Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-222/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, debitor borc üzrə 1149,75 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 31,50 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1181,25 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AKX-02809xx/xx-2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********08266 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin 2022-ci ilin iyul-dekabr ayları üzrə ödənilməmiş 498 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-iyun ayları üzrə 597,39 manat sərfiyyat borcu və limitdən əlavə 76,86 manat sərfiyyat borcu, cəmi 1172,25 manat məbləğində sərfiyyat borcu qalmışdır. 2022-ci ilin iyul ayından 2023-cü ilin iyun ayına qədər cavabdeh cəmi 22,50 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda abonentin saldosu üzrə cəmi 1149,75 manat təşkil etməkdədir. Həmçinin cavabdehin 2022-ci ilin iyun ayınadək 1256,35 manat debitor borcu və 32,57 manat dövlət rüsumun vəsaitin tutulması barədə Birliyin xeyrinə xx.xx.2022-ci il tarixli, e-2(012)-5305/2022 saylı qətnamə çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında təmsil etdiyi qurumun iddiasını müdafiə edərək izahatında iddia ərizəsində göstərilənləri qeyd edib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixində 14/0501 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan “istehlakçı” Cavabdeh adına olan **********08266 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonent Cavabdeh ümumilikdə 2406,10 manat borcu vardır. Saldodan görünür ki, 2022-ci ilin iyul-dekabr ayları üzrə ödənilməmiş 498 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-iyun ayları üzrə 597,39 manat sərfiyyat borcu və limitdən əlavə 76,86 manat sərfiyyat borcu, cəmi 1172,25 manat məbləğində sərfiyyat borcu vardır. 2022-ci ilin iyul ayından 2023-cü ilin iyun ayına qədər Cavabdeh 22,50 manat məbləğində ödəniş etmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-5305/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 1256.35 manat borc və 32.57 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1288.92 manat pul vəsaitinin İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan abonentin saldosu üzrə məlumatlardan görünür ki, Cavabdeh Birliyə 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək 1149,75 manat debitor borcu yaranmışdır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu kimi 31,50 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (abonent kodu: **********08266) debitor borc kimi 1149,75 manat və dövlət rüsumu kimi ödənilmiş 31,50 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-222/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-222/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver