır və kassa-mədaxil orderini məhkəməyə təqdim etməmişdir. Sözügedən ev Cavabdeh2 tərəfindən təmir edilmişdir. Əgər iddiaçı onun olduğunu iddia etdiyi evdə başqa şəxsin yaşadığını görmüşdürsə, nəyə görə bununla bağlı video-çəkiliş aparmamış və dərhal MTK-nın əməkdaşlarına məlumat verməmişdir. Bundan əlavə vurğulayır ki, iş məhkəməyə verildikdən sonra cavabdehin iddiaçı tərəf barədə məlumatı olmuşdur. Bu müddət ərzində iddiaçı tərəf nə Cavabdeh2 ilə danışmış, nə də mübahisə barədə məlumat vermişdir. Odur ki, iddia əsassız olduğundan, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 öz vəkili və nümayəndəsinin izahatı ilə eyni məzmunlu izahat vermişdir. Digər Cavabdeh1 MTK məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən həmin onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC və X7 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 2-ci mərtəbə, ümumi sahəsi 78,8 m2 olan 3-cü blokunda izolə olunmuş 2 otaqdan ibarət 10 nömrəli mənzili pay kimi alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 300 manat təşkil edir. Sahəsi 78,8 m2 olan mənzil üçün 23640 manat ödənilməlidir. - Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü mərtəbə, ümumi sahəsi 78,8 m2 olan 3-cü blokunda izolə olunmuş 2 otaqdan ibarət 10 nömrəli mənzili pay kimi alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 387 manat təşkil edir. Sahəsi 78,8 m2 olan mənzil üçün 30495 manat ödənilməlidir. - Cavabdeh1 MTK-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 3-cü blok, 3-cü mərtəbəsində, ümumi sahəsi 78,8 m2 olan 2 otaqlı 10 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir, onun Cavabdeh1 MTK-ya heç bir borcu yoxdur. - Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü mərtəbə, ümumi sahəsi 78,8 m2 olan 3-cü blokunda izolə olunmuş 2 otaqdan ibarət 10 nömrəli mənzili pay kimi alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 463 manat təşkil edir. Sahəsi 78,8 m2 olan mənzil üçün 36484 manat ödənilməlidir. - Cavabdeh1 MTK-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa olunan 5 bloklu 16 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 3-cü blok, 3-cü mərtəbəsində, ümumi sahəsi 78,8 m2 olan 2 otaqlı 10 saylı mənzilin dəyəri Cavabdeh2 tərəfindən ödənilmişdir, onun Cavabdeh1 MTK-ya heç bir borcu yoxdur. - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli PS00-002031 nömrəli kassa mədaxil orderindən görünür ki, Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü mərtəbə, ümumi sahəsi 78,8 m2 olan 3cü blokunda izolə olunmuş 2 otaqdan ibarət 10 nömrəli mənzilin pay dəyəri 33000 manat Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli PS00-002064 nömrəli kassa mədaxil orderindən görünür ki, Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü mərtəbə, ümumi sahəsi 78,8 m2 olan 3cü blokunda izolə olunmuş 2 otaqdan ibarət 10 nömrəli mənzilin təmirə icazə dəyəri 1500 manat Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli PS00-002041 nömrəli kassa mədaxil orderindən görünür ki, Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü mərtəbə, ümumi sahəsi 78,8 m2 olan 3cü blokunda izolə olunmuş 2 otaqdan ibarət 10 nömrəli mənzilin sağaclarının dəyəri 1560 manat Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. - İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanmış pretenziyadan görünür ki, ünvan 4 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2(iki) otaqlı, ümumi sahəsi 78 8 kv.metr olan 10 saylı mənzilə dair "xxxx" MMC ilə aralarında xx.xx.2008-ci il tarixli, müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında yeni şərtlərlə xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin hüquqi varisi kimi "xxxx" MTK ilə təkrar müqavilə bağlanmışdır. Bu zaman həmin müqaviləyə əsasən əlavə olaraq hər kvadart metr mənzil sahəsinə uyğun olaraq əlavə 100 manat olmaqla 7880 manat pay haqqı ödənilməsi razılaşdırılmışdir. Daha sonra MTK ilə xx.xx.2016-cı il tarixli müqavilə əsasında xx.xx.2019-cu il tarixli yeni şərtlərlə yenidən 326 saylı müqavilə bağlanmışdır. Müvafiq pay haqqı həmin vaxtdan başlayaraq hissə-hissə olmaqla tam olaraq tərəfindən ödənilmişdir. Bu barədə müvafiq qəbzlər mövcuddur. Pay haqqı və əlavə pay haqqı 30495 manat olmaqla tam ödənildikdən sonra xx.xx.2022-ci il tarixdə tərəfinizdən maliyyə arayışı verilmişdir. Uzun müddət keçməsinə baxmayaraq mənzili ona təhvil verilmir. Şifahi müraciətləri cavabsiz qalmışdır. Bildirir ki, mənzilinə baxarkən 10 saylı mənzilinə dair başqa şəxslə bu yaxınlarda təkrar müqavilə bağlandığı məlum olmuşdur. Həmin şəxslə şəxsən əlaqə saxlayaraq həqiqətəndə həmin 10 saylı mənzilin X6 adlı şəxsə təkrar satıldığı məlum olmuşdur. 3 (üç) gün ərzində mənzilinin ona təhvil verilməsi və həmin şəxslə bağlanmış müqavilənin ləğv edilməsi barədə görülən tədbirlər barədə ona rəsmi qaydada məlumat verilməsini xahiş etmişdir. Həmçinin, həmin şəxslə bağlanmış müqavilə və maliyyə arayışının təsdiq olunmuş surətlərinin ona təqdim edillməsini tələb etmişdir. Əks halda ünvan 5 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin lll-ci blok, 3-cü mərtəbə, 2(iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzilin mənə təhvil verilməsi və X6 adlı şəxslə bağlanmış müqavilənin etibarsız hesab edilməsiylə bağlı məhkəməyə müraciət edəcəkdir. Məlumat üşün bildirir ki, təkrar müqavilə bağladıqları üçün barələrində xüsusi qərardad çıxarılması haqqında məhkəmədə vəsatət veriləcəkdir. - Hakim tərəfindən xx.xx.2025-ci il tarixində tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edldi ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş 12 mərtəbəli bina Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşir. Mübahisəli mənzil 12 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindədir. 3-cü mərtəbədə ümumilikdə 5 mənzil yerləşir. Mübahisəli olan 10 nömrəli mənzil qanuni 2 otaq olmaqla, 3 otağa düzəldilmiş və təmirli olmaqla yaşayış üçün tam yararlıdır. Hazırda həmin mənzildə cavabdeh ailəsi ilə birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən 12 mərtəbəli yaşayış binasının İİİ blok, 2-ci mərtəbəsində, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzillə dair "xxxx" MMC arasında direktor E.H.Tağıyevin imzası ilə 31 iyul 2007-ci il tarixdə müqavilə bağlanaraq, mənzilin 23640 manata X2 razılaşdırılmış, 4000 manat ilkin ödəniş edilmiş, 18840 manat qalıq borc qalmışdır. Daha sonra tərəflərin razılığı əsasında həmin mənzil iddiaçının həyat yoldaşı X3 adından iddiaçının adına dəyişdirilmiş və bununla bağlı "xxxx" MMC-nin hüquqi varisi kimi Cavabdeh1 MTK ilə tarixli xx.xx.2019-cu il tarixli, 326 saylı müqavilə bağlanmışdır. Müqaviləni MTK-nın sədri Emil Səməndərov imzalamışdır. Müqavilə üzrə ilkin ödəniş olaraq 24520 manat ödənilməsi, qalıq borcunun 5975 manat olması göstərilmişdir. Lakin eyni zamanda MTK-nın sədri Emil Səməndərovun imzası ilə Cavabdeh1 MTK-i ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə həmin mənzilə dair Cavabdeh2 ilə müqavilə bağlanmışdır. Müqavilədə Cavabdeh2 36484 manat ödəniş etməsi və qalıq borcunun olmaması göstərilmiş, eyni tarixdə də onun adına MTK-ya heç bir borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Təqdim edilən xx.xx.2021-ci il tarixli PS00-002031 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 33000 manat mənzilin pay dəyəri, xx.xx.2021-ci il tarixli PS00-002064 nömrəli kassa mədaxil orderi ilə mənzilə təmir icazəsinə görə 1500 manat, xx.xx.2021-ci il tarixli PS00-002041 nömrəli kassa mədaxil orderi ilə saycagların dəyəri olan 1560 manat ödəmişdir. Həmçinin işin materiallarından görünür ki, MTK-nın sədri Emil Səməndərovun imzası ilə mübahisəli mənzilə dair MTK-ya heç bir borcunun olmamasına dair İddiaçı adına xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Hazırda İddiaçı qeyd edilən maliyyə arayışına və əri X7 və özünün bağladıqları xx.xx.2007-ci il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında «mənzil tikintisi haqqında» bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, onun orada yaşayan şəxslərlə birlikdə mübahisəli mənzildən çıxarılmaqla ona təhvil verilməli olmasını iddia edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək mənzilin dəyərini tam ödəməsini, tərəfindən təmir edilməsini göstərərək iddianın təmin olunmasına etiraz etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olubolmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Plenum qərarında daha sonra göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh MTK mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan xx.xx.2019-cu il tarixli, 326 saylı müqavilə bağlamışlar. Məhkəmə bu müqaviləni İddiaçı həyat yoldaşı X7 ilə "xxxx" MMC arasında 31 iyul 2007-ci il tarixdə bağlanmış müqavilənin əsasında bağlanmış müqavilə və tərəflər arasında müqavilə münasibətlərinin davamı kimi qiymətləndirir. Belə ki, iddiaçı həmin mənzili həyat yoldaşı X3 adından onun adına dəyişdirilməsi ilə əlaqədar əvvəl "xxxx" MMC ilə aralarında xx.xx.2008-ci il tarixli, daha sonra isə Cavabdeh1 MTK ilə xx.xx.2016-cı il tarixdə yeni müqavilə bağlanmasını göstərsə də, qeyd edilən tarixli müqavilələri təqdim etməyərək bunu hər dəfə yeni müqavilə bağlanan zaman əvvəlki müqavilələrin əsilləri kooperativ tərəfindən ondan geri alınması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının bu dəlillərini əsaslı sayır. Belə ki, təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 326 saylı müqavilədə qeyd edilmişdir ki, bu müqavilə Cavabdeh1 MTK və ya "xxxx" MMC ilə əvvəllər bağlanmış xx.xx.2016-cı il tarixli 132 saylı müqavilənin əsasında yeni şərtlərlə bağlanılır. Göründüyü kimi, mübahisəli mənzillə bağlı iddiaçı tərəflə cavabdeh MTK arasında ən azından 2016-cı ildən müqavilə münasibətləri yaranmışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi xx.xx.2019-cu il tarixli, 326 saylı müqavilə də tərəflər üçün qarşılıqlı hüquq və vəzifələrin yaranmasına səbəb olmuş hüquqi faktdır. Qanunvericilikdə əksini tapmış imperativ normaya əsasən tərəflər müqavilə öhdəliklərini vaxtında və lazımınca etməli olmalarına baxmayaraq, cavabdeh MTK bu normanın tələblərini pozmuş, mənzilə dair 2007-ci ildən iddiaçının ərinin adına müqavilə bağlandığı 2016-cı ildə həmin mənzili iddiaçının adına dəyişdirilməsinə dair yeni müqavilə, daha sonra isə bu müqavilənin əsasında 2019-cu ildə də iddiaçı ilə məhz sözügedən mənzilə dair yeni şərtlərlə müqavilə bağlansa da həmin mənzilə dair MTK xx.xx.2021-ci ildə Cavabdeh2 ilə müqavilə bağlamaqla tərəfləri hər ikisinin, xüsusən iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, işin araşdırılmış hallarından məlum olur ki, iddiaçı əsasən Rusiya Federasiyasnın ərazisində daha çox müddət olduğundan mənzildən istifadə və sahiblik hüququnu tam həyata keçirə bilmədiyindən mənzil əsasən boş vəziyyətdə olmuşdur. Məhkəməyə məlum olmayan səbəbdən Cavabdeh1 MTK həmin mənzilə dair iddiaçı tərəfin adına (özü və əri) az qala 4 müqavilə olmasına dair məlumatlı olduğu halda Cavabdeh2 ilə aralarında həmin mənzilə dair 2021-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə bağlamışdır. Sonuncu da öz növbəsində mənzili təhvil alaraq orada təmir işləri apararaq yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. İşin göstərilən hallarına baxmayaraq məhkəmə hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə aralarında bağlanmış 2021-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə bağlandığı andan etibarsızdır. Bu eyni zamanda bir mənzilə görə iddiaçı ilə müqavilə bağlandığı və həmin müqavilə qüvvədə olduğu halda Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə müqavilə bağlanmasında özünü ifadə edir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəf 2022-ci ildə maliyyə arayışı alması faktı iddianın əsassız olması anlamına gəlməsinə əsas vermir. Məhkəmə razılaşır ki, bu maliyyə arayışı Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə müqavilə bağlanandan 1 il sonra verilməsi faktı mövcuddur. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfin mübahisəli mənzillə bağlı MTK ilə aralrında 2007-ci ildən hazırki vaxta kimi müqavilə (podrat) münasibətlərinin davam etdiyi halda maliyyə arayışının gec və ya tez verilməsi o qədər də mühüm hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə mənzilə dair iddiaçının adına müqavilələr olmasını billə-bilə, qanunsuz olaraq 2021-ci ildə müqavilə bağlayandan sonra həmin mənzilə dair iddiaçının da adına maliyyə arayışının verməsi faktı da MTK tərəfindən həmin mənzilin məhz iddiaçıya aid və məxsus olmasını təsdiq edən sübutlardan biridir və MTK tərəfindən mənzil artıq iddiaçı tərəfə (ərinə) satıldığı üçün digər şəxsə, konkret olaraq Cavabdeh2 satılması qanunsuz olmuşdur. Məhkəmə daha sonra hesab edir ki, cavabdehin mübahisəli mənzilə dair bağladığı müqavilə iddiaçı tərəfin 2007-ci (2016 və 2019-cu illərdə) ildə bağladığı müqavilədən sonra bağlanmasına baxmayaraq onun mənzili təmir edərək orada yaşaması faktı iddianın əsassız olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin cavabdeh tərəfindən iddiaçıya məxsus sənədlərin qanuniliyini mübahisələndirilməməsini də nəzərə almışdır. Başqa sözlə, iddiaçının adına verilmiş mənzilə dair hüquqmüəyyənedici sənədlər hazırki vaxta kimi hüquqi qüvvəyə malik olmaqla iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Cavabdeh1 MTK ilə İddiaçı arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası MM-nin 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak hüquqları və beləliklə, mülkiyyət kimi qiymətləndirilə bilər. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin mülkiyyətidirmi? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş mülkiyyət anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözləntisi olan əmlakı da əhatə edə bilər. Gözlənti mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, icraçı müqavilə üzrə öhdəliyini icra etməyərək mənzili payçıya (iddiaçıya) verməmiş, iddiaçı ilə bağladığı müqavilədən sonra yenidən Cavabdeh2 ilə eyni mənzilə dair müqavilə bağlayaraq iddiaçıya məxsus mənzili ikinci dəfə sonuncuya satmış, bununla da iddiaçı özünə məxsus mübahisə predmeti olan mənzildən istifadə, sahiblik hüquqlarından məhrum olmuş, MTK cavabdehi qanuni əsaslar olmadan mənzilə köçürülməsini təmin etməklə hər iki tərəfi hazırki ağır mənəvi duruma salmışdır. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinə dair dəlillə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 münasibətdə həmin normanı tətbiq etməklə İddiaçı iddiasını rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Hazırkı işin hallarından da müəyyən olunduğu kimi, dəyəri ödənilməklə mübahisəli mənzilə dair ilkin olaraq müqavilə iddiaçının əri ilə bağlanmış, onun da razılığı ilə müqavilə iddiaçının adına dəyişdirimişdir. Qeyd olunanlarla yanaşı, Məhkəmə eyni zamanda onu da qeyd edir ki, hazırkı mülki işin faktiki halları baxımından da MM-in 452.1-ci maddəsinin tətbiqi düzgün hesab oluna bilməz. Çünki, MM-in istinad olunan 452.1-ci maddəsinin təhlilindən aydın olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən əşyalardan, yəni əşyanın özünün verilməsi ilə həmin əşyaya mülkiyyətin də eyni vaxtda verilməsindən bəhs edilir (məsələn: şəxs öz tikiş maşınını bir nəfərə satmış, lakin həmin əşyanı alıcıya verənədək onu başqa birisinə də satmış və əşyanı da sonuncunun mülkiyyətinə vermişdir. Hazırki misalda sonrakı alıcı həmin əşyanı mülkiyyət hüququ üzrə əldə etmişdir və bu səbəbdən də ilkin alıcı, MM-in 452.1-ci maddəsinin ikinci cümləsinin mənasına görə, satıcıdan, yəni borcludan əşyanın ona verilməsini tələb edə bilməz. O, bunun əvəzində, MM-in 452.2-ci maddəsinə əsasən borcludan yalnız zərərin əvəzinin ödənilməsini tələb edə bilər). Başqa sözlə, daşınmaz əşyalar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların özgəninkiləşdirilməsi zamanı alqı-satqı müqaviləsinə əsasən alıcının əmlak barəsində yalnız sahiblik və istfadə hüquqları yaranır, sərancam hüququ isə müqavilənin dövlət qeydiyyatından sonra əmələ gəlir, yəni mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatı ilə bağlı olur, rəsmi reyestrdə qeydə alınması tələb olunmayan istənilən daşınar əşyalar barəsində isə belə qaydaya riayət edilməsi tələb olunmur, yəni əşyanın əldə edilməsi ilə eyni vaxtda həmin əşyaya mülkiyyət hüququ da əldə edənə keçir. Bununla da müəyyən olunur ki, iddiaçı mübahisəli mənzili MTK-dan tələb etməsi üçün hər hansı qadağa mövcud deyildir, yəni həmin mənzil Cavabdeh2 adına qeydə alınmamışdır və müvafiq olaraq onun mülkiyyətində deyildir. Başqa sözlə, sözügedən cavabdehə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş zəruri dispozitiv şərt (bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır) müəyyən edilmir Beləliliklə də Mülki Məcəllənin 452.1-ci maddənin hazırki halda cavabdehə münasibətdə tətbiq edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqgnda mğqavilənin qanunvericiliyin tələbləri nüqteyi nəzərindən barlandgrg andan etibarsgz əqd olmasg tam olaraq işin araşdırılmış halları ilə sğbuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlir təsdiq olunur. Belə ki, iddiaçı tərəf tələblərinin əsaslı olmasına dair məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etmiş, irəli sürdüyü dəlillər isə mübahisələndirdiyi müqavilənin etibarsızlığı üçün hüquqi əsas olmuşdur. MPM-nin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddianın əsassızlığına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mənzil tikintisi haqqında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh2 əmlakları ilə birlikdə ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzildən çıxarılmadı, ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməlidir. Lakin məhkəmə iddianın Abasov Rüvєən Xanorlan orlu ilə yaşayan şəxslərin mənzildən çıxarılması hissəsində təmin edilməsini mümkün saymır. Belə ki, tələb bu hissədə qeyri müəyyəndir. Başqa sözlə, iddiaçı Cavabdeh2 ilə yaşayan şəxslərin şəxsiyyəti ilə bağlı məlumat göstərməyərək onları cavabdeh qismində göstərməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Məhkəmə hesab edir ki, cavabdehlər arasında bağlanmış əqdr etibarsız hesab edildiyi üçün Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 36484 manat qaytarılmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 mənzili iddiaçıya təhvil verdikdən sonra təmir işləri və onlara çəkilmiş xərclərə dair müvafiq iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin xüsusi olaraq bu qənaətə də gəlir ki, Cavabdeh2 onunla müqavilə bağlayaraq qanuni əsaslarla olmadan mənzilə köçməsinə, təmir edib yaşamasına şərait yaratmaqla hazırki ağır mənəvi duruma salmaları ilə baglı Cavabdeh1 MTK–nın buna məsul şəxs ( və ya şəxslərinə) qarşı həmçinin maddi və mənəvi ziyanın vurulması tələbi ilə də iddia qaldgrmaq hüququndan yararlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı tərəfin tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmaqla dizpozisiya əlamətləri ilə və hazırki işin faktiki halları da onun istinad etdiyi maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından iddia əsaslandırıcı hissədə təsbit edilmiş qaydada qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. f 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödədiyi dövlət rüsumu tələb edilmədiyindən, ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mənzil tikintisi haqqında bağlanmış xx.xx.2021ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh2 əmlakları ilə birlikdə ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzildən çıxarılsın ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 36484 manat qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olundugu və ya alındıgı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayt Apellyasiya Məhkəməsinə apellyasiya öikayəti verilə bilər. Hakim Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1938/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1938/2025
28.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver