Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2045/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh və X9, onların vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və X11 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 may 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində tikilmiş evə uşaqları xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X17 ilə birlikdə köçürülmələrinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X17 adlı iki övladları olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdə cehiz əmlakları ilə Sumqayıt ərazisində kirayə evə gəlin köçmüşdür. Kirayədə yaşaya-yaşaya Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində ev tikdirməyə başlamışlar. 1 il sonra, yəni xx.xx.2016-cı il tarixdə həmin tikdirdikləri evə köçüb orada yaşamağa başlamışlar. xx.xx.2016-cı il tarixdə ikinci uşaqları dünyaya gəlmişdir. O vaxtdan 2020-ci ilin oktyabr ayına kimi ailə olaraq orada yaşamışlar. 2020-ci ilin aprel ayında cavabdehlə aralarında pul üstündə mübahisə yaranmış, valideynləri söhbətə müdaxilə etsə də, aralarındakı mübahisə dava etməyə başlamışdır. Cavabdeh evi tərk edərək anasıgilə getmişdir. O vaxtdan yəni 2021-ci ilin aprel ayının 5dən sentyabr ayının 3-nə kimi həmin evdə uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Həmçinin, cavabdeh 2021-ci ilin iyun ayında Sumqayıt Şəhər Məhkəməsinə “nikahın pozulması” tələbinə dair iddiası ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X6 onun himayəsinə verilməsinə və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 145 manat olmaqla, ümumilikdə 290 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onlar iddiaçıya məhkəmə mübahisəsi zamanı alimentdən imtina etməyi, onun əvəzi olaraq mübahisəli evi ona vermələri ilə bağlı təklif etmişlər, iddiaçı bu təkliflə razılaşmamışdır. Məhkəmədən sonra cavabdeh ailə üzvləri ilə birlikdə o evdə olmayanda, uşaqları məktəbə apararkən yaşadığı evə gələrək evin cəftəsini qırmış, dəyişdirirərək onu və uşaqları da evdən qovmuşlar. İddiaçı o vaxtdan atasıgilin evinə gələrək iki azyaşlı övladı ilə birlikdə onlarda qalır. ƏMDK yanında DƏDR-nin 4 saylı Abşeron Ərazi İdarəsinin **********8 № li, xx.xx.2021-ci il tarixli arayışında da qeyd olunmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.05 ha torpaq sahəsi cavabdehin adına qeydiyyat alınmışdır. Onların birgə nikah dövrü əldə olunan gəlirlər hesabına tikilən evləri də həmin torpaq sahəsinin bir hissəsində tikilmişdir. Həmçinin, həmin evə dair **********00236 nömrəli enerji abunə kodu və **********02410 nömrəli qaz sayğacına dair abunə kodu atası X12 adına qeydiyyata alınmışdır. Hal-hazırda bütün cehiz əmlakları, ona və uşaqlarına aid əşyaları həmin evdədir. Cavabdeh onları qərəzli şəkildə evdən qovmuşdur. Onlar 2016-cı il tarixdən birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Həmçinin həmin bu ev birgə nikah dövrü əldə olunmuş gəlirlər hesabına tikilmişdir. İndi iddiaçı 2 uşağı ilə evsiz qalmışdır. Müvvəqəti olaraq atasıgildə qalır, atası-anası yaşlı insanlardır, atası pensiyaçıdır, ürəyinə 4 dəfə stend qoyulmuşdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Cavabdehlərin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçının evə köçürülmə tələbinə dair iddiasının predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində olan torpaq sahəsində olan tikili ümumiyyətlə cavabdehə məxsus olmamışdır. Belə ki, Abşeron rayonu, Saray Qəsəbəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi hal-hazırda cavabdeh Elnur Hümbətovun mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi DƏDRX-nın ******* saylı Çıxarışına əsasən xx.xx.2011-ci il tarixində 22S nömrəli reyestr kitabının 74 nömrəli vərəqində cavabdeh Zamir Hümmətovun mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh isə 07.03,2014-cü il tarixində rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Rəsmi nikahdan sonra iddiaçı övladları ilə birlikdə isə Sumqayıt şəhəri, Sarıqaya qəsəbəsində yerləşən “Günəş" düşərgəsində məskunlaşmışdır. Bu faktı isə Sumqayıt Bələdiyyəsinin Sarıqaya Qəsəbəsi üzrə 1 saylı Məhəllə Komitəsinin 29 mart 2022-ci il tarixli, 369 saylı Arayışı təsdiq edir. Cavabdeh ona məxsus olan 0,05 ha torpaq sahəsinin 0.025 ha hissəsini xx.xx.2022-ci il tarixli, 4Ə-7 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən qardaşı X11 bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsi DƏDRX-nın verdiyi çıxarışa əsasən xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1160 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində X9 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mübahisəli tikili artıq Elnur Hümbətovun mülkiyyətində olan torpaq sahəsindədir. Mübahisəli tikilinin nikah müddətində deyil, nikahdan əvvəl tikilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin tikili tərəflər nikaha daxil olana kimi tikilmişdir. Tərəflər nikaha daxil olduqda artıq həmin tikili mövcud idi. İddiaçı gəlin kimi həmin tikiliyə deyil, işin faktiki hallarında qeyd edildiyi kimi Sumqayıt şəhəri, Sarıqaya qəsəbəsində yerləşən “Günəş” düşərgəsinə gəlmişdir. Bu faktı iddiaçının öz iddia ərizəsindəki qeydlərdə təsdiq edir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, onlar iddiaçının ailəsi ilə birlikdə yaşadıqları Saray qəsəbəsindəki evin yaxınlığındakı evlərində 2011-ci ildə köçüb yaşayanda həmin qonşu torpaq sahəsi boş olmuş, yaşayış olmamışdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən iki ev aralıda yaşamışdır. 2013-2014-cü illərdə iddiaçı ilə cavabdeh həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Ev tikildikdən sonra həmin evdə yaşamağa gəlmişlər. Aralarında yaxşı qonşuluq münasibətləri olmuşdur. Həmin evdə ancaq iddiaçı ilə ailəsi-əri və uşaqları yaşamışdır. Son vaxtlar iddiaçının qaynanası gəlmişdir. Başqa qohumlarını həmin evdə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, cavabdehin əmisidir. Evin tikintisində iştirak etmişdir. Tikinti 2013-cü ildə başlamış, 2014cü il Zamirin toyuna qədər tikilib qutarmışdır. Ev Elnur üçün tikilirdi. Evin hörgü işləri istisna olmaqla bütün işləri özü görmüşdür. Aidə xanım gələnə kimi ev tikilmişdir, ancaq yaşamağa tam hazır deyildir. Evin oboyu, qapıları toydan sonra düzəldilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Zamirin tanışıdır.2013-cü ildə evin tikintisinə başlanılmışdır. Evin tikintisində iştirak etmişdir. Həmin ili özünə maşın aldığından xatırlayır. Ev 5-6 daş hündürlükdə tikilmiş kürsülü evdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, iddiaçının atasıdır. Qeyd etmişdir ki, qızı ilə cavabdeh 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Əvvəl Sumqayıt ərazisində kirayə yaşamışlar. 2015-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ev tikilmişdir. Evin tikintisinə oğlu maddi köməklik etmişdir. Qızı 2015ci ildə evə köçmüşdür. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 4187 nömrəli arayışdan görünür ki, İddiaçı uşaqları (oğlu X19 – 2015-ci il, oğlu – X17 2016-cı il) ilə birlikdə Saray qəsəbəsi Hətəmxan Quliyev küçəsində özlərinə məxsus olan evdə 25 fevral 2016-cı ildən hazıra kimi qeydiyyatsız yaşayırlar. İş materiallarında olan AZ-İİİ seriyalı 890857 nömrəli və AZ-İİİ seriyalı 513381 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X17, xx.xx.2015-ci il təvəllüdlü X19 doğulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X5, X2, X20 tərəfindən aktdan görünür ki, həqiqətən İddiaçı, iki azyaşlı uşaqları ilə yəni X19 və X17 və həyat yoldaşı Cavabdeh ilə birlikdə 25 fevral 2016-cı ildən hazıra kimi onlarla bir qonşuluqda Saray qəsəbəsi Hətəmxan Quliyev küçəsində özlərinə məxsus olan evdə yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.05 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 4ə-01-54 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-1501 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.05 ha torpaq sahəsindən 0.025 ha hissəsi X1 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.025 ha torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə idarədə məlumat yoxdur. İşin materiallarında olan 10 yanvar 2022-ci il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,025 ha torpaq sahəsini X11 bağışlamışdır. X9 adına həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Hazırda onun mülkiyyətindədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı xx.xx.2014-cü il tarixdə cehiz əmlakları ilə Sumqayıt ərazisində kirayə evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X17 adlı övladları anadan olmuşdur. Kirayədə yaşadıqları müddətdə əri Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində ev tikdirməyə başlamış və həmin tikiliyə köçüb 2020-ci ilin oktyabr ayına kimi ailə olaraq orada yaşamışlar. 2020-ci ilin aprel ayında cavabdehlə aralarında mübahisə yaranmış, cavabdeh Zamir Hümmətov evi tərk edərək anasıgilə getmiş, o vaxtdan yəni 2021-ci ilin aprel ayının 5-dən sentyabr ayının 3-nə kimi həmin evdə iddiaçı uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Cavabdeh Zamir Hümmətov 2021-ci ilin iyun ayında Sumqayıt Şəhər Məhkəməsinə “nikahın pozulması” tələbinə dair iddiası ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X6 onun himayəsinə verilməsinə və onların yetkinlik yaşına çatanadək saxlanılması alimentin tutulması qət edilmişdir. Məhkəmədən sonra cavabdeh ailə üzvləri ilə birlikdə o evdə olmayanda, uşaqları məktəbə apararkən yaşadığı evə gələrək evin cəftəsini qırmış, dəyişdirərək onu və uşaqları da evdən qovmuşlar. İddiaçı hazırda valideynlərinin yaşadığı evdə uşaqları ilə birlilkdə yaşayır. İddiaçıya məxsus bütün cehiz əşyaları mübahisəli evdə qalmışdır. Sözügedən ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır, ev özbaşına tikilidir. Mübahisəli tikilinin birgə nikah dövründə tikilməsi iddiaçının özünün izahatından başqa, şahidlərin ifadələrində qismən etirafları ilə, habelə tərəflərin evliliklərinin ilk illərini kirayədə yaşamaları halı ilə sübut olunur. Hazırda iddiaçı cavabdehlə birgə nikahlarından olan övladları ilə birlikdə mübahisəli evə köçürülməsini məhkəmədən xahiş edir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edəndən sonra 10 yanvar 2022-ci il tarixli bağişlanma müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,025 ha torpaq sahəsini qardaşı X11 bağışlamışdır. X9 adına həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır, hazırda onun mülkiyyətindədir, mübahisəli tikili də təmin torpaq sahəsinin üzərindədir. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, işin müəyyən edilən faktiki hallarından göründüyü kimi hazırkı halda, hər üç hal mövcuddur. Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Tikiliyə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini, habelə mübahisəli evin cavabdehin mülkiyyətində olmamasını nəzərə alıb, hesab edir, mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki Hazırki iş üzrə iddiaçının uşaqları ilə birlikdə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olaraq Cavabdehla birgə nikah müddətində tikilmiş tikili olduğundan, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sonradan məhkəmə mübahisəsi ilə əlaqədar ikinci cavabdehə bağışlanması və onun adına qeydə alınması iddiaçının həmin tikilidən istifadə imkanlarına mane olan hal ola bilməz, cavabdehlərin bu hərəkətləri iddiaçıya qarşı törədilən qanunsuz məhrumetmə (evdə yaşamasına mane olma) kimi qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə 8 niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı - xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X17 adlı övladları ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində tikilmiş, hazırda cavabdeh X10 mülkiyyətində olan həmin tikiliyə köçürülməlidirlər. İddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul bərabər qaydada cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı - xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X17 adlı övladları ilə birlikdə cavabdeh X11 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,025 ha torpaq sahəsində tikilmiş evə köçürülsünlər. X7 və Cavabdeh bərabər qaydada olmaqla cəmi 100 manat dövlət rüsumuna görə tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2045/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2045/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver