Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2069/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 11000 manat kompensasiya ödənilmək şərtilə onların, həmçinin onların birgə nikahından olan yetkinlik yaşına çatmayan övladları - X6 və X1 ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan fərdi yaşayış evi üzərində istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin öz əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı uzun illərdir ki, ailəsi ilə birgə həmin fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evində cavabdehlər Cavabdeh1 (iddiaçının oğlu), onun arvadı Cavabdeh2, cavabdehlərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladları - xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cü il təvəllüdlü X7 qeydiyyatdadılar. Hazırda iddiaçı ona məxsus həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu həyata keçirmək, həmin əmlakı özgəninkiləşdirmək istəsə də, cavabdehlər, yəni iddiaçının oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 buna razılıq vermirlər. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin sahəsi 65.8 kv.metr olan 4 otaqlı fərdi yaşayış evində cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün ağlabatan kompensasiya məbləği ümumilikdə 11000 manat təşkil edir. Belə ki, sözügedən fərdi yaşayış evi ilə eyni şəraitli və eyni ərazidə yaşamaq üçün oxşar fərdi yaşayış evinin kirayə haqqının məbləğini müəyyən etmək üçün Məhkəmə Ekspertizası Xidmətləri MMC-yə müraciət edilmişdir. Həmin şirkət tərəfindən təqdim edilən 12 fevral 2024-cü il tarixli, 02-20/24 nömrəli mütəxəssis rəyinə əsasən sözügedən fərdi yaşayış evi ilə eyni şəraitli və eyni ərazidə yaşamaq üçün oxşar fərdi yaşayış evinin kirayə haqqı 12 fevral 2024-cü il tarixinə 300 manat təşkil edir. İddiaçı və cavabdelərdən savayı həmin fərdi yaşayış evində iddiaçının ailə üzvləri - X2, X3, X4, X5 qeydiyyatdadır və yaşayır. Buna görə də cavabdehlərin qeyd edilən fərdi yaşayış evindən istifadə etmək hüququna xitam verilən zaman evdə digər şəxslərin qeydiyyatda olması və yaşaması faktı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 11000 manat kompensasiya ödənilmək şərtilə onların, həmçinin onların birgə nikahından olan yetkinlik yaşına çatmayan övladları - X6 və X1 ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan fərdi yaşayış evi üzərində istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin, o cümlədən onların birgə nikahından olan X6 və X1 öz əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı, habelə onun vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, təklif edilən kompensasiyanın onu qane etdiyini bildirdi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 103,6 kv.metrlik fərdi yaşayış evi xx.xx.2013-cü ildən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi evində 9 nəfər (o cümlədən iddiaçı və cavabdehlər) qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02-20/24 saylı hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış həmin tarixə orta aylıq kirayə haqqı isə 300 manat təşkil edir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistem məlumatlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 hazırda da ər-arvaddrlar və onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli yaşayış evi - yəni yaşayış sahəsi 65,8 kv.metr, köməkçi sahəsi 37,8 kv.metr olan, 4 otaqdan ibarət 14 saylı ev xx.xx.2013-cü ildən iddiaçının mülkiyyətindədir. Bu evdə 9 nəfər pasport qeydiyyatındadır. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, həmin evdə iddiaçı öz arvadı ilə və onların övladları öz ailələri ilə yaşayırlar. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər hazırda nikahdadırlar. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11000 manat kompensasiya ödənilməsi müqabilində istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun dəlili bundan ibarətdir ki, cavabdehlər birgə yaşayış qaydalarına əməl etmirlər və öz hərəkətləri ilə mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Bu səbəbdən cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına pul ödənilməklə xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi 2013-cü ildən iddiaçının mülkiyyətindədir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hazırki Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Bu normaların tələbinə əsasən cavabdehlərin hər ikisinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ mövcuddur və bu hüquq iddiaçı tərəfindən mübahisələndirilmir. Hazırda əsas mübahisə həmin hüquqa xitam verilməsi ilə bağlı təklif edilən məbləğ barəsindədir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İstifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlmişdir. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. İşdən görünür ki, mübahisəli evin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında münasibətlər hazırda pisləşmişdir və onların birgə yaşaması mümkünsüzdür. Belə olan halda isə həmin daşınmaz əmlakdan istifadə hüququna malik cavabdehlərin bu hüququ iddiaçının verəcəyi kompensasiya ilə əvəzləşdirilməlidir. Məhkəmə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün mübahisəli yaşayış sahəsinin şəraitindəki evin kirayə qiymətlərini müstəqil qiymətləndirici vasitəsilə müəyən edən rəyi qənaətbəxş hesab edir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02-20/24 saylı hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış həmin tarixə orta aylıq kirayə haqqı isə 300 manat təşkil edir. İddiaçı tərəfindən təklif edilən 11000 manat kompensasiya məbləğini məhkəmə məqbul hesab edir. Məhkəmənin qənaətinə görə bu məbləğ mübahisəli evə oxşar şəraitli yaşayış sahəsilə ilə uzun müddət (təqribən 37 ay) təmin olunmağa kifayət edir. Digər tərəfdən məhkəmə mübahisəli evdə hazırda digər 5 nəfərin yaşamasını, həmçinin təklif edilən məbləğin ailə başçısı olan Cavabdeh1 tərəfindən qəbul edildiyini də nəzərə alır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 11000 manat kompensasiya ödənilməsi müqabilində onların Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerlə.ən 14 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cü il təvəllüdlü X7 azyaşlıdırlar və Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 11000 manat kompensasiya ödənilməsi müqabilində onların Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin və Cavabdeh1 və Cavabdeh2, həmçinin onların birgə nikahından olan X6 və X7 öz əşyaları ilə birlikdə həmin evdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfinən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2069/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2069/2024
19.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver