Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-236/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022ci il tarixli 140 Q\y Alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 140 Q\y Alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri yaşatış sahəsinin binanın tikintisi başa çatdıqdan sonra cavabdehdən alınaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əslən Azərbaycan Respublikasının Yardımlı rayonundandır. Hazırda Qazaxıstan Respublikasının vətəndaşıdır, bir neçə il bundan əvvəl vətəni Azərbaycana gələrək daşınmaz əmlak almaq qərarına gəlmiş və bu məqsədlə cavabdeh "xxxx" MMC-dən 13 noyabr 2021-ci il tarixili 165 Q/Y alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında 4-cü blokda zirzəmidə yerləşən ümumi sahəsi 165 kv/m olan qeyri yaşayış sahəsinə görə 297000 manat tam olaraq ödəməklə əldə etmişdir. Bundan bir müddət sonra qeyri-yaşayış sahəsində olarkən oranın başqa şəxsə satıldığının şahidi olmuş və dərhal cavabdehə müraciət etmişdir. Məlum oldu ki həqiqətən həmin obyekt başqa şəxsə də satılıb. Lakin cavabdeh ona bildirdi ki, əlavə ödəniş etməklə digər bir obyekti ona verə bilər. Bu məqsədlə o cavabdeh "xxxx" MMC ilə ünvan 1 ünvanında B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri yaşayış sahəsinə dair "FAM-88” MMC ilə xx.xx.2022-ci il tarixli 140 Q\y yeni müqavilə bağladı. Həmin müqaviləyə əsasən tərəfindən 350 000 (üç yüz əlli min) manat cavabdehə ödənildi və bu barədə 05 aprel 2023-cü il tarixli Maliyyə Arayışı əlavə olunub. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini ona verməyə dair öhdəlik götürmüşdür. Qeyd olunanlara baxmayaraq, cavabdeh "FAM-88” MMC sözü gedən ünvan 1 ünvanında B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri yaşayış sahəsini ona təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Dəfələrlə müraciət edədək qeyri-yaşayış sahəsini təmir etmək istədiyini cavabdehə bildirmişdir. Buna baxmayaraq, cavabdeh həmin obyektə müxtəlif tikinti əşyaları ilə doldurmaqla öz əmlakını ona verməkdən imtina etmişdir və hal hazırda cavabdehin qanunsuz sahibliyindədir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Əlavə olunmuş cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 140 Q\y müqaviləyə həmçinin 05 aprel 2023-cü il tarixli Maliyyə Arayışına əsasən tərəfimdən 350000 (üç yüz əlli min) manat cavabdehə "FAM-88” MMC-yə tam olaraq, ödənilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçının aldığı qeyri-yaşayış sahəsi əvvəl başqasına satılıb, lakin sonar onun razılığı ilə ödəniş edilərək ona satılmışdır. İddiaçının aldığı qeyriyaşayış sahəsin hazırda başqa şəxsə satılması barədə məlumat yoxdur və bu barədə ehtimalın olaçağını belə düşünməmişdir. Hazırda, həmin qeyri-yaşayış sahəsi yerləşdiyi bina istifadəyə verilməmiş və tikilmiş olsa da yaşayış yoxdur, təmir işləri getməkdədir. Binanın Cavabdeh MMC-dən hələ təhvil alınmadığını, mənzillərin isə şəxslər tərəfindən pulu tam ödənilməklə alındığını təmir işlərinin davam etdirildiyini bildirmiş, eyni zamanda mülki iş üzrə qiyabi qətnamənin çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 238.1. maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli qeyriyaşayış tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanı, 4-cü blok, zirzəmi mərtəbəsini bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və Q/Y sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olmaqla vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən sahəsi 160 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 1800 manat olmaqla ümumi dəyəri 297000 manat təşkil edir, payçı ilkin 297000 manatı tam şəkildə ödəmişdir. -Cavabdeh MMC-nin maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Fam-88 MMC-yə məxsusdur. Bu binanın 4-cü blok, zirzəmi mərtəbəsində, ümumi sahəsi 165 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən 297000 manat tam ödənilmişdir. -X2 tərəfindən Cavabdeh MMC-yə göndərilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, FAM-88” MMC tərəfindən ünvan 1 ünvanında B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri yaşayış sahəsinə dair FAM-88” MMC-nin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmiş, həmin qeyri-yaşayış sahəsinə dair müqavilə pozulduqdan sonra qeyri-yaşayış sahəsinin SHUKUROV GYARAY-ın adına rəsmiləşdirməyə heç bir etirazının olmadığını və bununla bağlı iddia və tələb irəli sürmədiyini bildirmişdir. -Satıcı Cavabdeh ilə alıcı X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı ünvan 5 B blok, 1-ci mərtəbə, izolə olunmuş 140 kv.m otaqdan ibarət bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və Q/Y sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olmaqla vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən sahəsi 140 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 2000 manat olmaqla ümumi dəyəri 280000 manat təşkil edir, payçı ilkin 280000 manatı tam şəkildə ödəmişdir. -Cavabdeh MMC-nin maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Fam-88 MMC-yə məxsusdur. Bu binanın B blok, ümumi sahəsi 140 kv.m olan mənzilin pay dəyəri payçı X3 tərəfindən 280000 manat tam ödənilmişdir. - Satıcı Cavabdeh ilə alıcı İddiaçı Zülffiqar oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli qeyri-yaşayış tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı ünvan 5 B blok, 1-ci mərtəbə, 140 kvadrat metr sahəni bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və Q/Y sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı bina tikilib başa çatdıqdan sonra payçıya məxsus qeyri yaşayış sahəsini heç bir hörgü və suvaq işləri görülmədən payçıya verilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olmaqla vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən sahəsi 140 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 2500 manat olmaqla ümumi dəyəri 350000 manat təşkil edir, payçı ilkin olaraq 320000 manat avans ödəməklə, qalıq 30000 manatı isə ödəniş etməli, kreditin müddəti isə 2 ay müəyyən edilmişdir. -Cavabdeh MMC-nin maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu binanın B blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 140 kv.m olan qeyri yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən 320000 manat tam ödənilmişdir.Qalıq 30000 manat məbləğ 20 aprel 2022-ci il tarixində ödəniləcəkdir. - Cavabdeh MMC-nin maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu binanın B blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 140 kv.m olan mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 350000 manat tam ödənilmişdir. -Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, Cavabdeh təsisçisi X1 və direktoru X7 trəfindən Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binada mənzillərin təkrarən ayrı-ayrı şəxslərə satılmasına dair faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır. İstintaq dövründə Baş İdarəyə İddiaçı Zülfüqar oğlu və qeyrilərinin Cavabdeh MMC tərəfindən ünvan 6 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü girişinin zirzəmisində yerləşən qeyriyaşayış sahəsinin təkrarən başqa şəxslərə satılması barədə müraciəti daxil olmamışdır. -Abşeron Rayon Məhkəməsi tərəfindən keçirilmiş yerli müayinə baxışında müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi ünvan 7 ünvanında 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmin binanın B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri-yaşayış sahəsi həqiqətən də mövcuddur. Qeyri-yaşayış sahəsi təmirsizdir. Ümumiyyətlə binada təmir işləri hələ də davam etdirilir, yaşayış yoxdur, binanın tikintisi başa çatmamışdır. -Mülki iş materiallarına əlavə olunmuş, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının tikintisi davam etdirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 5 ünvanında inşa edilən yaşayış binasının B blok, 1-ci mərtəbə, ümumi sahəsi 140 kv.m olan iki mənzil qiyməti 350000 manat olmaqla iddiaçıya satılmış, iddiaçı müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödəmiş və bu barədə MMC tərəfindən alıcıya borcun tam şəkildə ödənilməsinə və borcun olmamasına dair arayış təqdim edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə və müqavilə üzrə öhdəliyin icra edilməsinə baxmayaraq satıcı tərəfindən mənzilin təhvil verilməsi üzrə öhdəlik icra edilməmişdir. Hazırda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri yaşatış sahəsinin binanın tikintisi başa çatdıqdan sonra cavabdehdən alınaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, icraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə qeyriyaşayış sahəsinin alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilədir. Göründüyü kimi, müqavilə tərəfləri, müqavilənin bütün mühüm şərtləri barədə razılığa gəlməklə müqavilə bağlanmış hesab olunmuşdur. Hazırda isə həmin müqavilədən başqa mübahisəli qeyri-yaşayış sahəsi barədə başqa şəxslərlə təkirar müqavilə bağlanması müəyyən olunmamışdır. Bu Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş məktubdan da öz təsdiqini tapmamışdır. Müqavilə üzrə iddiaçı pul məbləğini tam ödəyərək öhdəliklərini icra etməsinə baxmayaraq, həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş və bu səbəbdən öhtəliklər icra edilməmişdir. Bununla da, müqavilə üzrə alıcı qeyri-yaşayış sahəsi ilə təmin olunmaq hüququndan məhrum edildiyindən onun məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Mülki Məcəllənin: 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin, xüsusi ilə vurğulayır ki, mübahisəli mənzilin yerləşdiyi ünvan 5 ünvanında inşa edilən yaşayış binasının inşası tamamlanmamaqla hazırda, tikintisi davam etdirilir və bu, yerli baxışda və mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Lakin məhkəmə hesab edir ki, müqavilə tərəfi Cavabdeh MMC olmaqla qeyd olunan müqavilənin icra edilməsi öhdəliyinin MMC tərəfindən yerinə yetirilməsi istisna edilmir. Ona görə də məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 5 ünvanında inşa edilən yaşayış binasının B blok, 1-ci mərtəbə, ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsi həmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 5 ünvanında inşa edilən yaşayış binasının B blok, 1-ci mərtəbə, ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsi həmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-236/2024
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-236/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver