Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-197/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi iş stajına malik olma faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1978-ci ildən 01 yanvar 1990-cı il tarixədək “Alxaslı” sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, 18 avqust 1961-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuşdur. 1978-ci ildən orada əvvəlcə “Qızıl ordu” sovxozunda fəhlə işləmiş, daha sonra isə qeyd edilən sovxozun adı dəyişdirilmiş və “Alxaslı” heyvandarlıq sovxozu adlandırılmışdır. O, daha sonra Mingəçevir şəhərinə köçmüş, oradan isə Bakı şəhərinə gəlmişdir. Ermənistanın işğalçı qoşunlarının Laçın rayonunu işğal etməsindən sonra onun işlədiyi sovxoz da işğal altında qalmış və onun orada işləməsinə dair Laçın Rayon arxivində olan məlumatlar itmişdir. Bu baxımdan onun 01 sentyabr 1978-ci ildən 01 yanvar 1990-cı il tarixədək “Alxaslı” sovxozunda fəhlə işləməsi barədə fakt məhkəmə qaydasında müəyyən edilməlidir. İştirak etdikləri məhkəmə iclasında Ərizəçi və onun vəkili-nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək ərizəyə uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası DSMF-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirak etdikləri məhkəmə iclasında ərizəyə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin DOST Agentliyinin 6 saylı Dost Mərkəzinin nümayəndəsi Nümayəndə4 iştirak etdiyi məhkəmə iclasında ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Laçın rayonunun “Alxaslı” sovxozunda müxtəlif vəzifələrdə, ondan sonra isə kənd təsərrüfat təmayüllü obyektlərdə işləmişdir. Ərizəçi orta məktəbdə oxuyarkən bu sovxozda işləməyə gəlirdi. O vaxtlar orta məktəbdə oxuyarkən də sovxozda işləmək mümkün idi. Asya sovxozda fəhlə işləyirdi, sahədən kartof, kələm və pomidor yığımı ilə məşğul olurdu. Daha sonra isə 1990-cı ildə ailə vəziyyətilə əlaqədar sovxozdan ayrıldı və Mingəçevir şəhərinə köçdü. Təsdiq edir ki, Ərizəçi o, sovxozda işlədiyi vaxtdan 1990-cı ilədək “Alxaslı” sovxozunda fəhlə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonunun “Alxaslı” (keçmiş “Qızıl Ordu”) sovxozunda fəhlə işləmişdir. O, işə girəndə Ərizəçi artıq orada fəhlə işləyirdi. 1986-cı ildə həqiqi hərbi xidmətə gedənə kimi Asya sovxozda fəhlə idi, əsgərlikdən qayıdandan sonra, yəni 1988-ci ildə də orada fəhlə işləyirdi. Lakin onun sovxozdan çıxma vaxtını bilmir. Asya işdən çıxanda özü hələ də orada işləyirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Laçın rayonunun “Alxaslı” (keçmiş “Qızıl Ordu”) sovxozunda müxtəlif vəzifələrdə çalışmışdır. O, Ərizəçi orta məktəbdə oxuyandan tanıyır. Ərizəçi hələ orta məktəbdə oxuduğu vaxtlardan sovxozun tarlasında məhsul yığımı ilə məşğul olur, fəhlə kimi orada işləyirdi. O, sovxozda işlədiyi müddətdə Ərizəçi fəhlə kimi orada işləyən görmüşdür. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuşdur. İşdə olan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlardan görünür ki, Ərizəçi 3 və daha çox uşaq doğub 8 yaşadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi 220 manat, İ qrup əlilliyə görə 100 manat məbləğində pensiya alır. İşdə olan Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 09 saylı məktubundan görünür ki, Ərizəçi 1978-1990-cı ilə qədər Laçın rayonunun “Alxaslı” sovxozunda fəhlə işləməsi barədə arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğalda qalmışdır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, X1 xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Laçın rayonunun “Alxaslı” sovxozunda müxtəlif vəzifələrdə çalışmışdır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, X2 xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonunun “Alxaslı” (keçmiş “Qızıl Ordu”) sovxozunda fəhlə işləmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, X3 xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Laçın rayonunun “Alxaslı” (keçmiş “Qızıl Ordu”) müxtəlif vəzifələrdə çalışmışdır. MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında’’ 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4-cü bəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhxəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci tarixi 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bərdinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İşdən görünür ki, şahidlər öz işlədikləri dövrdə həmin qurumda ərizəçinin göstərilən vəzifələrdə işləməsini təsdiq etmişlər. Bu dövrdə Ərizəçi göstərilən qurumda işləməsi barədə hər hansı mötəbər yazılı sübutlar mövcud deyildir. Buna görə də həmin fakt yalnız şahid ifadələrinə əsasən məhkəmə qaydasında təsdiqlənə bilər. Beləliklə, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Alxaslı” heyvandarlıq sovxozunda fəhlə işləməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Alxaslı” heyvandarlıq sovxozunda fəhlə işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-197/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-197/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver