Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-251/2023 27.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 və Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilkin iddiası, Cavabdeh2 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə, təmirinə və abadlaşdırılmasına sərf olunmuş 30000 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi, İddiaçı anası Cavabdeh1 Əliqəmə qızının mülkiyyətində olmuş, həmin evdə iddiaçı, anası və bacıları Sənubər və Nərminlə birgə yaşamışlar. Həmin dövrdə iddiaçının anası, evin bir hissəsində qaynı Dünyamalıyev Rənman və onun ailə üzvlərinə müvəqqəti yaşamaları üçün icazə vermişdir. İddiaçı və bacıları ailə həyatı qurub sözügedən evdən köçdükdən, Dünyamalıyev Rəhmanın isə vəfatından sonra Cavabdeh1 Əliqəmə qızı mülkiyyətində, olan fərdi yaşayış evində cavabdehlərlə birgə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı və bacılarının sonradan əldə etdiyi məlumatlara görə anasının dəfələrlə cavabdehlərin evi tərk etmələrini tələb etməsinə baxmayaraq cavabdehlər təzyiq, təhdid və hədə-qorxu ilə evi tərk etməkdən imtina etmişlər. Cavabdeh1 Əliqəmə qızı vəfat etdikdən sonra sözügedən fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə keçmiş, öz növbəsində iddiaçı cavabdehlərdən həmin evi tərk etmələrini tələb etsə də, cavabdehlər bundan əsassız olaraq imtina etmişlər. Məlumat üçün bildirir ki, sözügedən ev iddiaçının atası tərəfindən həyat yoldaşının qızıllarını və yataqxanadakı evlərini satmaqla əldə edilən vəsait hesabına 2003-cü il tarixdə tikilmişdir və iddiaçı 2004-cü il tarixdən sözügedən evdə yaşayır. Evin tikintisi və təmirinə cavabdehlər tərəfindən heç bir vəsait sərf edilməmişdir. Göstərilənlər iddiaçının mülkiyyət hüquqlarının pozulmasını aydın şəkildə göstərir. Hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüauqu bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, cavabdehlər iddiaçıya məxsus olan evdən çıxarılmalı, bununla da iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, ilkin iddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan ev mərhum həyat yoldaşı X4 tərəfindən tikilmişdir. Belə ki, həyat yoldaşı dükanı satmış və satışdan əldə edilən vəsait ilə 2000-ci il tarixdə tikintiyə başlamışdır. Evin tikintisində, həyat yoldaşı, iki qaynı iştirak etmişdir. İddiaçının atası Mətləb isə bəzən həftə sonları evə baş çəkmişdir. Tikintidə istifadə edilən tikinti materialları da, mərhum həyat yoldaşı tərəfindən alınmışdır. Evə isə 2004-cü il tarixdə köçüb yaşamağa başlamışlar və 21 ildir ki, mübahisə predmeti olan fərdi yaşayış evində yaşayırlar. Maddi imkanları zəif olduğuna görə evi öz adlarına özəllədirə bilməmiş, eyni zamanda, iddiaçı ilə qohum olduqları üçün iddiaçıya inanmışlar. Odur ki, ilkin iddianın rədd edilməsinini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edirəm. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, mübahisə predmeti olan mənzil tikilən zaman o uşaq olmuşdur. Bildiyi qədəri ilə ev 2000-ci il tarixdə tikilmişdir. O, 21 ildir ki, anasıyla birlikdə o evdə yaşayır. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, o, İddiaçı qonşusu olmuşdur. İddiaçı 2003-cü il tarixdə yataqxanadakı evini satmış və əldə edilən ev ilə hazırki ev tikilmişdir. Eyni zamanda, Cavabdeh1 ilə də eyni iş yerində işləmişlər. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X8 ifadəsində bildirdi ki, o, İddiaçı xalasıdır. Ev tikilməzdən öncə iddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Quşçuluq fabrikində yerləşən yataqxanada qalmışlar. Mərhum anası hazırki fərdi yaşayış evinin tikildiyi torpaq sahəsini bacısı Əhmədova Nargiləyə bağışlamışdır. Bacısının həyat yoldaşı rəhmətə getdikdən sonra cavabdehlər müvəqqəti olaraq bacısıyla yaşamağa başlamışlar. Evin tikintisinə Dünyamalıyev Rəhman və qardaşları köməklik göstərsə də, ev Əhmədov Mətləb yəni bacısının həyat yoldaşı üçün tikilmişdir. Evin tikintisinə cavabdehlər heç bir maddi vəsait sərf etməmişdirlər. Ev tikildikdən sonra isə evin təmirini mərhum bacısı Nargilə etmişdir. Məlumat üçün bildirir ki, cavabdehlər evdən çıxmaqdan imtina etdikləri üçün, evi 25000 manata satmağı təklif etsələr də, bu təklif ilə razılaşmamışdırlar. Eyni zamanda, Dünyamalıyev Rəhmanın marketi olsa da, iflas etmişdir və belə olan vəziyyətdə evi tikmək üçün, maddi vəsaiti Dünyamalıyev Rəhmanın qoyması tamamilə uydurmadır. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, o, Cavabdeh2 doğma əmisidir. Mübahisə predmeti fərdi yaşayış evini mərhum qardaşı Cavabdeh2 tikmişdir. X12rdaşına müraciət edərək, həyat yoldaşına pay torpaq verildiyini, lakin maddi imkanı olmadığı üçün, birlikdə ev tikməyi təklif etmişdir. Əhmədov Mətləb 2003-cü il tarixdə rəhmətə getdikdən sonra, Mətləbin ailəsinin başsız qalmaması üçün, cavabdehlər mənzilə köçərək, yaşamağa başlamışlar. Evin tikintisində o, şəxsən iştirak etmiş, tikintiyə dair bütün vəsait isə qardaşı Rəhman tərəfindən qoyulmuşdur. Fərdi yaşayış evinin əvvəl ümumi girişi olmuş, daha sonradan isə girişlər ayrılmışdırlar. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X14 ifadəsində bildirdi ki, o, iş üzrə hər iki tərəfi 2000-ci ildən bəri tanıyır. Evin tikintisinə dair bütün vəsait Rəhman tərəfindən verilmiş, Dünyamalıyev Mətləb isə axşamtərəfi işdən sonra tikintiyə baş çəkmişdir. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X5 ifadəsində bildirdi ki, o, 2000-ci il tarixindən mübahisə predmeti olan fərdi yaşayış evinin qonşuluğunda yaşayır. Cavabdehlər 2000-ci il tarixdən fərdi yaşayış evində yaşamışdırlar. O, qonşuluqda qalmağa başlayanda Dünyamalıyev Rəhman evin tikintisinə başlamı, lakin torpaq isə iddiaçının anasının adına olmuşdur. Dünyamalıyev Rəhman dükanı sataraq, əldə etdiyi vəsait hesabına evi tikməyə başlamışdır. Ev tikilən zaman iki ailənin yaşaması üçün nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X1 ifadəsində bildirdi ki, o, Saray qəsəbəsi təzə məhəllə ünvanında 1999-cu il tarixindən yaşayır və tərəflərlə qonşudur. X17, Dünyamalıyev Rəhman və Rəhmanın 4 qardaşı tikmişdir. Ev iki ailə üçün tikilmişdir və iki hissəyə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin bununla belə Cavabdeh1 və Cavabdeh2, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmələri iddiaçının mülkiyyət hüququnun pozulması ilə bərabər, mülkiyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququn da pozulması ilə nəticələnir. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan həmin fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin ilkin iddia tələbi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 ailə üzvlərinin çıxarılması hissəsində konkret olmadığından, məhkəmə hesab edir ki, ilkin iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə, təmirinə və abadlaşdırılmasına sərf olunmuş 30000 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi barədə qarşılıqlı iddia tələbi bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə tərəf sübut növü kimi izahata və şahidlərin ifadələrinə istinad etmiş,həmin izahat və ifadələri təstiq edən digər hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, yalnız həmin izahat və şahidlərin ifadələri ilə üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etmək mümkün olmadığından məhkəmə qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia qismən edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. İlkin iddia digər hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-251/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-251/2023
27.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver