Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2255/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən ona təhvil verilməsi, onun həmin qeyri-yaşayış sahəsinin təmir edilməsinə və həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında inşa edilən binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh arasında 11 iyun 2021-ci il tarixli müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayon Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 25-ci məhəllə, 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini verməyi, o isə payçı kimi müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür, göstərilən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 200000 manat məbləğində (1 kv.metr = 2000 manat) müəyyən olunmuşdur. O, müqavilə üzrə ilkin olaraq 80000 manat məbləğində avans ödəmişdir. Cavabdeh tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli kassa mədaxil orderinə əsasən onun tərəfindən 100 kv.metr olan qeyri-yaşayış sahəsi üçün 80000 min manat məbləğində ödəniş ödənilmişdir. Cavabdeh tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli kassa mədaxil orderinə əsasən onun tərəfindən 100 kv.metr olan qeyri-yaşayış sahəsi üçün 120000 manat məbləğində ödəniş ödənilmişdir. Cavabdeh tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanıında 1-ci blok, 1-ci mərtəbə , ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri 200000 manat onun tərəfindən ödənilmişdir. Göründüyü kimi onun MMC-yə borcu yoxdur. Qeyd olunan müqavilənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmasına və mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq, MMC tərəfindən həmin qeyriyaşayış sahəsi ona təhvil verilməmişdir. Halbuki həmin qeyri-yaşayış sahəsinin dəyəri payçı olaraq onun tərəfindən tam ödənilmiş və o, həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi Cavabdeh onun pulunu verib aldığı qeyri-yaşayış sahəsini ona bu günədək təhvil verməkdən yayınır. O, orada təmir-bərpa işlərini apara bilmir. Sadaladığı halları əsas gətirərək hesab edir ki, iddia tələbi tam əsaslıdır və təmin olunmalıdır. Odur ki, qeyd edilənlər əsasında o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 İddiaçı izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli qeyri-yaşayış tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Cavabdeh ünvan 1 ünvanında inşa edilən binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan sahəni pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyərinə görə payçı İddiaçı tərəfindən 200000 manat məbləğində pul ödənilmişdir və onun Cavabdeh-yə borcu yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2021-ci il tarixli qeyri-yaşayış tikintisi haqqında müqaviləyə əsasən icraçı Cavabdeh ünvan 1 ünvanında inşa edilən binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan sahəni pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları, iddiaçının və onun vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdeh şirkət ilə bağladığı 11 iyun 2021-ci il tarixli qeyri-yaşayış tikintisi haqqında müqavilənin mahiyyətinə görə həmin müqavilənin qeyri-yaşayış sahəsinin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, Cavabdeh 11 iyun 2021-ci il tarixli qeyriyaşayış tikintisi haqqında müqaviləyə əsasən İddiaçı sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh təşkilat olaraq Cavabdeh podratçı kimi ünvan 1 ünvanında inşa edilən binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı halda bunu etmədiyi üçün mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilən binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2255/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2255/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver