Məhkəmə qərarları › İş №e-2(012)-2221/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2221/2021

30.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2221/2021 30.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə əmrin ləğv edilməsi, işinə bərpa olunması, habelə 15 fevral 2021-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi və cavabdehdən ona vurduğu mənəvi ziyanın əvəzi olaraq, xeyrinə 5000 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, “xxxx” MMC-də 03.11.2015-ci ildə satış mütəxəssisi kimi işə başlamış və 21.12.2018-ci il tarixində Satış Departamentinin Texnika Satışı şöbəsinin sənaye avadanlıqlarının satışı bölməsinin rəisi vəzifəsinə, 09.12.2019-cu il tarixində Məhsul Satışı Departamentinin rəisi vəzifəsinə keçirilmişdir. Bu müddət ərzində həmişə işində müsbət mənada fərqlənmiş, heç bir töhmət və cəzası olmamışdır. Ona görə də işdə daim irəli çəkilmişdir. Son bir il ərzində pandemiya ilə əlaqədar satışların aşağı düşməsi bəhanə gətirilərək 02.02.2021-ci il tarixində Şirkətin rəhbərliyi tərəfindən öz istəyi ilə işdən azad olunma barədə ərizə yazmaq üçün ona təzyiqlər edilmiş və 03.02.2021-ci il tarixində Şirkətin İnsan Resursları Departamentinin rəisi Arzu Rəhimov tərəfindən bir daha işdən azad olunma barədə ərizə yazması üçün ona təzyiqlər edilmişdir. Belə ki, o, Departamentin rəisinə kompensasiya verilərək işdən azad edilməyini təklif etsə də, onu müxtəlif maddələrlə işdən çıxaracaqları ilə hədələmişdir. Buna görə də, məcbur qalaraq 04.02.2021-ci il tarixində “xxxx” MMC-dəki işindən 15.02.2021-ci il tarixində azad edilməsi barədə ərizə yazmışdır. Daha sonra əmək müfəttişliyi və müxtəlif insan resursları mütəxəssisləri ilə məsləhətləşdiyi zaman ona bildirmişlər ki, yol verilən bu cür hərəkətlər – təzyiqlər tamamilə qanunsuzdur. O da Əmək Məcəlləsinə uyğun olaraq 04.02.2021-ci il tarixində işdən azad edilmə barədə yazdığı ərizənin geri götürülməsi barədə yeni ərizə ilə 10.02.2021-ci il tarixində “xxxx” MMC-yə müraciət etmiş və bu müddət ərzində müntəzəm olaraq, vaxtlı-vaxtında işə gedərək əmək funksiyalarını icra etmişdir. Eyni zamanda, iş yerində 15.02.2021-ci il tarixinədək dəfələrlə verdiyi ərizələrin taleyi ilə maraqlansa da, heç bir cavab ala bilməmişdir. 15.02.2021-ci il tarixində günün birinci yarısında işdə olarkən İnsan Resursları Departamentinin rəhbəri Arzu Rəhimov birinci ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixli ərizəni niyə yazdığını soruşmuş və o da cavab olaraq bildirmişdir ki, bu səbəblə onun işdən azad edilməsi tamamilə qanunsuzdur, ona görə də işində qalaraq davam etmək istəyir. O təklif etmişdi ki, Şirkət onun işindən narazıdırsa, əmək qanunvericiliyinə uyğun olaraq onu işdən azad edə bilər. Eləcə də, hazırda işlədiyi və rəisi olduğu Departamentdə o və bir koordinator işləyir. 15.02.2021-ci il tarixində axşam saatlarında, iş yerində olarkən təxminən saat 16:55-də şirkət e-maili bağlanmış və səbəbini soruşmaq üçün administratora müraciət etdiyi zaman ona bildirilmişdir ki, müdiriyyətin tapşırığına əsasən bu icra edilmişdir. Bundan sonra işdən evə gəlmiş və evdə olarkən İnsan Resursları Departamentinin rəhbəri Arzu Rəhimovla əlaqə saxlamış və bildirilmişdir ki, rəhbərlik onun birinci ərizəsini əsas tutaraq, işdən azad edilməsi barədə əmr verildiyindən, ikinci ərizəsi nəzərə alınmamışdır. Onun iradına cavab olaraq bildirilmişdir ki, Cəmiyyətin onun ikinci ərizəsini nəzərə almamaq səlahiyyətləri vardır. Şikayət edəcəyini bildirdiyi zaman isə ona haraya istəyirsə, şikayət edə biləcəyi deyilmişdir. Həmin gün axşam evdə e-gov.az saytında şəxsi kabinetinə daxil olduğu zaman işdən azad edildiyi, əmək müqaviləsinə xitam verildiyini aşkar etmişdir. Halbuki Əmək Məcəlləsinə uyğun olaraq, sonuncu iş günündə işdən azad edilməsi barədə əmr, əmək kitabçası və son haqq-hesab ona təqdim edilməmişdir. Beləliklə, göstərilənlər “xxxx” MMC tərəfindən onun hüquqlarının təsbit olunduğu əmək və digər qanunvericiliyin kobud şəkildə pozulması olmaqla, Cəmiyyət tərəfindən verilən əmr qanunsuz və əsassızdır və buna görə də ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Həmçinin işəgötürənin ona qarşı yol verdiyi hərəkətlər pozuntu məqsədli olmaqla, işəgötürən olaraq üstün mənafeyindən istifadə edərək işçi kimi onu “əzmək”lə onda inamsızlıq, narahatlıq, məyusluq hisslərini yaratmaq üçün edilmişdir. Yəni ona göstərməyə çalışmışdır ki, o, hüquqşünas olaraq, öz hüquqlarını qoruya bilmir. Beləliklə, şəxsin əmlak və ya şəxsi qeyriəmlak hüququnun pozulması faktının müəyyənləşdirilməsi mənəvi zərərin vurulduğu qənaətinə gəlmək üçün kifayətdir. Cavabdeh 15.02.2021-ci il tarixində onunla bağlanan əmək müqaviləsinə xitam versə də, müvafiq əmri və son haqq-hesabı həmin gün ona verməmişdir. Buna görə də, həmin gündən indiyədək çoxsaylı şifahi və yazılı müraciətlər etməyə, əmək müfəttişliyinə və banka təkrar-təkrar getməyə məcbur olmuş və bütün bunların nəticəsində, yəni cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) mənəvi əzab və məyusluq hissi ilə yanaşı, emosional sarsıntı keçirməyinə səbəb olmuşdur ki, nəticədə də ona mənəvi ziyan vurulmuşdur. Odur ki, bütün bunlar ədalətlilik prinsipi əsas tutulmaqla, ona mənəvi ziyana görə kompensasiyanın ödənilməsi üçün əsasdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Eləcə də, əlavə olaraq izahatında bildirdi ki, İddiaçı “xxxx” MMC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan faktlar iddia tələbinin tam təmini üçün kifayət qədər yetərlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş hər iki ərizə - 04.02.2021-ci il tarixində “xxxx” MMC-dəki işindən 15.02.2021-ci il tarixində azad edilməsi barədə ilkin ərizəsi və işdən azad edilmə barədə yazdığı ilkin ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixində yazdığı yeni ərizə “xxxx” MMCnin İnsan Resursları Departamentinin əməkdaşlarına eyni qaydada təqdim edilmişdir. Həmin ərizələrin mövcudluğu mübahisələndirilmir və İnsan Resursları Departamentinin əməkdaşları məhkəmə iclasında dindirilərkən həmin ərizələri gördüklərini etiraf ediblər. Lakin cavabdehin nümayəndəsi tərəfindən iddiaçının işdən azad edilmə barədə yazdığı ilkin ərizənin geri götürülməsinə dair 10.02.2021-ci il tarixində yazdığı yeni ərizənin müdiriyyətə 15.02.2021-ci il tarixində səhər saat 10 radələrindən sonra təqdim edildiyi və həmin zaman artıq (guya saat 09:00-da) iddiaçının işdən azad edilməsi barədə əmrin imzalanmış olduğu qeyd edilir. Halbuki həmin əmrin 15.02.2021-ci il tarixində səhər saatlarında mövcud olmaması iş üzrə bir sıra sübutlarla təsdiq olunur. Çünki məhkəmə iclasında dindirilmiş “xxxx” MMC-də İnsan Resursları Departamentinin əməkdaşları həmin əmrin mətnini hazırlamadıqlarını və belə bir əmri, ümumiyyətlə, görmədiklərini dedilər. Bundan başqa, həmin əmrin nə vaxt hazırlanması və imzalanması şirkətdaxili sənədlərlə müəyyən edilə bilər ki, həmin sənədlər də məhkəməyə təqdim edilmir. Belə ki, iş üzrə obyektiv araşdırma aparılması və həqiqətin üzə çıxarılması üçün zəruri olan sənədləri cavabdeh məhkəməyə təqdim etmir. Əmək mübahisəsinə dair əmək müqaviləsindən savayı digər sənədlərin əsli cavabdehdə və bir qismi müvafiq dövlət orqanlarında olduğu üçün tərəflərindən onları məhkəməyə təqdim etmək mümkün deyildir. Cavabdeh Şirkət daxil olan ərizələrin, habelə əmrlərin qeydə alındığı qeydiyyat kitab və jurnallarını məhkəməyə təqdim etməmişdir ki, həmin sənədlər onların iddia tələblərinin əsaslandığı faktları təsdiq etmək üçün yetərlidir. Cavabdeh isə iş üzrə həqiqətin üzə çıxmasında maraqlı olmadığını, iddiaçıya qarşı qərəzli olduğunu bir daha sübut etmiş oldu. Cavabdehin nümayəndəsi daim həqiqətləri gizlətməyə çalışmış və onun tərəfindən iddiaçının işdən azad edilmə barədə yazdığı ərizənin etibarsızlığı barədə ikinci ərizənin guya ümumi şöbəyə verilməli olması barədə arqumentləri məhkəmə iclasında dindirilmiş “xxxx” MMC-də İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən inkar edilmişdir. Məhkəmə iclasında cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinın nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı öz istəyi ilə işdən azad olunma barədə ərizəsini 04.02.2021-ci il tarixdə İnsan Resursları Departamentinə təqdim etmişdir. Ərizə elə həmin gün baş direktora göndərilib və həmin tarixlə dərkənar qeyd olunub. Lakin iddiaçı tərəfinin iddia etdiyi ikinci ərizə baş direktora göndərilməyib. Əgər baş direktorun elə bir ərizədən xəbəri olsaydı, ərizədə dərkənar olardı. İşdən çıxma ilə bağlı təzyiqlərin göstərilməsi barədə ifadələr isə yalandır. Ona görə də, İddiaçı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, iddiaçının keçmiş iş yoldaşı olmuşdur. İddiaçı ilkin yazdığı ərizənin geri götürülməsi barədə yeni ərizə ilə 10.02.2021-ci il tarixdə İnsan Resursları Departamentinə müraciət etmiş, ərizəni o təhvil almış və üzərini imzalamışdır. Baş direktor işdə olmadığı üçün ərizəni ona təqdim edə bilməmişdir. Sonradan işlərin çoxluğu səbəbi ilə ərizəni Arzu Rəhimova da təqdim edə bilməmiş və ərizə iki gün onun stolunun üzərində qalmışdır. Fevral ayının 12-si onun «xxxx» MMC-də son iş günü olduğundan sənədləri təhvil-təslim edərkən günün sonunda işçilər işdə olmadığı üçün ərizəni Nigar xanımın stolunun üzərinə qoymuş və bunu Nigar xanıma telefon vasitəsilə bildirmişdir. Sonra Nigar xanımla əlaqə saxlayanda Nigar xanım bildirmişdir ki, 15-i ərizəni baş direktora göndəriblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, iddiaçının keçmiş iş yoldaşı olmuşdur. İddiaçı ilkin yazdığı ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixdə yazdığı yeni ərizəni 15.02.2021-ci il tarixdə stolunun üzərində görmüşdür. Digər ərizələrlə birlikdə bu ərizəni də Arzu Rəhimova təqdim etmiş və Arzu Rəhimov ərizələrə baxdıqdan sonra baş direktora göndərilməsi üçün təkrarən sənədləri ona vermişdir. O da bütün sənədləri direktora təqdim etmişdir, lakin sənədlər çox olduğu üçün bu ərizənin həmin sənədlərin içərisində olub-olmadığı yadına gəlmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o, iddiaçının keçmiş iş yoldaşı olmuşdur. İddiaçı ilkin yazdığı ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixdə yazdığı yeni ərizəni və digər sənədləri 15.02.2021-ci il tarixdə Nigar Abdullayeva ona təqdim etmiş, o isə öz növbəsində həmin ərizə və digər sənədləri aidiyyəti üzrə baş direktora göndərilməsi üçün təkrarən Nigar Abdullayevaya təqdim etmişdir. Baş direktordan İddiaçı ilkin yazdığı ərizə ona qayıtmış, lakin iddiaçının sonradan yazdığı ərizənin taleyi barədə məlumatı olmamışdır. Eləcə də X9 qeyd etmişdir ki, o, İddiaçı ilə niyə işdən çıxma barədə ərizə yazması və niyə sonradan işdən çıxma barədə ərizənin geri götürülməsinə dair ərizə yazmasını soruşaraq bu barədə söhbət etmişdir. İş materiallarında olan 03.11.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, «xxxx» MMC-nin vitse-prezidenti X5 Xangah işəgötürən və İddiaçı işçi olmaqla bağlanmış müqaviləyə əsasən, sonuncu Cəmiyyətdə satış mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, bu əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir: a) 04.01.2018-ci il tarixindən iş vaxtı 09:00-18:00-dək həftənin İ-V günləri təyin edilib; b) 21.12.2018-ci il tarixindən Satış Departamentinin Texnika Satışı şöbəsinin Sənaye avadanlıqlarının satışı bölməsinin rəisi vəzifəsinə keçirilib; c) 09.12.2019-cu il tarixindən Məhsul Satışı Departamentinin rəisi vəzifəsinə keçirilib və aylıq əmək haqqı 3336,31 manat təyin edilib. İş materiallarında olan 03 noyabr 2015-ci il tarixli “işə qəbul haqqında” 218/R №-li əmrin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı 03.11.2015-ci il tarixindən Biznesin İnkişafı şöbəsinə Satış mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X10 ünvanlanmış 04.02.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı tutduğu vəzifədən öz xahişi ilə azad edilməsi barədə müraciət etmiş və ərizə həmin tarixdə də təhvil alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X10 ünvanlanmış 10.02.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı 04.02.2021-ci il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad edilməsi barədə vermiş olduğu ərizənin etibarsız hesab edilməsini, işdən çıxma barədə ərizəsini geri götürdüyünü qeyd etmiş və ərizə həmin tarixdə də Fərid Əsədov adlı şəxs tərəfindən imza edilməklə təhvil alınmışdır. İş materiallarında olan “işdən azad olma haqqında” 15.02.2021-ci il tarixli AZT İR- 1/063 №-li əmrin surətindən görünür ki, Cəmiyyətin Məhsul Satışı Departamentinin rəisi İddiaçı əmək müqaviləsinə 15.02.2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi) əsasən xitam verilmişdir. İş materiallarında olan 03.11.2015-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 03.11.2015-ci il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin qurtardığı tarix isə 03.05.2016-cı il, işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə - mütəxəssis, əmək müqaviləsi üzrə - satış nümayəndəsi olaraq qeyd edilmişdir. İş materiallarında olan 12.06.2018-ci il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 03.11.2015-ci il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin qurtardığı tarix isə 03.05.2018-ci il, işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə - mütəxəssis, əmək müqaviləsi üzrə - satış mütəxəssisi olaraq qeyd edilmişdir. İş materiallarında olan 11.01.2019-cu il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 03.11.2015-ci il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin qurtardığı tarix isə 03.05.2019-cu il, işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə - mütəxəssis, əmək müqaviləsi üzrə - texnika satışı şöbəsinin sənaye avadanlıqlarının satışı bölməsinin rəisi olaraq qeyd edilmişdir. İş materiallarında olan 12.02.2021-ci il tarixli “Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sistemi”ndən iş yerinə dair arayışın surətindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 03.11.2015-ci il, əmək müqaviləsinin növü müddətsiz, işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə - departament rəisi olaraq qeyd edilmişdir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, məşğulluq təsnifatı üzrə departament rəisi vəzifəsi üzrə İddiaçı ilə müddətsiz müqavilə bağlanmışdır. “xxxx” MMCnin baş direktorunun “işdən azad olma haqqında” 15 fevral 2021-ci il tarixli AZT İR-1/063 №-li əmri Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) istinadən verilmiş, İddiaçı 15 fevral 2021-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. Həmin Məcəllənin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Həmin maddənin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göründüyü kimi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq, iddiaçı işdən azad edilmə barədə birinci ərizəsində göstərdiyi müddət bitənədək, yəni 15.02.2021-ci il tarixədək həmin ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir ki, bu halda əmək müqaviləsi ləğv edilə bilməzdi. Çünki iddiaçı işdən azad edilən günə - 15.02.2021-ci il tarixədək işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir. Eləcə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin normalarına istinadən məhkəmə qeyd etməyi lazım bilir ki, işçi ərizənin verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malik olduğu halda, iddiaçı ərizəsini yazdıqdan sonra işinə davam etmiş və son haqqhesab tələb etməmişdir. Bu halların məcmusu məhkəməyə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən verilmiş ikinci ərizə nəzərə alınmamış, nəzərə alınmamağın səbəbi olaraq ikinci ərizənin verildiyi tarixə kimi birinci ərizəyə münasibət bildirilməsi əsas arqument kimi gətirilsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəf bunu sübuta yetirə bilməmişdir. Deməli, cavabdehin “işdən azad olma haqqında” 15 fevral 2021-ci il tarixli AZT İR-1/063 №-li əmri qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr ləğv edilməli və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, həmin əmrdən əvvəl işlədiyi məşğulluq təsnifatı üzrə departament rəisi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu normanı rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Lakin yuxarıda təsvir olunanlara və aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “5000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. Çünki iddiaçı “5000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, iddiaçının iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsaslılığı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə, İddiaçı “xxxx” MMC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilməli, “xxxx” MMC-nin “işdən azad olma haqqında” 15 fevral 2021-ci il tarixli AZT İR-1/063 №-li əmri ləğv edilməli, İddiaçı “xxxx” MMC-nin Məhsul Satışı Departamentinin rəisi vəzifəsinə bərpa edilməli və “xxxx” MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC-nin “işdən azad olma haqqında” 15 fevral 2021-ci il tarixli AZT İR-1/063 №-li əmri ləğv edilsin, İddiaçı “xxxx” MMC-nin Məhsul Satışı Departamentinin rəisi vəzifəsinə bərpa edilsin və “xxxx” MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar