Məhkəmə qərarları › İş №e-2(012)-209/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-209/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-209/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahələrinin təhvil verilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli 134 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan və xx.xx.2019-cu il tarixli 135 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “zirzəmi” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahələrinin 1 həftə müddətində cavabdeh - Cavabdeh MTK tərəfindən iddaçı - İddiaçı təhvil verilməsi, sözügedən qeyri-yaşayış sahələrinə kənar şəxslərin müdaxiləsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 134 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin hər bir kv.m-ni 900 manat olmaqla cəmi 79.110 (yetmiş doqquz min bir yüz on) manat, xx.xx.2019-cu il tarixli 135 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “zirzəmi” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin hər bir kv.m-ni 200 manat olmaqla cəmi 17.580 (on yeddi min beş yüz səksən) manat ümumilikdə 96.690 (doxsan altı min altı yüz doxsan) manat məbləğində pul vəsaiti ödəyərək Cavabdeh MTK -nın faktiki rəhbəri və sahibi X5 almışdır. Bu barədə ona möhürlə təsdiq olunmuş müqavilələr və hər iki müqavilə üzrə qeyri-yaşayış sahələrinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları təqdim olunmuşdur. Həmin binanın tikintisi yekunlaşıb digər sakinlər tərəfindən öz mənzillərində tikinti təmir işləri aparılır, sakinlər evlərində yaşayırlar. Binanın birinci mərtəbəsində olan bəzi qeyri yaşayış sahələrində hətta mağaza və digər sahibkarlıq obyektləri də fəaliyyət göstərir. Sözügedən qeyri-yaşayış sahələrini aldıqdan bir müddət sonra növbəti dəfə həmin ərazilərə baxmağa gedən zaman ona məlum oldu ki, Cavabdeh MTK-nın faktiki rəhbəri və sahibi X13 və MTK-ın sədri X4 mənə məxsus qeyri-yaşayış yerlərini X6 da satmışlar. Həmin vaxt təmir işləri bir müddət dayandırıldı. Qeyri-yaşayış sahəsini ondan sonra almış X11 tikinti şirkəti ilə danışıqlar apardıqdan sonra mənə bildirdilər ki, səhv olub tezliklə həmin səhv aradan qaldırılacaqdır. Lakin bu günə kimi cavabdeh qeyri-yaşayış sahələrini ona təhvil vermir və onun qeyri-yaşayış sahələrindən istifadə etməyimə maneələr yaradır. Artıq 4 (dörd) ilə yaxındır ki, cavabdeh müxtəlif bəhanələrlə iddiaçını get-gələ salır və müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir. Faktiki olaraq ona müqavilə üzrə təqdim olunan sahə ilə X6 verilən sahə tam olaraq üstüstə düşmür. İddiaçı tərəfindən dəfələrlə cavabdehə yazılı və şifahi müraciət edilərək qeyri-yaşayış sahələrinin ona təhvil verilməsini tələb etsədə, bu günə kimi cavabdeh tərəfindən həmin müraciətlərə cavab verilməmiş və heç bir addım atılmamışdır. Bu səbəbdən iddiaçı öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2019-cu il tarixli 134 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan və xx.xx.2019-cu il tarixli 135 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “zirzəmi” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahələrinin cavabdeh - Cavabdeh MTK tərəfindən iddaçı - İddiaçı təhvil verilməsi, sözügedən qeyri-yaşayış sahələrinə kənar şəxslərin müdaxiləsinə qadağa qoyulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə edib təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi, cavabdehin qanunsuz hərəkətləri barədə xüsusi qərardad çıxarılmalıdır. Cavabdeh MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X11 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh MTK məhkəməyə ərizə ünvanlayaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi, xüsusi qərardad çıxarılması və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2019-cu il tarixli 134 saylı müqavilənin surətindən görünür ki, Səfərov X9 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsini kvadratmetri 900 manata, ümumi dəyəri 79110 manata Cavabdeh MTK-dan almışdır. - xx.xx.2019-cu il tarixli 135 saylı müqavilənin surətindən görünür ki, Səfərov X9 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok zirzəmi hissəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsini kvadratmetri 200 manata, ümumi dəyəri 17580 manata Cavabdeh MTK-dan almışdır. - Maliyyə arayışlarının surətindən görünür ki, İddiaçı qeyd olunan qeyri-yaşayış sahələrinə görə pay dəyəri kimi müqavilələrə müvafiq olaraq 79110 manat və 17580 manat pulu Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur. - xx.xx.2018-ci il tarixli 04 saylı müqavilənin surətindən görünür ki, X3 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 133 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsini kvadratmetri 1120 manata, ümumi dəyəri 149000 manata Cavabdeh MTK-dan almışdır. - Maliyyə arayışının surətindən görünür ki, X11 qeyd olunan qeyri-yaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 149000 manat pulu Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur. - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin bşlanılması rədd edilmiş, İddiaçı mövcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli 4/163-5/139 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh MTK ilə İddiaçı adlarından olan xx.xx.2019-cu il tarixli 134 və 135 nömrəli müqavilələrdə və həmin müqavilələrə dair maliyyə arayışlarında Cavabdeh MTKnın sədri Abbasov G” və Cavabdeh MTK-nın sədri” qrafalarındakı imzalar - X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 14 avqust 2019-cu il tarixli 134 və 135 nömrəli müqavilələrində və maliyyə arayışlarında olan möhür əksləri təqdim edilmiş əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş Cavabdeh MTKnın sərbəst əks nümunələri kserosurət olduğundan, tam və aydın əks olunmadığından, onlarınan müqayisəli tədqiqatı aparılmamışdır. - Cavabdeh MTK-nın xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, e-2(012)- 209/2024 saylı işdə bir əmlakın bir neçə nəfərə satılması halı mövcud olduğu üçün iş üzrə xüsusi Qərardad çıxarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2-ci maddəsinə əsasən kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.10-cu maddəsinə əsasən kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşdən görünür ki, mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarxili 134 və 135 saylı müqavilələrdə və maliyyə arayışlarında olan imza və möhür MTK-nın direktorunun imzası və möhürü deyil. Bu ekspert rəyi ilə öz təsdiqini tapır. İddiaçı isə həmin müqavilələrin hansı şəraitdə və kiminlə bağlanmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəməyə ünvanladığı ərizədə Çinar-AN MTK tərəfindən inşa edilmiş yaşayış binalarının E blokunda cəmi 204 kv metr qeyri yaşayış sahəsi olduğunu, həmin sahədən 120 kv. metrinın 10 may 2016-cı il tarixdə X1 ,sonradan onu nümayəndəsinin notarial qaydada ərizələri əsasında həmin sahə 17 dekabr 2022-ci il tarixdə X8 adına rəsmiləşdirildiyini, qalan sahə isə 05 aprel 2018-ci il tarixdə 133 kv. metr olaraq X2, həmin blokda hal-hazırda boş qeyri-yaşayış sahəsi mövcud olmadığını İddiaçıla müqavilə bağlanan zaman da E blokunda boş qeyri yaşayış sahəsi mövcud olmadığını, İddiaçı təqdim etdiyi müqavilə və maliyyə arayışındakı imzalar Çinar-AN MTK-nın sədri Gülməmməd Abbasova məxsus olmadığını və bu müqavilələr üzrə kooperativin kassasına pul ödənilmədiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı təqdim edilən xx.xx.2019-cu il tarixli 134 və 135 saylı müqavilələr Cavabdeh MTK-nın rəhbəri X4 tərəfindən imzalanmadığından və Cavabdeh MTK-ya məxsus möhürlə təsdiq edilmədiyindən həmin müqavilələr əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməli və xx.xx.2019-cu il tarixli 134 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan və xx.xx.2019-cu il tarixli 135 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “zirzəmi” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahələrinin cavabdeh - Cavabdeh MTK tərəfindən iddaçı - İddiaçı təhvil verilməsi, sözügedən qeyri-yaşayış sahələrinə kənar şəxslərin müdaxiləsinə qadağa qoyulması barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPMnin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahələrinin təhvil-verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar