Məhkəmə qərarları › İş №e-2(012)-218/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-218/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-218/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin ləğv edilməsi və pulun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, 236 nömrəli mənzilin alqısatqı müqaviləsinin ləğv olunması, bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən 74 saylı 1 otaqlı (43,3 kv.m) mənzillə eyni xüsusiyyətlərə malik mənzilin ona verilməsi və ya tərəfindən ödənilmiş 29877 manat pulun, eləcə də hər ilə görə ödənilmiş pulun 12 faizi (3585,24 manat) olmaqla 21511,44 manat və 245 manat dövlət rüsumunun, cəmi 51633,44 manat pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, 236 nömrəli mənzilin alqı-satqı müqaviləsinin ləğv olunması, bu müqaviləyə əsasən tərəfindən ödənilmiş 29877 manat pulun, eləcə də hər ilə görə ödənilmiş pulun 12 faizi (3585,24 manat) olmaqla 21511,44 manat və 245 manat dövlət rüsumunun, cəmi 51633,44 manat pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx.xx.2017-ci il tarixli, 236 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən 74 saylı 1 otaqlı (43,3 kv.m) mənzili təhvil verməyi üzərinə götürmüşdür. O müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmiş və göstərilən mənzilin dəyərini tam ödəmişdir. Bu MTK-nın xx.xx.2017-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilmişdir. Lakin MTK anlaşılmayan və əsassız bəhanələrlə həmin mənzilin ona təhvil verilməsini başa çatdırmaqdan yayınır. Müqaviləyə əsasən mənzilin hər 1 kv.m-nin dəyəri 690 manat olmaqla, ümumi dəyəri 29877 manat olaraq razılaşdırılmış və qeyd olunan məbləğ tam şəkildə ödənilmişdir. O artıq həmin evi istəmir və buna görə də ödədiyi pulu gecikdirilən hər il üçün faizlər hesablanmaqla geri almaq istəyir. Bu səbəbdən aralarında bağlanmış müqavilənin ləğvi, ödədiyi pulu gecikdirilən hər ilə (6 il) görə faizlər hesablanmaqla geri almaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən Cavabdeh MTK-ya ərizə ilə müraciət etmişdir. Həmin müraciətdə müqavilənin ləğvinin və göstərilən pulun ona geri qaytarılmasının 7 gün ərzində həyata keçirilməsini xahiş etmişdir. Lakin cavabdehdən ona heç bir cavab gəlməmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun nümayəındəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Mənzilin alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli 236 nömrəli Cavabdeh MTK tərəfindən satılmış mənzil üçün Cavabdeh MTK-nın derektoru X3 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən 74 saylı 1 otaqlı (43,3 kv.m) mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öz öhdəsinə götürür. Mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 kv.m sahəsinin qiyməti 690.00 manat olmaqla müqavilənin qiyməti cəmi 29877 manat müəyyən edilmişdir. Alıcı müqavilə üzrə 29877 manat məbləği tam olaraq ödəmişdir. Cavabdeh MTK-nın xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən 74 saylı 1 otaqlı (43,3 kv.m) mənzil üçün 29877 manat məbləğində vəsaiti tam olaraq ödəmişdir, onun MTK-ya borcu yoxdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-3469/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilə sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa olunmuş çoxmənzilli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,3 kv.m 74 saylı mənzilə dair İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir. Cavabdeh MTK-nın sədrinə ünvanlanmış, X1 tərəfindən imzalanan, xx.xx.2017-ci il tarixli ərizənin surətindən görünür ki, payçı X1 adına olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa olunmuş çoxmənzilli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,3 kv.m 74 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə icazə verilməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil iddiaçının razılığı və müqavilə əsasında alqı-satqı predmeti olmuş və verilən müvafiq pul müqabilində alqı-satqı qanunamüvafiq qaydada rəsmiləşdirilərək həyata keçirilmişdir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, xx.xx.2017-ci il tarixli 236 nömrəli Cavabdeh MTK tərəfindən satılmış mənzil üçün Cavabdeh MTK-nın direktoru X4 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Cavabdeh MTK, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən 74 saylı 1 otaqlı (43,3 kv.m) mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öz öhdəsinə götürmüş, mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 kv.m sahəsinin qiyməti 690.00 manat olmaqla müqavilənin qiyməti cəmi 29877 manat müəyyən edilmiş, alıcı, müqavilə üzrə mənzilin qiyməti olan 29877 manatı şəxsi vəsait hesabına ödəmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmiş, müqavilənin şərtlərində konkret müddət göstərilməsə də, həmin vaxtdan 6 il müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və bununla da, cavabdeh tərəfindən həmin müqavilənin şərtləri pozulmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri sonradan cavabdeh tərəfindən yerinə yetirilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrası müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, müqavilə 2017-ci il tarixdə bağlanmışdır, mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən,kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəf mübahisələndirilən mənzilin dəyərini tam ödəmişdir. Müqavilə şərtlərində qeyd edilməsə də, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 1 il 8 ay müddətinə iddiaçıya təhvil verilməli idi. Belə ki, tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-ya ödədiyi 29877 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən əlavə olaraq dəymiş maddi ziyana görə 21511 manat pulun tutulmasını xahiş etsə də, həmin hissəyə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 245 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli 236 saylı müqavilə ləğv edilsin. xx.xx.2017-ci il tarixli 236 saylı müqaviləyə əsasən Cavabdeh MTK-ya İddiaçı tərəfindən ödənilmiş 29877 manat məbləğində pul vəsaiti və ödənilmiş 245 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar