Məhkəmə qərarları › İş №e-2(012)-2259/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2259/2025

18.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2259/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı torpaq sahəsinin boşaldılması və torpaq üzərində olan tikintinin bərpa edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı torpaq sahəsinin boşaldılması və torpaq üzərində olan tikintinin bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən inşa edilən binanın cavabdeh tərəfindən uçurularaq torpaq sahəsinin boşaldılması, xx.xx.2014-cü il tarixli **********91-12301 reyestr nömrəli Çıxarışda qeyd edilən əmlak kompleksinin bərpa edilməsi, hüquqi yardıma görə ödənilmiş 2500 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 101 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, **********91-12301 reyestr nömrəli çıxarışa əsasən əmlak kompleksi iddiaçının mərhum əri X5 məxsus olmuşdur. X11 xx.xx.2019-cu ildə vəfat etmişdir. Mərhuma məxsus əmlak kompleksinin üzərində olduğu torpaq sahəsi iddiaçının qaynatası (mərhumun qaynatası) X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli torpaq alqı-satqı müqaviləsi əsasında cavabdehə verilmişdir. Nəticədə bütün obyektlər sökülməklə torpaq üzərində çox mərtəbəli bina inşa edilməkdədir. Qeyd edilən müqavilə qeyri-qanuni olmaqla yanaşı, onun razılığı olmadan bağlanmışdır. Belə ki, daşınmaz əmlak ölmüş şəxsin adında olmaqla vərəsəlik qaydasında yeni vərəsələrinə verildikdən sonra həmin mülkiyyətçilərin razılığı əsasında satıla bilərdi. Buna baxmayaraq, notariat orqanından kənarda bağlanmışdır. Torpaq müqaviləsi əsasında Cavabdeh MTK ilə X9 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın (Mənzilin) Sifarişi barədə müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda 92.72 kv.m, 2 otaqlı, 34 saylı mənzilin sonuncunun mülkiyyətinə verilməsi və torpaq müqaviləsi əsasında cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın (Mənzilin) Sifarişi barədə müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda 92.79 kv.m, 2 otaqlı, 29 saylı mənzilin sonuncunun mülkiyyətinə verilməsi, torpaq müqaviləsi əsasında Cavabdeh MTK ilə X13 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın (Mənzilin) Sifarişi barədə müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda 92.79 kv.m, 2 otaqlı, 29 saylı mənzilin sonuncunun mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli bu müqavilələrin 2.1-ci bəndində göstərilir ki, mənzillərin verilməsi torpaq alqı-satqısı müqaviləsində nəzərdə tutulan məbləğin əvəzləşdirilməsi üsulu kimi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli Müqavilənin 1-ci bəndinə görə satıcı X2 rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1 ünvanda yerləşən, özünə məxsus, ümumi dəyəri 505300 manat olan 1651 kv.m torpaq sahəsini alıcı Cavabdeh MTK-ya satır, alıcı isə onu qəbul edərək dəyərini burada göstərilən qaydada və müddətlərdə ödəyir. Müqavilənin 3-cü bəndinə görə Bu Müqavilənin 1-ci bəndində göstərilən özünə məxsus torpaq sahəsini gələcəkdə alqısatqı müqaviləsi bağlamaqla satması barədə razılıq əldə edilməsinə görə alıcı tərəfindən satıcıya əvvəlcədən 10000 manat beh vermiş, ödənilməmiş qalan ümumi məbləğ 495300 manat təşkil etmişdir. Müqavilənin 4-cü bəndinə görə alıcı aldığı torpaq sahəsində tikəcəyi çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində 1 kv.m.-nin qiyməti 800 manatdan hesablanmaqla, ümumi dəyəri 111800 manat təşkil edən bir ədəd 1 otaqlı və bir ədəd 2 otaqlı mənzilləri satıcıya satır və bununla bağlı tərəflər arasında müqavilə bağlanır. Satıcının aldığı mənzillərin ümumi dəyəri olan 111680 manat pul satdığı torpaq sahəsinə görə ona hazırda ödənilməli olan cəmi 495300 manatdan çıxılmaqla qarşılıqlı əvəzləşdirilir və bununla da həmin mənzillərin dəyəri tam olaraq alıcıya ödənilmiş sayılır. Bundan sonra alıcı tərəfindən satıcıya ödənilməmiş qalan ümumi məbləğ 383500 manat təşkil edir. Müqavilənin 5-ci bəndində qeyd edilir ki, bu Müqavilənin 4-cü bəndində göstərilən mənzillərin ümumi dəyəri üzrə qarşılıqlı əvəzləşdirilmə aparılandan sonra qalan 383500 manat pulun 250000 manatı alıcı tərəfindən dərhal, qalan 133500 manat puldan 33500 manatı isə bu Müqavilə qüvvəyə minəndən sonra 1 ay müddətində satıcıya nəğd formada ödənir. Müqavilənin 6-cı maddəsində isə qeyd edilmişdir ki, Tərəflər arasında bu Müqavilənin 3-cü, 4-cü və 5-cı bəndlərində göstərilən hesablaşmalar aparıldıqdan sonra qalan 100000 manat pulu alıcı çoxmənzilli yaşayış binasının bünövrəsinin qazılmasına başlanandan sonra 3 ay müddətində satıcıya ödəməyi öhdəsinə götürür. Pulun ödənilməsinin təminatı olaraq, alıcı inşa etdiyi çoxmənzilli yaşayş binasında bir ədəd 1 otaqlı və bir ədəd 2 otaqlı mənzili satıcıya girov qoyur. Pulun ödənişi üzrsüz səbəbdən göstərilən müddətdə həyata keçirilməzsə, onda bu mənzillər satıcının mülkiyyətinə keçir və bu halda həmin məbləğdə pul ona əvəzləşdirilmə qaydasında ödənilmiş sayılır. Cavabdeh tərəfindən inşa etdirilmiş yaşayış sahəsi olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Ümumiyyətlə inşaat işləri qeyri-qanuni əsaslarla inşa etdirilməklə özbaşına tikinti sayılır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, əvvəllər mübahisəli mənzillərdən ibarət əmlak kompleksi mövcud olmuş, sonradan alqı-satqı ilə bağlı müqavilələr əldə olunmuşdur. Bundan əlavə müqavilə bağlanılan şəxslər yetkinlik yaşına çatmayan uşaqlardır. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında, həmçinin elektron kabinet vasitəsilə ünvanladığı xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki, iddia ərizəsinin dəlilləri ilə razılaşmır. Əvvəla iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.2-ci və 149.2.3-cü maddələrinin tələblərinə uyğun deyildir. Çünki qanunun həmin normalarına əsasən, iddia ərizəsində iddianın predmeti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Mülki prosessual qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Odur ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbi mahiyyətinə və məzmununa görə bütünlüklə qayınatası X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Torpağın alqı-satqı müqaviləsinin qanunsuzluğuna və etibarsız sayılması əlamətlərinin mövcud olmasına yönəlmiş olsa da, həmin müqavilənin etibarsız sayılmasına dair tələb irəli sürməmişdir. Yəni, iddia ərizəsində göstərilən faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir. Ona görə də iddiaçı tələbini əsaslandırmaq üçün yanlış olaraq X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2024cü il tarixli “Torpağın alqı-satqı müqaviləsi”nə istinad etmişdir. Bundan başqa, iddiaçının tələbinin xx.xx.2014-cü il tarixli, **********91-12301 reyestr nömrəli çıxarışa əsasən mərhum əri X5 məxsus olmuş əmlak kompleksinin Cavabdeh MTK tərəfindən qanunsuz olaraq sökülərək, həmin torpaq üzərində çoxmərtəbəli bina inşa etməsinə dair hissəsi həqiqətə uyğun deyildir. Belə ki, notariat kontorunda təsdiq edilmiş AN-1JN14M40470 nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X11 ƏMDK-nın yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş **********91-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesrindən çıxarışa əsasən, özünə tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 474.2 kv.m. olan daşınmaz əmlakın (Əmlak kompleksi kimi müəssisə) 461.5 m2 hissəsini 50000 manata cavabdehə satmışdır. Müqavilənin 6-cı bəndində müəyyən edilmişdir ki, müqavilənin predmeti olan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Yenə həmin Müqavilənin 11-ci bəndinin şərtinə görə satıcı X11 daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2014-cü il tarixədək alıcı "xxxx" MTK-nın faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, satıcı X11 ilə alıcı "xxxx" MTK arasında bağlanmış AN-1№0440470 nömrəli xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 474.2 kv.m. olan daşınmaz əmlakın (Əmlak kompleksi kimi müəssisə) 461.5 kv.m. hissəsini alıcı Cavabdeh MTK-ya satılandan sonra daşınmaz əmlakın (Əmlak kompleksi kimi müəssisə) satılan hissəsi xx.xx.2014-cü tarixədək cavabdehin faktiki sahibliyinə verilmişdir və həmin vaxtdan indiyədək fasiləsiz olaraq sahiblik və istifadə edilməkdədir. Həmin müqaviləyə əsasən, satıcı X5 mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın 12.7 kv.m. hissəsi satılmamış qalmışdır ki, həmin hissənin Cavabdeh MTK tərəfindən inşa edilməkdə olan çoxmənzilli yaşayış binasının altındakı torpaq sahəsi olması təsdiqini tapmır. Beləliklə, faktlarla və hallarla təsdiq edilir ki, cavabdeh "xxxx" MTK hazırda çoxmənzilli yaşayış binasını inşa etdiyi binanın altında yerləşən torpaq sahəsini iddia ərizəsində göstərildiyi kimi iddiaçının qayınatası X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Torpaq alqı-satqı müqaviləsi” əsasında deyil, X11 ilə Cavabdeh MTK arasında bağlanmış AN-İ№0440470 nömrəli, xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında əldə etmişdir və xx.xx.2014-cü il tarixdən indiyədək cavabdehin həm hüquqi, həm də faktiki sahibliyində və istifadəsindədir. Bundan əlavə qeyd etmişdir ki, iddiaçı tərəfin binanın hansı əsasla tikilməsini maraqlanması düzgün deyil, sadəcə öz iddia etdiyi əmlakı maraqlana bilər. Tək mübahisə yerdə qalan 2.7 kv.m ilə bağlı yarana bilərdi ki, illərdir, heç iddia da qaldırılmamışdır. Sənəddə 474 kv.m qeyd olunsa da, 461 kv.m təhvil verilmişdir. Həmçinin bildirmişdir ki, tərəflərindən X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli Torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair X7 qarşı məhkəmədə iddia qaldırılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ 507361 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X11 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 417 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 474.2 m2 olan əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat, **********91- 12301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır. Onun adına xx.xx.2014-cü il tarixdə 3192 inventar nömrəli texniki pasport tərtib olunmuşdur. -Alıcı Cavabdeh MTK və satıcı X11 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, alıcı satıcıdan ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə satıcıya verilmiş ********** qeydiyyat, **********91-12301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 474.2 kv.m-dan ibarət əmlak kompleksinin 461.5 kv.m hissəsini 50000 manat qiymətinə almışdır. Müqavilənin 23-cü maddəsinə əsasən, satıcı alıcıya əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 12.7 kv.m olan Liter K hissəsi istisna olmaqla qalan Liter A, B, D, V hissələrini satır. -3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AZ-İİ 046674 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə hərəki neyron xəstəliyi səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1759 nömrə ilə qeyd olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 474.2 m2 olan əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh MTK-nın adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-5386/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-2135 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında **********91-12301 reyestr nömrəli çıxarışla X4 mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə Cavabdeh MTK-nın adına özgəninkiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə əmlak kompleksi kimi müəssisəyə Cavabdeh MTK-nın adına **********91-12301 reyestr nömrəli çıxarış verilmişdir. Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 8İ-5861 reyestr nömrəli ərizəyə əsasən əmlak kompleksi kimi müəssisə söküldüyündən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh MTK-nın mülkiyyət hüququ ləğv edilmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2014-cü il tarixli iclasının 05 və xx.xx.2011-ci il tarixli 04 saylı qərarından çıxarış; xx.xx.2014-cü il tarixli 05A nömrəli və xx.xx.2011-ci il tarixli 04A nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələri; xx.xx.2018-ci il tarixli obyektin tikintisinə dair 006 nömrəli icazə; xx.xx.2019-cu il tarixli çoxmənzilli yaşayış binasının istismara hazırlığı barədə 0318 nömrəli rəy; Abşeron RİH-nin xx.xx.2020-ci il tarixli çoxmənzilli yaşayış binası kompleksinin istismarına dair 007 nömrəli icazə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 260, 264 və 266 ünvanında inşa edilən 3 ədəd çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" Mənzil Tikinti Kooperativinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışına əsasən, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 474.2 kv.m2 olan əmlak kompleksi kimi müəssisə X4 adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 474.2 kv.m-dan ibarət əmlak kompleksinin 461.5 kv.m hissəsini (əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 12.7 kv.m olan Liter K hissəsi istisna olmaqla qalan Liter A, B, D, V hissələrini hissəsini) Cavabdeh MTK 50000 manat qiymətinə X1 almışdır. X11 xx.xx.2019-cu il tarixdə hərəki neyron xəstəliyi səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1759 nömrə ilə qeyd olunmuşdur. Daha sonra AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 474.2 m2 olan əmlak kompleksi kimi müəssisə Cavabdeh MTK-nın adına qeydiyyata alınmış, çıxarış qüvvədə olmaqla hazırda mübahisələndirilməmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı mərhum həyat yoldaşına məxsus əmlak kompleksinin cavabdeh tərəfindən qanunsuz şəkildə sökülərək qeyri-qanuni şəkildə tikinti işlərinin aparılmasını irəli sürərək torpaq sahəsinin boşaldılmasını və əmlak kompleksinin bərpa edilməsini xahiş etmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum həyat yoldaşı vəfat (xx.xx.2019-cu il) etmədən əvvəl - xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlak kompleksini cavabdeh əldə etmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin zəbt olunub-olunmaması və yaxud kim tərəfindən zəbt edilməsi ilə bağlı hər hansı mötəbər sübut yoxdur. Odur ki, İddiaçı Cavabdeh MTK-ya qarşı torpaq sahəsinin boşaldılması və torpaq üzərində olan tikintinin bərpa edilməsi barədə tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı torpaq sahəsinin boşaldılması və torpaq üzərində olan tikintinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş pul vəsaiti iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar