Məhkəmə qərarları › İş №e-2(012)-2068/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2068/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2068/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9.600 (doqquz min altı yüz) EUR və 4 (dörd) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” cərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. İddiaçı bildirir ki, müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X1 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı X2 arasında 26 avqust 2022-ci il tarixli, 327 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin xx.xx.2022cü il tarixli, F-506 nömrəli əmrinə əsasən xaricdə magistr təhsilinin maliyyələşdirilməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci ildən iyun 2023-cü ilədək İtaliya Respublikasının “Sapienza University of Rome” ali təhsil müəssisəsində “Nanotexnologiya mühəndisliyi ” ixtisasının magistr səviyyəsi üzrə təhsil almalı və nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdeh müqavilə şərtlərini pozaraq, tələb olunan zəruri sənədləri nazirliyə təqdim etməmişdir. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 29/3-2-2689 F/2024 nömrəli əmrinə əsasən Cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3xx-xx/21523/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 9.600 EUR və 4 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən xəbərdarlıq məktubunu alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. O bildirdi ki, Cavabdeh ilə 26 avqust 2022-ci il tarixində İtalyada təhsil alması ilə bağlı müqavilə bağlanılmışdır. Lakin cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilənin 3.3.2-ci bəndindəki öhdəliyi pozmuş, təhsilinin gedişi ilə bağlı nazirliyə nə məlumat verilmiş, nə də hesabat təqdim edilmişdir. Hazırda cavabdehə yalnız ödənişin ilkin olaraq 50 faizinin ödənilməsi ilə bağlı köməkilik oluna biləcəyini, qalan məbləğin isə il sonuna kimi ödənilməli olduğunu bildirildi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. O bildirdi ki, 2021-ci ildə magistraturaya qəbul olmuşdur. Təhsilinin 1-ci ilini öz hesabına oxusa da, ikinci ili üçün Elm və Təhsil Nazirliyinə müraciət etmiş və bununla bağlı 2022-ci ilin avqust ayında iddiaçı ilə müqavilə bağlamışdır və təhsili üçün pul ödənilmişdir. Daha sonra cavabdehə sentyabr ayında məlum olmuşdur ki, onun kəsri mövcuddur. Bununla əlaqədar olaraq o, nazirliyə hesabat təqdim edə bilməmişdir. Həmçinin cavabdeh bildirdi ki, iddia ərizəsində iddiaçı təhsillə bağlı universitetə 10 aylıq ödəniş olunması qeyd etsə də, təhsillə bağlı nazirlik 8 aylıq müddət üçün ödəniş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə təhsil alacaq Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssiələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaçları arasında bağlanılmış müqavilədən görünür ki, bu müqavilənin predmentinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 1.4cü bəndinə uyğun olaraq bağlanılır və Proqram iştirakçısının İtaliya Respublikasının “Spienza University of Rome” ali təhsil müəssisəsində “Nanotexnologiya mühəndisliyi” ixtisası üzrə sentyabr 2022-ci ildən iyun 2023-cü ilə kimi Magistratura təhsil səviyyəsi üzrə 10 ay müddətinə təhsilinin maliyyələşdiirlməsinə dair tərəflərin öhdəlikləri müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-64/2-1523/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Cavabdeh hər semestr və ya tədris ili üzrə tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə təhsildə alınan xarici ATM-in arayışını və qiymət cədvəlini (transkript) İdarəetmə Qrupuna təqdim etmədiyi üçün Nazirlik tərəfindən ödənilmiş 9.600 EUR və 4 manat məbləği X4 Qrupunun hesabına qaytarılması bildirilmişdir. - İş materialında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh adına 5100 və 4500 EUR olmaqla təhsil üçün pul məbləği ödənilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, Cavabdeh ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi xx.xx.2022-ci il tarixli müqavilə bağlamış, lakin o üzərinə düşən öhdəlikləri vaxtında və tam şəkildə icra etməmişdir. Hazırki müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən, iddiaçı ümumilikdə 9600 EUR və 4 manat manat məbləğində pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.4. maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 3.3.2-ci yarımbəndində qeyd edilir ki, hər semestr və ya tədris ili başa çatdıqdan sonra 1 aydan gec olmayaraq tədris ərzində tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə müvafiq arayış və qiymət cədvəlini İdarəetmə Qrupuna təqdim etmək cavabdehin vəzifəsidir. Müqavilənin 6.2.2-ci yarımbəndinə əsasən bu müqavilənin 3.3.2-ci yarımbəndində müəyyən edilmiş müddət keçdikdə idarəetmə qurupu tərəfindən xəbərdarlıq verildikdən sonra 1(bir) ay ərzində hər semestr və ya tədris ili üzrə tədris planında nəzərdə tutula öhdəliklərin yerinə yetirilməsi barədə təhsil aldığı xarici ATM-in arayışını və qiymət cədvəlini (transkript) idarəetmə qrupuna təqdim etmədikdə məsuliyyət daşıyır. Müqavilənin 6.2.4-cü yarımbəndində nəzərdə tutulmuşdur ki, məzun təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətinə ölkəyə qayıtmadıqda, nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan görünür ki, borc barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 9600 EUR və 4 manat borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2.2-ci bəndinə uyğun olaraq cavabdeh öz öhdəliyini pozaraq təhsil aldığı xarici ATM-in arayışını və qiymət cədvəlini (transkrpti) idarəetmə qrupuna təqdim etməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadə edilmiş xidmətlərə görə 9600 EUR və 4 manat pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 9600 EUR (avro) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və 4 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar