Məhkəmə qərarları › İş №e-2(012)-2498/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2498/2022

13.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2498/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Təhsil Nazirliyi tərəfindən Abşeron rayonu Masazır kəndi, “Yoncalıq” adlanan ərazidə 0.56 ha torpaq sahəsinin boşaldılması və onun üzərindəki tikilinin öz hesabına sökülərək Masazır Bələdiyyəsinin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin hüdudları daxilində yerləşən “Yoncalıq” adlanan ərazidə 0.56 ha torpaq sahəsində Təhsil Nazirliyi tərəfindən tikinti-inşaat işləri aparılmışdır. 0.56 ha torpaq sahəsi Masazır Bələdiyyəsinin mülkiyyətindədir. Lakin qüvvədə olan qanunvericiliyə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən hər hansı tikinti-inşaat işləri aparılarkən ilkin olaraq, torpaq mülkiyyətçisinə müraciət olunmalı və torpaqayırma sənədləri alındıqdan sonra tikinti-inşaat işləri aparılmalıdır. Lakin cavabdeh tərəfindən həyata keçirilən bu tədbirlə bağlı Masazır Bələdiyyəsindən lazımi icazə alınmadan tikinti işləri həyata keçirilmişdir. 0.56 ha torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı Masazır Bələdiyyəsi cavabdeh quruma müraciət etmişdir. Təhsil Nazirliyi tikinti-inşaat işlərinin aparılması ilə bağlı 07 dekabr 2021-ci il tarixli, xx-xx-1709/10 saylı cavab məktubunda 25 dekabr 2020-ci il tarixli, 227 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışa və 22 iyul 2021-ci il tarixli, 007 nömrəli “Obyektin tikintisinə icazə”sinə dair sənədə istinad edərək torpağa dair hər hansı bir razılığa ehtiyac olmadığını bildirmişdir. Masazır Bələdiyyəsi Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci, yəni “Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə, hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir” maddəsindən çıxış edərək, məktəb binasının tikintisi məqsədilə rəyin alınması üçün Abşeron Rayon İcra Hakimiyyətinə 25 dekabr 2020-ci il tarixli, 01/01-06-01/435 saylı məktub ünvanlamışdır. Abşeron Rayon İcra Hakimiyyəti Masazır Bələdiyyəsinin həmin torpaq sahəsinin mülkiyyətçisi olaraq, məktubundan çıxış edərək, 25 dekabr 2020-ci il tarixli, 227 saylı sərəncam qəbul etmişdir. Həmin sərəncamda bələdiyyənin məktubu nəzərə alınmış, 0.56 ha torpaq sahəsinin qanunamüvafiq şəkildə Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilməlidir ki, təqdim edilmiş yerquruluşu planı Masazır Bələdiyyəsinin müraciətindən sonra verilmiş və bələdiyyənin imzası, möhürü ilə təsdiq edilmişdir. Qanunvericilikdən çıxış edərək, torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra bələdiyyə tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməni rəhbər tutaraq, tərəflər torpağın daimi istifadəyə verilməsi məqsədilə rəsmi müqavilənin bağlanması şərtlərini müzakirə etməli və üzərinə götürdükləri öhdəlikləri razılaşdırdıqdan sonra bələdiyyə tərəfindən 0.56 ha torpaq sahəsinin daimi istifadəyə verilməsi ilə bağlı müqavilənin təsdiq edilməsi üçün qərar qəbul edilməlidir. Qəbul edilmiş qərarın rəsmiləşdirilməsi və torpağın daimi istifadəyə verilməsi ilə bağlı dövlət qeydiyyatına alınması üçün 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmalı və torpağa dair çıxarış alınmalıdır. Təhsil Nazirliyi tərəfindən bələdiyyəyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 03-22-236/17 saylı məktubda inşa ediləcək məktəbin yerləşəcəyi 0.56 ha torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması üçün Nazirlər Kabineti qarşısında məsələnin qaldırılması xahiş olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 03 iyul 2020-ci il tarixli, **********20 saylı müraciətində bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcəyi bildirilmişdir. Yəni, bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsini torpaq hərrac və müsabiqə yolu vasitəsi ilə icarəyə və ya mülkiyyətə sata bilər. Bu baxımdan, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq 0.56 ha torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədilə ilə Masazır Bələdiyyəsinə müraciət olunması ilə bağlı yenidən cavabdeh quruma müraciət olunmuşdur. Lakin cavabdeh tərəf məsələyə əhəmiyyət verməmişdir. Hal-hazırda isə cavabdeh tərəf qanunun bütün bəndlərinə zidd olaraq torpaq sahəsi üzərində hüquq əldə etmədən tikinti işləri həyata keçirməklə bələdiyyəni torpaq üzərindəki idarəetmədən çıxarmışdır. Digər tərəfdən isə cavabdeh tərəfindən həyata keçirilən tikintiinşaat işləri ilə bağlı ərazidə yaşayan vətəndaşların kommunikasiya xətləri, su boruları, asfalt örtüyü, kanalizasiya xətti dağıdılmışdır. Bu da vətəndaşların haqlı narazılığına səbəb olmuşdur ki, bununla bağlı yerli sakinlər tərəfindən bələdiyyəyə müvafiq qurumlara müraciət edilməsilə bağlı şikayətlər daxil olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Təhsil Nazirliyi tərəfindən müvafiq icra hakimiyyətinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət olunmuş və bununla bağlı, Abşeron Rayon İcra Hakimiyyəti Masazır Bələdiyyəsinin mülkiyyətindəki ehtiyatda olan 0.56 ha torpaq sahəsinin məktəb binasının tikintisi üçün ayrılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli məktub əsasında ayrılması nəzərdə tutulan 0.56 ha torpaq sahəsi Masazır Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarında yerləşdiyindən sözügedən ərazinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi ilə əlaqədar dövlət torpaqlarının şamil edilməsi zəruriyyəti yarandığından, bələdiyyə tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. Nazirlər Kabinetinin Əmlak Komitəsinə etdiyi müraciət əsasında Əmlak Komitəsi Masazır Bələdiyyəsinə müraciət edərək bələdiyyə torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, yalnız hərrac və müsabiqələr yolu ilə satılması bildirilmişdir. Qəbul edilmiş qərarla bağlı müfaviq icra hakimiyyətinə rəy alınması üçün müraciət edilmiş və Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1752 saylı sərəncamına əsasən Masazır kəndinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulan 0.56 ha torpaq sahəsinin qanunamüvafiq şəkildə Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Yerquruluşu Ünvan və Kadastr şöbəsinə müraciət edilmiş və həmin qurum tərəfindən yerin ölçüsü, koordinatları, dayanma nöqtələri sənəddə əks olunmuşdur. Təhsil Nazirliyinə bələdiyyə tərəfindən həmin torpaq sahəsinin daimi icarəyə verilməsi bağlı müqavilələrin bağlanılması təklifi irəli sürülmüş, lakin cavabdeh tərəfindən imtina olunmuş və əsas səbəb olaraq torpaq sahəsinin bələdiyyənin deyil, dövlət mülkiyyətində olması qeyd olunmuşdur. Bu səbəbdən də, iddiaçı müvafiq sənədləri, eyni zamanda, dövlət aktını əsas gətirərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dövlət orqanlarının təqdim etdiyi məktublar əsasında sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması təsdiq olunmuşdur. Torpaq sahəsi xx.xx.2020-ci il tarixli 21 saylı və 6 saylı qərarlar əsasında bələdiyyənin qərarı ilə ayrılmışdır. Beləliklə də, Təhsil Nazirliyi bələdiyyə ilə alqısatqı müqaviləsi və ya icarə müqaviləsi bağlamalıdır. 2007-ci ilədək qüvvədə olmuş qanunvericiliyə əsasən, bələdiyyələr torpaq sahəsini birbaşa qərar əsasında müəyyən hüquqmüəyyənedici sənədlər əldə edilməsi məqsədilə ya icarə, ya alqı-satqı və ya daimi istifadəyə verməli idi. 2008-ci ildən daimi istifadə aradan qaldırılaraq yalnız alqı-satqı və icarə qaldığından hərrac yolu ilə həyata keçirilməlidir. Bələdiyyələr ilkin olaraq, qərar qəbul edir, prosedur qaydalara riayət edildikdən sonra çıxarış əsasında ikinci qərar qəbul edərək icarə və ya alqı-satqı əsasında torpaq sahəsini verir. Cavabdeh isə hər hansı bir əsas olmadan torpaq sahəsində tikili inşa etmişdir. O, Əmlak Komitəsinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməsini tələb edir, belə ki, əsas məqsəd Masazır Bələdiyyəsinə verilmiş dövlət aktına əsasən, bələdiyyəyə ayrılmış torpaq sahəsinin yerləşdiyi koordinatların müəyyən edilməsidir. Eyni zamanda, qeyd edir ki, iddiaçının cavabdehlə yazışmaları 2021-2022-ci illərdə olmuşdur. İddiaçı qərarı Firidun Qurbanlının məktubu əsasında Nazirlər Kabinetinə ünvanlanması üçün göndərmişdir, torpaq sahəsinin ayrılması üçün deyildir. İcra Hakimiyyəti qərarında torpaq sahəsinin ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Lakin bu, o demək deyildir ki, hər hansı bir sənəd əsasında olmuşdur. Cavabdeh orada tikinti işlərini dayandırmışdır. Bunun da əsas səbəbi iddiaçının mülkiyyət hüququnun olmasıdır. Torpaq sahəsi ayrılanda bu barədə müvafiq qərar qəbul edilir, eyni zamanda, Masazır Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahələri kənd təsərrüfat təyinatlı və aqrar təyinatlıdır, hamısı da bələdiyyənin mülkiyyətindədir. Məhkəmə iclasında cavabdeh Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hesab edir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Təhsil Nazirliyi Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, bütün sənədləşdirmə işlərini aparmışdır. O, mülki iş materialları ilə tanış olmuş və belə bir təəssürat yaranır ki, torpaq sahəsi ilə bağlı bələdiyyə qərarı yoxdur. Lakin iddiaçının nümayəndəsi belə bir qərarın olduğunu qeyd edir. Belə bir qərar vardırsa əgər, sərəncama əsaən, müvafiq işlər aparılmışdır. 2022-ci ildə müvafiq orqanlara müraciət edilmiş, belə ki, bələdiyyə torpaqlarının istifadəyə verilməsi deyil, icarəyə verilməsi irəli sürülmüşdür. Ümumiyyətlə, 2020-ci ildə həmin torpaq sahəsi istifadəyə verilən zaman bələdiyyənin hüquqi statusunu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd olmamışdır. Əgər konkret olaraq, 0.56 ha torpaq sahəsindən söhbət gedirsə həmin torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən hər hansı bir qeydiyyat rəsmi dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən də hesab edir ki, tələb əsassızdır. Belə ki, qanunvericiliyin tələblərindən çıxış edilsə, bu məsələ 2020-ci ilin dekabr ayında olmuşdur. Əgər həmin tarixdə torpaq sahəsinin nazirliyin istifadəsinə ayrılması qərara alınmışdırsa, ümumi aktın olmasına baxmayaraq, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən sənəd yoxdur. Onun fikrincə, ayrılmış torpaq sahəsində nazirlik tərəfindən məktəb binasının tikilməsi planı nəzərdə tutulmuşdur. Yanlış xatırlamırsa, həmin torpaq sahəsində tikinti işləri başa çatmışdır. Həmin müddətə qədər hər hansı bir pretenziya irəli sürülməmiş, yalnız 2022-ci ildən başlayaraq, müvafiq yazışmalar həyata keçirilmiş, xəbərdarlıq edilmişdir. Tikilinin həyata keçirilməsi mütləqdir ki, tender vasitəsilə aparılmış, lakin tikilinin yarım saxlanılması səbəbini bilmir. Hesab edir ki, güman ki, tikilinin tam şəkildə başa çatdırılmamasının səbəbi maliyyə məsələsidir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X9 Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN: 1-1 saylı 30800096 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 61 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Masazır kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 1367.78 ha torpaq sahəsi Masazır Bələdiyyəsinə bələdiyyə mülkiyyəti üçün qeydə alınmış və bu barədə 9819 nömrə ilə qeydiyyat aparılmışdır. -Abşeron rayonu Masazır kənd ərazi vahidinin hüdudları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqlarından yeni məktəb binasının tikintisi üçün ayrılması nəzərdə tutulan 5600 kv.m torpaq sahəsinin yerquruluşu planından görünür ki, sözügedən ərazidə 0.56 ha torpaq sahəsi məktəb binasının tikintisi üçün ayrılmışdır. -Abşeron rayonu Masazır Bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Komitəsi X7 üzrə Dövlət Agentliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli 01/01-06/172 saylı məktubdan görünür ki, Abşeron rayon Masazır kəndində yaranmış şagird sıxlığının aradan qaldırılması məqsədilə Masazır kəndi “Yoncalıq” adlanan yaşayış sahəsində yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə 0.56 ha torpaq sahəsi müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olununları nəzərə alaraq, Masazır kənd “Yoncalıq” adlanan yaşayış sahəsində məktəb tikintisi üçün 0.56 ha torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi xahiş olunmuşdur. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə X5 rayonu Masazır Bələdiyyəsinə ünvanladığı 2020-ci il iyul tarixli **********20 saylı məktubdan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin ərazisində yerləşən 0.56 ha torpaq sahəsinin sənədləşdirilməsinə münasibət bildirilməsi barədə 16 iyun 2020-ci il tarixli, 01/01-06/172 nömrəli müraciətə baxılmışdır. 2002-ci il 15 mart tarixli, 274-İİQ Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına münasibət bildirilməsi barədə sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsindən X1 Təşkili üzrə Dövlət Agentliyinə daxil olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. -Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-X3 rayonu Masazır Bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yoncalıq” adlanan yaşayış sahəsində yeni məktəb binasının tikintisi məqsədilə 0.56 ha torpaq sahəsinin ayrılmasına dair rəy bildirilməsi barədə xx.xx.2020-ci il tarixli, 01/01-06/173 nömrəli məktuba baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar sifarişçi tərəfindən müvafiq qaydada müqavilə imzalandıqdan və xidmət haqqı Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin hesabına ödənildikdən sonra müraciətin müsbət həlli təmin ediləcəkdir. -Təhsil Nazirliyinin Abşeron rayonu Masazır Bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1752 nömrəli sərəncamına əsasən, Abşeron rayonu Masazır qəsəbəsinin '‘Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Qeyd olunan məsələ ilə bağlı nazirliyin, yerli icra hakimiyyətinin və bələdiyyənin nümayəndələrinin iştirakı ilə həmin ərazidə 960 şagird yerlik yeni məktəb binasının tikintisi üçün 0.56 ha torpaq sahəsi seçilmiş və ayrılması məqsədəuyğun hesab edilmişdir. Ayrılması nəzərdə tutulan 0.56 ha torpaq sahəsi Masazır Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarında yerləşdiyindən, sözügedən ərazinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi ilə əlaqədar dövlət torpaqlarına şamil edilməsi zərurəti yarandığından, bələdiyyə tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. -Abşeron rayonu Masazır Bələdiyyəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı xx.xx.2020-ci il tarixli xx/xx-0601/434 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1752 saylı Sərəncamına əsasən, Masazır Bələdiyyəsinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Təhsil Nazirliyi tərəfindən bələdiyyəyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 03-22-236/17 saylı məktubda həmin məktəbin yerləşəcəyi 0.56 ha torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılması xahiş olunmuşdur. Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq, Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclasında müzakirə edilmiş və müraciət təmin olunaraq sözügedən torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılması qərara alınmışdır. Odur ki, göstərilənlər nəzərə alınaraq, sözügedən 0.56 ha torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün müvafiq qərar qəbul edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. -Abşeron rayonu X4 Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli xx/xx-0601/435 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1752 saylı Sərəncamına əsasən, Masazır Bələdiyyəsinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Təhsil Nazirliyi tərəfindən bələdiyyəyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 03-22-236/17 saylı məktubda həmin məktəbin yerləşəcəyi 0.56 ha torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılması xahiş olunmuşdur. Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq, Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclasında müzakirə edilmiş və müraciət təmin olunaraq sözügedən torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılması qərara alınmışdır. Odur ki, sözügedən torpaq sahəsinin Təhsil Nazirliyinə daimi istifadəyə ayrılması və həmin ərazidə məktəb binasının tikintisinə Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən etiraz edilməmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından xx.xx.2020-ci il tarixli 227 saylı çıxarışdan görünür ki, Abşeron rayonunun Masazır kəndində 960 şagird yerlik yeni məktəb binasının inşası məqsədilə ayrılması nəzərdə tutulan 0.56 ha torpaq sahəsi ilə bağlı rayonun Masazır Bələdiyyəsinin rayon icra Hakimiyyətinə ünvanladığı 25 dekabr 2020-ci il tarixli, 01/01-06-01/435 nömrəli məktubu nəzərə alınmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1752 saylı sərəncamına əsasən, Masazır kəndinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulan 0.56 ha torpaq sahəsinin qanunamüvafiq şəkildə Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. -Təhsil Nazirliyinin Abşeron rayonu Masazır Bələdiyyəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli xx-xx-1709/10 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1752 nömrəli Sərəncamına əsasən Abşeron rayonu Masazır qəsəbəsinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəbin tikintisi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinin Əmlak Məsələlərinin Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən hazırlamış yerquruluşu planı təsdiq edilmişdir. Bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2020-ci il tarixli, 227 nömrəli sərəncamından çıxarışı və xx.xx.2021-ci il tarixli 007 nömrəli Obyektin tikintisinə icazə sənədi Təhsil Nazirliyinə təqdim olunmuşdur. -4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********39 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan Abşeron rayonu Masazır Bələdiyyəsinə verilmiş JN-01 Kod 30800096 nömrəli dövlət aktı 4 saylı Abşeron Ərazi idarəsinin arxiv əsaslarında aşkar olunmamışdır. Ləğv edilmiş X8 Komitəsi tərəfindən idarəyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarının qeydiyyatı kitabında 9819 sıra nömrəsində Abşeron rayonu Masazır Bələdiyyəsinə məxsus 1367.78 ha torpaq sahəsinə dair JN-185 Kod 30800096 nömrəli dövlət aktının olması qeyd olunmuşdur. (Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 61 nömrəli qərarına əsasən). -4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Masazır Bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********26 saylı məktubdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” adlanan ərazidə yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.56 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə aid olub-olmaması barədə müraciətə baxılmışdır. Belə ki, Masazır bələdiyyəsinin xx.xx.2020ci il tarixli 01/07-01-06/193 saylı müraciəti əsasında "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən Abşeron rayonu Masazır kənd ərazi vahidinin hüdudları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqlarından yeni məktəb binasının tikintisi üçün ayrılması nəzərdə tutulan 0.56 ha torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq xx.xx.2020-ci il tarixli ********** nömrəli məktub ilə aidiyyəti üzrə təhvil verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı Abşeron rayonu X6 rayonu Masazır kəndi “Yoncalıq” adlanan ərazidə yerləşən 0.56 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu iddia edərək, həmin torpaq sahəsinin cavabdeh Təhsil Nazirliyi tərəfindən boşaldılmasını, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsini, eyni zamanda, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin olaraq, mübahisə edilən torpaq sahəsinin hüquqi təyinatına qiymət verərək qeyd etməyi zəruri hesab edir: İlkin olaraq, mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin mülkiyyətinə verilmiş Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 1367.78 ha torpaq sahəsi iddiaçıya Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 61 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyəti üçün iddiaçıya ayrılmışdır. Göründüyü kimi, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən 30800096 kod nömrəli JN: 1-1 saylı dövlət aktı xx.xx.2006-cı il tarixdə 9819 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 49-cu maddəsinin İ hissəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 66-cı maddəsinin İİ hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunun tələblərindən də göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun olduğunu təsdiq edən xx.xx.2006-cı il tarixli 9819 qeydiyyat nömrəli 30800096 kod nömrəli dövlət aktı məhz Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 1367.78 ha torpaq sahəsi üçün nəzərdə tutulmuşdur ki, bu da işin mübahisələndirilməyən tərəfidir. Lakin iddia tələbindən göründüyü kimi, iddiaçı Abşeron rayonu Masazır kəndi “Yoncalıq” adlanan ərazidə yerləşən 0.56 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq həmin ərazidə inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsini məhkəmədən xahiş etməsinə baxmayaraq, iddiaçı həmin 0.56 ha torpaq sahəsinin dövlət aktı ilə ona ayrılmış torpaq sahəsinə aid olub-olmaması və tikintinin olması barədə məhkəməyə hər hansı sübutları təqdim etməmişdir. Məhkəmə eyni zamanda, mülki iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 227 saylı çıxarış əsasında Abşeron rayonu Masazır kəndində yerləşən 960 şagird üçün yeni məktəb binasının inşası məqsədilə ayrılması nəzərdə tutulan 0.56 ha torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə də, sözügedən sərəncam əsasında mübahisələndirilən torpaq sahəsi Abşeron rayonu Masazır Bələdiyyəsinin Təhsil Nazirliyinin həmin məqsəd üçün daimi istifadəsinə verilməsindən ötəri dövlət mülkiyyətinə qaytarılması məsələsinin həlli məqsədilə Nazirlər Kabineti qarşısında məsələnin qaldırılması qərara alınmışdır. Təhsil Nazirliyi bələdiyyəyə ünvanladığı məktub əsasında Nazirlər Kabineti qarşısında məsələ qaldırıldığını qeyd edərək həmin ərazinin məktəb binasının tikintisinə ayrılmasına etiraz etmədiyi müəyyən olunmuş, eyni zamanda, Abşeron rayonu X4 Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli 01/01-06-01/435 saylı məktub əsasında isə sözügedən torpaq sahəsinin məktəb binasının tikintisi üçün Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsinə etiraz etmədiyi öz təsdiqini tapmışdır. Beləliklə də, hazırki sərəncam əsasında da bir daha təsdiqini tapmışdır ki, iddiaçının cavabdeh tərəfindən boşaldılmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində Nazirlər Kabineti tərəfindən məktəb binasının tikintisinə razılıq alınmış, əks təqdirdə, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi mümkün olmazdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, Abşeron rayonu Masazır kəndində yerləşən 1367.78 ha torpaq sahəsinin Abşeron rayonu Masazır Bələdiyyəsinin mülkiyyətinə JN: 1-1, Kod: 30800096 saylı dövlət aktı əsasında, Abşeron rayonu Masazır kəndində “Yoncalıq” adlanan ərazidə yerləşən 0.56 ha torpaq sahəsinin isə məktəb binasının tikintisi üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020ci il tarixli 227 saylı sərəncamı əsasında ayrılması öz təsdiqini tapmışdır. İddia tələbinin mahiyyətindən isə aydın olur ki, iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi həmin ərazidə yerləşən 0.56 ha torpaq sahəsinin öz mülkiyyətində olmasını iddia etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddiaçı Abşeron rayon Masazır kəndi “Yoncalıq” adlanan ərazidə yerləşən 0.56 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını iddia etsə də, həmin torpaq sahəsinin həqiqətən də bələdiyyə mülkiyyətində olmasını, eyni zamanda, cavabdeh tərəfindən həqiqətən də həmin ərazidə tikilinin inşa edilməsinə dair mötəbər sübutlarını (foto, videoçəkiliş, akt və sairə) məhkəməyə təqdim etməmişdir. Beləliklə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallar və faktlara dair mötəbər sübutlarını məhkəməyə təqdim etmək vəzifəsi daşıyan iddiaçı mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini sübuta yetirə bilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları, bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə mülki iş materiallarını, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar