Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2409/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S. Vurğun küçəsindəki 7/1 saylı evin həyətyanı torpaq sahəsinə bitişik, uzun illər ailənin istifadə və sahibliyində olan 0,03 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illər Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayaraq “Üzümçülük” sovxozunda fəhlə işlədiyinə görə sovxoz idarə heyətinin qərarına əsasən xx.xx.1986-cı ildə Mehdiabad qəsəbəsi, S. Vurğun küçəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 39,9 kv.metr, köməkçi sahəsi 15,2 kv.metr olan 7 nömrəli evin 1 nömrəli mənzili ailə üzvlərinə verilmişdir. xx.xx.1988-ci il tarixdə mənzili özəlləşdirərək Abşeron rayon Texniki İnvertarlaşdırma İdarəsi tərəfindən reyestr kitabı 5450 nömrə, 186 nömrəli invertar işi ilə qeydə alınmış qeydiyyat vəsiqəsi verilmişdir. 35 ildən artıq müddətdir ki, mülkiyyətində olan evdə ailə üzlərilə birlikdə yaşayır. 1996-1998-ci illər ərzində aparılan torpaq islahatları zamanı Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 saylı qərarı ilə 0,10 ha torpaq sahəsinə dair JN-801A, 30800027 kodlu şəhadətnamə verilmişdir. Bu torpaq sahəsinə bitişik 0,03 ha torpaq sahəsi də onlar tərəfindən hasara alınaraq uzun illərdir ki, istifadə və sahibliyindədir. Bu yaxınlarda sahiblik və istifadələrində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Torpaq sahəsinin faktiki istifadəçisi o olduğundan iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, onun nümayəndələri X2 və X4, habelə vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia ilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - Torpağın mülkiyyətə verilməsinə dair JN-801A saylı, 30800027 kodlu şəhadətnamənin surətindən görünür ki, İddiaçı və 5 nəfər ailə üzvünə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 saylı qərarı ilə Mehdiabad qəsəbəsində 0,10 ha torpaq sahəsi (tikinti altı 234.8 kv.metr olmaqla) verilmişdir. - AZ-İ 372381 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nizami küçəsi, ev 2 A (yeni qaydalarla 28 May küçəsi, ev 289) Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 141 saylı reyestr kitabının 34 saylı vərəqində qeydiyyata alınmışdır. Çıxarışdan görünür ki, ev 0,05 ha torpaq sahəsində yerləşir. - Torpaq sahəsinin A 208265 saylı, 07 iyul 2009-cu il tarixli planı və ölçüsündən görünür ki, X5 Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 saylı qərarı və Mehdiabad Bələdiyyəsinin 03 saylı, xx.xx.2009-cu il tarixli qərarı ilə Mehdiabad qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 553,78 kv.metr torpaq sahəsi verilmişdir. - Mehdiabad Bələdiyyəsinin 71 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X7 xx.xx.2008-ci il tarixdə bələdiyyəyə müraciət edərək, onun mülkiyyətində olan fərdi evə bitişik, Mehdiabad bələdiyyəsinə aid, uzun illərdir onun tərəfindən istifadə edilən 0.05 ha torpaq sahəsinin fərdi yaşayış evi tikilməsi məqsədilə satılmasını xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli rəylərinə, Mehdiabad bələdiyyəsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən X7 ilə torpaqların alqı-satqısına dair akt bağlanmış, həmin akt DT və XK Abşeron rayon şöbəsində xx.xx.2009-cu il tarixində qeydiyyata alınmış, sözügedən torpaq sahəsinə dair X5 Azərbaycan Respublikası DT və XK tərəfindən A 208265 saylı torpaq sahəsinin plan və ölçüsü verilərək, X8 kitabında xx.xx.2009-cu il tarixdə 12519 nömrəli qeyd aparılmışdır. X3 2018-ci ildə müraciəti əsasında yenidən hüquqi prosedura başlanılmışdır. Bu əraziyə dövlət reyestrindən çıxarış verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ərazi nə iddiaçının, nə də cavabdehin mülkiyyətində deyildir. Cavabdeh İddiaçı mərhum ərinin qardaşı oğludur. Onlara məxsus yaşayış evləri və torpaq sahələri yanaşı yerləşir. Mübahisələndirilən 0,03 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Hazırda İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S. Vurğun küçəsindəki 7/1 saylı evin həyətyanı torpaq sahəsinə bitişik, uzun illər ailənin istifadə və sahibliyində olan 0,03 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edildiyi kimi, mübahisələndirilən torpaq sahəsi Mehdiabad Bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı iddia edir ki, cavabdeh bu torpaq sahəsində tikinti işləri aparır, bundan başqa, bu sahə uzun illər ərzində onun faktiki istifadəsində olduğundan cavabdeh oradan çıxarılmalıdır. İş materiallarında mübahisəli ərazinin iddiaçının faktiki sahiblik və istifadəsində olduğunu, habelə orada cavabdeh tərəfindən inşaat işlərinin görülməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İddiaçı bu sahənin onun mülkiyyətinə verilməsilə bağlı qanunla nəzərdə tutulmuş qaydada əmlakın mülkiyyətçisi olan müvafiq bələdiyyəyə müraciət edə bilər. Bu sahə hazırda bələdiyyə mülkiyyətində olduğundan onun mühafizəsi (tikinti işlərinin görülməməsi və s.) iddiaçının deyil, bələdiyyənin vəzifəsidir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun (29 iyun 2001-ci il tarixdə təsdiq olunmuşdur) 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Hazırki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, iddiaçı ona hüquqi əsas verən rəsmi sənəddəki torpaq sahəsinə bitişik sahəni qanunla müəyyən edilmiş qaydada əldə etmədən, digər şəxs tərəfindən mübahisəli torpaq sahəsinin zəbt edilibedilməməsini hüquq müstəvisində müəyyən etmək mümkün olmaz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan mübahisəli torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-nin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2409/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2409/2022
24.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver