Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-212/2024 09.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, habelə vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “Proqress”- 2016” MTK-nın (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış xx.xx.2019-cu il 15 nömrəli müqavilənin etibarsız hesab edilməsi, “Proqress”-2016” MTK-nın (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) onunla bağladığı 10 yanvar 2010-cu il tarixli müqavilə şərtlərini yerinə yetirərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 6-ci mərtəbə ümumi sahəsi 133,4 kv. metr olan İİİ blok 36-№-li mənzil izolə olunmuş 4 otaqdan ibarət mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və iddiaçıya vurulmuş ziyana görə 3000 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı adı “Proqres”-2016” MTK) ilə 10 yanvar 2010-cu il tarixli, müqavilə bağlamışdır. Müqavilənin 1.1.-ci maddəsinin tələblərinə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx-2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 6-ci mərtəbə ümumi sahəsi 133,4 kv. metr olan İİİ blok 36-№-li mənzil izolə olunmuş 4 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öhdəsinə götürmüşdür. O, müqavilənin 1.2. və 3.1-ci bəndlərində nəzərdə tutulan öhdəliyimi yerinə yetirərək müqavilədə nəzərdə tutulan pul vəsaitini tam ödəmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onun borcunun olmaması barədə maliyyə arayışı vermişdir. Habelə, müqavilədə də borcun olmadığı qeyd edilmişdir. Mənzil tikilib başa çatdırılmış və ona təhvil verilmişdir. Uzun müddət həmin mənzil onun istifadəsində və sahibliyində olmuşdur. Eyni zamanda mənzilin açarları ona təhvil verildikdən sonra həmin mənzilə qiyməti 3000 manat olan müxtəlif tikinti materialları qoymuşdur. Onunla bağlanan alqı-satqı müqavilələri hal-hazırda qüvvədədir və icra olunmuşdur. Lakin son vaxtlar Cavabdeh1 onun istifadəsində olan mənzilin qapısını sındıraraq ora daxil olmuş və ona mənsub olan tikinti materiallarını götürmüşdür. Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə Ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğu üçün cinayət işin başlanmasının rədd edilmiş və tərəflərin məhkəməyə iddia qaldırmaq hüquqları izah edilmişdir. Ona görə də o, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəllər də mübahisələndirilən mənzillə bağlı məhkəməyə müraciət edilmişdir. Belə ki, cavabdehlər X4 və "xxxx" mənzil tikinti kooperativinə qarşı cavabdeh ilə bağlanmış mənzilə dair müqavilənin etibarsız hesab edilməsi və İddiaçı ilə bağlanmış müqavilənin qanuni hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı 2018-ci il tarixli,Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rərulzadə küçəsiev 1A, 3-cü blok, 6-cı mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 133 kv m. olan 36 saylı mənzilinə dair müqavilənin etibarsız hesab edilərək İddiaçı "xxxx" ilə bağlanmış 16 yanvar 2010-cu il tarixli və "xxxx" MMC-nin varisi olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış 14 iyun 2017-ci il 258 nömrəli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1a, 3cü blok, 6-cı mərtəbəsində yerləşən, 4 otaqdan ibarət, 133 kv m olan 36 saylı mənzilinə dair müqavilənin qanuni olması barədə qətnamə çıxarılımasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin e-2(012)-3214/2022 saylı, 18 iyul 2022-ci il tarixli qətrnaməsi ilə onunla "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 18 dekabr 2018-ci il tarixli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A, 3-cü blok, 7cimərtəbəsində yerləşən, 4 otaqdan ibarət 133 kv. m olan 36 saylı mənzilinə dair müqavilə etibarsız hesab edilmiş, X2 "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair hüququnun olması izah edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 16 yanvar 2010-cu il tarixli və "xxxx" MMC-nin varisi olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış 14 iyun 2017-ci nil tarixli, 258 nömrəli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1a, 3-cü blok, 6-cı mərtəbəsində yerləşən 4 otaqdan ibarət, 133 kv m. sahəsi olan, 36 saylı mənzilinə dair müqavilələr qanuni hesab edilmişdir. Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçı "xxxx" MTK arasında bağlanmış müqavilə qanuni hesab edilmişdir. Hələ ki, həmin qətnamə qüvvədədir onunla bağlanmış müqavilə üzrə mübahisələndirilən mənzil boşaldılaraq ona təhvil verilməlidir. Cavabdeh1 "xxxx" MTK ilə bağladığı xx.xx.2019-cu il 15 nömrəli müqaviləsinin 1 bəndindən və müvafiq olaraq onda olan maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən ünvanda olan binanın 3-cü blokunun 6-cı mərtəbəsindəki mənzilin deyil, məhz 7-ci mərtəbəsindəki mənzilin payçısıdır. Maliyyə arayışında “Əvəzləşdirilib” sözünün yazılması bir daha sübut edir ki, Cavabdeh1 əvvəl başqa mənzil verilib sonra isə mənim mənzilimi zəbt etmişdi. Cavabdehlə bağlanan nömrəsiz və möhürsüz müqaviləsinin 3.1, 3.2 bəndlərində ABŞ dolları ilə ödəniş edildiyi göstərilir bu da mövcud qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasında milli valyuta manatdır və ABŞ dolları ilə alış-veriş edilməsi qadağandır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5, həmçinin iddiaçının vəkili-nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi, izahatında bildirdi ki, mənzili 2006-cı ildə Elman adlı şəxsdən alıb. Mənzilə görə ilkin olaraq 15000 ABŞ dolları, sonradan isə ona məxsus qeyri-yaşayış sahəsi ilə əvəzləşdirərək pulun qalanını ödəyib. Digər Cavabdeh2 MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 göstərdi ki, iddiaçının qardaşıdır. Mübahsəli mənzilin təmiri üçün lazım olan materialları özü şəxsən alıb və mənzilə yerləşdirib. Həmçinin bir ədəd seyf qapını ustalar quraşdırıb və açarını ona təhvil veriblər. Lakin sonradan həmin qapı qırılıb və mənzilin içərisinə yığılmış materiallar oğurlanıb. Götürülmüş materialların kim tərəfindən və hansı şəraitdə aparılmasını bilmir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarından olan mənzil tikintisi haqqında 258 saylı, 14 iyun 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MTK ilə İddiaçı arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.0 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin 47481 manata satılması haqqında müqavilə bağlanmışdır. Mülki işin materiallarında olan 16 yanvar 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 3cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.4 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin 34284 manata (1 kv.metri 257 manat) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 27 fevral 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Sadıqov X6 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.4 kv.metr olan, 4 otaqdan ibarət 36 nömrəli mənzilə görə Cavabdeh2 MTK-ya 35250 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan 14 iyun 2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Sadıqov X6 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.0 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilə görə Cavabdeh2 MTK-ya 47481 manat ödəmişdir və heç bir borcu yoxdur. Mülki işin materiallarından olan 15 saylı, 05 mart 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında "xxxx" MMC ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ona ayrılmış 3-cü blokun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 kv.metr olan mənzil başqa mənzillə dəyişdirilməsini, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin 49832 manata (1 kv.metri 373 manata) satılması haqqında müqavilə bağlanmışdır. Mülki işin materiallarından olan 13 fevral 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 3cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin 46760 ABŞ dollarına(1 kv.metri 350 ABŞ dolları) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 05 mart 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür "xxxx" MMC ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 6cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 kv.metr olan, izolə olunmuş 4 otaqlı mənzilə görə ödənilən 22600 manat -Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzillə əvəzlənmişdir. Payçı Cavabdeh1 heç bir borcu yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3214/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 16 yanvar 2010-cu il tarixli və "xxxx" MMC – nin varisi olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış 14 iyun 2017-ci il tarixli,258 nömrəli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A, 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, 4 otaqdan ibarət 133 kv. m olan, 36 saylı mənzilinə dair müqavilələr qanuni hesab olunması qət edilmişdir. Qətnamədən şikayət verilməmiş, qanuni qüvvəyə minmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, tərəflərə aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan, tərəflərin mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Həmçinin həmin qərardan görünür ki, Cavabdeh1 izahatında mənzilə qapı qoyan zaman, həmin mənzilin giriş qapısının olmadığını, içərisində isə heç bir tikinti materiallarının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki tərəflə MTK arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, 10 yanvar 2010-cu il tarixli müqavilə ilə "xxxx" MMC ilə İddiaçı arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.4 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin 34384 manata (1 kv.metri 257 manata) satılması barədə razılıq əldə edilmişdir. Sonradan həmin müqavilə əsasında "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 258 saylı, 14 iyun 2017-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 6cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.0 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin 47481 manata satılması barədə razılıq əldə edilmişdir. Göründüyü kimi, buradakı yaşayış binası 15 mərtəbəli olmaqla, mübahisə predmetini binanın 6-cı mərtəbəsində yerləşən 36 saylı mənzil təşkil edir. Cavabdeh1 ilə "xxxx" MMC arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin 46760 ABŞ dollarına (1 kv.metri 350 ABŞ dolları) satılması haqqında müqavilə bağlanmışdır. Daha sonra bu müqavilə əsasında "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK ilə 15 saylı, 05 mart 2019-cu il tarixli müqavilə bağlamışdır. Bu müqaviləyə görə isə "xxxx" MMC ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 kv.metr olan, izolə olunmuş 4 otaqlı mənzilə görə ödənilən 22600 manat -Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzillə əvəzlənmişdir. Göründüyü kimi, burada mübahisə predmetini 15 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzili təşkil edir. İddiaçı isə iddia edir ki, hər iki şəxsin müqaviləsi eyni mənzilə dair imzalanmışdır. Bu əsasla da Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə iddiaçı, nə də cavabdeh mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Lakin İddiaçı ilə "xxxx" MMC və "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı müqavilələr daha əvvəllər məhkəmə baxışının predmeti olmuş, Abşeron rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, e-(012)-3214/2022 saylı qətnaməsi ilə həmin əqd qanuni hesab edilmişdir. Bu hal işin mübahisəsiz halıdır. Həmçinin həmin qətnamədən görünür ki, “Progress-2016" MTK tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsinə ünvanlanmış məktubda qeyd edilir ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “Progress-2016" MTK tərəfindən inşa edilən hündür mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 133 kv olan 4 otaqdan ibarət 36 nömrəli mənzil, xx.xx.2017-ci ildə İddiaçı satılmışdır, hal hazırda ona məxsusdur. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı hüquqları ilə yüklü olunduğundan mənzil boşaldılaraq ona təhvil verilməlidir. Məhkəmə əqdin etibarsızlığı barədə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, yuxarıda da qeyd edildiyi kimi, mübahisəli əqd ona məxsus mənzilə dair deyil, başqa yaşayış sahəsi barədədir. Özünə məxsus olmayan əmlaka dair əqdin iddiaçının hüquqlarını pozması iş materialları ilə təsdiq edilmir və bu əsasla da məhkəmə hesab edir ki, əqdin etibarsızlığı hissəsində İddiaçı iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İddianın vurulmuş ziyana görə 3000 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə də iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda İddiaçı cavabdehin ona məxsus tikinti materiallarını aparması və maddi ziyan vurmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 həmin mənzildə qapı və digər əşyaların olmadığını bildirmişdir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 6-ci mərtəbəsindəki ümumi sahəsi 133,0 kv.metr olan 4 otaqlı 36 saylı mənzil Cavabdeh1 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133.0 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzil Cavabdeh1 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-212/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-212/2024
09.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver