Məhkəmə qərarları › İş №e-2(012)-225/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-225/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-225/2024 14.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdən ibarət olan mənzilə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 5 fevral 2020-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Kooperativ” Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 6-cı girişində 10 mərtəbəsində yerləşən 97 nömrəli mənzilin müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaq. Müqavilənin şərtlərinə əsasən müqavilədə göstərilən mənzil 3 otaqlı, ümumisahəsi hörgü daxil olmaqla 101,90 m -dən ibarət mənzilin ümumi dəyəri 36.800 manat məbləğində müəyyən olunmuşdur. “Payçı” İddiaçı tərəfindən müqavilə bağlanan günü 36.800 manat tam şəkildə ödənilmişdir və "xxxx" Mənzil Tikinti Kooperativinə heç bir borcu qalmamışdır. Bu barədə xx.xx.2020-ci il tarixli maliyyə arayışını və kassa mədaxil qəbzi verilmişdir. Hər iki sənəd həm maliyyə arayışı, həm də mədaxil qəbzi "xxxx" MTK tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İlkin olaraq o, Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sözü gedən mənzilin təhvil verilməsi və mənzildən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığı pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mülki mühakimə icraatı qaydasında baxan Abşeron rayon Məhkəməsinin (hakim Məlahət Abbasova) e-2(012)-851/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" MTK arasında kooperativ binanın mənzil tikintisi haqqında xx.xx.2020-ci il tarixli müqavilə, "xxxx" MTK tərəfindən xx.xx.2020-ci il tarixli verilmiş maliyyə arayışı və həmin tarixli kassa mədaxil qəbzinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzilin dəyəri kimi 36.800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Sözügedən mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə etirazda göstərilmişdir ki, müəyyən texniki çətinliklərlə bağlı hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK tikintisinə 2020-ci ilin mart ayında başlamağı nəzərdə tutduğu binanın inşasına indiyədək başlaya bilməmiş, ona görə də İddiaçı müqavilə üzrə mənzillə təmin edilməsi mümkün olmamışdır və İddiaçı ödədiyi 36.800 manat pulunu hazırda ona qaytarmaqdan imtina etmirik. Qeyd olunanları nəzərə alaraq Abşeron rayon Məhkəməsi hesab etmişdir ki, müqavilənin predmetini təşkil edən mənzil hələ hazır deyildir. Mövcud olmayan əmlakın öhdəliyinin MTK-nın üzərinə qoyulması isə məhkəmənin qənaətinə görə yolverilməzdir. Bu əsasa görə də məhkəmənin e-2(012)-851/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, mənzili tikib iddiaçıya verməsə də hazırki iş üzrə cavabdeh mənzilin pulunun qaytarılmasından imtina etmir və işə əvvəl baxan Abşeron rayon Məhkəməsinin e-2(012)-851/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pulun iddiaçı tərəfindən ödənildiyi də müəyyən olunmuşdur. Hazırki halda iddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı 3 otaqlı, ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metr -dən ibarətə olan mənzilin dəyəri kimi ödənilmiş pul işin mübahisə olunmayan halıdır və iddiaçıya qaytarılması təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 36.800 manata hazırda həmin mənzili əldə etmək mümkün deyildir. Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən 2020-ci il də inflyasiya faizi 10,5 faiz, 2021-ci ildə 12 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ilin birinci yarımilliyində isə 8 faiz olmuşdur. Yəni bu dövrlər ərzində Azərbaycanda 44,4 faiz inflyasiya olmuşdur. Bu səbəbdən də iddiaçının xx.xx.2020-ci il tarixdə müqavilə əsasında əldə etdiyi mənzilə görə ödədiyi pulla hal-hazırda həmin ünvanda həmin parametrlərə uyğun mənzil əldə etmək mümkün deyil. Buna görə hazırki iddia tələbi üzrə (mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması) ekspertiza keçirilməli və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumisahəsi hörgü daxil olmaqla 101,90 m -dən ibarət olan mənzilin dəyərinin nə qədər təşkil etməsi aydınlaşdırılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı ilə cavabdeh “Abşeron-A1" Mənzil Tikinti Kooperativi arasında 5 fevral 2020-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumi sahəsi hörgü daxil olmaqla 101,90 m2-dən ibarət olan mənzilə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - İddiaçı ilə Cavabdeh MTK arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzili müəyyənləşdirilmiş mənzil haqqı ödənilməklə payçıya verilir. Mənzilin ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdir. Kooperativ mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verir. Göstərilən mənzilin dəyəri 36800 manat məbləğində müəyyən olunmuşdur. - Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzilin dəyəri kimi 36800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. - Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 36800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-851/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. - Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mənzil tikintisi üçün İddiaçı MTK-ya ödədiyi 36800 manat pulu ona qaytarmaqdan imtina etmir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli 9/73-10/67 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən, ümumi sahəsi 101.9 m2 olan mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin təmirsiz halda 1 m2-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 870,00 manat məbləğində müəyyən edilir. Həmçinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 101.9 m2 olan təmirsiz və həmin ərazidə yerləşən anoloji mənzillərin mövcud orta bazar dəyəri təqribən 88700,00 (101.9 x 870,00 man) manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. - 109.2-ci maddəsinə görə kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. - 109.3-cü maddəsinə görə kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir. - 109-4.1 və 109-4.1.1-ci maddələrinə görə kooperativin üzvlərinin kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq hüquqları vardır. - 112.1-ci maddəsinə görə kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. - 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. - 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. - 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş pay haqqına uyğun olaraq kooperativin üzvlüyünə qəbul edilmiş İddiaçı mülkiyyətinə verilməli idi. Tərəflər arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmiş, müqavilənin şərtlərində konkret olaraq, mənzil 15 ay müddətinə iddiaçıya təhvil verilməli olduğu halda həmin vaxtdan 4 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və bununla da, Cavabdeh MTK tərəfindən həmin müqavilənin şərtləri pozulmuşdur. İddiaçı mənzilin təhvil verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mənzil hazır olmadığı üçün, iddia tələbi rədd edilmişdir. Belə ki, iş materiallarından, müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri sonradan cavabdeh tərəfindən yerinə yetirilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Bir halda ki, iddiaçının sifariş etdiyi mənzil binanın 10-cu mərtəbəsindədir və bu müddət ərzində binanın tikintisi başalanılmayıb, belə olan halda, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozub. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrası müddəti 15 ay müəyyən edilib. Nəzərə alınsa ki, iddiaçının sifariş etdiyi mənzil binanın 10-cu mərtəbəsindədir və müqavilənin bağlandığı vaxtdan keçən müddət ərzində binanın tikintisi başlanılmayıb, belə olan halda, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haqldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin mənzilə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb iddiaçıya verilməsi tələbi ilə bağlı qeyd edir ki, müqavilə xx.xx.2020-ci il tarxidə imzalanmasına və mənzilin təhvil verilməsi üçün 15 ay müddət müəyyən edilməsinə baxmayaraq, MTK bu günədək binanın tikintisinə başlamamış, bununla da iddiaçını həmin mənzilə dair hüquqlarından 4 ilə yaxın müddətdə məhrum etmişdir. Ona görə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin mənzilin mövcud orta bazar dəyəri təqribən 88700 manat pul Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması barədə iddia tələbi təmin edilməli, İddiaçı ilə “Abşeron-A1" Mənzil Tikinti Kooperativi arasında 5 fevral 2020-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə ləğv edilməli və Cavabdeh MTKdan 88700 manat pul tutularaq İddiaçı qaytarılmalıdır Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd edilən məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat rüsum ödəmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üçün tələb edilən 50 manat vəsait Cavabdeh MTK-dan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə “Abşeron-A1" Mənzil Tikinti Kooperativi arasında 5 fevral 2020-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə ləğv edilsin. Cavabdeh MTK-dan 88700 manat pul tutularaq İddiaçı qaytarılsın. İddia ərizəsinin verilməsini görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh MTK-dan tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh MTKdan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar