Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2364/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia qaldıraraq, onun X8 və X9 adlı iki uşağı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 7 saylı evin 66 saylı mənzilindən istifadə hüququnun tanınması, həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi və evə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 20 oktyabr 2014-cü il təvəllüdlü X8 və 20 may 2017-ci il təvəllüdlü X9 adlı iki uşaq olmuşdur. 2(012)-2590 saylı mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, nikah pozulandan sonra azyaşlı uşaqların onun himayəsində saxlanması qət edilmişdir. Bu qətnamə icra edilmişdir. Birgə nikah müddətində azyaşlı uşaqları ilə birgə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 57,3 kv. metr olan 2 otaqlı mənzildə yaşamışlar. Cavabdeh həmin evə pasport qeydiyyatına düşmələri üçün Abşeron rayon Polis İdarəsinə ərizə ilə razılığını bildirmişdir. Mübahisəli mənzilə cavabdehin mülkiyyət hüququ 06 fevral 2019-cu ildə qeydə alınmış, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarış verilmişdir. Bundan əvvəl cavabdehə və üçüncü şəxsə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında 5 otaqlı evdə cavabdeh, üçüncü şəxs və iki uşağı ilə birgə yaşamışlar. Hər iki övladı həmin evdə dünyaya gəlmişdir. 2018-ci ildə ev onun da razılığı ilə satılmış və bölünmüşdür. Onların payına 50000 manat pul düşüb. Həmin vəsaitin üstünə 5 min manat da əlavə edərək, hazırda mübahisə predmeti olan evi almışlar. Keçmiş həyat yoldaşı dəfələrlə ona və övladlarına şiddət göstərib, işgəncə vermişdir. Məcburi borc, kredit götüzdürmüş və onu ödəməmişdir. Məcbur qalıb kreditləri o ödəmişdir. Evdəki əşyalarını sındırmış, onları dağıtmışdır. xx.xx.2022-ci il tarixdə o işə gedəndən sonra uşaqlara baxan öz əmisinin yoldaşı olan dayəni evdən qovaraq qapını bağlamış və uşağa şiddət göstərərək dərsə getməyəcəyini bildirmişdir. Həmin gün polisə müraciət etmiş, ondan izahat alınmışdır. Axşam evə gəlib bir də qapını bağlayıb açarları götürüb işə getməyəcəyini, uşağın dərsə getməyəcəyini demişdir. xx.xx.2022-ci ildə səhər saatlarında bir daha polisə müraciət edib evin qapısını açdıraraq uşaqlarla məcburi evdən çıxmışlar. 22-23 fevral 2022-ci il tarixdə polisə müraciətlə bağlı qeydiyyat movcuddur. Hazırda yaşadığı ev valideynlərinə məxsusdur və onlar həmin evdə yaşamağa etiraz edirlər. Azyaşlı uşaqları ilə birgə yaşaya biləcəyi başqa mənzil sahəsi yoxdur. Onun və uşaqlarının mübahisəli mənzildən mülkiyyət və istifadə hüquqları vardır, çünki həmin mənzilin alınmasına pul sərf etmişdir. Bundan əlavə, hazırki iddia ərizəsi üzrə cavabdeh və üçüncü şəxs onu ailə üzvü kimi qəbul edərək evdə yaşamasına icazə vermiş, əvvəlcə Bakı şəhərindəki, sonradan isə hazırki mənzilə pasport qeydiyyatına düşməsinə razılıq vermişlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. İddiaçı və övladı Maraqlı şəxs ailə qurmuşlar və onların nikahı 1 saylı “ASAN Xidmət” X3 xx.xx.2014cü il tarixdə 82 sayla qeydiyyata alınmışdır. Ailə qurduqdan sonra İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə icazə vermişdir və o, mənzilə qeydiyyata düşərək övladı Maraqlı şəxs ilə birlikdə orada yaşamışlar. Onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Bir müddət yaşadıqdan sonra oğlu Maraqlı şəxslə İddiaçı münasibətləri pozulmuş və gəlin övladları ilə birlikdə özlərinə məxsus şəxsi və sairə əşyalarını götürüb onun mənzilindən birdəfəlik köçüb atası evinə getmişdir. İddiaçı ilə oğlu Maraqlı şəxs ailə münasibətlərinin pozulması səbəbindən Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-2590/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Qətnamədə hər iki uşağın anaları İddiaçı yanında saxlanılması və hər iki uşaq üçün müvafiq qaydada alimentin tutulması da qət edilmişdir. Hazırda iddiaçının onun mülkiyyətində olan mənzildəki qeydiyyatının ləğvi barədə Sumqayıt İnziabti Məhkəməsində iddia qaldırmış, lakin bu iddia tələbinə görə həmin iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, iddiaçı özü könüllü olaraq atasının və qardaşının təkidi ilə oğlundan ayrılaraq atası evinə getmişdir ki, atası və qardaşı onu yaşayış sahəsi ilə təmin etməyə borcludurlar. Bundan başqa, iddiaçı qeyd edir ki, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, 115 saylı evin 85 saylı mənzili 2018-ci ildə onun iştirakı ilə satılıb, orada iki uşağı ilə birlikdə yaşayıb, yeni mənzilin alınmasında 5000 manat xərc çəkib və s. Lakin qeyd olunan mənzil baldızının oğlu X5 mülkiyyətində olmuş, 2018-2019-cu illərdə isə həmin şəxs öz mülkiyyətində olan evini satmışdır. Həmin şəxs mənzilin boş qalmaması və kənar şəxslərin müdaxilə etməməsi üçün bir müddət qohum olaraq onlara müvəqqəti yaşamaq üçün qeyd olunan mənzili vermiş, sonda isə öz maddi ehtiyaclarına görə satmaq qərarına gəldikdə onlar həmin mənzili ona təhvil verib çıxmışlar. Bundan sonrakı müddətdə, o, öz şəxsi vəsaiti hesabına Xırdalan şəhərində mübahisəli mənzili almışdır. Oğlu Orxanın ailəli olması və kirayədə qalmaması üçün bir müddət onların da bu mənzildə yaşamasına razılıq vermişdir. Mənzilin alınması zamanı iddiaçı və ya qohum-əqrəbası tərəfindən ona heç bir vəsait verilməmişdir. Buna görə də iddia təmin olunmamalıdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X6 göstərdi ki, iddiaçının anasıdır. Qızının ailəsinin Xırdalan şəhərində mənzil alması üçün o, öz oğlundan 5000 manat pul alaraq, qızının qayınanası Cavabdeh vermişdir. Mənzil alınandan sonra onun təmir edilməsinə də vəsait xərcləmişdir. Mənzilin Cavabdeh adına keçirilməsinin səbəbi oğlu Maraqlı şəxs pis vərdişlərinin (qumar oynama) olması idi. Buna qızı Gözəl də razı idi ki, təki mənzil borca görə dəyərsiz məbləğə satılmasın. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 7 saylı evin 66 saylı mənzili xx.xx.2019-cu il tarixdən Cavabdeh mülkiyyətindədir. İşdə olan AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 7 saylı evin 66 saylı mənzilini 25000 manata Cavabdeh satmışdır. İşdə olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 7 saylı evin 66 saylı mənzilinə iki azyaşlı uşağı ilə birlikdə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 450605 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Qocayev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən boşanmışlar. Nikahın pozulması xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Maraqlı şəxs barəsində etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-2590/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Maraqlı şəxs arasında 1 saylı Bakı “ASAN Xidmət” X3 bağlanmış 21 yanvar 2014-cü il tarixli, 82 saylı nikahın pozulması, nikah pozulduqdan sonra 20 oktyabr 2014-cü il təvəllüdlü X8 və 20 may 2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq 20 oktyabr 2014-cü il təvəllüdlü X8 və 20 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdən görünür ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri xx.xx.2019-cu il tarixdə (mənzilin cavabdehin adına qeydə alındığı tarix) yaranmışdır. Belə ki, işdəki sənədlərdən məlum olur ki, iddiaçı ilə cavabdehin oğlu Maraqlı şəxs 2014-cü ildə nikaha girmişlər. Bu nikahdan onların 20 oktyabr 2014-cü il təvəllüdlü X8 və 20 may 2017ci il təvəllüdlü X9 adlı iki uşaqları doğulmuşdur. Ailə əvvəllər Bakı şəhərində yaşasa da, 2019-cu ilin əvvəlindən mübahisəli mənzildə yaşamağa başlamış, burada qeydiyyata alınmışdır. Lakin sonradan münasibətlər pisləşmiş və onların nikahına Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmiş, hər iki azyaşlı analarının himayəsinə verilmişdir. İddiaçı 2022-ci ildən mübahisəli mənzili tərk edərək getmişdir və hazırda uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Hazırda İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia qaldıraraq, onun X8 və X9 adlı iki uşağı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 7 saylı evin 66 saylı mənzilindən istifadə istifadə hüququnun tanınması, həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi və evə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, iddiaçı artıq 2022-ci ildən mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh ailə üzvü deyildir, yəni onun yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə məhkəmə qərarına əsasən 2022-ci ildən xitam verilmişdir. Belə olan halda isə İddiaçı mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə tələbi təmin edilə bilməz və bu tələbin təmin edilməsi məhkəmənin qənaətinə görə Cavabdeh mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Bu baxımdan məhkəmə İddiaçı hazırki iddiasının əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Mübahisəli mənzilin alınmasına valideynləri tərəfindən vəsaitin sərf edilməsi barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki qanunvericiliyə görə mənzilin mülkiyyətçisinin iddiaçının oraya pasport qeydiyyatına alınmasına razılıq verməsi onların ailə münasibətlərinə xitam verildikdən sonra istifadə hüququnun tanınmasına əsas hesab edilmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2022-ci ildən valideynlərinə məxsus mənzildə uşaqları ilə birlikdə yaşayır, yəni o, minimal yaşayış sahəsi ilə təmin edilmişdir. Bu baxımdan məhkəmə iddiaçıya mübahisəli mənzildən müvəqqəti istifadə hüququnun tanınmasına da zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2364/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2364/2023
22.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver